Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

15:18 08-10-2024 | icon 547 | Sağlamlıq
Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Nərminə Abbasova: “Müalicə edilməzsə, riskli nəticələrə səbəb ola bilər”

 

Bağırsaq düyünlənməsi yoğun və ya nazik bağırsağın bir hissəsinin öz ətrafında və ya mezenteriya, yəni bağırsaqları qidalandıran qişa ətrafında bükülməsi nəticəsində tıxanıqlığın baş verməsidir. Bağırsaq tıxanıqlığı ciddi fəsadlara səbəb ola bilər. Bu vəziyyət həmçinin qan axınının pozulması ilə bağırsaqda toxuma ölümünə səbəb ola bilər.

 

Mövzu ilə bağlı Versus.Az-a danışan MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova bildirib ki, bağırsaq düyünlənməsi tez bir zamanda müalicə edilməlidir.

 

- Nərminə xanım, bağırsaq düyünləri nədir?

 

- Bağırsaq düyünləri yoğun və ya nazik bağırsağın bir hissəsinin bükülməsidir. Bükülmüş hissə bağırsağa gedən qan damarlarını bağlaya və bağırsağın qidalanmasına maneə törədə bilər. Bu hal cərrahi müdaxilə tələb edən riskli bir vəziyyətdir. Lazımı müalicə tez bir zamanda aparılmazsa, bu, bağırsağın düyünlənmiş hissəsindəki toxumaların ölümü ilə nəticələnə bilər. İncə bağırsaqda meydana gələn düyünlənmə adətən körpələrdə və uşaqlarda müşahidə olunur. Yetkinlərdə isə daha çox yoğun bağırsaq düyünlərinə rast gəlinir.

 

- Bir çoxları bağırsaq düyünü deyəndə, ilk ağlına gələn şiş xəstəliyi olur. Bunu oxucularımız üçün bir da aydınlaşdırardınız…

 

- Bağırsaq tıxanıqlığının birdən çox növü var. Hər növün də öz xüsusiyyətləri mövcuddur. Bağırsaq düyünlərinin növləri Çekum volvulusu, Sigmoid colon volvulus, Eninə kolon volvulusudur. Bağırsaq şişməsi kimi tanınan Çekum volvulusu bağırsaq tıxanıqlığının nadir növlərindən biridir. Nazik ilə qalın bağırsaq arasında olur və bağırsaq qarın divarından ayrılaraq öz ətrafında fırlanır. Görüntülərin köməyi ilə tez bir zamanda diaqnoz qoyula və uğurla müalicə edilə bilər. Sigmoid colon volvulus isə tıxanıqlığın ən çox yayılmış növüdür. Bağırsağın uc hissəsi, yəni düz bağırsağa birləşən hissəsi siqmoid kolon adlanır. Siqmoid kolonda çoxlu əzələ toxuması var və bu əzələ dəstələri üzü yuxarı, aşağı və ya dairəvi şəkildə yerləşir. Siqmoid kolon müxtəlif səbəblərdən öz ətrafında və ya qoruyucu membranın ətrafında fırlana bilər. Bağırsaq düyünlərinin digər növü Eninə kolon volvulusudur. Bu tip bağırsaq tıxanıqlığı adətən yaşlılarda olur. Bağırsağın orta hissəsində baş verir. Bu vəziyyətin səbəbi uzun və ya dar bir mezenter, həmçinin xroniki qəbizlik ola bilər. Olduqca nadir rast gəlinən bu tip düyünlər siqmoid kolonda baş verən düyünlərə bənzəyir.

 

- Bağırsaq düyünlərinə səbəb nədir?



- Düyünlənmə anadangəlmə ola bilər. Buna malrotasiya deyilir. Bu halda bağırsaqlar qarın boşluğunda yerdəyişmə edir və ya fırlana bilər. Bundan əlavə, bağırsağın az və ya çox hərəkəti də tıxanmaya səbəb ola bilər. Düyünlənmə ümumiyyətlə birdən çox səbəbə görə inkişaf edə bilər. Bu səbəblər sırasına bağırsaqların genişlənməsini, əməliyyatdan və ya infeksiyadan sonra inkişaf edən qarın bitişmələrini, bağırsaqların qarın divarından ayrı olmasını, xroniki qəbizliyi, hamiləliyi aid etmək olar. Qeyd edim ki, Hirschsprung xəstəliyi - anadangəlmə yoğun bağırsaq böyüməsi kimi tanınır, aşağı düz bağırsağın anusdan nəcis çıxarmaq üçün kifayət etməməsi səbəbi ilə inkişaf edir.

 

 

Onu da deyim ki, bu vəziyyətlərdən başqa kişilərdə, 60 yaşdan yuxarı şəxslərdə və qocalar evində yaşayan fərdlərdə daha çox rast gəlinə bilər. Bağırsaq düyünləri başqa bir sağlamlıq problemi ilə əlaqəli ola bilər. Düyünlənmə həmçinin heç bir səbəb olmadan da inkişaf edə bilər.

 

- Həkim, bağırsaq düyünlənməsinin simptomları nələrdir və diaqnoz necə qoyulur?

 

- Düyünlənmənin simptomları qəfil və şiddətli şəkildə görünə bilər. Bağırsaq tıxanıqlığının əsas simptomları qarında şişkinlik və yaşıl öd qusması ilə özünü göstərir. Ancaq bağırsaq fırlanmasının baş verdiyi bölgədən asılı olaraq, simptomlar dəyişə bilər. Düyünlənmə, tıxanmış bağırsaqda qaz və mayenin yığılması nəticəsində bağırsaq divarında şiddətli ağrı və təzyiqə səbəb ola bilər. Bağırsaq düyünlərinin simptomlarını belə sıralamaq olar:
Qarın ağrısı və həssaslıq, Bulantı və qusma, Şişmiş qarın, Qanlı nəcis, Qəbizlik, Qarın müayinəsində palpasiya olunan kütlə.
Qeyd edim ki, körpələrdə bağırsaq tıxanıqlığının simptomları böyüklərdən bir qədər fərqlənə bilər. Körpələrdə bu əlamətlərlə yanaşı, bir neçə simptomlar da müşahidə oluna bilər. Bunlar ani ağlama, qyaqlarda ağrı var imiş kimi kimi hərəkətlənmə, letarji - yəni həyat funksiyalarının yavaşlaması üçün lazım olan yuxululuq, sürətli ürək döyüntüsü və nəfəsdir.
Diqnoza gəlincə, əvvəlcə xəstədən problemlər haqqında məlumat alınır, daha sonra fiziki müayinə edilir. Düyünlənmənin diaqnozu adətən rentgen və ya görüntüləmə ilə edilir. Görünüşü daha aydın və başadüşülən etmək üçün imalə üsulu da istifadə edilə bilər. Bununla belə, diaqnoz üçün kompüter tomoqrafiyası, ultrasəs və ya kolonoskopiyadan da istifadə oluna bilər. Ümumiyyətlə, bağırsaq tıxanıqlığının diaqnozu üçün əsasən qan testləri, nəcisdə qanı yoxlamaq üçün testlər, qarın yuxarı və ya aşağı hissəsini yoxlamaq üçün barium rentgenoqrafiyası və siqmoidoskopiya kimi üsullardan istifadə edilə bilər.

 

- Nərminə xanım, məlumdur ki, bir çox insanlar bağırsaq xəstəlikləri ilə bağlı müayinə və müalicədən çəkinirlər. Əksəriyyəti utandığını deyir. Onların tərəddüdünü yox etmək üçün bağırsaq düyünlərinin müalicəsindən qısaca da olsa bəhs edərdiniz.

 

- Bəli, təəssüflər olsun ki, hələ də dövrümüzdə utancaqlıq, biabır olmaq xofu ilə yaşayan insanlar var. Elə pasientlərimiz olub ki, sidik qaçırma şikayəti ilə gəlir, amma dərdini güc-bəla ilə dilə gətirsə də müayinələr zamanı utancaqlıq ediblər. Bu xəstəliyə ayıb bir şeymiş kimi baxırlar. Amma təbii ki, biz də həkimik və borcumuzdur ki, bizə müraciət edən hər kəsi həm xəstəliyi, həm də müalicəsi ilə bağlı məlumatlandıraq.
Qeyd edim ki, bağırsaq düyünləri erkən müalicə tələb edir. Müalicə ilə bağırsaq düyünlənməsi açılır və nəticədə tıxanıqlıq aradan qaldırılır. Problemin həlli üçün cərrahi müdaxilə də tələb oluna bilər. Ancaq bəzi hallarda əməliyyata ehtiyac olmadan bu problemi həll etmək mümkündür. Həkimlər sigmoidoskopiya adlı görüntüləmə sistemindən istifadə edərək bağırsağı bərpa edə bilərlər. Siqmoidoskopiya proseduru rektumdan daxil edilən nazik bir boru ilə həyata keçirilir. Yoğun bağırsağın fırlanan hissələrinə boru ilə hava vurulur və həmin hissə açılır. Ancaq bu üsulla açılan bağırsaq düyünləri bir müddət sonra təkrarlana bilər. Belə hallarda qalıcı bir həll üçün cərrahi əməliyyatlar tələb olunur. Bağırsaq düyünü əməliyyatı zamanı həkim bağırsağın burulmuş hissəsinin yaxınlığında qarın divarında kəsik açaraq düyünü aça bilər. Daha sonra bağırsağın əyilməsi səbəbi ilə pozulan qan axını bərpa edilir. Əgər uzun müddət tıxanıqlıq səbəbi ilə bağırsaqlara qan axını təmin olunmursa və bağırsağın bir hissəsi fəaliyyətini dayandırıbsa, həmin hissə əməliyyatla çıxarıla bilər. Sonra bağırsaqların ucları bir-birinə tikilir. Bəzi hallarda ölü bağırsaq çox olduğu üçün böyük bir hissə çıxarılmalı olur və nəticədə bağırsaqların uclarını bir-birinə tikmək çətinləşir.
Belə bir vəziyyətdə cərrah bağırsaqların uclarını qarın divarındakı stoma kimi tanınan boşluqlara bağlaya bilər. Stoması olan insanlar nəcis ehtiyaclarını kolostomiya torbalarından istifadə edərək qarşılaya bilərlər. Ancaq bu vəziyyət daimi və ya müvəqqəti olur.

 

- Bəs bağırsaq düyünlərinin fəsadları hansılardır?

 

- Bağırsaq düyünləri nəticəsində yarana biləcək fəsadlar sepsis - yəni qan infeksiyası, qısa bağırsaq sindromu - yəni malabsorbsiya pozğunluğu və ikincili peritonit - yəni qarın infeksiyasıdir.
Qeyd edim ki, əgər müalicə edilməzsə, bağırsaq tıxanıqlığı riskli nəticələrə səbəb ola bilər. Buna görə də əlamətləri hiss edən zaman gecikmədən həkimə müraciət etmək məsləhətdir.

 

 

QEYD:

Ailə həkimi Nərminə Abbasova bağırsaq düyünləri şikayəti olan hər kəsi rəhbəri olduğu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaq.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 


PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...