“Bizə qardaş və dost dövlət olan Azərbaycana səfərimdən çox məmnun qaldim”

10:47 19-03-2019 | icon 690 | İqtisadiyyat
“Bizə qardaş və dost dövlət olan Azərbaycana səfərimdən çox məmnun qaldim”

Xalid Əbdüləziz əl-Falih: "İki ölkə rəhbərliyi arasında olan ortaq görüşlər dövlətlərimiz arasında da iqtisadi, ticari və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün münbit şərait və zəmin yaradır"

 

 

“Səudiyyə Ərəbistanının 2030-cu ilə baxış inkişaf proqramı”nda əsas yerlərdən birini Krallığın xarici ölkələrə qoyacagı investisiyalar tutur.

 

Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl-Falih jurnalistlərin suallarını da ətraflı cavablandırıb. Versus.az saytı olaraq cənab nazirlə maraqlı söhbəti təqdim edirik.

 

- Bakıya xoş gəlmisiniz, cənab nazir. Bu gün təkcə ölkənizdə deyil, dünyada da “Səudiyyə Ərəbistanının 2030-cu ilə baxış inkişaf proqramı” böyük maraq doğurur, müzakirə edilir. Sözügedən proqram haqqında fikirlərinizi bölüşməyi xahiş edirəm. Proqramda Azərbaycanın tutduğu yer bizim üçün maraqlıdır.

 

- “Səudiyyə Ərəbistanının 2030-cu ilə baxış inkişaf proqramı”nda əsas yerlərdən birini xarici investisiyalar tutur. Daha doğrusu, Səudiyyə Ərəbistanının xarici ölkələrə qoyacağı investisiyalar. Bildiyiniz kimi, ölkəmiz dünyada ən böyük neft istehsalçılarından biri kimi onilliklər ərzində neft və qaz gəlirləri sayəsində böyük həcmdə kapital toplayıb. Bunun nəticəsində də regionda böyük maliyyə güçünə malik olan bir dövlətə çevrilib. Sözügedən kapitalı istər ölkə daxilində, istərsə də ölkə xaricdə müxtəlif inkişaf layihələrinə, investisiya layihələrinə sərf etmişdi.  Eyni zamanda, qeyd etdiyiniz proqram ölkə iqtisadiyyatının şaxələndirilməsini nəzərdə tutur. Bu konsepsiyada əsasən Krallıqda sənaye, metallurgiya, bərpaolunan enerji, turizm, xidmət sektorlarının inkişafına xüsusi önəm verilir.

Bununla yanaşı, biz istəyirik ki, başqa ölkələr üçün də Səudiyyə Ərəbistanı Krallığında yüksək gəlirli investisiya şəraiti yaradaq. Hansıki onlar bundan məmnun qalsınlar. Onu da əlavə edim ki, Səudiyyə Ərəbistanı ilə region ölkələrinin əlaqələrinin tarixi yüz illərə, hətta minilliklərə dayanır. Bilirsiniz ki, Ərəbistan yarımadasının bu xalqlarla qədimdən həm mədəni, həm iqtisadi, ticari əlaqələri çox möhkəm olub. Xalqlarımız dini, mədəni, adət-ənənə baxımından da bir-birlərinə çox yaxın və bağlıdırlar. Münasibətlərimiz hər zaman qarşılıqlı olub.

Azərbaycana gəlincə, iki ölkənin siyasi rəhbərliyi arasında bir çox məsələlər ətrafında ümumi baxışlar mövcuddur. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudla Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin siyasi baxışları çox yaxındır. İki ölkə rəhbərliyi arasında olan ortaq görüşlər dövlətlərimiz arasında da iqtisadi, ticari və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün münbit şərait və zəmin yaradır.

 

- Cənab nazir, bir qrup azərbaycanlı iş adamı ilə görüş keçirdiniz. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Krallığı xarici investorlar üçün belə demək mümkünsə, nə vəd edir, hansı güzəştlər mövcuddur?

 

- Azərbaycanın bir qrup iş adamı ilə görüşdük, fikir mübadiləsi, müzakirələr apardıq. Onlar iqtisadiyyatın müxtəlif sahələrini - tikinti, metallurgiya, neft-qaz, xidmətlər, otelçilik sektorlarını təmsil edirdilər. Biz ölkəmizdə məhz bu sahələrin inkişafına çalışırıq. Səudiyyə Ərəbistanı bütün dost ölkələrdən, o cümlədən Azərbaycandan investisiyalara açıqdır. Krallıq hökuməti investorlar üçün münbit şərait yaradıb. Azərbaycan və digər Xəzəryanı ölkələr öz təcrübəsini Səudiyyə Ərəbistanı ilə bölüşə, eləcə də Səudiyyə Ərəbistanından platforma kimi istifadə edərək, region və Afrika bazarlarına çıxa bilərlər. Ümid edirəm ki, bu görüşün müsbət, uğurlu nəticələrini yaxın gələcəkdə görəcəyik.

 

- Prezident İlham Əliyevlə görüşünüzdə hansı məsələlər müzakirə edildi? Təbii ki, hər iki ölkə arasında bütün sahələrdə xoşməramlı əlaqələr mövcuddur və münasibətlərimiz ildən ilə daha da möhkəmlənir.

 

- Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında əlaqələr uzun əsrlik tarixi köklərə malikdir. Xalqlarımızı bir-birinə ortaq dini-mədəni irs, ortaq mənəvi dəyərlər bağlayır. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudla Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin siyasi baxışları çox yaxındır. Mən bizə qardaş və dost dövlət olan Azərbaycana səfərimdən çox məmnun qaldım.

Ötən iki həftə ərzində Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri Azərbaycana səfərlər edib. Bu səfərlərin məqsədi Krallıqla Azərbaycan arasında əlaqələri gücləndirməkdir. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının nümayəndəsi şahzadə Turki Al Faysal Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə görüşərək Kralın xüsusi məktubunu ona çatdırıb. Eləcə də Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın növbəti iclası keçirilib.

Mənim də Azərbaycanın energetika və sənaye sahələrini təmsil edən hökumət rəsmiləri ilə bir neçə görüşüm oldu. Biz neft bazarlarının tənzimlənməsi məsələlərini müzakirə etdik.

Məni Prezident İlham Əliyev də qəbul etdi. Cənab Prezidentə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudun salamlarını çatdırdım. Bildirdim ki, Kral Azərbaycan rəhbərliyinə, hökumətinə və xalqına ehtiramla yanaşır və ölkənizin regionda, eləcə də İslam dünyasında oynadığı konstruktiv rolu yüksək dəyərləndirir. Həmçinin neft bazarlarının sabitləşməsində Azərbaycanın bizimlə - Səudiyyə Ərəbistanı ilə birlikdə OPEK+ formatında oynadığı konstruktiv rolu təqdir edir.

Prezidentlə görüşdə Krallığın təkcə neft sahəsində deyil, qarşılıqlı investisiyaların və ixracın təşviqi sahələrində də Azərbaycanla daha geniş iqtisadi əməkdaşlığa hazır olduğunu bildirdim. Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı rəhbərliyinin mövqeləri bu məsələdə də üst-üstə düşür. Söhbət zamanı Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində də əməkdaşlığın vacibliyini vurğuladı. Bunun nəticəsi olaraq, martın 17-də Səudiyyə Ərəbistanı şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalandı.

Söhbət zamanı ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, eləcə də turizm sahəsində əməkdaşlıq məsələlərinə toxunduq.

Azərbaycan səudiyyəli turistlərin üzünə açıqdır. Mən Azərbaycan xalqının qonaqpərvərliyinin və səudiyyəli qonaqlara xoş münasibətinin şəxsən şahidiyəm. Bunu əvvəlki səfərlərimdə də, Bakıya budəfəki gəlişim zamanı da bir daha gördüm.

 

Aganisə Sultanova
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin