“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL
Razi Nurullayev: “Bu nazirin fəaliyyətinə baxanda düşünürəm ki, Misir Mərdanov ən yaxşı təhsil nazirlərindən biri olub”
“Vaxtilə mən sabiq təhsil naziri Misir Mərdanovu təhsildə apardığı islahatlara, qanun pozuntularına göz yummasına görə qınayırdım, amma bu gün ona haqq qazandırıram. Hazırki təhsil nazirinin fəaliyyətinə baxanda düşünürəm ki, Misir Məmmədov həqiqətən də ən yaxşı təhsil nazirlərindən biri olub”.
Bu sözləri məktəblilərin müəllimlər tərəfindən döyülməsi, şagirdlərin intihar həddinə çatdırılması və təhsildəki digər neqativlərlə bağlı Versus.Az-a açıqlamasında AXCP sədri Razi Nurullayev deyib.
Azərbaycanda təhsilin məhv edildiyini vurğulayan partiya sədri, təhsil naziri Ceyhun Bayramovu tutduğu vəzifəyə uyğun adam hesab etmədiyini bildirib:
“Hesab edirəm ki, Ceyhun Bayramovun təhsil naziri vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək. Çünki mən bu nazirin apardığı islahatların, gördüyü işlərin Azərbaycan təhsilinin inkişafına gətirib çıxaracğına inanmıram. O, təhsillə bağlı hardansa oxuyub öyrəndiklərini Azərbaycan təhsilinə necə gəldi tətbiq etmək istəyir”.
Razi Nurullayev hesab edir ki, Azərbaycan təhsil sistemində baş verən bütün eybəcərliklərin hamısı rəhbərə bağlıdır:
“Ceyhun Bayramovdan öncəki nazir də təhsillə bağlı normal siyasət yürüdə bilməyib. Hazırkı vergi naziri Mikayıl Cabbarovun müəyyən müsbət addımları olsa da, o, təhsil sistemindən uzaq bir adam idi. O da təhsili öyrənib nəsə tətbiq edənə qədər isə təhsil sisteminə kifayət qədər ziyan vurmuş oldu”.
Təhsil sisteminin bu gün ən çox korrupsiyalaşan, rüşvətə bulaşan sahə olduğunu vurğulayan partiya sədri qeyd edib ki, bununla bağlı konkret faktları var:
“Təhsil Nazirliyinin bütün rayon şöbələrinin hamısı rüşvətə bulaşıb. Məktəb direktorlarının bir çoxu şagirdlərin təhsil almasına nail olan şəxslər deyillər və tam siyasiləşmiş seçki məmuruna çevriliblər. Bir çox məktəb direktorlarının fizianomiasına baxanda onlarda ziyalılıq görə bilmirəm. Onları bu səviyyəyə rüşvət, korrupsiya gətirib çıxarıb. Səbəb – "dişsizlik"!
Mən Ceyhun Bayramovu öz işində "dişli" hesab etmirəm, zəifdir. Problemlərin aradan qaldırılması üçün kifayət qədər addımlar atmır”.
Artıq müəllimliyin bir ziyalılıq səviyyəsində olmadığı reallığını təəssüflə qeyd edən R.Nurullayev bu gün müəllimə, həkimə hörmət qalmadığını bildirib:
“Bütün bunların səbəbi müəllimin də, həkimin də rüşvət almasıdır. Ancaq bunda birbaşa sadə həkimi və müəllimi günahlandırmaq olmaz. Bu gün 120-200 manat maaşla heç bir müəllim, həkim dolana bilməz, o, rüşvət almağa məcbur olacaq. Bunun birbaşa günahkarı isə hakimiyyətdir. İndiyə qədər təhsil sistemində əməkhaqqını qaldıra bilməyib. Səhiyyədə lazımi islahatlar aparılmayıb. Səhiyyə və təhsil sistemi ən orta səviyyəli korrupsiyanın çox olduğu sahələrdir”.
SEVDA
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...