Əlisa Nicat: “Görünür köləlikdən ləzzət alırıq”

17:38 19-06-2017 | icon 1001 | Ədəbiyyat
Əlisa Nicat: “Görünür köləlikdən ləzzət alırıq”

“Maddi şəraitsizlikdən, mənəvi dözülməzlikdən əziyyət çəksək də səsimiz çıxmır”

 

Millətin bir millət kimi əbədi yaşaması üçün fərdlərin özünüdərk,  milli mənlik hissi  çox güclü olmalıdır. Hər hansı insan birliyinə məxsus keyfiyyət və əlamətlərlə çıxış edən fərd, özünüdərketmə nəticəsində azadlıqla zərurəti, müstəqilliklə məsuliyyəti dərk edib, qiymətləndirə bilir. Özünüdərketmə bir fərdin və ya bir nəslin həyatı ilə məhdudlaşan proses deyil, bütün toplum üçün həmişə son dərəcə vacib olan bir problemdir. Hər toplum isə mövcud şəraitə uyğun olaraq bu problemi həll etməli olur. Bəs bu gün bir toplum olaraq biz bu problemləri həll etməyə qadirikmi? Versus.az tanınmış yazıçı-filosof Əlisa Nicatla bu suallara cavab tapmağa çalışdı.

 

– Əlisa müəllim, deyirlər hər bir xalqın tarixi inkişafını ağlı yox,  xarakteri müəyyən edir və hər bir irq dəyişməz anatomik və ruhi  xarakterə malikdir ki, bu əlamətlər qətiyyən dəyişmədən və daimi surətdə irsən keçir. Bu xarakterlər milli xarakter adlanır. Bir sözlə, irqə zamanın təsirinə tabe olmayan daimi varlıq kimi baxmaq lazımdır… Bəs biz türk milləti olaraq öz irqi xarakterimizi qoruyub saxlaya bilmişikmi?

 

“Xalqın taleyi təhtəlşüurun şüura çevrilməsi ilə müəyyən olunur”

 

– Təssüf ki, bu nəzəriyyə bizdə özünü doğrultmayıb. Xalqın taleyi onun təhtəlşüuru ilə müəyyən olunur. Kritik məqamda bu təhtəlşüur şüura çevrilir və milyonlarla insan sözün əsl mənasında əl-ələ verib azadlığa layiq olduqlarını sübut edirlər. Amma bizdə, təkcə bizdə yox ey, elə digər türk dövlətlərində də vəziyyət bizdən yaxşı deyil. Bu dəhşətli bəla az qala bütün türklərin ümumi xarakterinə çevrilib. Orta Asiyadan tutmuş Çindəki uyğurlara, Rusiyadakı türk-tatarlardan tutmuş İrandakı soydaşlarımıza, eləcə də İraq türkmənlərinə qədər hər yerdə əsarət var.  Heç Afrika xalqlarında belə əsarət yoxdur. Bundan böyük faciə ola bilməz.

 

– Tarixdə hegemonluqları ilə silinməz izlər qoyan, onlarla imperatorluq və dövlət quran, heç bir-birinin əsarətinə dözə bilməyən biz türk millətinin bu faciəsinin səbəbi nədir sizcə? Yoxsa  tarixin sabit və dəyişməz deyə qəbul etdiyi milli xarakterlər bizim üçün keçərli olmayıb?

 

– Anlamaq olmur… Vallah, nəyi isə ümumiləşdirmək, nəyi isə xarakterik cəhət kimi ayırmaq, hansı bir qanunauyğunluq tapmaq və ümumiyyətlə nə olduğumuzu müəyyən etmək başı millətlər tarixi üzərində ağaran bir adam kimi mənim üçün də çətindir. Bir çox heyvan növləri var ki, biz insanlardan yüksəkdədir, heç cür əsarətə dözmür, ölürlər əsarəti qəbul etmirlər. Biz isə…bizlər maddi şəraitsizlikdən, mənəvi dözülməzlikdən əziyyət çəksək də səsimiz çıxmır. Digər türk dövlətlərinə də baxaq, dərd eyni, bəla eyni, dözüm eyni… Rəhbər seçilirsə sanki ömürlük seçilir, mamır basmış daş kimi durduğu yerdən tərpənmir. Gələn getmək bilmir. Guya konstitusiya var. Onu da ələ salıblar, keyfləri istəyəndə dəyişir, özlərinə sərf edən formaya salırlar. Dəhşətdir. Avropa ölkələrinə baxaq. Qanun var, qayda var. Heç kim də bu qanunlardan kənara çıxmır. Bacarmayan mədəni surətdə gedir, yerini  başqasına verir. Bir qanunsuzluq olanda millət kiminsə çağrışını gözləmədən haqqını aramağa küçəyə çıxır.

 

– Bəlkə günah “vicdan”lı olmağımızdadır. Sartr iddia edirdi ki, vicdan “bədbəxt şüurun”,  “kölə şüurunun” məhsuludur. Azad yaşamaq,  dünyaya sərbəst iradənin gözü ilə baxmaq istəyiriksə “vicdan”ı bir kənara atmalıyıq. Bəlkə “vicdan”ı ata bilməməyimizdən bu gündəyik?

 

– Sartır solçu, radikal biri olub. Belə axmaq fikirləri çoxdur. Bizə gəldikdə isə əksinə, vicdanı atdığımızdan bu gündəyik.

 

“Sanki zülmü, əsarəti sevirik”

 

– Bəlkə bu, içimizdə kök atmış “qorxu”nun nəticəsidir? Bəlkə Kamyu demişkən köləlik, özü də gülümsəyən köləlik zəruri şeydir və bizlər bu “zəruri şeyi”… boyunduruq, buxov sevən millətik?

– Görünür köləlikdən ləzzət alırıq. Axı, Azadlıq əziyyət tələb edir, biz asana qaçırıq. Bu xalq nə bədbəxtliyi bilir, nə xoşbəxtliyi. Milli mənliyini qoruyub saxlamağı bacaran xalqlar buna dözə bilməz, təhtəlşüur şüura çevrilər və azadlığını qazanar. Bizdə isə, çox təssüf ki, belə deyil, camaatımızın gücü çatan aclıq və intihar hədəsidir. Bəlanı  kökündən qazıyıb atmaq lazımdır, bu isə bizim insanımız üçün çətin və deyərdim ki, mümkünsüzdür. Çünki boyunduruq psixologiyamızdadır, bədənimizin bir orqanıdır, bədxassəli şiş kimi canımıza yapışıb, sağalmır, məhv edir… Dediyim kimi millətin, irqin inkişaf prosesi onun xarakter və psixologiyasından birbaşa asılıdır. Əgər bu psixologiya və xarakter müsbət təsisatlardan – ədalət, həqiqət, azadlıq, doğruluq və milli mənafeyin üstünlüyü ilə formalaşıbsa, məsələn, Avropa xalqlarında  olduğu kimi, həmin ölkədə diktatura, özbaşnalıq, talançılıq ola bilməz,  xalq buna yol verməz. O ölkədə ki, əhalinin xarakteri yalan, riyakarlıq, yaltaqlıq, ədalətsizlik, paxıllıq üstündə köklənib və bunlar əsasında formalaşıbsa, şəxsi mənafeyin hokmü ilə davranırsa, təbii ki, həmin ölkədə azadlıq, ədalətli rejim yaratmaq olmaz. Sanki zülmü, əsarəti sevirik… O ki, qaldı qorxuya, bütün canlılarda qorxu var. Lakin insan həyatında qorxu tamam başqa xarakter daşıyır. Düzdür, ilkin dövrlərdə tayfalar bir-birini qırırdı. Ancaq bu, total xarakter daşımırdı. Eləcə də insanda təbiət qorxusu var ki, bu da məhvedici xarakter daşımır. İnsan üçün dünyada ilk qorxu totalitar rejimlərlə, onların gizli, amansız repressiv aparatının yaranması ilə başladı. Bizim millət uzun zaman bu qorxunun  ovuna çevrildi, millətin qaymaqları onun caynaqlarında məhv oldu. Bu qorxu içimizdə elə kök salıb ki, bunu qoparıb atmaq çox çətindir, amma mümkünsüz deyil. Ürəklərimizdəki qorxu çəkilməyincə biz azad ola bilməyəcəyik. Qorxunun qorunduğu, himayə edildiyi bir  məmləkətdə isə,  necə adlanırsa-adlansın, insan ruhu pərvaz edə bilməz…

 

– Hardasa oxumuşdum ki, saraylarda özünü kral sayanların varlığı o ölkədə kölə olmağı seçən insanların seçimidir. Düzdür, bu gün bizim şüurumuz sanki “mürgülü” hal keçirir, passiv həyat sürür. Lakin dönüb keçmişə baxanda milli şüurumuzun bir zamanlar sərhəd tanımadan  “qorxunun” üstünə getdiyini, xalqın bir yumruq kimi birləşib haqqını aradığının hamımız şahidiyik. Millət nə istədiyini şüurlu surətdə bilirdi, və bu yolda başqalarına örnək sərgiləyirdi. Bunları danmaq olmaz.

 

– O dövrlər bütün keçmiş sovet respublikalarını hərəkat bürümüşdü.  Bizə də sıçramışdı, bir növ “dəb”  halını almışdı. Bir də ki, bu hərəkat “icazəli” idi. Biz 70 il rus boyunduruğunu bayram edən millətik. Kütlə hərəkatı bir növ “yolxucu” xəstəlik kimidir. Tez yayılır və bu xəstəliyə tutulmaq asandır. Biz nəyə nail olduq? Torpaqlar getdi, azadlıq yox…bir köləliyi digəri əvəz etdi…Zorakılığı və təhqiri həzm etmək kütləvi hal alıbsa, həmin xalq heç zaman azad və xöşbəxt ola bilməz… Onun başı üstündə kimin oturmasının onun üçün heç bir fərqi olmayacaq…

 

“İnsan yeganə məxluqdur ki, həyatı səhvlərlə doludur”

 

– Əlisa müəllim, ölkələrin fərqli həyat şəraitindən, kölə və ya azad olmasından asılı olmayaraq bu gün dünyanı qəribə bir ÖZGƏLƏŞMƏ xofu bürüməkdədir. İnsanlararası ünsiyyətin yoxluğu bir sıra düşüncə sahiblərinə  görə ifrat dərəcəyə çatıb və onlar bunun əsas səbəbini  texnikanın sürətli inkişafında, insanları əsir almasında görürlər.

 

– İnsan heç zaman sağlam düşüncəyə sahib olmayıb. Düzdür, istisnalar olub, amma bu çox az, yüzdə bir faiz olub. Bəşər cəmiyyəti də müdriklər demiş, elə bu bir faizin üstündə bərqərar olub. Heyvanlar xarakterinə, xüsusiyyətlərinə görə biz insanlardan mükəmməl canlılardı. Onlar heç zaman səhv etmirlər. İnsan yeganə məxluqdur ki, həyatı səhvlərlə doludur. İnsan sonuncu canlıdır, təkamülü hələ sona çatmayıb. Bir növ “plandankənar” canlıdır. Ola bilsin heç Tanrı da bizi niyə yaratdığını bilmir. Yəqin təbiətdəki mükəmməllik onu darıxdırıb, insanı yaradıb ki, dünya  “maraqlı” olsun, o da darıxmasın… biz bunu bilə bilmərik, sonu bilinməyən məsələdir…

 

– Siz ömrünüzü elə bu sonu bilinməyən məsələrə həsr etmisiniz. Qorxmadan, çəkinmədən nə düşünmüsünüz yazmısınız, demisiniz.  Əli bəy Hüseynzadə gileylənirdi ki, “oyatmadı qələmim şu türk ilə əcəmi”. Sizin qələminiz necə, kimlərisə oyada bildimi?

 

– Düzü bunu deyə bilmərəm, 5-10 nəfəri oyada bildimsə, bu mənə yetər. Həmişə demişəm ki, mənim yüz nəfər oxucum var. Bir də mən tək deyiləm. Məndən də yaxşı yazanlar var. Onlar da yüz nəfəri oyadırsa…bu yüz nəfərlər də milləti ayaqda tutacaq, yox olmaqdan qurtaracaq…

 

Pakizə Babayeva
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi