Yaşasaydı 51 yaşı olacaqdı...
Fazil Umud oğlu Mehdiyev 1966-cı il avqustun 20-də Laçın rayonunun Ələçi kəndində doğulub. O, uşaq olarkən, ailəsi Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçüb.
Fazil 1983-cü ildə orta təhsilini başa vurub, 1984-86-cı illərdə hərbi xidmətdə olub. Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıdıbr. Bir müddət burada qaldıqdan sonra işləmək üçün Rusiyaya gedir. Orada çox qalmır. Vətən onu çəkir. Qayıdandan sonra sürücülük peşəsinə yiyələnir.
O, Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü işləyirdi. Bu vaxtlar erməni yaraqlıları Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar.
Fazil bu hadisələr başlayan gündən əlinə silah götürdü. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazıldı. Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən eşidilməyə başladı.
1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak etdi. Qaradağlı kəndində ayağından ağır yaralandı. Lakin bunu ailəsinə bildirmədi. Yarası hələ tam sağalmamış, döyüş yoldaşlarının yanına qayıtdı.
F.Mehdiyev 1991-ci ilin avqustunda ermənilərin “Niva” markalı bir maşınını ələ keçirərək Ağdam Rayon Polis Şöbəsinə təhvil verib. 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə…
…Ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Köməyə ehtiyac vardı. O, bu xəbəri eşidən kimi dostu Salehlə maşına minib köməyə tələsdi. Ermənilər Ağdamdan gələn yolda pusqu qurmuşdular. Fazil yoldan keçərkən Ağbulaq kəndi yaxınlığında qəfil hücuma məruz qaldı. O, bu döyüşdə faciəli surətdə həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib.
Bakının Nəsimi rayonunda büstü qoyulub. Səbail rayonunda isə onun adına küçə var.
Yelmar
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"