HANI BU QANIN YİYƏSİ?!

15:10 25-02-2018 | icon 1349 | Köşə
HANI BU QANIN YİYƏSİ?!

İGİD TEYMURLU

Qaldıq əlində bir sürü ərbabi-vəhşəti

Olduq əsiri pənceyi-qəhrü müsibətin...

Beyt Məhəmməd Hadidəndir. Xocalı harayı ilə yazdığım yazıların 2000-ci ildən ta bu günədək (ondan qabaq bir az başqa formatda olub) demək olar ki, giriş hissələri eyni olaraq qalmaqdadır. Böyük şairimiz Məhəmməd Hadidən sitat gətirdiyim beytdə rus və erməni birləşmələri tərəfindən məruz qaldığımız soyqırım və buna paralel olaraq günümüzün yaşantıları öz əksini tapmaqdadır. Ötən əsrin əvvəlində də belə olub, əsrin sonunda da. Bir zamanlar ümidlə yolunu gözlədiyimiz təzə minilliyin belini də öz ağır dərdlərimizlə bükdük. İndi də bir çarəsizikdə qartılmış dərdlərimizlə baş-başayıq. Dərdi bu dünyanın özü boyda olan məmləkət əhli biganələr ordusunun əlində əməlli-başlı girinc qalıb. Bu gün Azərbaycanda sanki qiyamət səhnələşdirilib: hərə öz hayındadır, qaçan da, qovan da Allaha sığınır. İtirilmiş torpaqlarımızı bizə unutdurmaq üçün bütün formatlar ortalığa qoyulub. Ona görə ağı deməyim də elə o zaman 2000-ci ilin lik ayında köşə yazılarımın birində yazdığım formatdadır: “xoş gəldin, yeni minilliyim, qarşıla bizlərin timsalında sevgili məmləkətimizin nanəcib vətəndaşlarını!!!”...

O andan düz 18 il, bizə görə bəşər tarixində analoqu olmayan XOCALI SOYQIRIMInın üstündənsə artıq 26 il keçəndən sonra MƏLUM OLDU Kİ... Qaçqınkom Əli Həsənovun təbirincə desək, “erməni xalqı bizim düşmənimiz deyil”! Yaxud, muzıkant səfirimiz Polad Bülbüloğlunun təbirincə desək, “biz yetişən nəsli ermənilərə nifrət ruhunda böyütməməliyik”! Sən demə rus və erməni birləşmələri tərəfindən Qaradağlıda və Xocalıda başımıza gətirilən soyqırımına görə fərd olaraq hər bir kəs öz cavabdehlik hissindən irəli gələn addımları bu formatda atmalıymış!..

Ötən zaman kəsiyində DƏYİŞƏN NƏ OLUB?.. “Ümummilli dərdimiz”ə münasibətdə toplumsal mövqeni ortalığa qoya bilmişikmi? “Qisasımızı alacaq sabahımız”ın bizə qarşı törədilən bəşəri cinayətdən, bu soyqırımları, bu cinayətləri gerçəkləşdirən terror şəbəkəsinin dağıdıcı fəaliyyətindən doğru-dürüst məlumatı varmı?.. Düzdür, həm dövlət, həm də Heydər Əliyev Fondu Xocalı Soyqırımının dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması istiqamətində xeyli iş görüb. Bütün mümkün vasitələrdən istifadə etməklə bu istiqamətdə görülən işlər alqışlanasıdır. Ancaq dərd orasındadır ki, biz bu soyqırımın dünyaya çatdırılması istiqamətində çabalar etməkdəykən yetişən nəslin, “qisasımızı alacaq gəncliyin” bizdən olmayanlar tək davranmalarının da fərqinə varmamışıq. “26 fevralda nə olub?” sualını qisasımızı alacaq gəncliyin “Füzuli işğal olunub” kimi cavablandırması əlavə izahata şərhin olmamasından xəbər verir. Və bu nəsli yetişdirən də bizlərik, utanmaq da bizə düşür, o gəncliyə yox!.. “Sivil dünya”nın belə məsələlərə yanaşmasındakı nadanlığı, ikibaşlı oyunu da göz önündədir. Belə olan halda “yetişən gənclik bizi soyqırıma, deportasiya məruz qoyanlardan qisasımızı ala biləcək ruhda tərbiyə olunmalıdır” istəyimizə quş qoyan qaçqın, köçkün məmurlarımızın “veto” qoymaları da içimizdə kök salan gizli şəbəkənin mövcudluğundan xəbər verir....

XORENİN BƏXŞİŞİ VƏ BAKININ GÖBƏYİNDƏ İNANILMAZ GECƏ KEFLƏRİ

Çalıb-oxumaq bu millətin ən böyük sevgisi, ən böyük problemi olub – HEÇ ELƏ BİL “itkin düşmüş 3867 nəfər” bu millətin övladı deyil! HEÇ ELƏ BİL qız-gəlini erməni əsirliyində qalan bu millət deyil! HEÇ ELƏ BİL 25 faiz torpağı işğal olunan bu millət deyil! HEÇ ELƏ BİL param-parça edilərək qardaşı bacıya, bacını qardaşa yadlaşdırılan 50 milyonu adlayan bu millət deyil! HEÇ ELƏ BİL problemli kredit ucbatından evini-eşiyini satan, bir loxma çörəyə möhtac qalan bu millət deyil! HEÇ ELƏ BİL hər doğulan yeddi uşaqdan biri AUTİST olan məmləkətin sahibi bu millət deyil!

FƏRQİNDƏSİNİZMİ?.. Xocalıda doğulub, Xocalıda böyüyən erməni uşaqlarla birgə əməllərinə rəğmən “Səkinəyeva, Züleyxayeva” soyadıyla çağırılası bütün Azərbaycan kişisinin böyütdüyü və Xocalını heç tanımayan, Bakının göbəyində “inanılmaz gecə keyfləri” görən həmin uşaqların tay-tuşlarının da artıq 26 yaşı var. Həmin 26 yaşlı erməninin atası, anası Livandan, Suriyadan qaça-qaça gəlib Xocalını rusların köməyilə işğal edərək orada yurd saldı. Bizimkilərsə heç olmasa Xocalıya yaxın olan ərazilərimizdə də deyil, birbaşa paytaxta gəldilər. ERMƏNİLƏR 26 yaşlı övladlarına Azərbaycanda vətən bəxş etdilər, bizim qaçıb gələnlər də indiki 26 yaşlı övladlarının “inanılmaz gecə keyfləri”ni təmin etdilər!!! Və həmin 26 yaşlı uşaqların atalarının, analarının, qohumlarının, onları qoynunda bəsləyən cəmiyyətin istəkləri, arzuları, TƏLƏBLƏRİ də “yeniləşib”. İNDİ O UŞAQLARIN BÖYÜKLƏRİNİ “ÇÖRƏK PULU”, “İŞIQ PULU”, “QAZ PULU”, “SU PULU”, tələbə övladının pullu TƏHSİL SİSTEMİNDƏKİ ÖDƏNİŞ PULU, “vaxtında və qədərində verilməyən” QAÇQIN PULU, KÖÇKÜN PULU, VETERAN PULU, ƏLİL PULU, ŞƏHİD PULU, “MİLLİ QƏHRƏMAN” ADI, tikilən EVLƏR, verilən TORPAQLAR, hədiyyə olunan MAŞINLAR, qərəz, BÜTÜN NÖV YARDIMLARdan maksimum səviyyədə yararlanmaq istəyi DÜŞÜNDÜRÜR. Goruna ...Xorenin 26 yaşlı övladını və bu haramzadalara dayaq duranlarısa nəyin bahasına olursa-olsun işğal etdikləri torpağı qaytarmamaq düşündürür... DÜŞÜNDÜNÜZMÜ BÜTÜN BUNLARI?!... DÜŞÜNDÜNÜZSƏ, onda papağınızı bir az da dik tutun, günümüzün Xudayar bəyləri!

HEÇ UTANMADIQ, USANMADIQ AYIBIMIZDAN! İlin bir günündə Xocalı haqqında danışmaqla hansısa vətən sevgisini yeni nəslə aşılamaqdan danışmaq sadəcə olaraq, insanların özü-özlərini illüziya qurbanına çevirmələrindən başqa bir çey deyil. Biz Dərdlərimizdən özümüzə allI-güllü don biçirik, özü də “razrez”i lap yuxarıdan olanından. Heç utanmadıq, heç usanmadıq ayıbımızdan... ƏLƏBAXIMLILIQ VƏ ƏKİLƏN NİFRƏT TOXUMU... vətən haqqında düşünən kəs sadalanan və sadalanmayan BÜTÜN GÜZƏŞT VƏ İMTİYAZLARDAN ELƏ BİRİNCİ İLDƏN İMTİNA ETMƏLİ İDİ. Belə olan halda harınlamış məmur təbəqəsi də onların adından istifadə edə bilməz və böyüyən uşaqların içindən keçən sızıltı onları dədə-baba yurduna səsləyərdi. ÖZÜMÜZÜ ALDATMAYAQ. Bu gün qaçqınlara, məcburi köçkünlərə, veteranlara, əlillərə, Şəhidlərə verilən statuslar, güzəşt və imtiyazlar bir tərəfdən başda bir milyonluq ordu olmaq şərtilə bütöv cəmiyyəti ələbaxımlılığa öyrədirsə, digər bir tərəfdən də başqa kateqoriyadan olan insanımızla o kəslər arasında dolayı yolla nifrət toxumu əkir. SUAL OLUNUR necə olur, “dərdlərimiz ümummilli olur”, ancaq insanımıza yanaşmada, statusların, ordenlərin, medalların paylanılmasında ortaya fərqli mövqelər qoyulur? Nə vaxta qədər bu statuslarla dövlət büdcəsi talan ediləcək? Adam xəz-dəri dükanı işlədə-işlədə, adam dövlət aparatında, məhkəmə, bank sistemində işləyə-işləyə, deputat ola-ola üstəlik “çörək pulu” alır, bütün növ kommunal ödənişlərinə görə imtiyazlardan istifadə edir. Artıq yer, yurd istəyini sadalanan bu amillər çoxdan üstələyib. ƏCƏBA, bunu eşidən, görən imkansız, kimsəsiz uşaqda sən necə vətən sevgisi aşılaya bilərsən!? Və... və... nöqtələr... Və bu üç nöqtələrdən sonra “hanı sənin ötən illər ərzində UMUDLU, QARADAĞLI, XOCALI SOYQIRIMIyla bağlı dərc etdirdiyin kitablar?” demək istəyim artıq bir şeydir. Baxmayaraq ki, ermənilər 1915-ci il olaylarıyla bağlı bizdən fərqli olaraq ötən yüz ildə qondarma soyqırımla bağlı dünyanın ən aparıcı dillərində yüz mindən artıq kitab buraxıblar...

XOCALI SOYQIRIMINI TÖRƏDƏN 366-cı motoatıcı RUS DİVİZİYASInın vəhşiliyini guya ki, “görən, dərk edən” və həm də qaçqın olan Aqil Abbas “türk rusdan üzr istəməlidir, millət soğan əkməlidir” söyləyir, Hadısı Bıdısının altı yox, qapağı yox qazanını, qulpu yox çömçəsini güvənc yeri kimi göstərir, özlərisə problemli kreditor millətdən fərqli olaraq güman ki, yağ-bal içində üzürlər! Və zatən böylədir!!! DƏHŞƏTƏ BAX!!! Sən acdan, haqqı tapdalanandan, işsizdən necə “vətənsevər” formalaşdıracaqsan!? Boğazdan yuxarı danışmaq lazım deyil, bəli, qansızların anasını ağladan böyük ÇİNGİZ XANIMIZ TAM DÜZGÜN SÖYLƏMİŞ Kİ, əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir.... Bu günün güvənc yeri, bu günün əsgəri elə millətin özüdür və bu savaşdan bizləri üzüağ çıxaracaq yeganə qüvvə elə millətin özü olacaq - ətrafımızda hürüşən itlər öz yallarının hayındadır, öz yallarının. Belə bir anda millətin mədəsi doldurulmalıdır ki, adam arxada qalanından arxayın olsun, adam döyüşən oğlanların haqqının heç bir halda tapdalanmamasının şahidi olsun ki, içində də yurd sevgisi baş qaldırsın! TARİXİ YARA VƏ UNUTQANLIĞIN YARATDIĞI TARİX Millətin mənəviyyatının para hesabına zorlanması həm “daxili resurslar”, həm də xarici rıçaqlar vasitəsilə həyata keçirilir. Şübhəsiz ki, daxili resursların özü də xarici rıçaqların uzantılarıdır.... İnsanlığın xislətinə “ən vəhşi canlı” yarlığını “bəxş” edən qorxunc üsullarla 715 NƏFƏR XOCALI SAKİNİnin QƏTLə yetirilməsi, 467 NƏFƏRin ƏLİL olması, 1275 NƏFƏRİN GİROV götürülməsi, 60-DAN ARTIQ UŞAĞIN analarının gözləri qarşısındaca param-parça edilməsi, 8 AİLƏNİN BÜSBÜTÜN MƏHV edilməsi, atanın gözü qarşısında qızının zorlanması, hamilə qadının qarnını yırtıb cocuğuyla futbol oynamaq XOCALI SOYQIRIMI zamanı rus və erməni birləşmələrinin sinəmizə vurduğu TARİXİ YARAdır. Bunun müqabilində unutqanlığı millətə təlqin edən sektor da TARİX YARADIR e, tarix yaradır – unutqanlarıməzə “səkinəyeva”laşdıran tarixi! Görən bu unutqanlardan heç SORAN OLDUMU? Sormadılar. Sormadıq. Elə ona görə də bizlər hələ də nanəcib vətəndaş olmaqdan qurtula bilmirik. Çünki hələ də bir yığın suallar var ki, aidiyyatı şəxslər tərəfindən cavablandırılmayıb.

MƏSƏLƏN, bir zamanlar VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASInın sədri, keçmiş millət vəkili, xalq şairi SABİR RÜSTƏMXANLI deyirdi ki, “Ziyafət Əsgərovun Xocalı soyqırımıyla bağlı tərtib etdiyi siyahıda az qala heç erməniylə rusun adı yoxdur!”. Bunun açmasını Rüstəmxanlıdan və Əsgərovdan soran oldumu? YAXUD, Milli Azadlıq Hərəkatımızın Öncüllərindən olan TƏHMASİB NOVRUZOV vurğulayırdı: “İsa Qəmbər deyirdi ki, Ayaz Mütəllibobu pis vəziyyətdə qoymaq üçün 5-6 kənd boşaldılmalıdır”. Bunun açmasını indi Siyasi Düşüncə Mərkəzi yaradan, Müsavat Partiyasının lideri İSA QƏMBƏRdən, TƏHMASİB NOVRUZOVdan, AYAZ MÜTƏLLİBOVdan soruşan oldumu? Hərbi prokurorumuz deyib ki, “Xocalı soyqırımıyla bağlı maddi sübutlar yoxa çıxır”. Kimdir bu “maddi sübutları yoxa çıxaranlar”, heç bunu araşdıran, tapan oldumu? Biz nəyi və hara calaq vururuq? Alınıbmı torpaq?

