20 gün qaldı
26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar normal qaydada davam edir, şəhərdə tikinti işlərinin əksəriyyəti yekunlaşmaq üzrədir.
Versus.Az xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, hazırda tribunalar, təhlükəsizlik baryerləri quraşdırılır və yarış həftəsi bütün tikinti işləri tamamlanacaq.
Bilet satışlarına gəlincə, N.Arpadarai vurğulayıb ki, ötən illə müqayisədə bilet satışı daha intensivdir və ümumilikdə 60-dan çox ölkədən bilet alınıb.
Departament rəhbərinin sözlərinə görə, bilet alan ölkələr arasında birinci üçlüyə Rusiya, Böyük Britaniya və Monako daxildir. O qeyd edib ki, elə tribunalar var ki, artıq orada biletlər tam satılmaq üzrədir, məsələn Filarmoniya tribunasına biletlər demək olar ki, satılıb qurtarıb:
“Bilet satışları adətən son günə qədər davam edir. Biletlərin neçə faizinin satıldığını demək bir qədər çətindir, çünki rəqəm daim dəyişir. Tribunalara bilet satışı qurtaranda biz elan edirik ki, artıq yer qalmayıb”.
Yarış çərçivəsində keçiriləcək konsert proqramı haqqında danışan N.Arpadarai bildirib ki, bu il əyləncə proqramı bir qədər fərqlidir:
“İki konsert olacaq, şənbə və bazar günləri. Bildiyiniz kimi, şənbə günü britaniyalı məşhur müğənni Sem Smit çıxış edəcək. Bazar günü çıxış edəcək ulduzun adını isə biz bir qədər sonra elan edəcəyik. Bu mövsüm konsertlərdən əlavə, tanınmış DJ-lərin iştirakı ilə “afterpartilər” də təşkil olunacaq”.
"Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula 1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.
İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.
Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"