Təhsildə valideyn günahı
“Evə girən kimi hərə əlinə bir telefon götürür. Ailə bağları qırılıb. Söhbət etmir, uşaqlara vaxt ayırmırıq. İşimizin olub-olmamasından asılı olmayaraq, vəziyyət belədir”
Milli Məclisin Gənclər və idman komitəsinin dünən keçirilən iclasında millət vəkili Elşən Musayev övladının təhsilində maraqlı olmayan valideynləri gündəmə gətirib. O, bildirib ki, bəzi ailə və valideynlər ümumiyyətlə, övladlarının təhsil almasını istəmirlər. Deputat belə halın təmsil etdiyi Zaqatala rayonunda, o cümlədən, Şimal bölgəsində də müşahidə olunduğunu təəssüflə vurğulayıb.
Versus.az azEdu.az-a istinadən valideynlərlə mütəmadi ünsiyyətdə olan direktor və məktəb psixoloqlarının mövqeyini təqdim edir.
“Dövlət sifarişli yerlər artırılsa, valideyn də uşaq oxutmaqda maraqlı olar”
Ağdam rayon 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli düşünür ki, valideynlərin belə fikirləşməsinin əsas səbəbi imkansızlıqdır:
“2011-ci ildə bura müəllimlik etməyə gələndə belə hallar daha çox idi. Qızları IX sinfə çatan kimi məktəbdən çıxarır, ailə qurmağa məcbur edirdilər. Amma gənc müəllimlər rayona gəldikdən sonra insanlarda təhsilə və özlərinə inam yarandı. Artıq sinifdəki 4 uşaqdan ikisi qız, ikisi oğlandır.IX sinifdə qızların sayı daha çoxdur. Yaşadığım ərazidə artıq bu problem cüzidir. Hazırda əksər valideynlər övladlarını oxutmaq üçün bir-biri ilə bəhsə girirlər.
Oxutmamaq problemi isə əsasən, imkansızlıqdan yaranır. Biz şagirdin universitetə qəbul olunmasına şərait yaradırıq, tələbə də olur. Amma bəzən valideynin ev tutub, təhsilhaqqı ödəməyə imkanı çatmır. Ən böyük problem isə təhsilhaqqının çox olmasıdır.Dövlət sifarişli yerlər artırılsa, valideynlər də uşaq oxutmaqda daha maraqlı olarlar”.
“Evə girən kimi hərə əlinə bir telefon götürür. Ailə bağları qırılıb”.
Direktor valideynlərin bu hərəkətini cahilliklə əlaqələndirir:
“Düşünürlər ki, kişinin qızı oxumaz. Başa düşmürlər ki, biz müharibə şəraitindəyik. Aprel döyüşlərində xeyli oğlumuz şəhid oldu. Dövlət olmasa, onların əksəriyyətinin xanımı yoxsul vəziyyətinə düşərdi. Çünki çoxunun əlində sənət yoxdur.Təhsil əsas elə qadına lazımdır. Nə vaxtsa onun ailə üzvü şəhid olanda xanımın əlində diplomu olmalıdır ki, ailəsini saxlaya bilsin, kimsəyə möhtac qalmasın. Hər şeyin çıxış yolu təhsildir. Müharibə şəraitində olan dövlətin təhsilə çox ehtiyacı var.
Bəzən valideyni çağırıb deyirik ki, övladının problemi var, dərslərinə ciddi yanaşmır. İnanın, valideynin ilk sözü belə olur: “Əyninə paltar alıram, yedizdirirəm... Niyə oxumursan?” Başa düşmürlər ki, kobud daolsa, qapımızdakı inəyəqarşı da belə davranırıq. Bu, bir şəxsiyyətə qarşı düzgün davranış deyil. Onlar əsas məsuliyyətsizliyi övladlarına vaxt ayırmamaqda edirlər. Evə girən kimi hərə əlinə bir telefon götürür. Ailə bağları qırılıb. Söhbət etmir, uşaqlara vaxt ayırmırıq. İşimizinolub- olmamasından asılı olmayaraq, vəziyyət belədir. Valideynə zəng vurub deyirəm ki, övladın oxumur. Deyir, yox, oxuyur. Bu insan fikir vermir ki, uşaq evdə əlinə kitab alır, ya yox. Normal valideyn hər gün övladını yanına çağırıb, onun kitablarını açar, dərsi ilə maraqlanar”.
Nemət müəllim problemdən çıxış yolları arasında televiziya kanallarının rolunu xüsusilə vurğulayıb:
“Televiziya kanalları Təhsil Nazirliyi və digər qurumlarla birgə verilişlər hazırlamalıdır. Boş-boş şoular, lazımsız şeyləri təbliğ edən proqramlardansa, sırf təhsil verilişləri olsun. Məsələn, hansısa kanal hər həftə işə qəbul olunan müəllimləri, uğur qazanan şagirdləri təbliğ etsin. Belə verilişləri də günün elə saatında göstərirlər ki, valideyn işdə, uşaqlar dərsdə olur”.
“Özü təhsil almayan valideyn düşünür ki...”
Neftçala rayon, Şirvanlı kənd tam orta məktəbinin psixoloqu Elmir Tağıyev də yaşadığı ərazidə belə halları az müşahidə etməyib. Deyir ki, yalnız ali təhsilli valideynlər övladlarının oxumasını istəyirlər:
“Özü təhsil almayan valideyn isə düşünür ki, övladım peşə sahibi ola bilməz. Bunu da məktəbin zəifliyi ilə əlaqələndirirlər. Bu, onları daha da laqeydləşdirir. Rayon yerlərində əraziyə uyğun təsərrüfat işləri də şagirdləri təhsildən yayındırır. Valideyn hansı təsərrüfat işi ilə məşğuldursa, övladının da o sahədə olmasını istəyir. Belə sahələrdə isə təhsilə ehtiyac olmur”.
Psixoloq deyir ki, bu barədə valideynlərlə dəfələrlə müzakirə aparıb. Əvəzində isə müxtəlif tələblərlə qarşılaşıb:
“Onlar özlərinə uyğun tələblər qoyurlar. Hər insanın fikrinə hörmət etməyə isə məcburuq. Məsələn, bəziləri düşünür ki, öz dolanışığımız nədən çıxırsa, uşaq da o işlə məşğul olmalıdır. Çıxış yolu maarifləndirməkdir. Valideynlərdə yeni fikirlər formalaşdırmaq lazımdır. Anlamalıdırlar ki, başqa sahələr də var. Yol isə təhsildən keçir”.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...