Dövlət başçısından çevik reaksiya, müxalifət liderindən sağlam mövqe

16:09 28-03-2019 | icon 445 | Cəmiyyət
Dövlət başçısından çevik reaksiya, müxalifət liderindən sağlam mövqe

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik  Rza Xudiyevin verdiyi bəzi açıqlamalar ciddi tənqidə səbəb olub. 

 

Belə ki, R.Xudiyev nəzərə çatdırıb ki, özü də “Diqlas” Ticarət Mərkəzindən alış-veriş edib: 

“Mən hər dəfə ora daxil olanda demişəm ki, bura "barıt çəlləyi"dir. Demişəm ki, burada bir hadisə olsa, insanlar salamat çıxsa, böyük şeydir”. 

Versus.az cebhe.info-ya istinadən xəbər verir ki, bu açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri FHN-i təhlükəsizliklə bağlı problemləri görüb heç bir addım atmamaqda ittiham etdilər. Bundan öncəki yanğınlarla bağlı da nazirliyi günahlandıranlar az olmamışdı. Təbii ki, ticarət mərkəzinin rəhbərliyi təhlükəsizliyə cavabdehdir. Lakin bu məsələdə nazirliyin məsuliyyətinin də az olmadığı qeyd edilir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev qeyd edib ki, “Diqlas” TM-nin yanmasına görə həm FHN, həm Nizami rayonunun icra hakimiyyəti, həm də bütövlükdə hökumət məsuliyyət daşıyır:

“Və ən ədalətli yol odur ki, sahibkarlara dəyən ziyan 100% hökumət tərəfindən ödənilsin. Bunu hökumət necə edəcək, öz işidir, istər ticarət mərkəzinin sahibinə ödətsin, istərsə də özü ödəsin. Sahibkarlar günahkar deyil. FHN ola bilsin ki, TM-nin "barıt çəlləyi" olduğunu desin, amma belə görünür ki, onu bağlamağa gücü çatmayıb”.

R.Nurullayev bildirib ki, Azərbaycanda “hüquqi dövlət var” deməklə hüquqi dövlət olmur:

“Hüququ pozan, qanunları ayaqlar altına salıb vəhşicəsinə tapdalayan da məmur təbəqəsidir, yüksək çinli məmurlardır. Ölkənin ən böyük biznes təbəqəsini də onlar təşkil edir. Ən böyük sahibkarlar elə məmurlardır. Ən kiçik obyektin belə arxasında dayanan məmur var. 

Elə FHN-nin də yüksək çinli məmurlarının tükənməz-bitməz mülkləri və biznes qurumları var. Belə olan halda, onlar da digər biznes məmurlara başqa cür yanaşa bilməz. Bu ayrı-ayrı qurumların yox, ölkədəki siyasi sistemin günahıdır və bütövlükdə məsuliyyət iqtidarın üzərinə düşür”.

Göründüyü kimi baş verən hadisədə məmur yarıtmazlığı və məsuliyyətsizliyi məsələsi qabarıq hiss olunur. Ölkədə yanğın təhlükəsizliyinə cavabdeh olan bir nazirliyin yüksək rütbəli nümayəndəsi “Diqlas” TM-nin binasını “barıt çəlləyi”nə bənzədib. Soruşan yoxdur ki, bəs bu “barıt çəlləyi” adlanan binanın istifadəsinə kim icazə verib? Axı binaların yanğın təhlükəsizliyinə FHN cavabdehdir. FHN-nin icazəsi olmadan hər hansı tikilinin (yaşayış binasının, obyektin, iaşə müəssisəsinin, ticarət mərkəzinin) istifadəyə verilməsi mümkün deyil. Yaxud da bina təhlükəlidirsə və bunu FHN-nin yüksək rütbəli məmuru görübsə niyə rəhbərliyə məlumat verməyib? Nazirlik bununla bağlı tədbir görməyib. Axı FHN həmin ticarət mərkəzinin rəhbərliyi qarşısında yanğın təhlükəsizliyinə əməl edin, binanın  təhlükəsizlik sistemini qaydaya salın tələbini qoya bilərdi. 

AXCP sədri Razi Nurullayev bu məqamı tutub və açıqlamasında vurğulayıb. Hər zaman xalqın maraqlarından çıxış edən AXCP sədri bu dəfə də malları yanmış, maddi və mənəvi zərər görmüş insanları, sahibkarları dəstəklədi. Prosesləri müşahidə etdi və doğru olaraq bildirdi ki, dövlət öz vətəndaşına sahib çıxmalıdır. AXCP sədri hər xırda hadisədən böyük olay düzəldən və bundan  siyasi rəqiblərinə qarşı istifadə edən bəzi müxalifətçilər kimi davranmadı. Fürsətçil müxalifət olmadığını sübut etdi. 

AXCP sədrinin açıqlaması əslində hakimiyyət dairələrinə bir mesaj idi. Bəlkə də malları yanmış sahibkarlar bu dəfə də süründürməçiliyə məruz qalacaq, “balaca padşahlar” tərəfindən incidiləcəkdi. Lakin dövlət başçısı vaxtında və doğru qərar verdi. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb.  Bu barədə "Diqlas"dakı yanğından zərərçəkənlərlə görüşdə Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov açıqlama verib.  

 

 

PA rəsmisi vurğulayıb ki, zərərçəkənlərə kompensasiyanın verilməsi ölkə başçısının şəxsi təşəbbüsüdür: 

""Diqlas"da baş verən yanğınla əlaqədar Komissiya yaradılacaq. Bu məqsədlə zərərçəkənlərin də iştirakı ilə yanğın yerinə baxış keçiriləcək. Müəyyən ediləcək ki, kimə nə qədər zərər dəyib. Bu iş obyektiv şəkildə, halallıqla olmalıdır. Unutmayın ki, məsələ prezidentin diqqət mərkəzindədir və prezident verdiyi sözə hər zaman əməl edir". 

Göründüyü kimi müxalifət sağlam mövqe ortaya qoyarsa cəmiyyətdə müşahidə olunan istənilən sosial-iqtisadi problemləri xalqın maraqlarına uyğun şəkildə həll etmək mümkündür. Baş verən son hadisə AXCP-nin timsalında sağlam müxalifətin xalqın mənafeyinə uyğun konstruktiv mövqeyini, dövlət başçısının timsalında hakimiyyətin məsələyə çevik və operativ reaksiyasını göstərmiş oldu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol