TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

13:00 05-06-2023 | icon 841 | Sağlamlıq
TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

Nərminə Abbasova: “Əgər böyrəyinizdə durğunluq varsa, terapevtə müraciət edin”

 

Böyrəklər orqanizmin səssiz, sakit mühafizəçiləridir. Yuxusuz və istirahətsiz işləyir, artıq mayeni orqanizmdən çıxarır. Bu orqanın digər həyati vacib rolu var: duz və kaliumu tənzimləyir, D vitamini sintez edir, təzyiqi nəzarətdə saxlayır. Və bir gün mütləq bu cüt orqan yüklənir, zəifləyir və ağrımağa başlayır.

 

Mövzu ilə bağlı Versus.Az-ın oxucularını məlumatlandıran MayoMed Klinikasının baş həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, böyrəklərin əsas fuksiyası orqanizmdən su və suda həll olan məhsulları xaric etməsidir. Ailə həkimi gün ərzində bu orqanlardan 1500 litrə qədər qan keçdiyini və tərkibindəki zərərli maddələrin sidik yolları vasitəsilə orqanizmdən xaric olunduğunu vurğuladı:

 

“Böyrəkləri təmizləmək üçün birinci növbədə böyrəklərdə daş və duz əmələ gətirən səbəblər ortadan qaldırılmalıdır. Sonra isə daşları parçalayan vasitələrdən istifadə etmək lazımdır. Qeyd edim ki, bu problemi yaradan başlıca səbəb düzgün qidalanmamaqdır. Qida rasionundan ət və ət məhsullarını, zülal ilə zəngin maddələri azaltmaq lazımdır. Bundan başqa çörək və çörək məhsullarını da azaltmaq vacibdir. Əks halda çoxlu miqdarda şlaklar əmələ gəlir, böyrəklərin qanı təmizləməsinə mənfi təsir edir. Qidaları çiy halda qəbul etməyə üstünlük vermək lazımdır. Qida rasionunda bitki mənşəli qidaları artırmaq, heyvani qidaları minimuma endirmək lazımdır. Bu cür dietalarla böyrək problemlərini azaltmaq mümkündür, əks halda böyrəklərin təmizlənməsi ilə ciddi məşğul olmaq lazımdır”.


Diqqəti duzların hansı səbəblərə görə yığılmasına yönəldən Nərminə xanım bildirdi ki, səbəblərdən biri irsiyyətlə bağlıdır. Onun sözlərinə görə, bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvü böyrək daşı xəstəliyindən əziyyət çəkir:

 

“Bu, irsi faktordur - nəsildən-nəslə ötürülən müəyyən mübadilə proseslərinin xüsusiyyətlərinə görə duzlar bu insanların böyrəklərində daha tez yığılır. Eyni zamanda, orqanizmdə kalsiumin həddən artıq olması və həmin qanda sidik turşusunun çoxlu miqdarda yığılması da böyrəklərdə duzların yığılmasına səbəb ola bilər. Bundan başqa susuzlaşma, xüsusilə xroniki susuzlaşma zamanı sidik daha qatı olur ki, böyrəklər duzları orqanizmdən tam effektli şəkildə xaric edə bilmir və duzlar burada yığılmağa başlayır. Susuzlaşmanın səbəbi həm mayenin az miqdarda qəbulu, həm də sidikqovucu preparatların qəbulu ola bilər. Böyrəklərdə gedən iltihabı proseslər də duzların yığılmasına səbəb ola bilər. Xəstə böyrəklər öz işinin öhdəsindən tam şəkildə gələ bilmir və nəticədə burada duzlar yığılmağa başlayır”.

 

Həkim deyir ki, düzgün olmayan qidalanma, yəni duzlu, qızardılmış, hisə verilmiş qidaların, ət məhsullarının həddən artıq qəbulu da ziyanlıdır. Terapevtin sözlərinə görə, əksər hallarda böyrəklərdə az miqdarda duzların olması özünü heç bir simptomla büruzə vermir və təsadüfən analiz zamanı təyin olunur:

 

“Böyrəklərin təbii yolla təmizlənməsinin ən sadə üsullarından biri qarpız mövsümündə maksimal dərəcədə qarpız istifadə etməkdir. Çalışmaq lazımdır ki, bir müddət qarpızdan başqa heç bir qida qəbul edilməsin. Mümkün qədər natural, becərilməsində heç bir kimyəvi gübrədən istifadə edilməmiş qarpız istifadə etmək lazımdır. Əlbəttə, tək qarpızla aclığı yox etmək də mümkün deyil, ona görə qarpızla ağ çörək də istifadə etmək olar, bu zaman həm də ləzzətli olur. Adətən Azərbaycanda qarpızı qoyun pendiri və ağ çörəklə yemək dəbdir, lakin unutmaq lazım deyil ki, çox saxlanmış duzlu pendirin özü böyrəklərdə daş əmələ gəlməsi üçün səbəbdir.

Mən pasientlərimizə gün ərzində çoxlu maye qəbul etməyi tövsiyyə edərdim. Böyrəklərin funksional işi normal getsin deyə orta yaşlı bir insan gün ərzində 2-4 litr maye qəbul etməlidir. Bu mayeyə yeməklərin tərkibində olan maye də daxildir. Adi çaydan əlavə, meyvələrdən hazırlanmış çaylardan da istifadə etmək məsləhətdir. Adi çaya bəzi dərman bitkilərini əlavə etməklə böyrəklərdə və sidik kisəsində durğunluq nəticəsində yığılmış duz kristallarını təmizləmək olar. Məsələn, adi çaya azacıq ayıqulağı yarpağı, itburnu meyvəsi, keçisaqqalı otu, pol-pala otu, dazıotu və sair qatmaqla çay hazırlamaq olar. Müntəzəm qəbul olunan müalicəvi çayların nəticəsi olaraq sidik yolları ideal vəziyyətə düşəcək. Eyni zamanda bu kimi çaylar orqanizmi bütövlükdə lazımsız şlaklardan təmizləyəcək”.

 

 

Həkim əlavə etdi ki, qida rasionu meyvə və tərəvəzlərlə zəngin olmalıdır, duza və sirkəyə qoyulmuş tərəvəzlərdən isə çox az miqdarda istifadə etməli və yaxud onlardan tamamilə imtina olunmalıdır. Hisə verilmiş ət, və balıqdan da imtina etmək məsləhət görülür. Nərminə xanım bildirdi ki, tərəvəz yeməklərini gündəlik rasionda artırmaq lazımdır:

 

“Əgər böyrəklərinizdə durğunluq varsa, o zaman cəfəri köklərini qaynadıb çayını içə bilərsiniz. Həmçinin böyrəklərdə daş əmələ gəlməsin deyə, müalicəvi çay qəbul edə bilərsiniz. Mütləq müalicə dövründə yüngül idmanla məşğul olmaq məsləhət görülür. Böyrəklərində problemi olan insan orqanizmə toksiki təsir göstərən mühitdən uzaq olmalıdır. Nəzərə alınmalıdır ki, toksiki maddələr çox zaman orqanizmə toz və tüstü şəklində daxil olur və orqanizmi zəhərləyir. Orqanizmdəki zəhərli maddələrin çox hissəsi isə məhz böyrəklər vasitəsi ilə xaric olunduğun üçün böyrəkləri zədələyir, funksional işini pozur və tədricən böyrək çatışmazlığı inkişaf edir”.

 

Bəs böyrəklərin xəstələndiyini göstərən əlamətlər hansılardır?

 

Nərminə xanım bildirdi ki, bunlardan biri sidik ifrazında pozulmalardır. Belə ki sağlam adam gün ərzində 3-4 dəfə, gecə isə 1 dəfə sidiyə gedir. Sidik miqdarı isə 700-2000 ml arasında olmalıdır. Böyrəklərin dizuriya adlı pozuntusunda – sidik ifrazı miqdarı və vaxtı pozulur: ya azalır, ya da çoxalır:

 

“Sutka ərzində 2,5 litrdən artıq sidik ifrazı SOS siqnalı verir. Bu zaman sidiyin rəngi çox ağarır, sanki çoxlu su qatılmış kimi. Sistit adlı xəstəlik isə tez-tez, qısa-qısa və ağrılı sidiyə getməkdir. Hiperplaziya xəstələri, əsasən kişilər gecəyarı tualetə tez-tez gedir. Böyrəyində daş olanlar isə əksinə, gecə rahat yatır, gündüzlər tualetə tez-tez qaçır.

Digər əlamət isə beldə ağrıdır. Beldə ağrılar çox zaman xəstəni və həkimi çaşdırır. Böyrək ağrısı aşağı yox, beldən, çanaqdan xeyli yuxarı, qabırğa altına vurur. Ağrı - uzun, kəsici, küt ola bilər. Böyrək iltihabında ağrı gecə-gündüz hiss olunur, daş olduqda isə hərəkət çətin olur, bu ağrıya dözmək qeyri-mümkündür. Bəzən ağrı birtərəfli olur. Onu da deyim ki, böyrək ağrısını yalnız terapevt və USM müayinə dəqiq təyin edə bilər”.

 

 

Böyrəklərin xəstələndiyini göstərən əlamətlərdən birinin də şişkinlik olduğunu deyən terapevt qeyd etdi ki, çox zaman şişkinlik artıq kəskin və xroniki böyrək çatışmazlığında baş verir:

 

“Məsələ ondadır ki, böyrək fizioloji olaraq qanın tərkibinə cavabdeh orqandır. Böyrəklərin işində pozğunluq qanın dəyişməsinə səbəb olur ki, bu da müxtəlif şişkinliklərə səbəb olur. Şişkinlik toxumalarda mayenin toplanması və qatılaşmasıdır. Sidikdə qan izi isə heç də həmişə çox ağır xəstəliyə işarə deyil. Bəzən körpələrdə sidikdə urat kristalları olur ki, valideynlər bunu qana bənzədib, qorxuya düşürlər. Lakin bu sadə fizioloji haldır. Əksər hallarda böyrək və sidik axarında daş hərəkət etdikdə toxumanı cızdığından sidikdə qan izi görünə bilər. Bəzən çox ağır fiziki işdən, ağır yük qaldırdıqdan sonra da sidikdə qırmızı izlər görünə bilər. Əgər sidik sisteminə infeksiya, bakteriya düşərsə, xoş və bədxasəlli şişlər olarsa onda sidikdə qan daha çox, daha mütəmadi görünə bilər. Burda artıq ciddi həkim müdaxiləsi və müalicə lazımdır. İnfeksiya antibiotiklə müalicə edilir, şişlər isə orqanla birgə əməliyyatla çıxarılır”.

 

Nərminə xanım bildirdi ki, böyrəklərin xəstələndiyini göstərən əlamətdən biri də qanın toksinləşməsidir. Onun sözlərinə görə, əgər böyrəklərdə nasazlıq varsa, deməli öz rolunu 100% yerinə yetirmir. Bu zaman isə qanın toksinləşməsi baş verir. İntoksikasıya ümumi bədənə və orqanizmə zərər vurur.

 

 

QEYD:

 

Həkim terapevt Nərminə Abbasova periferik arteriya xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb