"ƏDV geri al"la bağlı İDDİA
Vətəndaşın hesabındakı 50 manat silinib
Son günlər sosial şəbəkələrdə "ƏDV geri al" sistemi ilə bağlı şikayətlər müşahidə olunur. Vətəndaşlardan birinin iddiasına, onun "ƏDV geri al" hesabındakı vəsait yoxa çıxıb.
O qeyd edib ki, onun "Birbank" tətbiqindəki "ƏDV geri al" hesabında 50 manat vəsait olub. Lakin sonradan həmin məbləğ hesabdan silinib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə (DVX) sorğu ünvanladıq.
Xidmətdən bildiriblər ki, "ƏDV geri al"da balansdan hər hansı silinmə olması mümkün deyil.
"Kassa çeki üzrə məlumatlar doğru olmadığı halda əməliyyat təsdiq edilmir. Bunu aydınlaşdırmaq üçün mütləq qaydada DVX-yə müraciət ünvanlamaq lazımdır. Məsələ aydınlaşdırılaraq vətəndaşa aydın cavab veriləcək.
ƏDV çekləri ilə bağlı hər hansı problem yaşanıbsa, yaxud əməliyyata imtina verilibsə, DVX-yə müraciət edilməlidir. Bunun üçün yeni nəsil kassa aparatı çekinin məlumatlarını əlavə etməklə internet səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Məsələ ilə bağlı iddiada adı keçən "Kapital Bank"ın İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva bildirilib ki, texniki xəta baş verdiyi halda müştərinin balansında olan məbləğ görünməyə bilir.
"ƏDV-nin geri qaytarılması prosesində ilk olaraq müştəri alış-veriş qəbzini portala əlavə etməlidir. Daha sonra həmin qəbz gözləmə statusuna əlavə edilir. 30 gündən sonra qəbzə uyğun ƏDV qaytarıla və ya ləğv edilə bilər.
Silinmə halında öncə məbləğin hansı müddətdə silindiyini müəyyən etmək lazımdır. Əgər müştərinin məlumatları Dövlət Vergi Xidməti tərəfindən bloklanıbsa, müştəri həmin qəbzi yenidən portala əlavə etməyə cəhd edə bilər. Bu halda bloklanma ilə bağlı bildiriş görünəcək. Daha sonra müştəri mövzunun araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət etməlidir. Əgər Dövlət Vergi Xidməti bankla bağlı texniki xəta müəyyən edərsə, sorğu banka yönləndirilir və müştərinin müraciəti araşdırılır. Texniki xəta baş verdiyi halda müştərinin balansında olan məbləğ görünməyə bilir. Bu halda xəta aradan qaldırılır və məbləğ görünən statusa keçirilir", - deyə A. Əliyeva qeyd edib.
Xatırladaq ki, 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq edilir.
ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir.
İstifadəçilər toplanmış vəsaitlə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. /oxu.az/
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub