Varlılarla kasıbların fərqi nədir?

01:04 29-03-2019 | icon 1203 | Köşə
Varlılarla kasıbların fərqi nədir?

Sadə olaq ki, mürəkkəb dünyada itməyək

 

 

ELÇİN ALIOĞLU

 

Bu dəfə varlılarla kasıblardan bəhs etmək istərdim. Aramızda hər iki təbəqəyə, tabana məxsus dostlar var.

Varlılarla kasıbların fərqi nədir?

Sual mənə maraqlı gəlib həmişə. New York Times-da sayğıdəyər Nellie Bowles-in "İnsani təmaslar indi zənginlikdir" (Human Contact Is Now a Luxury Good) məqaləsi isə bu yazını yazmağa vadar etdi.

 

Müəllif yazır ki, rəqəmsal xidmətlərdən yararlanmaq yoxsulluğun nişanəsidir.

Əvvəlcə o məqələdən ən diqqətçəkən məqamları iqtibas gətirək, sonra da durumun daha maraqlı olmasından bəhs edək.


Məqalədə buyurulur:

"Əgər həkim sizə bilavasitə görüşdə yox, telefonla və ya internetlə məsləhət verirsə, yoxsulsunuz"

"Əgər uşaqlarınız bilikləri müüəllimdən yox, onlayn əldə edirlərsə, yoxsulsunuz"

"Əgər məhsulu şəhərin mərkəzindəki gözəl dükandan yox, onlayn alırsınızsa, yoxsulsunuz"

"Varlılar şəxsi məşqçilərdən, aşpazlardan və s. yararldanırlar. Onlar Coursera-dan və ya smartfonla yemək sifarişindən istifadə etmirlər".

"Yoxsullar iPhone-u kreditlə alır, varlılar smartfonlardan imtina edirlər".

"Yoxsullar uşaqlarının kompüterdən istifadə etməyi öyrənmələrinə çalışır, varlılar isə təhsilin təmas üzərində qurulduğu özəl lisey və kolleclərə yollayırlar uşaqlarını".

"Əgər 30 il əvvəl evdə kompüter zənginlik atributu idisə, indi monitor qarşısında həyat həyatda uğursuzluq nişanəsidir".

"Qacetlərlə böyümə uşaqların koqnitiv inkişafına mane olur. Minlərlə yaramaz psixoloq da İT korporasiyalarını muzdlu şəkildə müdafiə edirlər".

 

Məqalənin qayəsi o ki, indi insani təmaslar zənginlikdir.

Yəni əgər xidmətlərdən "canlı" şəkildə yararlanır və ünsiyyətiniz boldursa, sən demə, siz yeni elitanın nümayəndəsiniz. O elitanın ki, "zadəgan istehlakı" rəqəmsal xidmətlərə barmaqarası baxmasındadır.

 

Əslində nə baş verir?

Yeni dünyanın nöqsanları var, amma o, köhnə dünyanı məğlub edib. "O vaxtlar" dediyimiz, nisgillə xatırladığımız dövrlərdə hər şey ierarxiyaya sərt riayət üzərində qurulmuşdu. Önəmli deyil necə ierarxiya.

Kilkə balığının ucuz olduğu dövrdə qırmızı və qara kürü həmişə baha olur, delikates sayılır. Qara və qırmızı kürünün bol olduğu yerdə badımcan kürüsü "Bəh-bəh, məcun!" hesab olunur.

İlk elektron saatlar satılanda onlar status göstəricisi idi. Elektron saatlar artıb ucuzlaşanda mexaniki saatlar dəb oldu.

Bir zamanlar alüminium çox bahalı metal idi. Sonralar alüminiumdan qaşıqlar və qazanlar düzəltdilər.

Əksər hallarda da dəbdəbə və zənginlik atributları marazm, görməmişlik nişanəsi olur.

Məsələn, Bakı küçələrində Lamborghini, mebel dükanlarındakı bənövşəyi məxmər oturacaqlı və ağ "ampir" taxtalı mebel, ya da Abşerondakı bir para villalardakı hovuzlarda qızıl suyuna salınmış kaşılar kimi.

Belə dəyərlər ierarxiyası varlılarda "Artıq ən yaxşılardan, ən keyfiyyətlilərdən bəhrələnə bilərəm" illüziyası yaradır.

Onlarda ən bahalı restoranda ən bahalı şampan şərabı sifariş verib ən bahalı plastik əməliyyatlarına pul verdiyim məşuqə ilə şam yeməyinin (əksər hallarda "dost-tanışın görməməsi üçün "kabinet"ə dürtülüb) dostlarla həyətdə çay masası arxasında əyləşməkdən min dəfələrlə artıq həzz verməsi ilə bağlı sarsaq əminliyə təkan verir.

 

Beləcə, dünya dəyişir. Süni mirvari təbii mirvaridən ilk baxışdan heç nə ilə fərqlənmir. Süni almazı hətta ekspertlər əsl almazdan çətinliklə ayırırlar. İnsanlar milyardlarla dollarlıq xidmət sektorlarından faktiki olaraq pulsuz istifadə edirlər.

Məsələn, heç bilirsinizmi ki, telefonunuzdakı naviqasiya sistemi hansı nəhəng həcmdə işi görür? Telefonunuzda nə qədər ən son texnologiya çalışır?

Və varlılar onları "adi vətəndaşlar"dan, yoxsul bildiklərindən fərqləndirəcək yeni dəyərlər ierarxiyası qurmağa çalışırlar. 


Sabah dünyada ən bahalı əti laboratoriyalarda yetişdirə bilərlər. Amma varlılar və ya varlı görünməyə çalışanlar özlərinə əl qataraq sübut edəcəklər ki, "əsl ətin yeri ayrıdı".

Ya da deyəcəklər ki, Braziliya çəmənliklərində genetik modifikasiya olunmamış otları otlamış dovşanlarla yemlənmiş timsahın əti "bəh-bəh"dir.

Halbuki çox az adam indi soyadan alınan ərzağı əsl ərzaqdan fərqləndirə bilir.

 

Bax, bu səbəbdən Həcc ziyarətinə gedənlər arasında bir paraları "həcü" statuslarını mütləq qabardır, gözə soxurlar. Əsl möminsə yol kənarındakı çobanyastığı çiçəyini görəndə də Yaradanın qüdrətinə şükr edib ləzzət alır.

Bütün bunları bilirik.

 

"Əsl səs yalnız vinil vallarda olur", "Əsl telefon iPhone-dur", "Əsl istirahət ancaq Parisdədir", "Əsl yemək suşidir"...

"Elita" qərinələr əvvəl liftdə liftyorların, binaların girişində konsyerjlərin vacibliyindən dəm vururdu.

Lütfən, deyin: liftdə liftyorun olmaması sizdə indi narahatlıq yaradırmı?

Sabah süni intellekt yüz dəfə yaxşı, sürətli olacaq. "Elita" isə "əşşi, əsl həkim hara, bu hara" deyəcək.

Rəqəmsallıqdan qorxmayın - o, sadəcə, daşıyıcıdı.

Mobil telefonun ekranında oxunan gözəl şeir və ya hekayə İtaliyadan özəl təyyarə ilə gətirilmiş şərabdan min dəfələrlə artıq həzz verir.

Əsl varlı çay masası arxasında dostlarla söhbətləşən, deyib-gülən, qəmlənən, Bakı küçələrindən birindəki kafedə qədim rəfiqi ilə adi yeməyi dadan insandır.

 

Sadə olaq. Olaq ki, mürəkkəb dünyada itməyək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı