Fırlanan dünya və dünyanı fırladanlar

22:01 27-03-2019 | icon 990 | Köşə
Fırlanan dünya və dünyanı fırladanlar

Colan təpələrindən Azərbaycana baxış

 

 

 

İGİD TEYMURLU

 

 

Papağınızı bir az da dik qoyun, günümüzün Xudayar bəyləri! Axı dünya fırlanır və Azərbaycan adlı dünyanı fırladanlar da elə sizlərsiniz.. Bu gün dünyada baş verənlərin və xəlvətdə yatmağınızın fərqindəsinizmi!? Şər deməsən xeyir gəlməz. Günün birində çoxunun sığınmaq istədiyi “böyük Amerika”nın Trampı yuxudan qalxıb üzünü azərbaycanlılara tutaraq “barışın neçə illik reallıqla, Qarabağ sizin deyil” desə, nə edəcəyik?. Fırladılan dünyada biz güc olandan sonra bizimlə razılaşacaqlar, əks halda...

 

İqtidarı müxalifətindən, müxalifəti iqtidarından düşmən obrazı yaradıb gerçək düşmənə aman və zaman verən Azərbaycan adlı dünyanın dərdinə bax, Allahım. Afət belə oxudu, Brilliant belə söylədi.. Qəşəm Nəcəfzadə belə dedi, Kəramət Böyükçöl belə söylədi... Problemli kreditlərin qaytarılacağı bir nağıldı, bunun qaytarılması üçün yetərli maliyyə ortalıqda yoxdur... Pensiyalar 10 faiz artdı, yəni, bir manat 50 qəpik... Veteranlara prezident təqaüdü veriləcək, güzəşt və imtiyazlar daha da artırılmalıdır, filan əlilə ev verilmədir, filan Şəhidin haqqı tapdalandı, ay balam, bu veteranlar, bu qazilər, bu əlillər orden və medal, maşın və ev üçün vuruşurdu ki... Qarabağı qarabağlılar azad etməlidir, mən niyə getməliyəm... Dispora rəhbəri Ağadadaşın arvadı ermənidir, Ağadadaşın qızı erməniyə ərə getdi....Qoymayın, Fuad Abbasovu deportasiya edirlər, imza toplayaq, oy verək... Polad Bülbüloğlunun muzikantlıq diplomatiyası nəyə köklənib.... Paşinyan əlinə süpürgə alıb küçə süpürür... Şuşanın icra başçısı Paşinyana zəmanənin ən böyük qarğışını etdi: “Paşinyan Şuşaya gedəndə qıçları sınaydı”... İqtisadçı Vüqar Bayramov problemli kreditlərlə bağlı quş buraxdı... Milli Məclisdə beli qatdanan Hadı Rəcəbli uşaq puluna qarşı çıxdı... Rüstəm İbrahimbəyov öz “bakinets” millətiylə yeyib içdi... Qarğanın qonaqlığı harada ola bilər... Xoşqədəmxanada, Zaurxanada bütün günü ağlaşma, sıtxama, əndamı açıqların kizomba rəqsləri... Brakonyer niyyətlərin intellektual formada ortaya qoyulması... Rəhmətlik Aydın Xırdalanlının meyxanaları, ona yönəli hikkəli, hirsli, gülünc, sevgi dolu yanaşmalar... “Yeddinci Putin”in yolsuzluqları, Xorvatiya prezidentinin 90-60-90 ölçüsü, Makronun iç üzü, Merkelin çölü, uyğurları soyqırıma məruz qoyan Cindəki rejimin qaniçənliyi, İran mollalarının 40 milyonluq türkün başına açdığı oyunlar, Antarktidada pinqvinlərin sevişmə səhnələri, Hüseynqulu Bağırovun o yerlərdəki izləri... qərəz daha nələr.... nələr...

Budur günümüzü zəbt edən nəsnələr...

Beləcə dünya fırlanır...

 

Fırlanan dünyada dünyanı fırladanlar bütün beynəlxalq hüquqa tüpürərək istədikləri addımı atır, zəifləri əməlli-başlı ərəblər kimi “çumo” yerinə qoyurlar. Və dünya demokratiyası da quzu balası kimi boynunu burmaqda..

40 milyonluq türkün haqqını İran mollaları eninə, uzununa tapdalayır, bundan danışan yox, ancaq söhbət elə Bu şəhrdən və İranın nüvə başlıqlarından, atom silahı əldə edə bilməyini əngəlləməkdən danışırlar....

 

Uyğurlar dünyanın gözü qarşısında rəsmi Pekin tərəfindən göz görə-görə ən qəddar metodlarla soyqırıma məruz qalır, demokratik dünya yenə də susmaqda!!!!

 

Yaxın Şərqdə şumer mədəniyyətinin altını üstünə çevirdi böyük güclər, demokratik dünya yenə susdu!!!

Azərbaycan 30 ildir ki, işğal zülmünün girdabındadır, demokratik dünya yenə susur!! Gözlər kor, qulaqlar kar olub!!

 

Bir Amerika ilə bir Rusiya dünyanı ....lap deyək barmağına dolayıb və qəribədir ki, hər kəs də bunlardan mədəd umur. Bizim problemimizin həlli də elə bu dünyanı fırladanların – Trampın, Putinin, Makronun əlində...

 

Və budur Tramp diliylə danışan və addım atan Amerikanın “ədaləti” – Qüds İsrailin paytaxtı kimi tanınsın!!! (bu fikirlə işim yox, məsələyə Trampın, yəni Amerikanın birtərəfli qaydada qərar verməsi dəhşət saçır)...

 

Və budur Tramp diliylə danışan və addım atan Amerikanın “ədaləti” – Colan təpələri İsrailə məxsusdur!!! (bu fikirlə də işim yox, məsələyə Trampın, yəni Amerikanın birtərəfli qaydada qərar verməsi dəhşət saçır)...

 

Həə.... İndi day heç zad... Mövzuya yekun vurmağın vaxtıdır ki, başınız ağrımasın.. Ya da ki, plan və öhdəliklərinizi artıqlamasıyla yerinə yetirmək üçün gedin məhsulunuzu yığmaqla məşğul olun. Colan təpələrindən, qazi və veteran nağıllarından, “vasmoy”da yanan ticarət mərkəzindən, insafsızcasına kəsilən ağaclardan, müəllimlərin ağacəkmə kampaniyasının kimin üçünsə yer “zanit etmə” özəlliklərindən, FHN-nin hansısa “fərasəti”ndən danışın. Hərəniz bir internet televiziyası açıb xoşunuz gəlməyənləri düşmən elan edin...

 

Və beləcə zamanı bada verək getsin... Və beləcə dünya fırlanır... Siz də papağınızı lap dik qoyun, günümüzün Xudayar bəyləri. Ancaq məndən deməsi.. Baş verənlərin və xəlvətdə yatmağınızın fərqindəsinizmi!? Günün birində elə həmin Tramp yuxudan qalxıb üzünü azərbaycanlılara tutaraq “barışın neçə illik reallıqla, Qarabağ sizin deyil” desə, Cavab Haqqımızı sovuna biləcəyikmi? Biz bu gün 350 milyonluq Türk Dünyasının o Müqəddəs Savaşda yanımızda olmaları üçün nə etmişik!? Fırladılan dünyada biz güc olandan sonra bizimlə razılaşacaqlar, əks halda... Bir az da bundan danışaq. Axı dünya fırlanır, hər şey ola bilər və biz bir millət olaraq hər şeyə hazır olmalıyıq....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol