“Vətəndaşlığımızı qəbul edən ermənini belə, bağışlayaram, amma bir şərtlə...” – MÜSAHİBƏ II

12:56 10-04-2019 | icon 1204 | Siyasət
“Vətəndaşlığımızı qəbul edən ermənini belə, bağışlayaram, amma bir şərtlə...” – MÜSAHİBƏ II

İqbal Ağazadə: “İqbal Ağazadə hakimiyyətin astanasındadır”

 

 

(əvvəli bu linkdə)

 

 

- İndi siz dediyiniz faktları bəyəm iqtidarda olanlar bilmir ki?

 

- Siz onu da iqtidardan soruşun, İqtidar nədən qorxur.

 

- Bilirsə, niyə əməl etmir?

 

- Əməl etməməyinin fundamental səbəbləri var.

 

- O hansı səbəblərdi belə.

 

- İqtidar daxildə müxalifətin güclü olduğundan, fərqli fikrin güclü olduğundan, müharibə ritorikasını gücləndirəndə beynəlxalq təşkilatların da onun üzərinə basqı edəcəyindən, daxildə Azərbaycan müxalifətinin də ayaqlanacağından, hakimiyyətin dəyişəcəyindən ehtiyat etdiyinə görə bəzi məqamlarda susur. Bunumu eşitmək istəyirsiniz!?

 

- Demək ki, müasir dünyanın öz prinsipləri var.

 

- Müasir dünyanın prinsipləri qeyri-demokratik ölkə yaradıb ölkənin maraqlarını qeyri-demokratik seçkidə başqalarına tabe etdirmək deyil. O, müasir dünyanın prinsipləri deyil.

 

- Siz hansı müasir dünyadan, hansı demokratik prinsiplərdən danışırsırsınız? Həmin müasir dünyanın həmin demokratik ölkələri deyil Xocalı soyqırımını tanımayan? Budur demokratiya?

 

- Baxın, siz Xocalı soyqırımını indiyə qədər rəsmi qaydada təsdiq edən Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bir normal sənədini görmüsünüzmü?

 

- Onu mən sizdən soruşmaq istəyirdim. Siz də parlamentdə təmsil olunmusunuz.

 

- Bu, parlamentin funksiyası deyil.

 

- Söhbət parlamentin müzakirəsinə çıxarılan məsələlər və ona bildirilən münasibətlərdən gedir, İqbal bəy.

 

- Bir dəqiqə, bir dəqiqə dinləyin. Məsələ elə sual verməklə deyil ki... Bunun bir hüquqi əsasları da var.

 

- Buyurun, dinləyirik sizi.

 

- Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Xocalı soyqırımını soyqırım aktı kimi təsdiq edən və onun hansı beynəlxalq Konvensiyaları, hansı beynəlxalq Paktları pozduğunu göstərən maddələrlə öz ifadəsini tapan sənədləri ortaya qoymalıdır. Qoymayıb, yoxdu bu sənəd. Bilirsinizmi, Azərbaycan parlamenti də, siyasi partiyaları da, digər təşkilatlar da bəyanatlar veriblər...adamlar ölə bilər. Bu gün bilirsinizmi Suraiyada nə qədər adamlar ölüb. Amma məhz beynəlxalq normaların, beynəlxalq paktların, hüquqi normaların hansı pozulub, bax bütün bunların hamısını hüquq mühafizə orqanları hazırlayıb ortaya qoymalıdır. Yeri gəlmişkən, Xocalı soyqırımını tanıyan kifayət qədər ölkələr var, ABŞ-ın ştatları var və bütün bunlar bizim fəaliyyətimizdən asılıdır.

 

- Azərbaycan parlamentinin özünün Xocalı soyqırımına münasibəti necə olub və necədir?

 

- Azərbaycan parlamenti onun əlindəki sənədlərə uyğun olaraq Xocalını həm soyqırım kimi tanıyır, həm də beynəlxalq təşkilatlara və parlamentlərə müraciət edir.

 

“Rədd edilmiş həmin sənəddə bəzi səfirlərin adları belə var idi”

 

- Parlament bunu nə zaman soyqırım kimi tanıdı?

 

- Səhv etmirəmsə, 2008-ci ildə.

 

- 2008-ci ildə!? O zaman səhv etmirəmsə Sabir Rüstəmxanlının bir fikrinə rast gəlmişdim ki, bəs “Xocalıyla bağlı Ziyafət Əcgərovun rəhbərliyi altında hazırlanan sənədə baxanda, elə bilirsən ki, bu soyqırımı ermənilərlə ruslar törətməyiblər”.

 

- Mənim ondan məlumatım yoxdur.

 

- Ümumiyyətlə, siz o sənədlə tanışsınızmı?

 

- Hansı sənədlə?

 

- Parlamentin Xocalı soyqırımıyla bağlı tərtib etdiyi sənədlə.

 

- Xocalı soyqırımıyla bağlı 2 sənəd təqdim olunub: biri 2002-ci ildə təqdim olunub ki, onu biz də rədd eləmişik. Hətta o sənəddə Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirlərin adları belə var idi. İkinci sənəd 2007, ya da 2008-ci ildə təqdim edilmişdi. Və o sənəd normal sənəddir.

 

- İqbal bəy, necə bilirsiniz, indiki durumda Rusiya ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi Qarabağ probleminin həlli prosesində əsas prioritet olaraq götürülə bilərmi?

 

- Azərbaycanın gücü o səviyyədə deyil ki, Rusiya ilə prioritetlər seçə, Rusiya ilə münasibətlər sistemi seçə, Rusiya ilə münasibətlər sistemi düzəldə.

 

- Amma Rusiyanın özünün maraqlar sistemi var bu konuda və daim o maraqların gerçəkləşməsinə can atır axı.

 

- Mən elə bir şey görmürəm. Siz mənə Azərbaycanda müxtəlif istiqamətli meyilliyin mövcudluğundan danışırsınızsa, mən də sizə deyirəm ki, yaxşı olar ki, Azərbaycan ilk növbədə özünə meyilliliyə önəm versin.

Mən də Rusiya istiqamətə olan meyilliyin əleyhinəyəm, Qərb dəyərlərinin dəstəkçisiyəm. Ona görə yox ki, mən onların vurğunuyam. Sadəcə orada insana verilən dəyər var, orada qanunlara əməl etmə prinsipləri var, orada normal seçki var, orada insan haqları qorunur, orada hər şey insan üçündür. Rusiya isə bunun alternatividir. Amma biz hər bir məsələdə öz maraqlarımızı axtarıb tapmalıyıq. Qaldı ki, Rusiya ilə münasibətlər sisteminin qurulmasına, bu bilirsiz nəyə oxşayır?

 

- Nəyə oxşayır, İqbal bəy?

 

- Heç siz eşitmisinizmi ki, kimsə desin ki, müstəqil Amerika dövləti, müstəqil Almaniya dövləti, müstəqil Böyük Britaniya dövləti, krallığı və sair. Amma görürsünüz ki, biz iki dəqiqədən bir deyirik ki, müstəqil Azərbaycan dövləti.

 

“Ermənistanı itirməmək üçün Rusiyanın yeritdiyi siyasəti önləməyi bacarmalıyıq”

 

- Niyə belə deyirik?

 

- Bizim ona bir kompleksimiz var. Düzdür, o müstəqilliyi biz hələ tam olaraq tətbiq edə bilməmişik, oturda bilməmişik yerinə. Torpaqlarımız işğal olunub, kompleksimiz var ki, birdən yenidən işğal faktoru işə düşər, birdən yenidən müstəqilliyimizi itirərik. Böyük dövlətlərin belə məsələlərə yanaşmaları isə fərqlidir.

İndi mən sizə bir sual verim, amma ritorikdir deyə heç cavabını da istəmirəm. 1991-ci ildə Cənubi Qafqazdakı vəziyyət Rusiyanın ziyanına idi. Ermənistanda hakimiyyətə Qərbpərəst Ter-Petrosyan gəlmişdi, Gürcüstanda da Qərbpərəst Qamsaxurdiya hakimiyyətə gəlmişdi. Azərbaycanda isə Rusiyapərəst Ayaz Mütəllibov hakimiyyətə gəlmişdi. Amma o Rusiyapərəst Mütəllibovun hakimiyyətdən getməsi üçün Rusiya torpaqlarımızı işğal etdi, Dağlıq Qarabağda vertalyotu partlatdı, 56 kəndimiz işğal edildi, Xocalını aldı, Şuşa və Laçını aldı. Bu bir siyasətdi və siyasətin fərqli tərəfləri var. Azərbaycan yenə də həmin duruma gəlib çıxıb. İki Cənubi Qafqaz dövləti Qərbin yanında yer alıb, onlara nisbətdə Azərbaycan isə Rusiyanın yanındadır. Paşinyan hakimiyyətə gələnə qədər Sarkisyan Rusiyanın yanında olub. Gürcüstan Qərbin yanındadır, Azərbaycan isə ortada qalıb. Gürcüstan və Ermənistan Qərbin yanında görünür, Azərbaycan isə Rusiyanın yanında görünür. Rusiya isə başa düşür ki, Ermənistanı itirmək onun Cənubi Qafqazdan çıxması deməkdir. O, Ermənistanı itirməmək üçün hansı siyasəti yürüdəcəksə, bax, biz bunu önləməyi bacarmalıyıq. Rusiyanı durdurmaq bizim gücümüzdə deyil. Və bu, Rusiyanın yanına getməklə deyil. Mütəllibov elə Rusiyanın yanında idi də.

 

- Amma Rusiyanın bu məsələdə əsas fiqurlardan biri olması şəksizdir. Təsadüfi deyil ki, hələ Qarabağ problemi təzə-təzə baş qaldıran zaman dünya şöhrətli siyasətçilərdən biri olan qardaş Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl Azərbaycan rəsmilərinə məsləhət görübmüş ki, “məsələni həll etmək üçün siz gedin Boris paşanın yanına, mən də gedim okeanın o tayına, Amerikaya. Görək neniyə bilərik”...

 

- Bu sözü mənim yanımda deməyib. Mən bununla bağlı bir şey bilmirəm. Mən ağız ədəbiyyatıyla məşğul deyiləm. Siyasi tariximizin içərisində ortaya bir sənəd qoyularsa, hə, onda bu, başqa məsələ. Ayrı-ayrı adamlar zaman ötəndən sonra öz məsuliyyətlərini və günahlarını kimlərinsə üzərinə atmasın. Sən torpaqlarını işğaldan azad etməsi üçün Süleyman Dəmirəlin yanına niyə gedirsən? Torpaqlarını işğaldan sən azad etməlisən. Hə, bu gün də sən Ərdoğanın yanına getsən, Ərdoğanın da öz marağı var. Vaxtilə Atatürkün də öz marağı olub. Sən ondan dost kimi ala biləcəyin yardımı de, amma torpaqlarını sən özün işğaldan azad etməlisən, sən başqasının kəndiriylə quyuya düşmə. Azərbaycan dövlətinin maraqlarını sən qoruyacaqsan – xalq, millət, dövlət özü, hakimiyyətdə kimdisə o, onun qurduğu siyasi sistem institutları. Nə Tramp, nə Ərdoğan, nə Rutin, nə Ruhani heç zaman sənin maraqlarının ifadəçisi olmayacaqlar, ən yaxın dostu olsan belə. Onlar ayrı bir dövlətin başçılarıdır və öz dövlətlərinin maraqlarını hər şeydən üstün tuturlar ki, bu da bəzən bizim dövlətçilik maraqlarımızla ziddiyyət təşkil edir. Təbii ki, maraqlar üst-üstə düşməyəndə onlar da öz maraqlarını seçirlər.

 

- Qardaş dövlətlərdən olan Kuzey Kıbrısın müstəqilliyinin Azərbaycan tərəfindən tanınmaması da bu qəbildəndir?

 

- Bəli. Çünki bunun tanınması bizim maraqlarımızla üst-üstə düşmür. İndi bizi assınlarmı, indi bizi öldürsünlərmi? Qətiyyən yox. Çünki bu hal bizim maraqlarla üst-üstə düşmür. Baxın, Türkiyə müstəqil dövlət kimi tanıyıb, Azərbaycan isə Kosovanı müstəqil dövlət olaraq tanımayıb. Bu da həmin qaydalar çərçivəsində olan məqamlardandır. Hər bir dövlətin məsələlərə yanaşmada öz maraqları var, o cümlədən dediyiniz Süleyman Dəmirəl məsələsi də bu konudadır.

 

“Vaxtilə mən deyəndə ki...”

 

- Torpaqlarımızın işğalında Rusiya faktorunu nəzərə alanda “Boris paşanın yanına gedib anlaşma” addımı, qarşılıqlı münasibətlər sisteminin qurulması problemin həlli istiqamətində məyyən kəsimin vurğuladığı kimi “mühüm addım” deyilmi?

 

- Mümkünsüzdür. Rusiyanın da, bizim də öz maraqlarımız var. Bizim Cənubi Qafqazda maraqların təminatçısı qismində çıxış edə biləcək və atacaqaları addımlar qismində Rusiyanın maraqlarıyla ziddiyyət təşkil edəcək kifayət qədər dövlətlər var. Bu siyasət dartışmasını, məntiq dartışmasını bir qırağa qoyaq. Bu, böyük bir məsələdir. Rusiyanın regiondan çıxmasını istəyən Avropada da, Amerikada da, dünyada da nə qədər desən dövlətlər var. Sən onlarla necə işləyirsən? Vaxtilə mən deyəndə, hamı üzərimə gəldi.

 

- Vaxtilə siz nəyi deyirdiniz ki?

 

- Vaxtilə  deyirdim ki, Ermənistanla Türkiyənin sərhədlərini açın.

