”Zəngulə“nin harayında

06:39 06-03-2018 | icon 1588 | Köşə
”Zəngulə“nin harayında

 8 MART GÜNÜ

İGİD TEYMURLU

“Orada xoşbəxtlik tövlənin sonunda yerləşməklə ölçülürdü”.  Sitat yazıçı NÜŞABƏ MƏMMƏDLİnin “ZƏNGULƏ” povestindəndir. “8 mart bayramı”  şərəfinə düzənlənən şouda ermənilər  tövləyə doldurulmuş türk qadınlarından gözəgəlimlisini seçib bütün gün ərzində...Hamının gözünün qarşısındaca  törədilən bu biabırçılığa tuş gəlmək  və bu biabırçılığı görməmək üçün hər kəs iyindən burun tutulan tövlənin sonuna can atırdı – 8 mart günü ora Azərbaycan Qadını üçün xoşbəxtlik hücrəsinə çevrilmişdi...

Əsasən uzun sürən amansız düşmənçilik çarəsiz adamları bir-birinə ən yaxın dostluqdan da çox yaxınlaşdırır.  Axı deyəsən biz də yavaş-yavaş düşmənlərimizə yaxınlaşmaqdayıq. Milli-mənəvi dəyərlərimizi unuda-unuda, sözdə onları topa tuta-tuta əməldə ÖZÜMÜZÜ itirməkdəyik. Ən uca Zirvədə qərar tutan QADINLIQ anlayışı ÖZ UCALIĞIndan endirilməkdədir, fərqinə varanımız yox. Küt letargiya dalğınlığına qapılanlarımız hələ də inadla nəyisə gözləmədədilər.

Günümüzün Xudayar bəylərinin zoğal ağacları QADINLIĞI, ANALIĞI özünün əsirinə çevirib!

İnsan kimi doğulsalar da, insan kimi Onlara yaşamağı haram edən insan olmayanlar insanı insan olmağına peşman ediblər!

İnsan olmayanlar insanı ANA OLMAQLARINA GÖRƏ peşman ediblər!

İnsan olmayanlar “mən anayam” deyənləri DOĞULDUQLARINA, DOĞDUQLARINA GÖRƏ PEŞMAN EDİBLƏR!

Insan olmayanların ucbatından anaların, qadınların ah-zarları da, nalələri də, qarğışları da yetim qalıb!

İnsan olmayanlar  elə bilirlər ki, bu dünya onlarındır!

Unudurlar ki, qarğışları yetim qalan millətin də Allahı var -  az qala Onun da işinə barmaq etmək istəyində bulunduqları Allah!..

Hələ ki, itirdiyimiz Vətən torpaqlarından hər gün bir addım uzaqlaşırıq. Səsimiz çatmaz, ünümüz yetməz olur o yurdlara! Şah İsmayıl dönəmindən ta bu günədək otuz dəfədən artıq kiçilməyimizin fərqinə varan yox! Üstəlik özü-özümüzə qənim kəsilməyimiz də Bizi böyüməyə qoymur. Analara doqquz ay yük olmağımızı tez bir zamanda unudub qara durnalar tək elə beşikdəcə bir-birimizə qənim kəsilirik. Azad İnsan Anlamını qadınlar canlarından can ayrılarkən bu dünyaya gətiriblər. Kişilərsə  bunun bədəlini Tanrı dərgahında qabırğalarıyla ödəsələr də, o ağrını, o acını, o sancını  duymayıblar. Qadın daşıdığı Yükdən azad olanda kişilərsə gözləri yumulu halda bu dünyanın azadlığını qazanmaq şansı əldə ediblər. Əldə edilən şanslar  maraqlar çərçivəsində qiymətləndirildi ..Kim bilir, bəlkə də elə buna görədir ki, Azadlığın qədrini bilməyənlər sonradan vətənin anasını ağlar qoyublar...

Siz heç TORPAQ SATAN QADIN gördünüzmü, yaxud haqqında eşitdinizmi!?

