Tələbə geyimi MÜZAKİRƏDƏ

10:40 26-09-2024 | icon 401 | Təhsil
Tələbə geyimi MÜZAKİRƏDƏ

“Toyun toy geyimi var, təhsil ocağının da öz...”

 

Bir neçə gündür ki, yenə tələbələrin geyim məsələsi gündəmə gəlib. Belə ki, Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.  Bundan sonra ictimaiyyət arasında geniş müzakirələr aparılıb. Kimisi müəllimi dəstəkləyib, bəziləri də müəllimin bu hərəkətini tənqid edib.

 

Ümumiyyətlə, tələbələrin xarici görünüşü ilə bağlı məsələlər zaman-zaman etiraz doğurub. Bundan əvvəl də ölkəmizdə universitetlərin tələbələrə “şortik geyinmək qadağandır”, “saqqal saxlamaq olmaz”, yaxud da “qızlar açıq-saçıq paltarlar geyinməsinlər” tipli qadağalar tətbiq etdiyinə şahid olmuşuq. Bu il Bakı Biznes Universitetində də bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanmışdı. Buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub.

 

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

 

Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir. Həmin qanunun 32.5-ci maddəsinə əsasən təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək təhsilalanların vəzifəsidir".

 

Qanunvericiliyin tələbindən göründüyü kimi, təhsilalanlar təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidirlər. Lakin qeyd edilən saç-saqqal, geyim və s. tələblərlə bağlı normativlər təhsil müəssisəsinin nizamnaməsində göstərilməlidir. Əgər nizamnamədə belə bir tələb qoyulmayıbsa, təhsil müəssisəsinin tələbələrə müxtəlif qadağalar qoyması əsassızdır. Ekspertlər də günlərdir mövzu ilə bağlı bildirirlər ki, hər bir halda tələbələrə dress kod qaydaları ilə bağlı qoyulan qadağalar onların konstitusion və konvension hüquqlarını pozmamalıdır. Təhsil müəssisəsinin qadağalarını hüquqa uyğun hesab etməyən tələbə bunu məhkəmədə mübahisələndirə bilər.

 

Təhsil eksperti Adil Vəliyev bizimlə söhbətdə qeyd edib ki,  yaşından-başından asılı olmayaraq hər kəs getdiyi yerə uyğun geyinməlidir:

 

“Toyun toy geyimi var, səyahətin səyahət geyimi olmalıdır. Təhsil müəssisəsinə gələn tələbə də, müəllim də hara getdiklərini bildikləri üçün buna uyğun geyim seçməlidirlər”.

 

Dünyanın ən məşhur universitetində uzun müddət dərs desəm bədbəxt olaram"

Mail Yaqub

 

Sosioloq Mail Yaqub mövzu ilə bağlı deyib ki, bu məsələdə üç baxış var: 

 

“Biz universitetlərdə Elm və Təhsil Nazirliyi tərəfindən vahid geyim forması tətbiq etsək, mənə elə gəlir ki, bu, mümkün görünmür, məqbul da deyil. Universitet hərbi poliqon deyil ki, orada biz vahid geyim forması tətbiq edək. İkinci variant isə biz universiteti başlı-başına buraxsaq, deyək ki, tələbələr hansı geyimdə istəyirlər gəlsinlər, vulqar, açıq-saçıq geyinsinlər. Bu yanaşma da yanlışdır. Çünki açıq-saçıq geyinən tələbələrin dərsə maneçiliyi var. Mən özüm də universitetdə dərs deyirəm. Bununla da razı deyiləm. Üçüncü variant, universitet rəhbərliyi tərəfindən tələbələrə müəyyən xəbərdarlıqların edilməsidir. Bu da sərt şəkildə yox, müəyyən anlaşma əsasında, mehribancasına edilməlidir. Sərt şəkildə olsa, məsələ hüquqi müstəviyə keçəcək. Tələbələri çağırıb, söhbət etmək olar. Bura universitetdir, burada müəyyən şərtlərə əməl etmək lazımdır. Açıq-saçıq paltar geyinən tələbə dərsə maneçilik törədir və sairə. Onların valideynləri ilə də söhbət etmək olar. Mən bunun tərəfdarıyam”.

 

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

 

Dünya təcrübəsindən danışan təhsil eksperti Kamran Əsədov deyib ki, tələbələrin geyim azadlığı ilə bağlı yanaşmalar müxtəlifdir:

 

“Məsələn, ABŞ və Avropa: Avropa və ABŞ-da tələbələr ümumiyyətlə geyim azadlığına malikdirlər. Universitetlərdə tələbələrin geyim tərzi akademik prosesə müdaxilə etməyən müddətcə, geyim azadlığı tam qorunur. Bu ölkələrdə tələbə hüquqları vacibdir və universitetlər yalnız çox spesifik hallar üçün geyim qaydaları təyin edə bilərlər (məsələn, laboratoriyada təhlükəsizlik üçün xüsusi geyim tələbləri).

 

Bəzi müsəlman ölkələrində isə tələbələrin geyimlərinə daha çox diqqət yetirilir. Məsələn, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə tələbələrin geyimləri ciddi şəkildə tənzimlənir və dini qaydalara uyğun olmalıdır.

 

Böyük Britaniya və Kanadada tələbələrin geyim tərzinə müdaxilə nadir hallarda baş verir. Yalnız müəyyən peşə sahələrində (məsələn, tibb və ya hüquq kimi) xüsusi geyim tələbləri var.

 

Tələbələrin geyimi tədrisin keyfiyyətinə birbaşa təsir etmir. Geyim daha çox şəxsi seçim və komfort məsələsidir. Ancaq bəzi hallarda çox diqqət çəkən geyimlər və ya qeyri-adekvat geyimlər sinifdə diqqətin dağılmasına səbəb ola bilər. Bununla belə, əsas diqqət geyimdən çox tədrisin keyfiyyətində olmalıdır.

 

Geyim tərzi tələbənin özünü ifadə etmə formasıdır və tələbələrin fərdiliyini vurğulamağa imkan verir. Universitet mühitində isə tələbələrin azad və yaradıcı şəkildə özlərini ifadə etmələri vacibdir. Bəzi hallarda geyim tərzi akademik müzakirələrə və yaradıcılığa töhfə verə bilər.

 

Müəllimlərin tələbələri geyimlərinə görə tənqid etməsi nə hüquqi, nə də etik baxımdan uyğun hesab edilir. Təhsil prosesində müəllimin əsas vəzifəsi tələbənin akademik bacarıqlarını qiymətləndirmək və onları dəstəkləməkdir. Geyim tərzi isə şəxsi azadlıq və seçim məsələsidir. Müəllim yalnız o halda geyim barədə tövsiyə və ya xəbərdarlıq edə bilər ki, geyim tədris prosesinə ciddi şəkildə müdaxilə etsin və ya digər tələbələrə narahatlıq yaratsın.

 

Geyim azadlığı tələbələrin təhsil mühitində özlərini daha rahat və azad hiss etmələrinə kömək edir. Rahatlıq və psixoloji məmnunluq tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilər.

 

Geyim azadlığı tələbələrin fərdi və yaradıcı inkişafını dəstəkləyir. Bu, təhsil prosesində tələbələrin daha aktiv iştirak etməsinə və özlərini ifadə etmələrinə imkan yaradır.

 

Beləliklə, Azərbaycanda tələbələrin geyiminə müdaxilə hüquqi baxımdan məcburi deyil və universitetlərin belə bir səlahiyyəti yoxdur. Dünya təcrübəsində də bu məsələ daha çox tələbə azadlığı və şəxsi seçim kimi qəbul edilir. Geyim azadlığının tədrisin keyfiyyətinə birbaşa təsiri yoxdur, lakin tələbələrin özlərini rahat və azad hiss etmələri onların təhsil uğuruna müsbət təsir göstərə bilər. Müəllimlərin tələbələri geyimlərinə görə tənqid etməsi isə etik və pedaqoji prinsiplərə uyğun deyil". /musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