 

“Cənubi Qafqazda Rusiyanın dominantlığını azaltmaq üçün...”

 

- Nəyə görə istəyirdiniz bu sərhədlərin açılmasını?

 

- Bunun çox sadə səbəbləri var idi. Bölgədə Rusiyanın dominantlığı azalırdı və regiona iki dövlət girirdi. Bu gün Cənubi Qafqazda tək dövlət kimi Rusiyadır. Bütün sferalarda dominantlıq edir. Hələ o dönəmlərdə Ərdoğanla NATO münasibətləri elə də kəskin deyildi. Mən dedim ki, sərhədləri açın, bölgəyə Ərdoğanın vasitəsilə NATO girsin, Ərdoğanın vasitəsiylə Avropa Birliyi girsin, Türkiyə olsun. İnteqrasiya prosesində Ermənistanın Rusiyadan qoparılması sürətlənsin. Və bu, qoparılma prosesi gedəndə istər-istəməz inteqrasiyaya fərqli şəkildə yanaşmaq olacaq. Türkiyənin içəridəki üstünlüyü bizə əlavə imkanlar yaradacaq. Mən bu haqda geniş danışmaq istəmirəm. Çünki gələcək planlarımızdan biri də budur. Və onun müqabilində Azərbaycan dərhal təklif eləsin ki, biz Avropa Birliyi modelinə yaxın Cənubi Qafqaz Birliyi yaratmaq istəyirik. Siyasət təkcə müharibədən və digər amillərdən ibarət deyil. Siyasətin milyon rəngi var. O rəngləri düzgün seçib ölkənin kompazisiyasını quracaqsan, peyzajını çəkəcəksən. Yoxsa bir qaradır, bir ağ, ya sülh, ya müharibə, varsa var, yoxsa yox prinsipi düzgün yanaşma deyil. Cənubi Qafqazda o qədər komponentlər mövcuddur ki, bütün bunlardan dürüst şəkildə istifadə etmək lazımdır.

 

- O zaman sizin bu təklifinizə münasibətdə hansı mövqedən çıxış edildi. Açın deyin də olanları?

 

- Biz o zaman belə təkilf verəndə burada bir “vətənpərvərlər ordusu” yaradıb üzərimizə gəldilər. Türkiyə Azərbaycanı satır, bayrağını endirməyə qədər addımlar atıldı. Dedik ay bala, qara-qışqırıq salmayın, qoyun girsin ora, Rusiyanın dominantlığı bitsin. O adamlar Türkiyəyə gedəndən sonra fərqli münasibətlər sistemi ortaya çıxacaq, türklərlə inteqrasiya prosesi başlayacaq və bizim ora girmək imkanlarımız asanlaşacaq. Bunumu açım deyim!?

 

- Bu konuda müxalifətçi siyasilərin də yekdil rəyi yox idi?

 

- Xeyir, belə bir yekdil rəy yox idi. Sonradan deyəsən bir partiya da bunu dəstəkləmiş kimi davrandı.

 

- Hansı partiya idi bu?

 

- Yadımda deyil. Hətta əvvəl-əvvəl bu ideyanın özlərinə məxsus olmasıyla bağlı da danışdılar həmin kəslər. Sonradan geri çəkildilər.

 

- Hansı tarixdə siz bunu söyləmişdiniz?

 

- Mən bunu 2006-cı ildə Harvardda öz siyasi məruzəmdə də demişdim. Əgər biz Rusiyanın Cənubi Qafqazda dominantlığını azaltmaq istəyiriksə, yol budur.

 

“İranla da sərhəddimiz açıqdır, Yardımlı camaatı bəyəm meşokla qızıl yığır?”

 

- Siz yolun düzgünlüyün bunda görürdünüz. Bəs o dediyiniz “vətənpərvərlər ordusu”nun iddiası nə idi, sərhədlərin açılması konusunda onların mövqeyi necə idi?

 

- Həmin “vətənpərvərlər ordusu” iddia edirdilər ki, sərhədlər açılsa Ermənistanın iqtisadi vəziyyəti düzələcək. O dövrdə də qeyd etmişdim, indi də acı bir gülüşlə qeyd edim ki, İranla da sərhəddimiz açıqdır, Yardımlı camaatı bəyəm meşokla qızıl yığırlar?

 

- Ermənistanda Qarabağ problemiylə bağlı deputatlar qapalı dinləmələr tələb edirlər. Parlament təcrübənizə söykənərək deyə bilərsinizmi hansı gerçək deputatları belə addım atmağa sövq edir?

 

- Mən Ermənistandakı durum və Ermənistandakı deputatların nədən ötəri qapalı iclas tələb etmələrini bu gün təhlil edə bilmərəm. Amma deməyim budur ki, Ermənistanda bu təcrübə çoxdan var. Mütəmadi olaraq Ermənistan parlamentində qapalı iclaslar keçirilir. Azərbaycanda belə bir durum, belə bir vəziyyət yoxdur. Ən çox 2001-ci ilin 23-24 fevral tarixlərində Milli Məclisdə Qarabağ dinləmələri keçirilib. Azərbaycanın artıq imtina etdiyi, Azərbaycanın artıq rədd etdiyi bir planı, gələcək plan yolu müzakirə etmişik. Sən demə bunu bizə təklif ediblər, biz də bunu rədd etmişik. O da mənasız bir müzakirə oldu.

 

- Nədən mənasız?

 

- Çünki bizə təklif olunan məsələlər masada deyildi, artıq masadan çıxarılmış məsələlər idi... Azərbaycanda belə bir təcrübə yoxdur, Ermənistanda isə belə təcrübə var. Ermənistanda Qarabağ Komitəsi var, bizim Milli Məclisimizdə o da yoxdur.

 

- Niyə yaratmamısınız ki?

 

- Siz “Leyli və Məcnun”u oxumusunuzmu?

 

- Oxumuşam.

 

- Deyir, “olsaydı mənim bir ixtiyarım: olmaz idi səndən özgə yarım”. Mən hakimiyyətdə deyiləm, o sualı Yeni Azərbaycan Partiyasına verin.

 

- Amma siz də hakimiyyətin bir qolu olan qanunverici orqanda təmsil olunmusunuz, İqbal bəy.

 

- Dominantlığı onlar edirlər. Nə olsun, mən milyon dəfə milyon dənə təklif vermişəm. Təklif vermək başqadır, amma təklifi reallaşdırmaq üçün səsvermə var, təklifi reallaşdırmaq üçün çoxluq var ki, bu da YAP-ın tərəfindədir.

 

- Rəsmi Bakı özünün müharibə doktrinasını bəyan etdi ki, əgər hərbi əməliyyatlar başlarsa, Azərbaycan bu dəfə axıra kimi gedəcək. Bu bəyanatdan çıxış edərək deyə bilərsinizmi ki, güzarımız nə zaman sizin kəndə düşəcək?

 

- Azərbaycanın ritorikası hələ ki, siyasi və hərbi reallıq deyil.

 

- Siz Azərbaycanın hərbi ritorikasına inanmırsınız?

 

- Axı, mövcud hakimiyyətin hücum planıyla axıra qədər gedəcəyinə əmin deyiləm. Və ümumiyyətlə müharibənin başlayacağına əmin deyiləm. Mövcud şərtlər bunu deyir.

 

- Ermənistan müdafiə naziri Tonoyanın “yeni ərazilər işğal etmək” istəyinə münasibətinə cavab olaraq müdafiə nazirimiz Zakir Həsənovun “hücuma keçsəydilər, Tonoyanla İrəvanda görüşərdik” cavabına İqbal Ağazadənin münasibəti.

 

- Deyirlər də. Mən hakimiyyətə gələndə Tonoyan olmayacaq. O na görə də olmayacaq bir adamın fikrinə nə münasibət bildirməliyəm ki?

 

- “Yeni ərazilərin işğalı”yla bağlı bir erməni rəsmisinin fikirləri bu gün gündəmi zəbt edib, siz də “olmayacaq...nə bildirməliyəm ki?” sözlərilə münasibətinizi bildirirsiniz!?

 

- Azərbaycanın mövcud ərazilərini kimsəyə verməyəcəyimizlə bağlı sizinlə uzun-uzadı danışdıq. Siz yenə də deyirsiniz ki, “yeni ərazilər işğal olunacaq?”....

 

- Onu mən demirəm, onu Tonoyan ...deyir?

- Mən də deyirəm ki, narahat olmayın mən hakimiyyətə gələndə Tonoyan olmayacaq... Tonoyandan da qorxmayın.

 

İqbal Ağazadənin “xalqı sülhə hazırlayanlara” müraciəti

 

- Kamil Musəvi adlı bir soydaşımız deyir ki, əgər bu xalq hansısa sülh çərçivəsində düşmənimiz olan ermənini bağışlayacaqsa, onda mən bu xalqı bağışlamayacam... Buyurun, İqbal bəy, münasibətiniz maraqlı olardı bu yanaşmaya.

 

- Mən Kamil Musəvidən fərqli olaraq Azərbaycan vətəndaşlığını qəbul edən ermənini belə, bağışlayaram. Amma bir şərtlə ki, Azərbaycan torpaqları işğaldan azad olunacaq, kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, ona da bütün Azərbaycan vətəndaşları kimi bərabər hüquqi münasibət bəsləniləcək. Biz dost olmağa məhkum deyilik, lakin qonşu olmağa məhkumuq. Qonşuluğun da şərtləri var. Biz işğal prosesini sona verib ərazilərmizi bütövləşdirəcəyik, ərazilərimizi bütövləşdirəndən sonra sərhədlərimiz BMT-nin qəbul etdiyi çərçivədə tanınacaq və bundan sonra biz yaxşı qonşuluğun, dinc qonşuluğun mümkün variantlarını müzakirə edəcəyik. Bunu indidən “biz sona qədər müharibə edəcəyik, biz sona qədər düşmən olacağıq”  kimi təqdim etmək doğru deyil. Almaniya-Rusiya qarşıdurması nəticəsində ikinci dünya müharibəsində 50 milyon insan həyatını itirdi, lakin bu gün həmin dövlətlərin münasibətlər sistemində yeni çalarlar var. Hər kəs əvvəlcə hər kəsin haqqını tanımalıdır. Amma xalqları sülhə hazırlamaq fikrinə gəlincə, torpaq itkisi hesabına heç kim kimsəni nəyəsə hazırlamağa cəhd etməsin.

 

- Barışığa hələ ki, yer yoxdur.

 

- Torpaqlarımız işğaldan azad edilsin, barışığa hamımız hazırıq. Barışıq qucaqlaşmaq deyil ki? Barışıq sadəcə düşmənçilik etməməkdir. Biz torpaqlarımızı geri qaytarandan sonra düşmənçilik etməyəcəyik. Qonşuyuq, niyə də düşmənçilik edək. Və bu, o demək deyil ki, biz yenidən əvvəlki kimi münasibətlər sistemini qısa bir zamanda bərpa edəcəyik. Bu gün hər bir ailədə Qarabağ ağrısı, Qarabağ acısı var, əsir acısı, qazi acısı, əlil acısı, Şəhid acısı var. Siyasətçinin hə, bu gün qucaqlaşın deməyi olanları unutdura bilməz. O acıları hər kəs özlüyündə çəkib. Ona görə də belə şeylərdən narahat olmayın.

Mən xalqı sülhə hazırlayanlara müraciət edirəm. Mən 100 min Qarabağ Qazisi tanıyıram. Mən 30 min Şəhid tanıyıram. Mən 15 mindən yuxarı Qarabağ əlili tanıyıram. Siz bu adamları sülhə hazırlaya bilməzsiniz. O adamların acısı var. Adamın ayağı işğal olunmuş torpaqdadırsa, sən bu adamı sülhə hazırlaya bilməzsən. Bir milyon məcburi köçkün var, o torpaqda bu adamların əzizlərinin qəbri qala-qala sülhə hazırlaya bilməzsən. Sülhün tək şərti torpaqları işğaldan azad etməkdir. Et, eyvallah, heç üzümü Ermənistan tərəfə çevirməyəcəm də, güllə atmayacağam da.

Yeri gəlmişkən, bir faktı da söyləyim....

 

- Buyurun.

 

- Son dövrlərdə sosial şəbəkələrdə Ermənistan-Azərbaycan münaqişəsinin dinamikasının artdığı bir vaxtda bəzi soydaşlarımız “qaçqınlar mebel üstə dalaşır, torpaq əvəzinə evinə mebel tələb edir” və sair kimi ifadələri tez-tez işlədirlər...

Əziz həmvətənlərimiz, bu tipli yanaşmalarda bir qədər ehtiyatlı olun. Əvvəla, qəbul edin ki, o da insandır. O yaşayırsa, onun da mətbəx mebeli olmalıdır. Dövlət də bunu təmin etməlidir. Filankəsin niyə maşını var? Bilirsiniz nə qədər maşını olan, nə qədər imkanı olan qaçqın və məcburi köçkün, o torpaqdan olanlar nələrini qoyublar o müharibədə? Azərbaycan Şəhidlərinin 60 faizi, yarıdan çoxu işğal olunmuş torpaqlarımızdandı. Amma bu, Azərbaycan davasıdır, Qarabağ davası deyil. Azərbaycan davasında hər kəs orada olmalıdır.

 

- İqbal bəy, o zamankı statistika ilə tərs mütənasib olsa da, Qarabağ döyüşlərində iştirak edənlərin say çoxluğunu dilə gətirdiniz. Bir milyonluq qaçqın ordusunun gücünü qeyd etməklə yanaşı problemlərini də qabartdınız. Bu günlərdə Paşinyan Təhlükəsizlik Şurasının iclasını Azərbaycan ərazisində keçirdi. Mənə maraqlıdır, nədən gerçək acılarını, potensial güclərini dilə gətirdiyiniz Qarabağ döyüşçülərinin, qaçqın və məcburi köçkün ordusunun dediyiniz mebel mücadiləsinə oxşar, ağrı-acılarına müqabil Zakir Həsənova yönəli “Paşinyanı vur!” müraciətləri olmadı!?

 

- Biz sizinlə birgə müsahibənin əvvəlində bəzi məqamlara toxunduq. Bu, təkcə vətəndaşın deyəcəyi məsələ deyil. Vətəndaşa onu dedirdən də hakimiyyətlərdir. Hakimiyyət əgər bu siyasəti yürüdürsə, bəlli bir yerə qədər uğur qazanar. Tutaq ki, sakitləşdirici, sülh danışıqları ətrafında manipulyasiya və digər proseslər gedir və adamları da görürsünüz. Amma Azərbaycan iqtidarı bəlli bir yerə çatıb desin ki, hə, sülh hazırdır, torpaqlar verilir. Onda həmin kəsim öz sözünü deyəcək. Siz məsələləri qarışdırmayın. Deyirlər danışıqlar gedir, bəlkə qaytarıldı... Azərbaycan hakimiyyətinin bu istiqamətdə səhvləri var, doğru-dürüst addım atmır, bir az da beynəlxalq konyuktura var. Lakin bıçaq sümüyə qədər dirənəndə onda həmin kəsim sözünü deyəcək... Mən hakimiyyətdə olanda Paşinyan kimdir ki, mənim ərazimdə hansısa bir müşavirə keçirə? Sualınızın qoyuluşu siyasi məntiqə və reallığa deyil, daha çox emosiyaya söykənir. Mənim də emosiya dövrüm çoxdan keçib.

 

“Azərbaycanın bütövləşməsinə doğru gedən yol Şuşadan keçir”

 

- İranın bölgədəki siyasətini necə dəyərləndirirsiniz?

 

- İran da Rusiya kimi heç bir zaman Azərbaycanın dostu olmayıb. İranın da öz maraqları var. O maraqlar İranın fundamental olaraq şiə maraqlarını da, müsəlman maraqlarını da, qonşuluq maraqlarını da, insan maraqlarını da, hamısını tapdalayıb dövlət maraqlarına tabe etdirir. Biz çalışmalıyıq ki, burada güclü dövlət olaq. Güclü dövlət olanda bizim imkanlarımız daha çox bundan ibarət olmalıdır ki, İranı özümüzə tabe etdirək... Amma İran regionun güclü dövlətlərindəndir, İran regionun söz sahibi olan dövlətlərindəndir....

 

- Qarabağa gedən yolun Təbrizdən keçməsi fikriylə razısınızmı?

 

- Qarabağın yolu Təbrizdən də, Borçalıdan da, Zəngəzurdan, Göyçədən də... düşüncə olaraq hər yerdən keçir. Lakin Azərbaycanın Bütövləşməsinə doğru gedən bütün yollar Şuşadan keçir. Ya Şuşanı alacağıq - Bütöv Azərbaycanla bağlı düşüncələrimiz, inamımız oradan formalaşacaq, ya da oranı itirsək əlimizdə olan qalan hissəni də itirəcəyik.

 

- Avqust ayının 14-də Azərbaycan-İran-Rusiya dövlətləri arasında zirvə görüşünün keçiriləcəyi planlaşdırılır. Maraqlıdır, niyə məhz bu formatda? Və Ermənistanın bu formatdan kənarda qalması sizcə nəyə işarədir?

 

- Heç nəyə işarə deyil. Bu bir siyasi konyukturadır. Rusiya və İran Azərbaycana qarşı mütəmadi fəaliyyətlərini davam etdirirlər. Sadəcə olaraq, Azərbaycan iqtidarının könlü xoş olsun deyə zirvə görüşü keçirirlər. Oradan Azərbaycanın xeyrinə bir addım, yaxud bir hərəkət belə gözləməyin. Ancaq bundan sonra Azərbaycanın torpaqlarını da işğal etmək sadə məsələ deyil. Bunun üçün həm ordumuzun gücü, həm də Azərbaycan vətəndaşlarının birlik düşüncəsi və təfəkkürü var.

 

- Ermənistanda əsrlikdə olan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı nədən Rusiya tərəf öz vətəndaşını müdafiə etməmək xətti götürdü?

 

- O, Rusiyanın vətəndaşı deyil, o, bizim vətəndaşdır. Canımız çıxacaq alacağıq. Başqa yolu da yoxdur. Elmar Məmmədyarov danışıqlarda bütün gücünü ortaya qoyub deməlidir ki, bu iki nəfər geri qaytarılmırsa, onda danışıqlar prosesini dayandırıram. Amma mən bunu həm də ekspromt olaraq deyirəm. İstənilən halda Dilqəmlə Şahbaz geri alınmalıdır. Mən bu məsələdə vaxtilə öz vəkilliyimi də təklif etmişdim. Və bəyan etmişdim ki, onun məhkəməsində iştirak etmək üçün mənə imkan verilsin. Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlarla prosedur məsələləri həll etsin. Təkcə vəkil kimi yox, həm də bir siyasətçi kimi mən orada Azərbaycanın və o adamların haqlı olmağıyla bağlı nə qədər istəsələr ortaya dəlil qoyum. Və həmin məhkəməyə biz beynəlxalq ekspertləri də dəvət edəcəkdik. Sonda bu işi Avropa Məhkəməsinə verib udacaqdıq. Çox təəssüf ki, bu məsələdə Xarici İşlər Nazirliyi bizi yarıtmadı.

 

- Nə zamana qədər siz siyasətşilər “malı-məli”, “acaq-əcək” şəkilçiləriylə danışacaqsınız? Sizlər belə danışdıqca bizim problemlərimiz də qartımaqda....

 

- Nə qədər ki, Azərbaycan qrammatikasında vacib şərtlər var, bir o qədər də həmin şəkilçilərlə danışmaq məcburiyyətində qalıb istifadə edəcəyik. Və istifadə etdikdən sonra da keçmiş zamanda “oldu, etdi, baş verdi” kimi qeyd edəcəyik.

 

- Azərbaycan qrammatikasında əmr şəkilçisi də var.

 

- Əmr şəkilçisindən istifadə etmək üçün siz də, saytınız da, dostlarınız da çalışmalıdır ki, o əmri verəcək məsuliyyətim olsun və onda əmr formasında danışım.

 

- Avropa Şurası bu soydaşlarımızla bağlı Ermənistan tərəfin qarşısına hansı tələbləri qoymuşdu ki, onlar da həmin beynəlxalq təşkilatdan mart ayına qədər möhlət istəmişdilər?

 

- Bilirsiz, bu məsələ ilə bağlı çox dartışırıq. Azərbaycan hakimiyyətinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin apardıqları xarici siyasət doğru olmadlğına görə, biz onları ala bilmirik. Bunun üçün fundamental iş aparılmalıdır. Onların da əsgərini tutub 50 il verilməlidir. Əvəzləşdirmək lazımdır. Çox yollar var. Mən bir siyasətçi olaraq onu bu gün danışacaq durumda olmamalıyam. Niyə siz təkidlə bu konuda soruşursunuz. Mən bir şeyi deyə bilərəm ki, bu konuda düzgün siyasət yürüdülmür. Bununla bağlı ətraflı danışmaq bizim dövlət mənafeyimizə də zidd olduğu üçün danışmaq olmaz.

 

- İqbal bəy, Qarabağ Komitəsinin mitinq taktikasına sizin mövqeyiniz, münasibətiniz necədir. Ümummiyyətlə, mitinqlər yoluyla problemlərimizin həlli yolunda nəyəsə nail ola biləcəyimiz mümkündürmü?

 

- Hər kəsin mitinq keçirmək səlahiyyəti var, qoy bu səlahiyyətlərindən də istifadə etsinlər. Qaldı ki, nail olmağa... Heç nəyə bir komponentlə nail olmaq mümkün deyil. Müxtəlif komponentlər əlavə olunanda nəyisə əldə etmək olur. Mitinq bir, danışıqlar bir komponentdir. Bu məsələyə çox bəsit şəkildə yanaşılır ki, hə, mitinq oldu, niyə filan şey olmadı. Biz bütün sferalarda paralel şəkildə mübarizəmizi aparmalıyıq.

 

- Cəmiyyət daxilində maraqlı tərəflər tez-tez hansısa “təslmçi sülh” formatından danışırlar. Belə bir qorxu varmı?

 

- Mən qətiyyən inanmıram.

 

- Gürcüstan rəsmilərindən belə bir iddia da ortalığa qoyulur ki, Azərbaycan bu gün sərhədlərinin 66 faizinə nəzarət edir, qalan 34 faiz sərhəddisə mübahisəli olaraq qalır. Belədirmi?

 

- Dediklərində həqiqət var. Bizim İranla və Ermənistanla olan sərhəd ərazilərimiz də bunu sübut edir.

 

- Bu gün müxtəlif hərəkatlar, müxtəlif komitələr formalaşır. Bəs İqbal Ağazadə haradadır?

 

- İqbal Ağazadə hakimiyyətin astanasındadır.

 

İgid Teymurlu
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı