İncitdiyiniz insanların sayı-hesabı yoxdur

17:55 20-04-2019 | icon 477 | Cəmiyyət
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
 
 
 
ARİF MƏMMƏDLİ
 
 

Şəxsi feysbuk hesabımda dəfələrlə status yazaraq bəzi səlahiyyət sahiblərini şəhid ailələrini incitməməyə çağırmışdım. Yaxından tanıdığım bir şəhid ailəsinin 4-5 aydır sənəd toplamasına baxmayaraq, hələ də "qan pulu"nu almadıqlarını bildirmişdim. Sənəd toplama prosesinin bundan sonra nə qədər davam edəcəyi də bəlli deyil. Çünki əvvəllər tələb etdikləri sənədlərin yerinə başqa sənədlər istəyirlər. İndi topladıqları sənədlərin əvəzinə gələcəkdə başqa sənəd istəməyəcəklərinə də zəmanət yoxdur.

 
 
Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 aprel 2018-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana qısa müddəddən sonra dəyişikliklər etdi. Beləliklə, ölkə başçısı vaxtilə müavinət almış şəhid ailələrinə də birdəfəlik ödəmənin verilməsi barədə rəsmi qərar verərək şəhid ailələrini get-gələ salan, onları incidən məmurların bir bəhanəsini də əllərindən aldı. Bəs həmin məmurlar necə? Süründürməçiliklərindən, vətəndaşları "incitməkdən ləzzət almaq" maniyasından xilas ola bildilərmi? Təəssüflər olsun ki, yox. Bəribaşdan onu da qeyd edim ki, mənim haqqında bəhs etdiyim şəhid Niftalıyev Vüqar Cavanşir oğlunun vərəsələrinin birdəfəlik ödəməni almaq hüququ Fərmandakı dəyişiklikdən əvvəl tanınmışdı.
 
 
Birdəfəlik ödəməyə hüququ yaranan şəhid vərəsələrinin notariat konturuna təqdim edəcəkləri səndlərin siyahısı da verilib və sonda belə bir qeyd var: "Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s." Olsun. Qanunla tənzimlənən heç bir tələbə iradımız yoxdur. Yetər ki, qanunun aliliyi və ədalət prinsipi qorunsun. Amma qorunurmu?
 
 

O da məlumdur ki, bu tip məsələlər sonucda məhkəmələrə yönləndirilir və əsas problemlər də bundan sonra başlanır. Məhkəmələrdə isə şəhid ailələrini incitmək üçün o qədər "əl yeri" qoyublar ki, adam dəhşətə gəlir. Az qala dil açıb "mən şəhidin atasıyam, anasıyam, qardaşıyam, bacısıyam" deyən sənədləri nəzərə almayıb, onların varis olmadğını sübut etmək üçün "fakt" axtarırlar. Cənablar, xanımlar, bu nə süründürməçilikdir, bu nə ötür-ötür oyunudur? Onsuz da incitdiyiniz insanların sayı-hesabı yoxdur. Barı utanın, heç olmasa şəhid ailələrini incitməyin. Nə istəyirsiz axı? Bəlkə hər kəsin fərdi qaydada Prezidentə müraciət etməsini gözləyirsiz? Əgər hamı Prezidentə müraciət edəcəksə, bəs sizin işinizin adı nədir?



Məhkəmə hakimindən ədalətsiz qətnamə

Düşünmək olardı ki, ölkə başçısının 3 aprel 2019-cu ildə imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda əksini tapan ciddi tələblər bu sahədə çalışanlar üçün bir fəaliyyət proqramı olacaq: "Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.
 
 
Çox təəssüf ki, aprelin 19-da Nəsimi Rayon Məhkəməsində (7 N-li zal) Solmaz Mustafayevanın hakimliyi ilə keçirilən məhkəmə prosesi bu düşüncələrimi və inamımı alt-üst etdi. İlk baxışdan mübahisə doğurmayan, təmin olunacağına şübhə etmədiyim kiçik bir mülki işdə bu qədər biganəlik, sübutlara etinasızlıq görəndə nisbətən mübahisəli, mürəkkəb məhkəmə proseslərində nə qədər ədalətsizliklər edildiyini bir anlığa göz önünə gətirdim. 
 
 
Diqqətinizə çatdırım ki, səlahiyyətli nümayəndəsi olduğum Məmmədova Lətifə Cavanşir qızı bu il fevralın 8-də doğum akt qeydinin bərpa edilməsi haqqında Nəsimi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdi. Ərizəçinin şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamələrin (ata və anasının, şəhid qardaşının), Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən və yaşayış yerindən verilən arayışların, məcburi köçkün vəsiqəsinin surətləri də məhkəməyə təqdim olunmuşdu. Bildirişi geç almağımız səbəbindən işin 25 fevral 2019-cu il tarixdə keçirilən hazırlıq iclasında iştirak edə bilməmişdik. Martın 27-sinə təyin olunmuş məhkəmə prosesində isə iddiaçı ilə bərabər şahid kimi mən də iştirak edirdim. Hakim nikahın bağlanması haqqında şəhadətnamənin əslini nəzərdən keçirsə də, iş materiallarına əlavə etmədi. İşin mahiyyəti üzrə onsuz da iddia ərizəsində öz əksini tapan, yəni məlum faktlara dair 2-3 primitiv sualla, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə almadan 5-6 dəqiqə çəkən prosesi yekunlaşdırdı və növbəti məhkəmə iclasının aprelin 19-da keçirilməsi barədə qərar qəbul etdi. "Gəmidə oturub gəmiçi ilə dava etməyin” faydasız olduğunu anlayaraq qərarla razılaşdıq. Guya razılaşmasaydıq nə dəyişəcəkdi ki... Həm də düşündük ki, növbəti prosesədək daha çox sübut toplamaq imkanı qazanarıq. Amma iddiaçı öz saydığını sayanda hakimin nə sayacağını hesablamayıb.
 

Yuxarıda da qeyd etdiyim kimi, 19 apreldə baş tutan məhkəmə iclasında etibarnamə ilə ərizəçini mən təmsil edirdim və əlavə sübutlar gətirmişdim.Eyni zamanda iddiaçını və onun ailə üzvlərini yaxından tanıyan şahidlər ifadə vermək üçün hakimin dəvətini gözləyirdilər. Şahidləri dinləməyən hakim bizimlə bir kənddən olan 4 nəfərin iştirakı ilə tərtib olunaraq imzalanan və Şəlvə kənd ərazisi üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiqlənən aktı da sübut kimi nəzərə almadı.

 

Sübutları təqdim etmək cəhdimə hakim susmaqla cavab verdi və heç bir sübutu iş materiallarına əlavə etmədi. Şahidlərin ifadə verməsi haqqında xahişimə də etinasız yanaşdı. Müddəti əvvəlki məhkəmə prosesindən də az, uzağı 3-4 dəqiqə çəkən məhkəmə prosesini tələm-tələsik yekunlaşdırıb "məşvərət”ə getdi və qısa fasilədən sonra qayıdaraq ərizənin təmin edilmədiyini "qət etdi”. Daha doğrusu, əvvəlcədən hazırladığı qərarı açıqladı. Çünki məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət vermədən əsaslandırılmış ədalətli qərar çıxara bilməzdi. Bu, 2-3 dəqiqə ərzində nəinki hüquqi, heç fiziki baxımdn da mümkün deyildi.
 

Zəruri qeyd

İddiaçının bacısı da "doğum akt qeydinin bərpa olunması” tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət edib və ərizə 12 mart 2019-cu il tarixdə hakim Günay Həşimovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təmin olunub. Ortaya məntiqi bir sual çıxır. Necə olur ki, eyni kənddə, eyni ata-ananın ailəsində doğulan iki bacıdan (təvəllüd fərqləri ilə) birinin "doğum akt qeydi” təmin olunur, digərininki yox. Axı, hər iki hakim eyni qanunlara istinad edirlər və hər ikisi Azərbaycan Respublikasının adından qətnamə çıxarırlar. Deməli, insan faktoru həmişə önəmlidir. Bütün hallarda hakimlər qanunun aliliyinə əməl etməklə yanaşı, vicdanlarının səsinə də qulaq asmağa borcludurlar. Yadımdan çıxmamış bir məqama da toxunum. Bəlkə də "doğum akt qeydi”nin bərpa olunduğu qətnamə barədə danışmamalıydım. Görünür, başqa bir xanım hakimdən yaxşı mənada "sitat” gətirməyim Solmaz xanımın xoşuna gəlmədi və bunun əksini etməklə nümayişkarənə "qətiyyət” göstərdi.
 
 
Yeri gəlmişkən, mən Günay xanımı tanımıram, Solmaz xanımı isə cəmi iki dəfə məhkəmə zalında görmüşəm. Ona görə də hər iki xanımın şəxsi keyfiyyətləri haqqında nəsə söyləmək fikrindən çox uzağam. Amma Solmaz xanımın ədalətsiz qərar verdiyinə adım kimi əminəm. Bu qətnamənin necə əsaslandırıldığını qətnamənin mətnini alandan sonra öyrənəcəm və təbii ki, mövqeyimi bildirəcəm.
 
 
Hələlik isə fikrimi emosional bir ovqatda tamamlamağa məcburam. Bu gün işğal altında olmasına baxmayaraq, Laçın rayonu da, kiçik dağ kəndi İmanlar da ürəyimizdə, yaddaşımızda yaşayır. Sıralarımız seyrəlsə də, sağ qalanlarımızın gücü bizim orada doğulduğumuzu sübut etməyə yetəcək. Bir də bizim üçün ən böyük dərd doğulduğumuz torpaqlardan didərgin düşməyimizdir. Bu boyda dərdi olan insanlar nə doğum şəhadətnaməsini itirməyi, nə də "doğum akt qeydininin bərpa edilməməsi”ni özünə dərd etməz, Solmaz xanım. O başqa məsələdir ki, ən kiçik haqqımızı qoruya bilməsək, ən böyük istəyə qovuşmağımız müşkülə çevrilər.
 
 
 
Amalımız bu kiçik haqqı qorumaqla həm də sizi vicdan əzabından qurtarmaqdır. Çünki cəmiyyətdə çox adi qəbul edilən, hətta müdafiəsi üçün vəkil tutmağa ehtiyac duyulmayan və nəhayət şəhidin "qan pulu” ilə mübahisələnən kiçik bir mülki işdə hansısa hakimin "qalib gəlməsi”ni heç arzulamazdım.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Bu qədər də sınmaq, düşmək olmaz!

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI