Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...
Bakıda taksilərin avtobus zolağına girib, oradan müştəri götürməsi ciddi problemə çevrilib. Həmin zolağa daxil olan taksi sürücüləri cərimələnirlər. Cərimə olunmamaq üçün yolun hərəkət istiqamətində dayanır, müştərilər də oradan maşına əyləşirlər. Bu isə həm sürücü, həm də piyada üçün təhlükə yaratmış olur.
Avropanın bir çox ölkəsində taksilərlə bağlı güzəştlər və üstünlüklər tanınır. Belə ki, taksi müştərini bir tərəfdən götürüb, əks istiqamətə gedirsə, xidmət göstərən sürücü bütöv xəttin tələbini pozaraq istədiyi yerdən geriyə doğru dönüş edə bilər. Bu isə sürücünün qayda pozması kimi qəbul edilmir və cərimələnmir. Bunu isə insan amilinin daha öndə olması ilə əlaqələndirirlər. Bəs bu rahatlıqdan Azərbaycanda niyə yoxdur?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, taksilərin avtobus zolağında hərəkət etməsi və ya orada dayanması üçün xüsusi rəng seçimi olmalıdır.
Onun sözlərinə görə, qonşu Tbilisidə ağ rəngli taksilər xüsusi ayrılmış nişanı olanlar avtobus zolağından istifadə edə bilirlər:
“Digər aqreqator şirkətlər insanları kənarda xüsusi yerlərdə düşürə və mindirə bilir. Düşünürəm ki, bizdə də buna bənzər bir şeylər edilə bilər. Amma taksilər bir rəngdə olsa. Şəhərdə küçə transfarmasiyaları baş verir. Yəni zolaqlar ensizləşdirilir, avtobus və velosiped zolaqları təşkil olunur. Bu da şəhərin əvvəlki vəziyyətini dəyişir. Əvvəl harada istəyir, orada da minə və düşə bilirdiksə, burada artıq axınların idarə olunması baxımından konkret nöqtələrdə minib-düşmək olar. Taksi dayanacaqları da bu konsept üzrə təşkil olunur”.
Rauf Ağamirzəyev
R.Ağamirzəyevin fikrincə, digər dünya ölkələri ilə müqayisə aparanda həmin şəhərlərdə ümumi nəqliyyat karkasına diqqət yetirmək lazımdır:
“Diqqət yetirmək lazımdır ki, əsas yükü hansı nəqliyyat növləri götürür. Yəni metro, şəhərətrafı elektrik qatarı, şəhərin daxilindəki tramvay, qısa məsafədə piyada infrastrukturu və s. Bu konsepsiyanın içində taksi də var. Amma biz yalnız taksiyə köklənir, bütün bunları kənara qoyuruqsa, bu, doğru yanaşma olmaz. Fikrimcə, bütün müasir şəhərlər fərdi nəqliyyatdan daha çox daşıyan sərnişin növlərinə, onun inkişafına köklənir”.
Ekspert deyib ki, başqa şəhərlərdə fərdi nəqliyyatın şəhərə daxil olmasının önü qismən kəsilir:
“Bəzi şəhərlər mərkəzi ümumiyyətlə, pullu və ya qapalı edir ki, insanlar fərdi nəqliyyatla səfər etməkdən çəkinsinlər. Düşünürəm ki, Bakıda da bu növ tədbirlər təşkil olunmalıdır. Çünki biz ən dəyərli vaxtımızı tıxaclarda keçirməməliyik. Daha çox maşın, daha çox tıxac deməkdir. Bunun alternativləri formalaşmalıdır ki, insanlar özləri qərar versinlər ki, müəyyən məsafəni neçə metr piyada, neçəsini velosiped, skuter və ya avtobusla gedəcək”.
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub