“Yarıtmaz məmura rəhmət oxutduran cavan məmur da var”

15:06 22-04-2019 | icon 994 | Siyasət
“Yarıtmaz məmura rəhmət oxutduran cavan məmur da var”

Razi Nurullayev: “Gənclərə öz iş potensialını göstərmək üçün dövlət səviyyəsində şərait yaradılmalıdır”

 

Yaşlı məmurları, deputatları daha təcrübəli hesab edib, onların vəzifədə, tutduqları kürsüdə qalmalarının vacib olduğunu düşünənlər var. Belə hesab edilir ki, illərdir işinin başında olduğu üçün onların öz postunda qalması daha məqsədəuyğundur.

 

Mətbuatdakı çıxışlarında daim Azərbaycanda bir çox məmurların özbaşınalığının höküm sürdüyünü bəyan edən və bunu da faktlarla ictimaiyyətin diqqətinə çatdıran AXCP sədri Razi Nurullayev versus.az-a açıqlamasında bu fikirlərlə razılaşmadığını dedi:

 

“Əvvəla, ataların dediyi kimi, ağıl yaşda deyil, başdadır. Amma bununla da razılaşıram ki, o cür yaşlı insanlardan tam imtina etmək düzgün olmazdı. Çünki onların siyasi və iş təcrübələri var. Bəzən elə cavan məmur, yaxud deputat olur ki, bu vəzifələrdəki təcrübəli, amma yarıtmaz olanlara rəhmət oxutdurur”.

 

R.Nurullayev bildirdi ki, məsələyə müsbət tərəfdən yanaşmaq lazımdır. Yəni həmin yaşlılar insafa gəlib öz təcrübələrini gənc kadrlara ötürməlidirlər:

 

“Əgər təhsili təzəcə bitirmiş bir gəncə təcrübə toplamaq üçün iş verilmirsə, onda təzə kadr necə yetişə bilər, axı başqa harda təcrübə toplamalıdır bu gənc? Bununla bağlı lətifə də yaranıb artıq. Gənc sənədlərini hazırlayıb iş üçün müraciət edəndə baxıb deyirlər ki, təcrübən yoxdur. O da deyir, məni işə götürün ki, təcrübə toplayım da. Bu gənc hardasa işləməlidir ki, təcrübəsi olsun”.

 

Hər il nə qədər gəncin təhsilini bitirib iş axtardığını vurğulayan AXCP sədri bildirdi ki, bu gəncləri ixtisaslarına uyğun peşələrdə işlə təmin etmək lazımdır ki, işləyə-işləyə təcrübələrini artırsınlar:

 

“Nazirlər yeni kadr hazırlamaq istəmirlər, öz təcrübələrini onlara ötürmürlər. Müşavir, şöbə müdiri və sair vəzifələrdə, yaxud könüllü işlərdə yer verməlidirlər bundan ötrü. İmkan yaratmaq lazımdır ki, işləyib təcrübə qazansınlar, sabah da iş üçün hansısa idarəyə gedəndə “təcrübən yoxdur” deyib qapıları üzlərinə bağlamasınlar.

 

Belə götürəndə, bəzi nazirlərin çoxunun iş təcrübəsindən çox rüşvətxorluq, dövlətin pulunu talamaq təcrübələri var. Onlar cavan kadra məhz bu təcrübələrini ötürsələr, vay bu xalqın, bu Azərbaycanın gününə. Az-çox cavan kadr var ki, onların da başından basırlar, şəxsiyyətin alçaldırlar, ələbaxım öyrədirlər, manqurtlaşdırırlar. Və o da sabah həmin məmurun yerinə vəzifəyə gələndə artıq ondan da beşbetər məmura çevrilir”.

 

Gənclərə öz iş potensialını göstərmək üçün dövlət səviyyəsində şərait yaradılmasının vacibliyini qeyd edən R.Nurullayev əslində kifayət qədər təcrübəsi olan sağlam fikirli gənclərin də olduğunu vurğuladı:

 

“Sadəcə olaraq, onlar 2-3 il müavin vəzifəsində işləməlidirlər ki, təcrübələri artsın, sabah da gedib o yüksək posta təyin olunsun. Ümumiyyətlə, bir məmurun eyni vəzifədə 5-10 il qalmasını düzgün hesab etmirəm. Parlamentdə ömürlük seçilə bilər, təbii ki, doğru-düzgün bir seçim şərti ilə. Bütün dünyada bu təcrübə var. Amma məmur dəyişilməlidir”.

 

Məmurun, yaxud deputatın eyni vaxtda həm də sahibkar olması məsələsinə də münasibət bildirən partiya sədri bildirdi ki, deputatından tutmuş bütün məmurlara qədər qanunla qadağan olunsa da ki, paralel olaraq biznesləri olmasın, bu gün buna riayət edilmir:

 

“Elə deputatlar var ki, onların milyardlarla vəsaitləri var və özləri də birbaşa idarə edirlər, rəhbər özləridir. Bu, qanunsuzluqdur və buna göz yumulur. Niyə? Kimdən artıqdılar? Necə ola bilər ki, hansısa məmur vəzifəyə gələnədək iqtisadi durumu 2 faiz idi, məmur olandan 2-3 il sonra varlılıq dərəcəsi milyon faizə qalxdı? Və necə olur ki, məmur oğurlayır, amma cəzalandırılmır? Cəzalandırılmaması azmış kimi, özündən aşağıda olan kiçik iş adamını guya hansısa inzibati xətasına görə cəzalandırır. Bütün bunu xalq görmür?”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı