Özününkünü və özgəsini söyənlər…

14:25 27-08-2017 | icon 878 | Köşə
Özününkünü və özgəsini söyənlər…

Əmrah Fəqanoğlu

Yayın nəfəskəsən istiləri hələki davam edir. Son illər avqustun axırlarında yay öz yağış-küləyi ilə payızı xatırlatsa da, builki qırmızı Meymun ilində deyəsən əsl “yaylığını” sübut etmək üçün dəridən-qabıqdan çıxır. “Qayınana” filmindəki “Əlibala, ver gəlsin!” komandasına uyğun olaraq günəşdən istinin nəyi var yollamasını tələb edir. Yayın ilk günlərində havaların sərin keçməsindən şikayətlənənlər indi istinin əlində əsir-yesir qalıblar. Kimi dindirirsən ilk kəlməsi havadandı: “yaman isti var ha, lap bezdirdi bizi…”

Yayda isti olması adi, normal haldı, şikayət edib-etməməyimizdən asılı olmayaraq. Amma istinin başımıza vurub bizdə bir-birimizə qarşı aqressivlik yaratması həddindən artıq anormallıqdı və bir ucu da cinayətə aparan haldı. Keçən həftə səhər işə gələndə də yaman isti vardı.  Baxıram ki, piyada keçidinin bir addımlığında iki kişi əlbəyaxa olub, bir xanım da onları ayırmağa çalışır. Sonda da biri o birisinə güclü yumruq ilişdirdi, zərərçəkənin ağzından qan açıldı. Yaxşı ki, hərbi formada olan üçüncü kişi haraya yetişib onları güc-bəla ilə ayırdı. Ağzı qanayanın onu vuranın ünvanına ağır söyüş söyəndən sonra  öz avtomobilinin sükanı arxasında oturub uzaqlaşmasından anladım ki, dava piyada keçidi ilə bağlı olub. Ana ilə oğul zolaqlı, amma svetaforla nizamlanmayan piyada keçidindən adlayarkən sürücü maşınla az qala onları vuracaqmış. Amma üzrxahlıq etmək əvəzinə, hər ikisini söyüşə qonaq edib, adekvat cavab “atəşi” ilə qarşılaşanda isə maşından düşüb və ona cavab qaytarana əməllicə dərs vermək qərarına gəlib. Amma iş elə gətirib ki, sonda onun özünə bəlkə də həyatı boyu unutmayacağı bir dərs verilib.

İsti adamın başına nə qədər vursa da, gərək çalışıb aqressivləşməsin, onun-bunun ünvanına xoşagəlməz ifadələr işlətməsin, söyüş söyməsin. Bu səhər də işə gələndə qarşılaşdığım hadisə qanımı qaraltdı. Nobel prospektində- AFFA-nın inzibati binasının ətrafında yolu keçmək istəyən gənc xanımdan xeyli aralıda olmasına baxmayaraq, avtomobilinin sürətini azaltmaq əvəzinə daha da artırıb düz onun üzərinə sürən cavan oğlan əlini siqnaldan çəkmədən başını pəncərədən çıxarıb “ay qancıq, hara keçirsən, bir yola bax də…” – deyə bağırdı. Xanım isə donub qalmışdı və tərbiyəsiz sürücüyə heç nə demədi. Düşünürəm ki, həmin anda o xanımın yaxınlarından biri orda olsaydı, sürücünü təqib edib saxladar və ömür boyu unutmayacağı bir dərs verərdi… Dayanacaqda avtobus gözləyən orta yaşlı xanımsa pərt olan gənc qıza təskinlik verdi: “fikir vermə bala, yəqin o öz arvadına, qızına, bacısına da sənə bağırdığı sözü deyir, tərbiyəsi budur…”

Ümumiyyətlə, insanların tanyıb-tanımadıqları insanlara qarşı təhqiramiz ifadələr işlətməsi sonda cinayətə aparıb çıxarır. Dostlardan biri danışır ki, bir dəfə bir taksi sürücüsü son model avtomobil sürən bir xanımı yanındakılara göstərərək, nümayişkaranə şəkildə  “bu qız pozğunluq etməsə (təbii ki, mən sivil formada deyirəm), heç vaxt belə maşında gəzə bilməz”-deyə, əl-qolunu ölçürmüş. Bu olay qıza çox pis təsir edib, həmin taksinin nömrəsini götürüb öz qardaşına verib. Qardaşı da müştəri adı ilə taksini Bakının uzaq bir ərazisinə sürdürüb və orada bacısı haqda dediyi əyər-əskik ifadələri ən biabırçı formada qeybətcil sürücüyə yedirib. Bunu lentə alıb, videoyazının bir surətini də ona hədiyyə edib ki, tanıyıb bələd olmadığı insanlar barədə nalayiq sözlər danışanda, qeybət edəndə dilinin bəlasından öz başına gələnləri də yadından çıxarmasın. Deyilənə görə, o sürücü bununla da vərdişini tərgidib. Necə deyərlər, ilan vuran ala çatıdan qorxar…

Sözümün canı budur ki, yayın istisi, lap elə qışın soyuğu başımıza vursa da, sevgi göstərməyimiz bir yana qalsın, ətrafımızdakılara qarşı heç zaman aqressiv olmayaq. Ən azından ətrafdakılar da birbaşa və dolayısı yolla bizim özümüzünkülərdir-öz doğmalarımızdır.  Kişiliyindən-qadınlığından asılı olmayaraq, əsl adam nə özgəni, nə də öz doğmasını təhqir edib söyüş söyər. Hər bir insanın leksikonu, danışıq tərzi onun iç dünyasının, mənəviyyatının güzgüsüdür. Bir də unutmayaq ki, hər şey qarşılıqlıdır-sevgi də, hörmət də, aqressiya da…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol