MİLLİ MİTOMANİYA və onun MİTOMAN SAKİNLƏRİ
PAKİZƏ BABAZADƏ
Bilən bilir, bilməyənlərə bildirək ki, MİTOMANİ bir psixoloji xəstəlik, daha doğrusu bir sindromdur. Yalan söyləmək və ən önəmlisi də bu yalana özünün də gerçəkdən inanması xəstəliyi.
Bu sindroma yaxalananların bir özəlliyi də yalanları ortaya çıxınca, doğruluğuna hər kəsi inandırmaq üçün daha böyük yalanlar uydurar, ipin ucun qacıraraq əndazədən çıxacaq səviyyəyə gələrlər.
Xəstəliyin uzmanlar tərəfindən verilən analizində qeyd olunur ki, gerçək olmayan fikirlərlə insansanları yönləndirməyə çalışan mitomanlar əslində insanlara zərər vermək fikrində olmayan, yəni bəlli bir amacı olmayan insanlardır. Buna səbəb bir sıra psixi pozuqluq, məsələn narsistik, histerik, asosial və s. kimi səbəblərdir.
Amma məncə tədqiqatçılar bu məsələyə bəsit bir sindrom xəstəliyi kimi yanaşmaqda səhv edirlər. Zira bizdəki Mitomanlardan xəbərləri yoxmuş mühtəmələn.
Milli Mitomaniya (Meçlis) sakinləri olan yerli mitomanlarımız onların bu diaqnozunu çoxdan çürütmüşlər. O üzdən uzmanlar öz fikirlərində dəyişiklik etməli və bu məsələyə daha geniş aspektdən yanaşmalıdırlar.
Dünyada nadir mitomani nümunələrinə bizim Milli Mitomaniyamızda rast gəlmək mümkündür. Və bu türün özəlliyi də yuxarıda qeyd etdiyim səbəblərdən əlavə bir sıra zərərli simptomların daşıyıcıları olmasıdır. Məsələn, adi milomanların bir növ suçluluq psixologiyasından qurtulmaq ücün bəhanələr uydurduğu və zamanla bunların yalanlara yol açdığı bildirilir. Amma bizim mitomani türlərimizdə suçluluq duyğusu yerli-dibli yoxdur ki, ondan qurtulmağa cəhd edib istəmədən yalana baş vursunlar.
Əksinə, sevə-sevə yalan söyləmək, bu yalana özləri də inanaraq həvəslə Xalqa sırımaq onların başlıca hobbilərinə çevrilib. Məsələn, biri iddia edir ki, ölkədəki insanların vətəndaş məmnunluğu ən yüksək həddə çatıb. O birisi də coşaraq əlavə edir ki, vətəndaşların rifah səviyyəsi dünyanın inkişaf etmiş ölkələrinin sakinlərinin yaşam səviyyəsindən də yüksəkdir. Dünya bizə həsəd aparır. Analoqsuz ölkənin analoqsuz mitomaniləri həqiqətən də psixologiya elminin müddəalarını alt-üst etməkdə analoqsuzdular.
Başqa birisi də məsələyə dahiyanə müdaxilə edərək, bizim gözəl yaşamımızı gözü götürməyənlərin iftira söylədiyini kəsin dəlillərlə sübut edərək bildirir ki, - hodri meydan, əgər millət aclıq içərisindədirsə bu iftiraçılar gəlsinlər gedək yas yerlərinə görək kim acından ölüb. Əlbəttə, günü-gündən artan intiharların, oğurluqların, cinayətlərin qətiyyən bu məsələyə dəxli yoxdur. Millətin məmnunluq hissi başına vurub, abuq-sabuq, saçma-sapan əməllərə əl atırlar.
Belə dahiyanə fikir sahiblərindən çox şükür heç korluq çəkmirik. Zaman-zaman aqillərimiz müdrik məsləhətləri ilə yolumuza işıq tutur, yol göstərirlər. Məsələn, biri deyir ki, boş-boş oturmayın, sərvətinizə sərvət qatın, məsələn çoxlu soğan əkin. Soğan çox xeyirli şeydir. Amma bu nankor millət onu dinləmədi. İndi soğan mataha dönüb qiymətə minib. Bazarın ən tütyə ürünü olub. Di gedin indi xeyirbilməzlər, vaxtilə bu müdrik məsləhəti dinləsəydiniz indi qaz vurub qazan doldurardınız.
Müdrik məsləhət baxımından xalqımız mitomanlarımızın zəka dağarcığından çox faydalanıblar. Məsələn əli nəzirli, başı Quranlı iman sahiblərimizdən biri də boş vaxtın günah olduğunu bildirərək deyir ki, müəllimlər dərsdən sonra gedib fəhləlik etsinlər. Boş duranı Allah sevməz. İsraf da allah qatında günahdır, hətta çox təqdirəlayiq yaşam minimumu olan 145 manatın indi 180 manat olması dövlətimizin analoqsuz qayğısının bəhrəsidir. Hətta əgər ailədə iki nəfər işləyirsə, bu məbləğlə şah kimi dolanmaq olar.
Nöşün ki, ailəlikcə iman sahibi olan bu imanlı mitomanımız özünün biznes şəbəkəsini, oluq kimi axan milyonlarla gəliri məhz işdən sonra fəhləlik etməklə, minimum yaşam vəsaiti olan 145-180 manata qənaət etməklə əldə edib. O qədər zəhmətsevərdi ki, pensiya yaşı çoxdan çatsa da, Milli Mitomaniyadakı kürsüsündən əl çəkmək fikrində deyil.
Pensiya demişkən, bu müdrik mitoman pensiya yaşının çox olmasından narazılıq edən nankorlara məsləhət görür ki, naşükürlük etməsinlər. Qadınlar 78, kişilər 77 yaşa qədər yaşayırlar, bu vaxta qədər 10-12 il pensiya ala bilirlər, daha nə istəyirlər. Zəhmət çəkib tez ölməsinlər, əgər tez ölüb pensiya ala bilmirlərsə, bu onların öz günahıdır. Adam haqlı, məsələn elə özünün də sakini olduğu Milli Mitomaniya sakinlərinə baxın, əsl asar-ətiqə nümunələridir. Onlar hətta ikinci pensiya yaşını da burda qarşılayacaqlar.
Milli Mitomaniyanın sakinlərinin sədaqətlərindən, dərin düşuncə içərən fikirlərindən cild-cild kitablar bağlansa azdır. Məsələn, bir ağzı oruclu zahidimiz and-aman edir ki, son 25 ilə qədər bizim vahid dövlətimiz olmayıb heç, ümumiyyətlə biz azadlıq, müstəqillik nəmənə şeydir bilməmişik. Yalnız Allahın bizə lütf edib göndərdiyi ümummilli peyğəmbər və varisi bizə bu neməti daddırıb. Necə ki, Musa peyğəmbər öz xalqını əsarətdən qurtarıb, məhz bizim peyğəmbər də biz biçarələrə müstəqilliyi öyrədib.
Biz də gərək nankor olmayaq, qədir-qiymət bilək. Məsələn, bir mitomani deyir ki, bu mübarəkin gəzdiyi yerlərdə ayaqqabı ilə gəzmək ədəbsizlikdir və məsləhət görür ki, nəbadə kirli ayaqla gəzəsiniz, evdən çıxanda mütləq ayaqlarınızı tərtəmiz yuyun çıxın... Bu mitomanik and-aman edir ki, bu müqəddəslərin ayağı düşərlidir, bərəkətlidir. Məsələn, onlardan əvvəl ölkədə əhali artımı yox səviyyəsində idi. Yəni müharibənin gətirdiyi iqtisadi çətinliyin qətl edilən minlərlə insanın, dul qalan gəlinlərin, nişanlısız qalan qızların... bu səbəblərdən boş qalan beşiklərin... buna aidiyyatı yox imiş. Günah məhz bu müqəddəslərin olmaması imiş.
Bu mitomanikin mitomanisinə görə, biz hətta düşməni bütün parametrlərdə üstələmişik. Nə olsun ki, onlar ən gözəl torpaqlarımızı əlimizdən alıblar, nə olsun ki, orada tikib-yaradır, yeraltı-yerüstü sərvətlərimizi talayır, tarixi abidələrimizi məhv edirlər, biz də əvəzində onlara səngərdə dik gəzməyə imkan vermirik. "onlar mənim torpağımda dik gəzə bilməzlər" deyə, qəzəblənən mitomanik ürəkdən inanır ki, düşmən əsgərlərinin beli əyri qalacaq, onları günəş üzünə həsrət qoymuşuq. Səngər kimi etibarlı yerdə onlar bizim qorxumuzdan başıdik gəzə bilmirlər. Yəni ki, heç snayperin-zadın bura dəxli yoxdur. Bizim vahiməmizdən büzüşüb əyri gəzməyə məhkumdular...
Bizim bu mitomanikləri görəndə Şerlok Holmsın bir deyimi yada düşür: "zehindəki axmaqlıq qədər təhlükəli axmaqlıq yoxdur."
Bir siyasi xadim də haqlı olaraq göstərirdi ki, siyasətdə və yönətimdə ən zərərli şey, millətlər və quruluşlar üçün aradan qaldırılması ən zor fəlakət, yarım bilgili adamların yetki sahibi olmasıdır.
Və bu "yarımbilgili" adamlar necə olur da yüksək yerlərə gələ bilirlər? Tebii ki, müxtəlif səbəblər var. Xüsusən bizim kimi qeyri-demokratik, rüşvətin, yerlibazlığın, qanunsuzluğun adi hala çevrildiyi bir ölkədə bu asan bir işdir. Gəl gələlim bu "yarımbilgili" imposterlərin (saxtakar) cahil cəsarətinə. İlk öncə elmdə ilk tədqiqatçılarının adı ilə Dunninq-Kruger sindromu kimi tanınan, sadə dildə isə cahil cəsarəti deyilən bu sindromun əsas xüsusiyyəti hədbilməzlık, özünü göstərməyə çalışmaqdır ki, bu insanlar adətən əksikliklərinin fərqində olmazlar.
Dunninq-Krugerə görə, bu insanların bilgi və qabiliyyət sahibi olan insanlardan başlıca fərqi özünə güvənmə hissinin yüksək olmasıdır. Yəni cahil cəsarətindən qaynaqlanan özgüvənləri onları layiq olmadığı yerlərə gətirir.
Əziz Nesinin dəlilik ən sağlam toxunulmazlıqdır fikrinə baxılarsa, bizim Milli Mitomaniyamızın mitomaniklərinin mitomanisinə şaşırmamaq gərəkir.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...