QİSASINI GÖZLƏYƏN SOYQIRIM VƏ BİGANƏLƏR ORDUSU GÖRƏN bəs bizim mətbu nümayəndələrimiz nədən susurlar? Olmaya bu maraqlar xidmətlərində dayandıqları şəbəkə maraqlarıyla üst-üstə düşmür?! Mən yanılırımsa, buyurub aydınlıq gətirsinlər. Hanı bəs sizin “hərbi rels” üzərində addımlama istəyiniz? GÖRƏN nədən o zaman Ayaz Mütəllibov hakimiyyəti SSRİ Silahlı Qüvvələrinin 4-cü ordu hissələrinin respublika tabeçiliyinə keçirilməsinə maneçilik edirdi? Elçibəyin adı gələndə yeddi arxa dönənlərinə od vurulurmuş kimi davranan Zərdüşt və Araz Əlizadə qardaşları bəlkə bir az da bundan danışalar.... GÖRƏN o zaman hakimiyyətə iddialı olan AXC-nin müdafiə nazirlərinin tez-tez dəyişdirilməsində marağı nə idi ki, bu məqsədlə müxtəlif rıçaqlardan istifadə olunurdu? Və kimlər daha çox bu təklifdə bulunurdular? Bəlkə Əli Kərimli, İsa Qəmbər, Etibar Məmmədov bir az da bundan danışalar... GÖRƏN o zaman məhz AXC fəallarının təklifilə təyin olunan müdafiə nazirlərinin tez bir zamanda dəyişdiilməsini şərtləndirən səbəblər nə idi və sonradan AXC-dən qopan qüvvələr nədən bu məsələnin gizlinlərinin qorunub saxlanılmasında hələ də “həmrəy”dirlər? Bəkə özünü millətçi kəsim kimi təqdim edənlər bir az da bundan danışalar... GÖRƏN o zaman Mütəllibova qarşı təşkil olunan intensiv aksiyaların əsas tərəfdarları kimlər idi və nədən bu aksiyalardakı tələblər daha çox “Primakovun iddiaları ilə üst-üstə düşürdü”? GÖRƏN o zaman hansı səbəblər ucbatından 1991-ci ildə keçirilməli olah hərbi səfərbərlik 3 ay müddətinə yubadıldı və niyə məhz 3 ay? GÖRƏN o zaman həmin yubadılmadan 17 min nəfərlik çağırışçını ordudan yayındıranlar kimlər idi və məqsəd nə idi? GÖRƏN o zaman 24.02.1992-ci il tarixdə hansı və kiminlə olan anlaşılmazlıqlar müdafiə naziri Şahin Musayevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu? GÖRƏN o zamankı AXC hansı maliyyənin hesabına aktiv fəaliyyət göstərirdi? GÖRƏN o zaman dövlət fondunda olan və dövlətə ayrılan pulların aqibəti necə oldu? GÖRƏN o zamandan ta bu günədək həmin dövrün AXC fəalları olmuş və sonradan başqa siyasi qurumlarda təmsil olunanlar nədən o pulların taleyilə bağlı susmaq baxımından eyni “həmrəyliyi” nümayiş etdirmədədilər? GÖRƏN o zaman Fəhmin Hacıyevin “günahı” nədə olub ki, Xocalı soyqırımına görə təkcə onu tutmuşdular? GÖRƏN o zamandan ta bu günədək özünü vətənin taleyini düşünən kimi göstərməyə çalışan İSA QƏMBƏR, ƏLİ KƏRİMLİ, FAZİL QƏZƏNFƏROĞLU, FƏRƏC QULİYEV, MİRMAHMUD MİRƏLİOĞLU, İQBAL AĞAZADƏ, QÜDRƏT HƏSƏNQULİYEV, ETİBAR MƏMMƏDOV, LALƏ ŞÖVKƏT HACIYEVA, SABİR RÜSTƏMXANLI, RAFİQ MANAFLI, FƏZAİL İBRAHİMLİ, RAFAEL HÜSEYNOV, İBRAHİM YUSİFZADƏ, RƏHİM QAZIYEV, İSGƏNDƏR HƏMİDOV, NEMƏT PƏNAHLI, ƏNVƏR ƏLİYEV, ƏVƏZ TEMİRXAN, ARİF HACILI, FƏHMİN HACIYEV, TAHİR KƏRİMLİ, AYAZ MÜTƏLLİBOV, SƏRDAR CƏLALOĞLU VƏ QARDAŞLARI, ZƏRDÜŞT VƏ ARAZ ƏLİZADƏLƏR, HAFİZ HACIYEV, ARİF RƏHİMZADƏ, MÜBARİZ QURBANLI, ELDAR İBRAHİMOV VƏ “91-LƏR” HƏRƏKATININ DİGƏR ÜZVLƏRİ, ELMAN MƏMMƏDOV heç olmasa bu suallardan bircəciyinin cavabının aydınlaşdırılması üçün səy ediblərmi? Ediblərsə, bəs nəticə hanı? Nə qədər ki, bu biganələr ordusu nəyinsə xatirinə susacaq, o zamanın gerçəklərini dilə gətirməyəcəklər AZƏRBAYCANI A-Z-Ə-R-B-A-Y-C-A-N etmək istəyən qüvvələr də bir o qədər harınlaşacaqlar.

Bütün bunlara rəğmən MƏN DƏ ÖZÜM BİLƏRƏKDƏN danışmıram. Bilərəkdən 1992-Cİ İLİN 25-DƏN 26-NA KEÇƏN GECƏDƏ RUS VƏ ERMƏNİ BİRLƏŞMƏLƏRİNİN BİRGƏ İŞTİRAKIYLA TÖRƏDİLƏN XOCALI SOYQIRIMINDAN ƏTRAFLI DANIŞMIRAM. Danışmıram rusla erməninin dayəliyilə dəhşət və vəhşət döğan O GECƏnin nin şaxtasından, sazağından , soyuğundan, don vuran ayaqlardan, əllərdən, erməni qəbri üzərində qulağı və başı kəsilən türklərdən, ana gözünün qarşısında kiçik yaşlı qız balasının bədəni üzərində sərxoş erməninin apardığı “cərrahi əməliyyat”dan, tikə-tikə doğranıb başqa bir Azərbaycan türkünə yedizdirilən “tazə can əti”ndən, taydöş qadınların ahından, naləsindən, ağlayan cocuğa kəsilmiş ana döşünün əmzik yerinə verilərək adamın tüklərini ürpəşdirən səhnədən, o cocuğun ərşə bülənd olan çığırtısından, atanın gözü qarşısında qızının zorlanmasından, içki şüşələrinin yazılası mümkün olmayan cəza növünə çevrilməsindən, Azərbaycan türkünün dağıdılmış beyin yarımkürələrilə erməninin türk qanına bulaşmış ayaqqabılarını onun yoldaşlarına yanıq verərək silməsindən danışmıram. Xocalıda qəhrəmancasına həlak olanlardan da danışmıram. Öz qamış səltənətindən qovularaq burada imarətlərdə kef çəkənlərin görmədikləri güzərandan da danışmıram. Torpaq deyil, birbaşa “çörək pulu” davasını edən və dövlətə qarşı sosial narazılıq formalaşdıran, vətəndaşla dövlət arasında uçurum yaradan bank sektorunun ucbatından çörəyə, evə, eşiyə möhtac qalan ata, ananı quru çörəyə möhtac etməklə hansı vətən sevgisini formalaşdırmaq olar - heç bundan da danışmıram. O zaman vurulan teleqramların cavabsız qalmasından, “Xocalıda 2 nəfər ölüb” rəsmi informasiyasından, heç Allah rəhmət eləsin Xocalı üçün canını fəda edən Ər Oğullarımızın Qəhrəmanlıqlarından, mütəllibovçu qüvvələrin indi parlamentdə təmsil olunmalarından da, “yolumuzdan dönər olsaq, namus bizə ar olsun!” hayqıranların “şərəfsizlikləri”ndən DANIŞMIRAM Danışmıram ona görə ki, o NİGARAN RUHLARdan, o KƏSİK QOLLARdan, o KƏSİK QIÇLARdan ayıbdır. Həmin RUHLAR, həmin QOLLAR, həmin QIÇLAR indi Qarabağ səması üstündən və Şəhidlər Xiyabanından bizim nankorluğumuzu seyr edərək özlərini dağa-daşa vururlar. “Qaçqınkom”un “erməni xalqı bizim düşmənimiz deyil” kəlməsindən yanıb qovrulurlar. Görəndə ki, onların bacı-qardaşları orden, medal, çörək, qaz, işıq, təhsil pulu hayndadır - cızdağları çıxır. ONLAR da Məhəmməd Hadinin Ruhuyla dərdləşərək Onun “...ərazimiz, vətənimiz, mülkümüz mal oldu əğyarə; bütün məhrum qaldıq malü cahü şanü şövkətdən” beytiylə ağı söyləyir, “hanı bu qanın yiyəsi?!”-deyə, saçlarını yolurlar... MİNİMLİKlə MİNİLLİK də öz işindədir...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol