Gənclər Fondundan işsiz gənclərə ÇAĞIRIŞ
Azərbaycan Respublikasının Gənclər Fondu işə düzəlməkdə çətinlik çəkən gənclərin məşğulluğunun artırılması məqsədilə əmək haqqının qismən maliyyələşdirilməsi proqramının başlanmasını elan edir.
Versus.az xəbər verir ki, ölkə gənclərinin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həll edilməsi, o cümlədən, gənclərin layiqli məşğulluğunun təmin edilməsi ölkə başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Gənclər siyasəti haqqında Qanun və "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsi Fondun vəzifələri sırasına daxil edilmişdir.
Bununla əlaqədar, Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 29 yaşına qədər olan orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verir. Proqramın həyata keçirilməsi gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcəkdir.
Proqram çərçivəsində işə cəlb olunan gənclərlə minimum 1 illik əmək müqaviləsinin bağlanması və əmək haqqının müəyyən müddətə qismən Fond tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcəkdir.
Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.
İşə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq nəzarəti həyata keçiriləcək.
15 aprel tarixindən başlayaraq, il boyu davam edəcək Proqramda təklif olunan vakansiyalar mütəmadi olaraq, yenilənəcəkdir.
İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiyaya müraciətlərini göndərə bilərlər.
Bakı və regionlarda yerləşən Gənclər Evlərində Proqram barədə info sessiyalar təşkil ediləcək, bununla yanaşı, müraciət etməkdə çətinlik çəkən şəxslərə Gənclər Evlərində müvafiq texniki yardım göstəriləcəkdir.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...