Yoxdur beləsi, satqınçılıq kişilərdən qalma mirasdır. Zamanın qəribləşdirdiyi, tənhalaşdırdığı füsunkarlıqda zərif xeyirxahlıq və yurdsevərlik pərdəsinə bürünmüş QADINLARsa incə qəlblərinin ÇİLİKLƏNMİŞ GÜZGÜLƏRində yenə də Bizi Bizə göstərməklə müqəddəs yük daşıyıcısı kimi öz YOLlarındadılar!!!

Mən Ulu Tanrıdan Azərbaycan Qadınına ağlamaqdan birdəfəlik hifz olunmasını arzulayıram! Çünki günümüz belə davam edərsə sıxıb suyunu çıxardığımız müqəddəs sandığımız Göz Yaşlarımızdan da uzaq düşəcəyik.

Kamanın, qaboyun sədaları altında ağlaya-ağlaya o MÜQƏDDƏSLİYƏ də qənim kəsilirik!

Yaralarımıza məlhəm qoymaq əvəzinə ona duz basanlar kimi davranırıq və duz basanlar da öz içimizdə!

“Ana” dediyimiz vətənin ürəyini elə özümüz sındırmışıq ki, həsrət qaldığımız o dağların, o çəmənlərin gülü, çiçəyi də farsların, rusların, ermənilərin, gürcülərin, ərəblərin ayaqları altında qalıb!....

Heç kim məndən inciməsin, deyilənlər gəlib başa...Bu gün Dərdlərimizə məlhəm üçün qılınc qurşanıb at səyirdəsi oğlanlara çalıb oxumaq yarışları düzənləyənlər bundan bir həzz alırlar. Özünüz baxın: milləti öz KÖHNƏ DƏRDLƏRinə çarə bulmaq üçün səsləməli olan rəhmətlik SEÇİLMİŞLƏRimizdən olanlar  görün nə deyirdilər. Rəhmətlik VAQİF SƏMƏDOĞLU deyirdi ki, “bizə Qarabağ mövzusunda şer yazmaq lazım deyil”. O zaman da demişdim, indi də deyirəm. Niyə atam, qardaşım? Lap torpaqları vuruşub alaq,  axı bu qanlı tarix, erməni vəhşilikləri də ədəbiyyatımızda gələcək nəsil üçün öz hifz olunub saxlanılmalıdır....

Başqa bir rəhmətlik NÜSRƏT KƏSƏMƏNLİ “nəslimizdə zənən xeylağı yoxdur”(???)  deyə para xatirinə lüt-üryanlaşdırılmış Azərbaycan qadınlarının gözəllik müsabiqələrində “dünya bazarı”na çıxarılmasının əsas tərəfdarlarından biri idi...

O Ölülərimiz, bu da ki. Dirilərimizdən olan “erməni xalqı bizim düşmənimiz deyil” deyən Qaçqınkomumuz, “biz uşaqlarımızı erməniyə nifrət ruhunda böyütməməliyik” deyən muzıkant səfirimiz.....

Bunun nəticəsidir ki, bugünkü gənclik az qala “Azad Qadın” heykəlinin özünü belə ehtiraslı baxışlarla süzürlər, “kişi döürüg” deyə qürrələnirlər,  kamranhəsənlilərin təbirincə desək, “kayf eləməkçün” ətrafında ikiayaqlı itlərin hürüşdüyü və növbə çəkdiyi gecə barlarını axtarırlar. Mən bu yazıda heç də Azərbaycan Kişisini aşağılamaq fikrində deyiləm. Əsla. Ancaq belə olan halda istər-istəməz, adama  deyərlər, ölün də, ölün də, “kişi” olanın da yurdu, yuvası, torpağı, anası, bacısı yağı əlində olarmı?!

Eşit, Azərbaycan Kişisi, eşit və tuta bilirsənsə və tuta bilərsənsə, tut başını görüm necə dik tutursan!...

Eşit Azərbaycan Kişisi, eşit! Bu, Azərbaycan Qadınının ürəyində olan, ancaq bir Qurd sevgisiylə dillərinə gətirə bilmədikləri sözlərdir. Azərbaycan Kişisini aşağılamamaq, Azərbaycan Kişisini zəif durumda görmək üçün Azərbaycan Qadını bu sözləri dilinə gətirmir. Ancaq nə yazıq ki, bütün bunların qarşılığında Azərbaycan Kişisi Yurd Sevgisini arxa plana keçirməklə QADINLIĞIN BÖYÜKLÜYÜnü də göydən yerə vurdu və vurur da!

Eheeeyyy, ay bu yurdun “kişilər”i, siz Bakımızın nöyüt iyi verən göbəyinə pərçimlənmiş gecə barlarında, dəbdəbəli saraylarda “kayf eləməkçün” yığışanda “Böyük Ermənistan” iddialı Livan, Suriya erməniləri də elə sizin tək “kayfovat xaçu” deyib onların bir addımlığındaca olan qara bəxtli Qarabağımızda “azərbaycanlı RƏHİMƏLƏR”dən yazılası belə mümkün olmayan həzz tələb edirlər!!!!

Son 28 ildə torpaq harayına ilk olaraq müraciət edən səhv etmirəmsə yenə də Azərbaycan Qadını oldu – çoxdan da çox sevdiyim NÜŞABƏ MƏMMƏDLİ. Oxuyun Onun “ZƏNGULƏ” povestini və görüm bundan sonra nə danışacaqsınız?

Sizlərsə buxara papaqlarınızı bir az da tik tutun zəmanəmizin siyasətində və ədəbiyyatında olan Xudayar bəylər!

Yetmədimi!? Yetmədimi Selincerlərin ehtiraslı dalğalar qoynunda ölən banan balıqlarının əhvalından bəhs edən yazılarını oxumağınız!? İndi erməni tapdağı altında qalan yurd yerlərimizin ahından doğan “ZƏNGULƏ”nin zamanıdır – dağları, daşları titrədən “ZƏNGULƏ”nin....

RƏHİMƏLƏRİN, ZEYNƏBLƏRİN FACİƏSİni unudaraq “erməni xalqı bizim düşmənimiz deyil; biz sülh tərəfdarıyıq” deyənlər görən fərqindədirmi ki, “atadan övlada düşmən miras qalmamalıdır”. Nüşabə xanım Məmmədli belə deyir – Azərbaycan Qadını. Buyur Azərbaycan Kişisi, yağı tapdağı altında inləyən meydan bizi gözləyir!

Bu günün reallığında dəhşət saçan səhnələrin şahidi oluruq. Poeziyamızın “Baba Dərviş”i  MƏMMƏD İSMAYIL elə redaktoru Nüşabə xanım olan “Karvan” qəzetində bir zamanlar mənə olan müsahibəsində söyləmişdi ki, “millətimizin varlığını, mənəviyyatını, mənliyini, kimliyini para hesabına zorlayırlar”. O proses bu gün də davam edir – teleekranlar snayper timsalında gülləni düz millətin qəlbinə yağdırır. Bəs o yanda nə baş verir?

O yandasa bir “ZƏNGULƏ” harayında erməni Samvelin davamlı şəkildə kişlədiyi xoruzu tutmaq üçün əsir qız-gəlinlərimizin tövşüyə-tövşüyə qaçaraq büdrəməsi, büdrəyərək üzünü qara etdiyimiz torpağa yıxılması bir zamanlar “katibə” kimi məclisin başına keçirdiyiniz erməni fahişələrininin gülüşləriylə müşayiət olunur!!!!.

Allah Sənə də insaf versin, ay Nüşabə xanım!...Və Allah Sənə torpaqlarımızı işğaldan azad etmək üçün heç səbir verməsin, Azərbaycan Kişisi!!!

Görən sonu olacaqmı bu müdhiş oyunların !?...

Bu oyunlar Keçmişimizlə İndimiz, İndimizlə Gələcəyimiz  arasında dərin bir uçurum yaradıb. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Azərbaycan Kişisi bir o qədər də həmin uçurumun dibindən boylanacaq. Azərbaycan Qadınısa o qorxunc uçurumun lap qırağında ürəkləri də əllərinin içi kimi qabar-qabar vəziyyətdə boynu buruq halda dərdləriylə baş-başa qalacaq!!!!

Bir zamanlar Nüşabə xanımın haqlarında yazdığı indiki selikonli-melikonlu “YIĞMA ARVADLAR”ı da mən qınamıram. Çünki  onların “zapçastlarının dəyişdirilməsi”ni etibarlı əllərə tapşıran kişiciyəzlərdə olmayan qürur bu hala rəvac verir...

Belə baxanda istər düşmən tərəfdən olsun,istərsə də içərimizdən QADIN UCALIĞIna qarşı bir hücum var. Elə 1910-cu ildə də belə olub ki, KLARA SETKİN də durub özündən bir bayram uydurub. Bunun üstündən də düz 7 il keçəndən sonra bizimkilər də bir firqənin istəyi olan 8 MART gününü BEYNƏLXALQ QADINLAR GÜNÜ kimi qeyd etməyə başlayıblar. Və indi də edirlər. Xub, qoy olsun, ancaq bizim dünyamız təkcə Bakıdan və ətrafımızdakılardanmı ibarətdir?

Sizi bilmirəm, mən belə düşünürəm. İnsanlığa sevgim də ölməyib. Aparacağım paralellər kobudluq olsa, kimsə əbu əcdadını unudaraq əbu əcdadıma söysə də, demək məcburiyyətindəyəm. BU GÜNÜN ACI GERÇƏKLİYİ ONU GÖSTƏRİR Kİ, BİR İTİN İTƏ, BİR İTİN YURDA OLAN SEVGİSİ VAXTİLƏ ONA VƏ VƏTƏNƏ YİYƏ DURMUŞ İNSAN SEVGİSİNDƏN LAP ÇOX İMİŞ. Mən bunu könüllü olaraq Yurd uğrunda döyüşə atıldığım zaman LAÇIN rayonunun QORÇU KƏNDİNDƏ GÖRÜB HÖNKÜR-HÖNKÜR AĞLAMIŞAM VƏ İNDİ DƏ O SƏHNƏNİN QƏLƏMƏ ALANDA HÖNKÜR-HÖNKÜR AĞLAMAQDAYAM, GÖZÜMÜN YAŞI SİFƏTİMDƏ ŞIRAM AÇIB AĞLAMAQDAN....

Qorçuda İKİ İT gördüm. İtin biri elə açılıb buraxılmadığı zəncirdəcə acından ölmüşdü. O biri İtsə sağ idi. Allah, Allah İt bizim hənirtimizi duyar, duymaz  əməlli-başlı gözlərilə dil açmışdı. Əlimizi, ayağımızı duz kimi yalayır, hürə-hürə bütün kəndi ayağa qaldırır, qonşu kənddəki ermənilərə göz dağı verirdi ki, Yurdun və Mənim Sahibim gəlib, heç nəyə uymayıb, qayıdıbdır – BU GÜN QİSAS GÜNÜDÜR....

 O İtdə nə monopolist, nə də inhisarçı düşüncə yox idi. Acından bir dəri, bir sümük qalsa da, həmcinsini bir qarın yemək üçün cırıb dağıtmamışdı, yurd yerini buraxıb Allahın Kəlbəcərinə belə sığınmamışdı. Tək canıyla ermənilərin baş-beynini aparmışdı...O İtin baxışlarında nələr yox idi, İlahi!!!!!

 Adam həm də o İtin gözlərinə baxmaqdan qorxurdu – çünki o Gözlərdə Sevgi ilə Nifrətdən formalaşan bir Vəhşi Qəzəb var idi. O Gözlərdə mərhəmətlə yalvarış eyni anda adama ünvanlanırdı. Bizim qarşımızda o İt necə də sevinirdi, min cür hoqqa çıxarırdı, deyəsən həm də bizi əyləndirirdi. Yurd uğrunda gedən savaşlarda başqa itlərə arxalanmayın, başqa itlərdən qorxmayın deyirdi.... O İtin Baxışları əbədi olaraq mənim yaddaşıma həkk olunub. O İT AZƏRBAYCAN DÖYÜŞÇÜLƏRİ QARŞISINDA ÖZ İT HƏYATINDAN ZÖVQ ALIRDI, KİMLİYİNİ BELƏ UNUTMUŞDU. O BİZİMLƏ İT, BİZ ONUNLA ADAM DİLİNDƏ DANIŞIRDIQ......

İndi harada olmasını bilmirəm, ancaq mən indi o it üçün göz yaşı axıdıram – vətənimin iti üçün!!!

Di gəl ki, böyür-başımızda hürüşən küçə itlərinin zingiltiləri bizə öz kimliyimizi unutdurmaqdadır. Özümüzü unuduruq. Adam olub adam kimi adamlarımıza yanaşa bilmirik. Bir addım öndə olmaq üçün başqasını parçalamaq, onu bir loxma çörəyə möhtac eləmək, ancaq özümüzü düşünmək bizim yaşam tərzimizə çevrilib. 8 mart günü də elə bu əhval-ruhiyyə ilə keçirilir. Olsun. Ancaq bu “olsun” olmamış olmuşlarımızı, əsirlikdə qalmışlarımızı da bir yada salalımmı? Özü də Nüşabə xanımın “Zəngulə”sinin harayında...Zəhmət  olsa da, olmasa da, mənə deyin görüm:

GÖRƏN bu 8 MART QİYAMƏT XALAnın da bayramıdır!?

GÖRƏN  bu 8 Mart ZƏHRA XALA, TƏKDÖŞ XURŞUD MÜƏLLİMƏnin də bayramıdır!?

GÖRƏN  yenə də adı çəkilən əsir qadınlarımız üçün tövlə qarşısında qazanlar asılacaq?

GÖRƏN  yenə də ermənilər əsir qadınlarımızı Azərbaycan əsgərlərinin müxtəlif bədən əzalarını doğramaqla qazana atıb, ortasına da 2-3 dişi ağara qalmış saqqallı başdan ibarət dəhşətlər yığnağına “dəvət” edəcəklər?

GÖRƏN  yenə yemək çəkməyə vadar edilən Qiyamət xala Zəhra xalaya xitabən “qabları yığ gətir mənə” deyib bir əlində qazan qapağı, bir əlində də çömçəsi “qiyamətdi, Allah, Allah” deyib, dəlicəsinə şıdırğı rəqs edəcəkmi?.....

Bu suallara ayrıca olaraq kimsə yox, Bütöv Azərbaycan cavab verməlidir?

Məni qınamaq istəyənlər və qınayanalar, 8 MART BİLİRSİNİZ NƏ GÜNÜDÜR!? SİZ DÜŞÜNDÜYÜNÜZ VƏ SİZƏ TANITDIRILAN KLARA SETKİN ƏNKƏ BÖYÜYÜNÜN AĞZIYLA QƏLƏT ELƏYİR...

Bu gün TƏKDÖŞ XURŞUD MÜƏLLİMƏNİN ERMƏNİNİN MƏNİMSƏYƏRƏK OYNADIĞI “ÇİLƏMƏ” OYUNUMUZA TUŞ GƏLƏRƏK “İNQƏ, İNQƏ” QIŞQIRAN BALASINI CIRIQ QARNINDA GİZLƏTMƏYƏ ÇALIŞAN CEYRAN BACININ HARAYINA YETİŞDİYİ GÜNDÜR....Elə isə papağınızı bir az da dik tutun, günümüzün Xudayar bəyləri!

Bütün bunların fonunda erməni-türk düşmənçiliyini hansısa dostluq telləri üzərində kökləməyə çalışanların genlərindəki embrionların analizinə ehtiyac duyulur...

Deyirsiniz 8 mart Beynəlxalq Qadınlar Günüdür də?! Pək əla, siz dediniz, mən də qəbul edirəm. Aha, deməli, bu bayram həm də Qiyamət nənənin, Ceyranın, Xurşudun, Rəhimənin bayramıdır!? Öyləmi!?

Amma yoooox, bu bayram “ABEDİNƏ  BALA ƏTİ VERİLƏN” həmin xanımların bayramı deyil. Bu, bizim varlığımıza tüpürən və bizim dərdlərimizi gülüş obyektinə çevirən qudurmuş Avropa Klaralarının bayramıdır, Rəhimələrin bayramı deyil!

MİN DƏNƏ KLARALARIN, KLARANIN SƏLƏFLƏRİNİNİN, KLARANIN XƏLƏFLƏRİNİN RUHU QURBAN OLSUN LAÇINDA QARŞILAŞDIĞIM O İTİN BİRCƏ BAXIŞINA!!!

 Mən yurd uğrunda “ZƏNGULƏ”nin harayını eşidəndən sonra əməlli-başlı sarsılmışam, elə o gündən də QİYAMƏT NƏNƏLƏR ÜÇÜN, Rəhimələr üçün hədiyyə axtarışındayam. Nə qədər ki, RƏHİMƏLƏRİN FACİƏSİnin qisası alınmayıb bircə günün xoşbəxtliyini zövqü-səfada yaşamaq və yaşatmaq KİŞİLİYİMİZə yaraşmaz. Biz ana-bacılarımızı, xanım-xatunlarımıza Allahın iznilə əbədi olaraq xoşbəxtliyi tövlə hücrəsində deyil, layiq olduqları yerdə yaşatmalıyıq.

BƏYLƏR VƏ XANIMLAR, LÜTFƏN, HEÇ  DÜŞÜNDÜNÜZMÜ BUNLARI?

GÖRƏN bu 8 martda da əsirlikdə olan qız-gəlinlərimizi kim və necə təbrik edəcək?

GÖRƏN Samvellər indi nə ilə sevindirəcəklər onları?

GÖRƏN bu dəfə onların bayram qazanlarında nə qaynayacaq?

GÖRƏN bu dəfə “bayram münasibətilə” Rəhimələrin o vaxtkı ağappaq, mərmər sinələrində neçə xaçşəkilli dağlar çəkiləcək?

GÖRƏN.....görən....görən.....

Böylə düşünməkdəykən iki gündən sonra solacaq gül dəstəsilə hansı təbriklər şousundan danışmaq olar və necə?

Nüşabə Məmmədlinin(Quzanlı) “Zəngulə”sinin harayını eşidirsinizmi?! Görün nə deyir: ay bu günümüzün Xudayar bəyləri, gedin zoğal ağaclarınızın zərbini erməniyə, farsa, rusa göstərin, Məmləkət Əhlinə, sizə Azadlığı bəxş edən qadınlara yox! Çilikləməyin Onların Güzgü timsallı Qəlblərini. Onsuz da Onların Qəlblərini Samvellər çilikləyiblər, siz də bu Sınıq, Çiliklənmiş Güzgülərdə gördüyünüz öz nankorluğunuzdan, unutqanlığınızdan utanmayacaq qədər böyük olun.

DUYUN RƏHİMƏLƏRİN FACİƏSİNİ, EŞİDİN QİYAMƏT NƏNƏNİN HARAY SƏSİNİ Bir yanda Klaranın Ruhu, bir yanda da “inqə,inqə” səslərindən “göz yaşları”nı saxlaya bilməyən Ceyranların cırılmış qarınları.....Verin hədiyyələrinizi, edin məlhəminizi. Kimin istəyin, kimin diləyin özünüzə yaxın sanırsınızsa, ona yaxınlaşın....

Ancaq məni Klaranın ruhu qətiyyən ilgiləndirmir. Məni xoşbəxtliyi əsir tövlələrimizin qaranlıq hücrəsində tapanlar ilgiləndirir. O İTin baxışları məni daha çox ilgiləndirir. Axı o Baxışlarda hər şey var idi....Qadın Özü Güldür, Çiçəkdir. Gülü güllə, Çiçəyi çiçəkləmi sevindirəcəksiniz!? Buna hacət yox. Mən Azərbaycan Qadınına Azərbaycan Kişisinin Qürurunun Özünə Qayıdacağı Günü görməyi arzulayıram!!! Və Ali Səcdəylə Azərbaycan Qadını qarşısında baş əyirəm: həm utandığımdan, həm də sevdiyimdən......

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”