Qarabağ Universiteti gənclərə nə vəd edir?
Qarabağ Universiteti nəhayət ki, fəaliyyətə başladı. 1154 gənc tələbəliyini azad Qarabağda, Xankəndidə yaşamaq şansı qazanıb. Gənclər arasında yüksək bal toplayanlar çoxdur. Universitetin rektoru Şahin Bayramov bildirib ki, tələbələrin 101 nəfəri 600-dən yuxarı bal toplayıb. 385 tələbə isə 500-dən yuxarı bal toplayıb. Qarabağ Universitetinə qəbul olanlar üçün 470 orta baldır. Hazırda ali məktəbdə 27 ixtisas üzrə tədris həyata keçirilir. Gələn il incəsənət və turizm fakültələri Şuşada fəaliyyət göstərəcək. Xankəndidə yerləşən əsas binada isə tibb fakültəsi açılacaq. Universitetin Aqrar fakültəsi isə Xocalıda açılacaq.
Tələbələr jurnalistlərə açıqlamalarında universitetdə yaradılan şəraitdən razılıq edirlər.
561 balla Qarabağ Universitetinin ingilis dili müəllimi ixtisasına qəbul olan Nəcibə Əliyeva bildirib ki, təhsil ocağında hər cür şərait var:
“Universitetin yataqxanası genişdir, bu da bizim üçün geniş üstünlük yaradır. Qrup yoldaşlarımızla daha çox vaxt keçiririk. Hər gün bir yerdə universitetə gedib-gəlirik, fikir mübadiləsi aparırıq”.
Yeni dövrün tələblərinə uyğun qurulan universitetin qarşıdakı dövrdə ən müasir standartlara cavab verəcəyi gözlənilir.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, Qarabağ Universiteti bölgənin inkişafına, gənclərin təhsilinə və mədəni irsinə böyük töhfələr verməyi hədəfləyir. Ekspert qeyd edib ki, bu universitetin açılması, yalnız təhsil sahəsində deyil, eyni zamanda iqtisadi, sosial və mədəni inkişafda da mühüm mərhələdir:
“Qarabağ Universitetinin yaradılması ilə bağlı gözləntilərdən biri müasir təhsil standartlarına uyğun mühitin təmin edilməsidir. Tələbələrin keyfiyyətli təhsil alması, innovativ düşüncə tərzinin formalaşması və dünya standartlarına uyğun ixtisaslaşma da gözləntilərdən biridir. Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi, tələbələrin mübadilə proqramları vasitəsilə xarici ölkələrdə təhsil alması imkanı da ön plandadır. Universitetin açılış mərasimində təqdim olunan müasir infrastruktur, tələbələrə rahat və funksional təhsil mühiti yaratmaq məqsədini güdür. Müasir tədris otaqları, geniş kitabxana, müasir laboratoriyalar və istirahət zonaları, tələbələrin təhsil alması və istirahət etməsi üçün ideal şəraiti təmin edir. Bu cür imkanlar tələbələrin daha səmərəli öyrənmələrinə və kreativ düşüncə tərzinin inkişafına zəmin yaradır. Qarabağ Universiteti yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edərək, tələbələrə praktik təcrübə imkanı yaratmalıdır. Bu, onların iş bazarına hazırlığını artırar və gələcəkdə iş tapmaqda kömək edər. Müxtəlif sahələrdə mütəxəssislərin dəvət edilməsi tələbələrə əlavə bilik və bacarıqlar qazanmaq imkanı verəcək. Tələbələrin tədqiqat layihələrini maliyyələşdirmək və müvafiq resurslarla təmin etmək elmi araşdırmaların inkişafına dəstək olacaq. Gənclərin cəmiyyətin inkişafında aktiv rol alması üçün sosial layihələrə cəlb edilməsi, onların sosial məsuliyyət hissini artıracaq".
K.Əsədov Qarabağ Universitetinin gənclərə geniş perspektivlər vəd etdiyini vurğulayıb:
“İnnovativ düşüncə tərzinin formalaşması, müasir texnologiyaların inteqrasiyası və beynəlxalq müstəvidə tanınma imkanları universitetin əsas üstünlüklərindəndir. Burada tələbələr öz istedadlarını inkişaf etdirə biləcək, fərqli mədəniyyətlərlə tanış ola biləcək və qlobal müstəvidə fəaliyyət göstərmək üçün zəruri bilikləri qazanacaqlar. Ölkə Prezidenti tərəfindən burada yaradılmış şərait yeni perspektivlər vəd edir. Belə ki, Qarabağ Universitetinin inkişaf perspektivləri xarici tələbələrin qəbulunu artırmaq, universitetin beynəlxalq imicini gücləndirmək məqsədini güdür. Müxtəlif sahələrdə tədqiqatların aparılması, bölgənin elmi potensialını artırmağa yönəlib. İqtisadiyyat, mühəndislik, sosial elmlər kimi müxtəlif ixtisasların açılması, tələbələrin maraq və ehtiyaclarına uyğunlaşma imkanı verəcək. Apardığım müqayisələrə görə deyə bilərəm ki, Qarabağ Universitetinin digər universitetlərdən fərqləri çoxdur. Qarabağ bölgəsinə xüsusi diqqət yetirərək, yerli mədəniyyətin və dəyərlərin öyrənilməsi, müasir tədris metodlarının tətbiqi və texnologiyanın inteqrasiyası, tələbələrin cəmiyyətə xidmət etməsi üçün layihələrin həyata keçirilməsi və s. Qısa müddətdə görülən işlərə görə deyə bilərəm ki, Qarabağ Universiteti bölgənin gənclərinə bir sıra üstünlüklər təqdim edir: müasir və peşəkar təhsil alaraq, gələcəkdə iş bazarında daha rəqabətqabiliyyətli olma imkanı; tədqiqatlar vasitəsilə elmi biliklərin artırılması; sosial layihələrdə iştirak edərək, cəmiyyətin inkişafına töhfə vermək. Beləliklə, Qarabağ Universiteti, gənclərə yeni üfüqlər açacaq, regionun inkişafında mühüm rol oynayacaq və ölkənin təhsil sisteminə yenilik gətirəcək. Bu universitetin gələcək inkişafı yalnız tələbələrin deyil, eyni zamanda cəmiyyətin də rifahına böyük töhfələr verəcək. Qarabağ Universiteti Azərbaycan təhsil sisteminin müasir tələblərinə cavab verərək regionun intellektual inkişafına zəmin hazırlayır”. /musavat.com/
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...