“Bizim məmurların çoxu yeni idarəetmə sisteminə mane olur” - MÜSAHİBƏ

16:48 22-04-2019 | icon 702 | Siyasət
“Bizim məmurların çoxu yeni idarəetmə sisteminə mane olur” - MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “Məmurlar bütün günü öz şəxsi bizneslərini necə qurmağı düşünürlər”

 

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyevin Versus.Az-a müsahibəsi

 

- Əliməmməd bəy, istərdim ki, son günlər Prezident tərəfindən imzalanan sərəncam və fərmanları dəyərləndirəsiniz. Sizcə bu proses nəyə hesablanıb?

 

- Təbii ki, verilən fərman və sərəncamların məzmununa baxan zaman söhbətin nədən getdiyini bilmək olur. Hələ fevral ayından başlayaraq Azərbaycan Prezidenti tərəfindən cəmiyyətə çox mühüm mesajlar verilir. Bu mühüm məsələlərdən biri də yeni idarəçilik sisteminin qurulması ilə bağlıdır. Ölkə başçısı Nazirlər Kabinetinin kollegial iclasında söyləmişdi ki, indiki idarəçilik sistemi köhnəlib, yeni idarəçilik sisteminə keçməliyik. Bunun arxasında çox böyük qərarların qəbul edilməsi, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi zərurəti durur. Hələ 2018-ci il aprelin 11-də ölkə başçısına yenidən etimad göstərilib prezident seçiləndə o, seçkiqabağı çıxışlarında çox böyük bir bir proqramının olması ilə bağlı  mesajlar vermişdi. Eyni zamanda, bir qədər də əvvələ getsək, hələ 2016-cı il Referendumunda Konstitusiyaya dəyişikliyin edilməsi fəlsəfəsində də idarəetmənin təkmilləşdirilməsi dururdu. Deməli, mövcud idarəetmə indiki şərtlərə cavab vermirdi və artıq yeni idarəetməyə keçmək lazım idi. Çünki şərtlər dəyişib. Azərbaycan neftindən əldə olunan gəlirlərin pik nöqtəyə çatdığı vaxt tamam başqa bir şəraiti diqtə edirdisə, indi neft pulları azalmağa doğru getdiyinə görə və post-neft dövrünə yaxınlaşdığımız üçün iqtisadiyyatın digər sahələrinin, qeyri-neft sektorlarının inkişaf etdirilməsi məsələsi ortaya çıxıb. Təsadüfi deyil ki, bu istiqamətdə 12 “yol xəritəsi” hazırlandı. Düşünürəm ki, bu gün Prezidentin atdığı addımlarda sistemli yanaşma, ardıcıllıq var. Konstitusiyada dəyişikliyin edilməsi o şərtləri önə çıxardı ki, idarəetmədəki dəyişiklik daimi olaraq bu islahatları sistemli şəkildə aparmağa imkan yaratsın. Bu mənada yeni islahatlar davam etdi. Yol xəritələrinin qəbul edilməsi, növbədənkənar prezident seçkilərinin olması, iqtisadi sektorda canlanma, sahibkarlıq mühitinin yaxşılaşdırılmasında atılan addımlar, rəqəmsal hökumətə keçidlə bağlı məsələlər, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, şəffaflığın artırılması, sosial islahatların əhatəli geniş miqyasda həyata keçirilməsi və bütün həssas şəbəkələrlə bağlı ciddi qərarların qəbul edilməsi ilə bağlı  struktur dəyişikliklərinin hüquqi təminatına ehtiyacı vardı. Bununla əlaqədar olaraq ölkə başçısı tərəfindən sonuncu məhkəmə-hüquq islahatlarının dərinləşməsi ilə bağlı qərar oldu. Bütövlükdə məhkəmə islahatları olmasaydı digər islahatların hüquqi təminatı olmayacaqdı. Bütün bunları həm ölkə daxilində, həm də ölkədən kənarda yaranmış şərtlər diqtə edirdi.

 

Məsələn, problemli kreditlərin bağışlanması ölkədə çox fərqli və hamını təmin edən bir yanaşma idi. Problemli kreditlərlə bağlı optimal, fərqli bir yol seçildi və əhalinin devalvasiyadan zədə almış hissəsinin problemləri uğurlu şəkildə həll olundu. Eyni zamanda ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı verilən qərarlar xüsusilə diqqətlə izlənildi. Mən yeni silahların alınmasını, hərbi müdafiə sisteminin güclənməsini demirəm, bunları qoyaq kənara. Əsas məsələ torpaq uğrunda şəhid olanların ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi idi.  Əgər ölkədə torpaq uğrunda şəhid olanlara, yaralananlara diqqət böyükdürsə, dövlət onları müdafiə edirsə, arxasındadırsa, onda xalqın özünə inamı qaytarılır, torpaqlarımızın işğaldan azad olunması imkanları böyüyür. Bu baxımdan da hesab edirəm ki, bu sahədə çox əhatəli fəaliyyətlər həyata keçirilib.

 

Bəzən belə fikirlər deyilir ki, bu islahatlar xoş niyyət daşımır, bunun arxasında hansısa başqa maraqlar var. Mənə elə gəlir ki, bu, sorğulanmamalıdır. Əsas məsələ niyyətin doğru, fəaliyyətlərin düzgün icra olunmasıdır. Əlbəttə istənilən halda geniş islahatlar aparmaq asan deyil. Bunun üçün böyük iradə, cəsarət lazımdır. Çünki heç kəsə mövcud sistemi dəyişdirmək o qədər də maraqlı olmur. Söhbət sistem dəyişikliyindn gedir. Sistem dəyişikliyi baş verməyəcəksə, islahatların mənası olmaz. Mən bu məsələlərin arxasında kimlərinsə təsirinin olmasını da  qəbul etmirəm. Çünki təsir göstərə bilən daxili rıçaqların özündə, müxalifətdə nə dəyişib ki, dedikləri o təsiredici qüvvələr özləri qeyri-adi nəyə nail olublar ki, başqasına da təsir etsinlər. Onlar elə bir güc deyillər axı... Əlbəttə mən hesab etmirəm ki, Azərbaycanda müxalifət yoxdur, var, amma görək onun gücü nə qədərdir. Müxalifət dəyişiklik etmək imkanına malikdirmi, yox. Ölkədə dəyişiklik etmək imkanına malik yeganə qüvvə iqtidardır. Bu gün beynəlxalq təhlükəsizlik sistemində də çox ciddi dəyişikliklər baş verir ki, bu da proseslərə çox ciddi təsirini göstərir. Əlbəttə ki, Azərbaycan elə bir coğrafiyada yerləşib ki, bütün beynəlxalq çağırışların mərkəzində dayanmaq məcburiyyətində qalır. Bu da istər-istəməz bizim daha çevik addımlar atmağımızı zəruri edir. Hazırda Avropa İttifaqı ilə sazişin bağlanması məsələsi gündəmdədir. Cənab Prezident beynəlxalq məsələlərlə bağlı islahatlarda Qərbin dəstək verməsini, öyrənilməsini və münbit təcrübənin Azərbaycana  gətirlməsini xüsusilə qeyd edib. Bu mənada da biz çox mürəkkəb proseslərin içərisindəyik.

 

- Aparılan islahatlara münasibətdə sizin də qeyd etdiyiniz kimi, fərqli yanaşmalar var. Sizcə məhkəmə və digər sahələrdə aparılan islahatlarla yanaşı, paralel olaraq  kadr islahatları necə aparılır?

 

- Mənim fikrimcə sistem islahatları aparılmalıdır. Sistem islahatları aparanda artıq sistemdən kənara çıxmaq olmur. Təbii ki, istənilən halda burda şəxsin də rolu var. Eyni zamanda ayrı-ayrı strukturlarda çalışan vəzifəli şəxslər bütövlükdə bir çox qərarların qəbul olunmasına müsbət təsir edə bilər və yaxud da əksinə. Bu baxımdan da belə kadrların seçilib yerləşdirilməsi çox vacibdir. Bununla bağlı axırıncı hökumətin tərkibinə baxsaq görərik ki, texnoqrafların çəkisi artmağa doğru gedir. Bu da başa düşüləndir. Çünki bir sıra hallarda islahatlar apararkən daha çox texnoqraflara üstünlük verilir, siyasilərə üstünlük verilmir. Çünki burda peşəkar yanaşmalar, ayrı-ayrı instisional təsisatların yaradılması ilə bağlı peşəkarlıq daha ön plana çıxır. Hər halda islahatlara baxsaq, belə trendlər olub. Amma bütün islahatların üstündə o siyasi iradənin davamlılıq məsələsi dayanır.

Mənə elə gəlir ki, kadr dəyişiklikləri davam edəcəkdir. Bəzən deyirlər ki, kadr islahatları yaş həddi ilə müəyyənləşsə yaxşıdır. Nəsillərin dəyişməsi prosesi gedir və bu mənada gənclərə üstünlük verilməlidir. Amma bütün hallarda bu prosesin ancaq gənclərin öhtəsinə verilməsi ilə bağlı mövqeni bölüşmürəm. Çünki bir sıra məsələlər var ki, təcrübə orda çox vacibdir. Təcrübə, müdriklik isə yaşla gələn bir məsələdir. Gənclər arasında çox yüksək virtooz biliklərə malik olan bunderkin şəxslər ola bilər. Amma bütün sahələri əhatə etmək üçün bu insanları bir araya gətirmək mümkün deyil. Həm də insanlar hətta nə qədər bilik, savada malik olsalar da, sistem düzgün qurulmayıbsa, hər hansı uğurlu nəticəyə nail olması mümkün deyil. Hesab edirəm ki, burda həm də varisliyin qorunub saxlanması yolu ilə gənclərin cəlb olunması məsələsini önə çəkmək lazımdır.

 

- Varisliyin qorunması deyərkən əsasən nəyi nəzərdə tutursuz?

 

- Varislik, nəsillər arasında əlaqənin itməməsi məsələsidir. Söhbət hansısa vəzifəli şəxsin öz işini gələcəkdə öz oğluna ötürməsindən gətmir. Bu, yanlış yanaşma olardı. Şübhəsiz ki, vəzifəli şəxslərin övladları arasında da çox istedadlı olanları var.  Söhbət ondan gedir ki,  idarəetmədə, siyasətdə yaşlı, təcrübəli insanların təcrübəsindən istifadə edilməlidir. Biz gördük ki, xüsusilə də bizim coğrafiyada bir çox məsələlərdə siyasətçilərin rolu çox vacibdir. Əslində bizdə son illərdə siyasətçilərin yetişməsi məsələsində dayanma var. Bu çox təhlükəli bir məsələdir. Çünki həlledici məqamlarda qərarlarn qəbul edilməsini texnokrat icra edə bilməyəcək. Onu daha çox siyasətçilər icra edəcəklər.

 

“Məmurların bizneslə məşğul olması yeni idarəetmə sisteminə maneə törədir”

 

- Niyə yeni siyasətçinin yetişməsi prosesi dayanıb?

 

- Bu onunla bağlıdır ki, ölkə müxalifəti çox zəifdir, iqtidar həddən artıq çox güclüdür. Siyasi rəqiblərin tarazsızlığı siyasi rəqabətin zəifləməsinə gətirib çıxarıb. Siyasi rəqabətin zəifləməsi isə inkişafa mane olan məsələdir. Bu, bütün hallarda rəqabət mühitinin sağlamlaşdırılmasına, debatlara ehtiyac yaradır. Tənqidi təfəkkürün genişlənməsinə ehtiyac var. Əgər bizdə debatlar, tənqidi təfəkkür genişlənməyəcəksə, hətta deyərdim ki, Qarabağ probleminin həllində  də uduzacağıq. Sağlam rəqabət mühiti olmalıdır ki, hər kəs öz qabiliyyətini üzə çıxarıb onu təqdim etmək imkanına malik olsun. Məhz bu qabiliyyətlərin təqdim olunması ilə bağlı da prossedulara dəyişiklik edilməsi lazımdır. Məhz o zaman qabiliyyətli insanların siz dediyiniz o kadr islahatlarında yerləşməsinə gətirib çıxara bilər. Çox yaxşı haldır ki, ölkə başçısı son aylar müxtəlif sosial təbəqələrlə birbaşa təmaslarda olur, birbaşa əhali arasına gedərək insanları dinləyir. Əksər hallarda görürük ki, məktublar birbaşa Prezidentin özünə verilir. Təbii ki, istənilən rəhbərin komandası olur. Komanda əslində həm rəhbəri qorumalıdır, həm də bütün tapşırıqlarını və onun düşündüyü məsələlərin həlli ilə bağlı öz bilik və bacarıqlarını göstərməlidir. Amma bizim rəhbərin komandasında “doymuş məhlullar” da  var. Onlar “doyduqları” üçün yeni ideya irəli sürməkdə çətinlik çəkirlər.

 

Ümumiyyətlə, vəzifələrdə ratasiya məsələləri çox mühümdür. Əslində hər hansı bir nazir bir vəzifədə 5 -10 il işləyəndən sonra onun işini başqa yerə dəyişməsi vacibdir. Çünki o, həmin yerdə nə imkanları vardısa onu verib.

Bizim məmurların yeni idarəetmə sisteminə mane olacaq başqa bir tərəfi isə onların çoxunun bizneslə məşğul olmasıdır. Bizneslə idarəetməni tam ayırmaq, biznesin idarəetməyə müdaxiləsinin qarşısını almaq lazımdır. Məmurun həm bizneslə,  həm idarətmədə olması artıq bütövlükdə proseslərin manapoliyaya alınmasına aparır. Buna yol vermək olmaz. Məmurlar bütün günü öz şəxsi bizneslərini necə qurmağı  düşünürlər. Nəticədə vəzifədən gedəndən sonra biznesi dağılır, çünki biznesini sağlam rəqabət mühitində qurmamışdı. Hesab edirəm ki, gələcəkdə bu məsələlərə diqət daha da artacaq. Buna qarşı proseslərə artıq start verilib.

 

- “Siyasətçi yetişmir” dedikdə, bunu həm də müxalifətin zəifliyi ilə əlaqələndirdiniz. Bəyəm, siyasətçini təkcə müxalifət yaradır?

 

- Siyasətçi hər şeydən əvvəl  mövcud rəqabət, plüralizim mühitində yaranır. Siyasətçini müxalifət yaratmır. Politoloji məsələlərə girmək istəməzdim. Amma siyasətçinin yetişməsi üçün siyasi rəqabət mühiti lazımdır. Yəni tutaq ki, peşəkar hüquqşünaslar arasında rəqabət olmalıdır ki, onlar öz peşəkarlıqlarını daha da artırsınlar. Ölkədə proseslər rahat getdiyi üçün yeni nəsl siyasətçilərin yetişməsində lənglik var, amma bütöv halda proses gedir.

 

- Deyirsiz ki, bizdə vəzifəyə gələn şəxsin yaşı, təcrübəsi də önəmlidir. Amma bəzən Milli Məclisdə olan yaşlı, təcrübəli siyasətçilərdən elə çıxışlar eşidilir ki, sanki camaatın heysiyyatı ilə qəsdən oynayırlar... Məsələn, komitə sədri Hadi Rəcəbli bu sırada xüsusilə öndə gedir...

 

- Bəli, müdrikliyin gəlməsi yaşla bağlıdır. Amma bu da o demək deyil ki, bütün yaşlılar müdrikdirlər. Bütün yaşlılar müdrik deyil.

Bizim Azərbaycan cəmiyyətində savadlı, qabiliyyətli adamlar var. Elə bu müxalifətin özündə də çox maraqlı fiqurlar vardır. Sadəcə olaraq istəmirəm onların adını çəkəm. Çünki adlarını çəksəm, başqa məsələlər ortaya çıxacaq, deyəcəklər ki...

Bizim siyasətçilər arasında düşmənçilik son dərəcə dərinləşib.  Yaxşı, iqtidarla müxaifət arasındakı fərqli yanaşmaları, rəqabəti başa düşürük. Ola bilsin ki, ziddiyyətlər konfliktə qədər aparsın.  Amma müxalifət arasında düşmənçiliyin olması qəbuledilməzdir. Bir insan fərqli fikirlər deyirsə, ona müxtəlif damğaların vurulması, stiqmaların vurulması dəhşətli bir məsələdir. Bu hal siyasətə gəlmək istəyən gənclərin bir hissəsinin qarşısını alır. Biri bir söz deyən kimi ona “yuxarının, qərbin, şərqin, rusiyanın agenti” damğasını vururlar. Bu acınacaqlı haldır.

 

- Sizcə bu problemi də müxalifətə iqtidar yaradır?

 

- Təbii ki, iqtidar öz üstünlüyünü qorumaq üçün çalışır və siyasi mübarizədə həmişə müxalifətdən üstün olmağa çalışıb. Amma müxalifətin daxilində yaranan ziddiyyətlərin iqtidarla əlaqələndirilməsini yanlış sayıram. Mən bu gün müxalifətdə vəziyətin bu həddə çatmasını, söyüş və təhqirin yüksək səviyyəyə çatmasını anlamıram. Hətta məsələ məişət məsələlərinə qədər gəlib çıxır. Kimin harda çay içməsi, necə içməsi də təhqirlə ifadə olunur. Bu olmaz. Müxalifətdaxili bu cür münasibətlər insanların siyasətə gəlməsini, siyasi partiyaların tərəfdarlarının mövqeyini zəiflədir. Partiyalara axının qarşısını kəsir.

