ADNSU-nun rektorluğu məhkəməyə verildi

12:56 01-08-2017 | icon 1707 | Hadisə
ADNSU-nun rektorluğu məhkəməyə verildi

“Rektorun əsas istəyi odur ki, məni ləkələyərək işdən çıxartsın”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Rəna Gülmalıyeva universitetin rektoru Mustafa Babanlıdan mətbuat nümayəndələrinə şikayət edib. Rektoru məhkəməyə verdiyini deyən Rəna xanım 11 il işlədiyi bir universitetdə haqsızlığa məruz qaldığını söyləyib.

Versus.Az-ın məlumatına görə, Rəna Gülmalıyeva iddia edib ki, rektor Mustafa Babanlı onu işdən çıxartmaq üçün müxtəlif bəhanələrə əl atır. Müəllimə bu haqsızlıqla 2 ildir davamlı üzləşdiyini deyib. Rəna xanımın sözlərinə görə, M.Babanlı ADNSU-ya rektor təyin olunandan onun buradakı 11 illik müəllimliyini ləkələmək istəyir. Müəllimənin dediyinə görə, mayın 15-də M.Babanlının fakültələrlə görüşü zamanı rektora bildirib ki, universitetin iqtisadiyyat fakültəsində problemləri mövcuddur:

“Dedim ki, universitetin dekanı ilə kafedra müdiri qruplaşma yaradıb və öz adamlarına dərsə girmədən maaş yazırlar, mən isə dərsə girə-girə onlardan az maaş alıram. Mənim bu fikirlərim rektorun xoşuna gəlmədi və mənə töhmət verdi. Guya mən yalan danışmışam. Halbuki, ötən 11 ildə bir dəfə də töhmət almamışam. Bir ay ərzində haqsız yerə 3 dəfə töhmət almışam. Əsas istəyi odur ki, məni ləkələyərək işdən çıxartsın”.

Rəna xanım üzləşdiyi haqsızlıqla bağlı Nəsimi rayon məhkəməsinə müraciət etdiyini bildirib. Qeyd edib ki, artıq iş məhkəmə tərəfindən icraata götürülüb. Məhkəmə işinin avqustun 7-də başlayacağını deyən şikayətçi nüfuzuna xələl gətirdikləri üçün rektor Mustafa Babanlıdan və tədris işləri üzrə prorektor Qasım Məmmədovdan ayrı-ayrılıqda 15 min manat təzminat tələb etdiyini vurğulayıb.
R.Gülmalıyeva M.Babanlını korrupsiya əməllərində də ittiham edib:

“Qohumların bir yerdə çalışmasını qanun da qadağan edir. Ancaq Mustafa Babanlı bütün qohumlarını universitetə işə götürüb. Bacısı oğlu Rusif Hüseynovu bizə müşavir qoyub və ona çox yüksək maaş yazır. Rusif Hüseynovun həyat yoldaşı Cəmilə Hüseynovanı isə universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edib. Onlar da ər-arvad universitetin pulu hesabına hər ay xaricə gedib-gəlirlər”.
Rəna xanımın ittihamları bununla bitmir. Deyir ki, rektor universitetin hər mərtəbəsində fəaliyyət göstərən bufet-kafe yerlərini icarəyə verib, heç bir vergi də ödəmir:

“Mən bununla bağlı Vergilər Nazirliyinə də müraciət etmişəm. Onlar da yoxlayıb, mənim doğru məlumat verdiyimi təsdiq ediblər. Hətta buna görə vergi işçiləri ADNSU-nu cərimələyiblər”.

Bütün bunlara narazılıq etdiyi üçün rektorun onu ləkələyib işdən çıxartdırmaq istədiyini deyən Rəna xanım onu da bildirdi ki, M.Babanlı qızı Məhsəti Babanlını da qanunsuz olaraq universitetə cəlb edib, adına maaş yazıb. Belə ki, hazırda Məhsəti Babanlı ADNSU-da I kursda magistr təhsili ala-ala həm də dərs deyir:

“Halbuki qanun buna icazə vermir. Mən bütün bunlara etiraz etdiyim üçün Mustafa Babanlı tələbələrin adından məni qaralamağa çalışır. Deyir ki, guya tələbələr məndən şikayət ediblər və sairə. Təsəvvür edin ki, mən imtahanı alıb bitirmişəm. Rektor isə indi tələbələrin adından yalançı şikayət hazırlatdırıb. İddia edirlər ki, guya mən tələbələrə dərs keçməmişəm. Halbuki mən imtahanı may-iyun ayında götürmüşəm”.

“Bunu ictimailəşdirməyə ehtiyac yox idi”

Hazırda rektor M.Babanlı məzuniyyətdə olduğu üçün onu əvəz etdiyini deyən prorektor Qasım MəmmədovR.Gülmalıyevanın ittihamlarının tamamilə əsassız olduğunu deyib:

“Rəna Gülmalıyevanın bizdən narazılıq etməsinin səbəbi ayrıdır. Bilirsiniz ki, əvvəlki rəhbərliyin dövründə universitetdə vəziyyət necə olub. Hərə necə istəyirdisə, onu da edirdi. Cənab prezident tərəfindən Mustafa Babanlı rektor təyin olunandan sonra universitetin tədris prosesində qanun bərpa olunub və müəllimlər öz vəzifələrinə tam məsuliyyətlə yanaşmağa məcbur edilib. Biz universitet müəllimləri olaraq öz tələbələrimizə yüksək təhsil verməliyik. Bunun üçün də universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərə “açıq dərs” təşkil edirik. Hər müəllimə olduğu kimi, 2016-cı ilin tədris ilində də Rəna Gülmalıyeva üçün də “açıq dərs” təyin olunmuşdu. Ancaq Rəna Gülmalıyeva “açıq dərs” günündə bülleten götürüb. Bizdə də “açıq dərs” nəzərdə tutulursa, o mütləq keçirilməlidir. Yalnız müəllim xəstələndiyi halda təxirə salına bilər. Rəna Gülmalıyevanın “açıq dərsi” də təxirə salınmışdı. Rəna Gülmalıyeva işə çıxandan sonra bu barədə ona xəbərdarlıq olunaraq bildirilib ki, sizin üçün “açıq dərs” filan tarixdə keçiriləcək. Ancaq Rəna Gülmalıyeva yenə də həmin vaxtı bülleten götürüb. Sanki “açıq dərs”lərdən qorxurdu. Ona görə də “açıq dərs”ə girməmək üçün hər cür əngəllər törədirdi. Nəhayət ki, 3-4-cü cəhdimizdə ona “açıq dərs” keçirməyə nail olduq. Bu zaman qiymətləndirilmədən sonra ona çox aşağı qiymət yazılıb. Rəna Gülmalıyeva da bundan sonra universitet rəhbərliyinə qarşı yalan və böhtan danışmağa başlayıb”.

Rektorun yaxın qohumlarını işə götürüb, adlarına maaş yazması məsələsinə gəlincə, Q.Məmmədov bildirib ki, Rusif Hüseynov və onun həyat yoldaşı Cəmilə Hüseynova xaricə gəzmək üçün deyil, işlə bağlı ezamiyyətə göndərilirlər.

Məhsəti Babanlı ilə bağlı iddiaya da aydınlıq gətirən prorektor qeyd etdi ki, ümumiyyətlə bu gün magistirlərin 92 faizi təhsil ala-ala işləyir:

“Bunu məqsədli şəkildə edirik ki, onlar həm təhsil ala, həm də işləyə bilsinlər. Bunun da əsas səbəbi odur ki, universiteti bitirən magistirə işə düzəlmək istəyəndə ilk sual iş təcrübəsinin olub-olmaması ilə bağlı olur. Bütün suallara magistrlar hazır olsun deyə, biz də onların dərslərini yaxşı təşkil edirik. Bir qism magistiri isə universitetimizə laborant kimi cəlb etmişik. Xüsusi komissiya tərəfindən seçilmiş 18 magistrimizi isə universitetin nəzdində fəaliyyət göstərən Texniki Peşə məktəbinə (kollec) müəllim kimi işə götürmüşük. Doğrudur, onların maaşı azdır. Ancaq həmin magistrlərimiz həqiqətən də öz ixtisaslarına uyğun olaraq çox yaxşı fəaliyyət göstərirlər. Onlardan biri də Məhsəti Babanlıdır ki, doğrudan da müəllim kimi çox yaxşı tədris işi aparır. Onun universitetdə çalışmasında atasının rektor olmasının heç bir rolu yoxdur. Əksinə, atası qızının ora seçilməsinə görə çox sevinib. Məhsəti xanımın da universitetdə müəllim kimi işləməsi seçim yolu ilə olub”.

O ki, qaldı Rəna xanımın rektor və prorektordan 15 min təzminat tələb etməsinə, Q.Məmmədov təzminat vermək fikrində olmadığını vurğulayıb:

“O çox şey istəyə bilər. Mənim 15 min manatım hardandır? Məhkəmədə də sözümü deyəcəm. Ümumiyyətlə, bunu ictimailəşdirməyə ehtiyac yox idi”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI