BAQQALI DAŞDAN, SİÇANI BAQQALDAN KƏSƏN MƏMLƏKƏT

19:28 06-10-2017 | icon 805 | Köşə
BAQQALI DAŞDAN, SİÇANI BAQQALDAN KƏSƏN MƏMLƏKƏT

İGİD TEYMURLU

…VƏ AQİL ABBASIN ƏZADARLIĞI

Ürəyi imam Hüseyn (r.a.) eşqiylə döyünən sevgili məmləkətimizdə sosial şəbəkələri zəbt edən xurafata və mövhumata söykənən şit mövzular axır ki, məni (“mən”lə danışmaq köşə yazısı üçün qəbahət olsa da, günahı qəbahətləri yaşam tərzinə çevirən mətbu cübbəlilərin boynuna – müəllif) də Aqil Abbasfasonu öz təbimdən çıxardı. Bəri başdan deyim ki, mən nə Yezidin, nə də imam Hüseynin (r.a.) “bəxtəvər qohumları”ndan deyiləm. Ancaq islam yolunda can fəda verən bütün səhabələrə böyük sayğım var. Öz dövlətçiliyimə, öz millətçiliyimə olan sayğımısa heç nəyə dəyişmərəm. Nə yazıq ki, “bəxtəvər qohum” axtarışına çıxanların ucbatından mənsəbpərəstlər, işbazlar, diletantlar, konyuktura cəngavərləri, məddahlar, dilənçi ordenlilər məkanına çevrilən sevgili məmləkətimizdə  imam Hüseyn (r.a.) yad edilsə də, əstəğfürullah, deyəsən, Allahın Özünü yaddan çıxarıblar.

Acından gözlərini belə döyməyə taqəti qalmayan körpələr, İlahi Varlıq sayılarkən təpiklənən Analar, bu varlığa sahib çıxan, bu varlığın güvəndiyi qolu qandallı Atalar, həyatın acılarıyla baş-başa qalan bacılar, başımızın üstündə qıy vuran Nigaran Ruhlar, bizi mücadiləyə səsləyən Kəsik Qollar, Kəsik Qıçlar, bizdən şikayət amacıyla arabaları ilə Allaha doğru yol alan Əlillər, günahları Vətən üçün döyüşmək olan veteranlar, ürəyi də əllərinin içi kimi qabar-qabar olan fəhlələr, qul bazarlarının sakinləri, uğrunda can qoyduğum, öpdüyüm bayrağı itinin boynuna dolayan harınlamış məmur övladı, qolundakı saatın qiyməti 50-60 kreditorun ömrünü puça döndərən pulun qədərində olan bankir oğlu, addımbaşı bir-birinə yalan satan, bir-birinə qahmar çıxan Vətən övladı, Şeytan qüllələrindən seyr edilən “qırmızı fanarlı” Bakı küçələri və daha nələr, nələr …..məni sosial şəbəkəmizin AQİLLƏRİnə yönəli şaman duası olmasa da, sıradan bir yazı yazmağa sövq etdi…

Şəhadət barmağının əsirinə çevrilmiş yalmananların təzyiqindən, təqibindən cana doyan toplumun başına palçığı kasıbın ah-naləli təriylə qarışdırılan villalar ağırlığında daş salınıb. Vəzifəlilərin iti yağla, balla, soyutma ətlə dolandığı bir məkanda daim adından istifadə olunan xalq yeməyə suxarını da nisyə alır. Suxarı yeyib özünü bəy kimi aparanlarımız yaman çoxalıb. Özümüzü Bəylə dost kimi göstəririk. Ol səbəbdən də tövləmiz dolu, samanlığımızsa boşdur.

Baqqal daşdan, siçan baqqaldan kəsir bu məmləkətdə. Mənəviyyatımız lax yumurta iyi verir. Rus, fars, osmanlı, ərəb, ingilis sözlərinin toplamıyla ərsəyə gələn dilimizi anlamaq üçün tərcüməçiyə ehtiyac duyulur. “Tarqovı”da dilimizə tüpürən harınlamışlar, qazı, suyu, işığı, işi olmayan ucqarlardasa ana dilinin keşiyində dayananlar məskən salıb. Əndrabadi adlar altında fəaliyyət göstərən obyektlərin kimə və nəyə xidmət eləmələri çoxuna bəlli deyil. Qanunverici kürsülərdən, meydanlardan qışqırılan “xalq, millət” kəlməsiylə hər kəs karlaşdırılıb. Mənəvi korluq yaşam tərzimizə çevrilib. Fahişələrin əxlaqdan, soyğunçuların haqdan dəm vurmalarına münbit şərait yaradanlar yaman çoxalıb bu məmləkətdə.

Sağlam mənəvi prinsiplərimiz Qərbin çılpaqlığı fonunda yambız oynadan jurnalistlərin təqdimatında kor ehtirasların əsirinə çevrilib. Məmləkətimizə diş qıcayan yırtıcı heyvanların qəzəbi heç soyumaq bilmir. Bizsə ərəb və fars düşüncəsi, ərəb və fars istəyilə baş yarmaqda, sinə döyməkdə israrlıyıq.

Qarabağ mövzusu KARTIYLA iylənmiş AT Əti Azərbaycanı çıxılmazlıq pentaqrammasına salıb. Çoxları bu mövzunun özünü də bir qazanc mənbəyinə çevirib. Qaçqınımızın çoxu qaçdığı, köçkünümüzün çoxu köçdüyü yeri unutmaqda, Bakının göbəyində formal yurd yeri salmaqla taleyin hökmünə baş əyməkdədir. Bu təbəqənin çoxdann ləğv edilməli olan imtiyazlarından sui-istifadə etməklə nəvə-nəticələrinə hansısa “qalenvagen” alanlar da “erməni xalqı bizim düşmənimiz deyil” deməkdə!!!!! “Ümiddən asılan qılınclar”ımız yoxa çıxıb, meydan samozvanets aqillərindir. samozvanets aqillərin, “mediya generalları”nın ucbatından ruhu öldürülən millət döyüş meydanında əliyalın qalıb.

Vicdan tələbi heçə endirilib. İnsaf göyə çəkilib, mürvət yox olub. Analar övlad başı aldadıb qazanda yalxı su qaynatmaqla göz yaşı tökə-tökə məsum körpələrini yuxuya verəndə atalar xəcalətdən daldalanmağa belə, yer tapa bilmirlər. Kasıb övladının burnuna dəyəcək ləziz xörək iylərinə görə doğma bayramların gəlməsini belə istəmir. O yandasa “gəz, dolan kafe, restoran, papanın gül balası” deyənlərin, adam öldürüb qan batıranların hırıltısı məmləkət əhlini bəşər övladı olaraq doğulduqlarına görə peşiman edir. Ərşə bülənd olan kasıb fəryadı, xəstə naləsi Allaha doğru yüksəlməkdə ikən bütün bunlar aqillərimiz üçün nədənsə görünməz olub.

Azadlıq ağacının yarpaqları quruyub. Məmləkətdə həyat tərzimizi, yaşayışımızı fars arşını, ingilis yardıyla ölçənlərimiz, ərəb dinarıyla tüccarlıq edənlərimiz yaman çoxalıb. Ölçənlər Mefistofellər, ölçülənlərsə ilan tək dəridən qabıqdan çıxanlardır.

Kefləri saz halda xalqı seyr edən cənab baronlar fironcasına Allahlaşıblar. “Ərdolar” bütün cəbhə boyu əl-qol açıb milləti dalana dirəməkdə, “xalqın xidmətçiləri” “mikrokosm cənab” axtarışının ümidiylə milləti düçar etdikləri dərdləriylə baş-başa qoymaqdadılar…

Milli qəmimizi sevincə çevirmək üçün dərd yiyələriylə bölüşürəm bu yazını. Axı ən ağır kədərin ortağı varsa, o kədər özü də bir sevinc olar. Yetər daha özünü öyən aqillərin “böyüklüyü”ndən epopeya yaratmağınız. Sizin gördükləriniz gerçəyin özü deyil, gerçək kimi sizlərə təqdim olunanlardır. Və bu yazılanlar gerçəkdən məmləkətimizin halıdır. Cənab prezidentimizin diliylə desək, “xalqın xidmətçiləri” olan səlahiyyət sahiblərinin, xalqın elçisi statusunda olanların, dördüncü hakimiyyətə iddialı olan mediyanın, sənin, mənim, onun, hamımızın günahı ucbatındandır. Biz bu problemləri çözmək üçün yollar axtarmalıyıq, daha Aqil Abbas kimi Yezidlə imam Hüseynin (r.a) “bəxtəvər qohumları”nın ürəyinə su səpməklə məşğul olmamalıyıq. Biz o olaydan ibrət götürməliyik.

Min dörd yüz il bundan öncəki müsibətin fəryadını eşidən aqillərimiz nədən ac-acına uzanan məsum körpə qarnının curultusunu, işsizlərin, problemli kreditlərin girdabında inləyənlərin ah-naləsini, başımızın üstündə qıy vuran Nigaran Ruhların torpaqlarımız uğrunda Çağırışlarını sezməz olub!? “Dağılan tifaq”ların, tapdalanan heysiyyatların fonunda Tanrı millətimizi “Sonrakı peşimançılıq fayda verməz” gerçəkliyilə üz-üzə qoymasın ki, “Adı var, özü yox!” dəhşətini yaşamayaq. Gerçəkdən xurafatçılıq, mövhumat bizi məhvə sürükləyir. Rüstəm Behrudinin sözü olmasın, “ürəyimdə səksəkə, Ruhumda bir zəlzələ: İlahi, bu milləti yox olmaqdan hifz elə!”…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”