 

“Mitinq keçirib, sonra “niyə gəlmədiniz” deyiləcəksə, bu heç kimə lazım deyil”

 

- Əliməmməd bəy, son vaxtlar daxildə ziddiyyətləri ilə müşahidə olunan yeni müxalif qrumlar yarandı. Eləcə də müxalif qurumların Qarabağ mitinqləri və orada iştirak formaları ilə bağlı əks fikirlər gündəmə gətirilir. Bu proseslər ətrafında nələri söyləmək olar?

 

- Müxtəlif formalı siyasi qrupların, təşkilatların yaradılmasına normal baxıram. Çünki cəmiyyətin strukturlaşması yeni enerjinin, yeni ideyaların yaranmasına imkanlar yaradır. Bu mənada kütləvi tədbirlərin keçirilməsini də həmin qurumların normal hüququ sayıram. Amma bir çoxları var ki, 20 il qabaq da, indi də eyni enerji, eyni ideyaya malikdirlər. Yeni təşəbbüsləri yoxdur. Belə qurumların mexaniki yaradılması, mexaniki toparlanması prosesi məzmuna təsir göstərmir.

 

Qarabağ məsələsinə gəldikdə isə, bu bizim ümumi problemimizdir və nə vaxta qədər davam edəcəyini bilmirəm. Ona görə də bu istiqamətdə istənilən fəaliyyəti normal sayıram. Kimsə bununla məşğul olacaqsa, onu da normal sayıram. Amma istənilən mitinqin bir məqsədi olmalıdır. Mitinq xatirinə mitinq keçirmək də olmaz. Qarabağla bağlı mitinq keçirib bir nəticə ortaya qoyulmayacaqsa, insanların bu məsələyə həssaslığı ilə oynamaq olmaz. Həm də elə məsələlər də var ki, orda ehtiyatla davranmaq lazımdır, xüsusən də Qarabağ məsələsində. Yaxud sənin Qarabağla bağlı meydana 5-10 min nəfəri çıxarmaq potensialın varsa, yaxud mitinq keçirib, sonra “niyə gəlmədiniz” deyiləcəksə, bu heç kimə lazım deyil.Ona görə də məsələlərin yetişməsini gözləmək lazımdır. Ümumilikdə isə kütləvi aksiya keçirmək hər kəsin haqqıdır.

 

“Bizim hökumət insanlara “balıq tutmağı” öyrətməyə başlayıb”

 

- Belə iddialar da var ki, islahatlar hakimiyyətin daxili problemləri, müxalifətdən çəkinməsi hesabına baş verdi.

 

- Burda məntiq yoxdur. Əgər bu islahatlar hakimiyyət daxilində gedən ziddiyyətlərə görə aparılıbsa, deməli islahatlara təkan verən də elə hakimiyyətin özüdür. Bunun müxalifətdən çəkinərək həyata keçirilməsi ilə heç bir əlaqəsi yoxdur. Çünki bu gün hakimiyyətin  müxalifətdən çəkinəcəyi bir şey yoxdur. İslahatları hakimiyyət özü arzulayır. Çünki dediyim kimi, şərtlər bunu tələb edir. Ölkə daxilində,  beynəlxalq müstəvidə şərtlər dəyişib və harda problem var onun üzərinə gedilir. İndi hakimiyyətin mövcud hadisələrə çox məntiqi yanaşmaları, ciddi təhlilləri baş verir. İndi bizim hökumət insanlara “balıq tutmağı” öyrətməyə başlayıb. Ona görə də islahatlar məsələsində hakimiyyətin müxalifətdən qorxması ilə bağlı deyilən fikirlər məni çaşdırdı.

 

Mən çalışıram ki, məsələyə hissiyyatla yox, məntiqlə qiymət verim. Əgər onlar belə bir təsirə malik idisə, bu prosesi əvvəl niyə yaratmırdılar. Elə bilirlər ki, sosial şəbəkədə kimisə 20-30 min adam izləyirsə, bununla məsələ həll olunur. Onda orda elə müğənnilər var ki, onları da çoxlu adamlar izləyir. Belə çıxır ki, onlar gücdürlər?

İndi iqtidar özü hadisə yaradır. Düzdür, daxildən müəyyən təsirlər ola bilər, amma bu, iqtidarı silkələyəcək səviyyədə, islahatlara məcbur edəcək səviyyədə deyil.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI