Dünyaca məşhur mükafatı alan soydaşımız

14:16 25-04-2019 | icon 1286 | Təhsil
Dünyaca məşhur mükafatı alan soydaşımız

 Versus.Az azedu.az-a istinadən AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevlə müsahibəni təqdim edir:

“Web of Science”də “yüksək istinad almış” 2 məqalənin müəllifi kimi yüksək elmi mükafata layiq görülən Əfsun Sucayev özü barədə bunları deyir:

-1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşam. Orta təhsilimi də elə ucqar dağ yeri olan Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışam. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olunmuşam. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə isə magistraturasını fərqlənmə diplomu ilə bitirmişəm. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının akad.Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturasına daxil olmuşam. 2008-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2017-ci ildə dosent elmi adına layiq görülmüşəm. 2012-ci ildə isə elə həmin institutun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşam. 25 sentyabr 2018-ci il tarixində doktorluq dissertasiyasını uğurla müdafiə etmişəm. 2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmişəm. 2017-ci ildən etibarən həmin laboratoriyanın müdiri vəzifəsində çalışıram.

-Mümkünsə, qazandığınız uğurlarınız barədə ətraflı məlumat verərdiniz...

-Apardığım elmi-tədqiqat işlərinin yeniliyi 2 patentlə təsdiq edilib. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf  Fondunun, 2014, 2018-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Elm Fondunun gənc alim və mütəxəssislər arasında keçirdiyi qrant müsabiqələrinin qalibi olmuşam. Həmin illərdə əldə etdiyim elmi nailiyyətlərə görə, gənclər üçün nəzərdə tutulan “akademik Əli Quliyev mükafatı”nı  almışam. 2016-cı ildən AMEA Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsində “Üzvi kimya” ixtisası üzrə təhsil alan magistrlərə “Zərif üzvi sintez” fənni üzrə mühazirə və laboratoriya dərslərini keçir, onların diplom işlərinə elmi rəhbərlik edirəm. Bir magistrim artıq müdafiə edib. Hazırda 2 doktorant və 2 magistrim isə elmi tədqiqatlarını davam etdirirlər. Elmi rəhbəri olduğum Bakı şəhəri Nizami rayonu 251 saylı məktəbin şagirdləri Cavad Cəbrayılov, Lalə Allahverdiyeva 2018-ci ilin iyun ayında Türkiyədə keçirilən 38 xarici ölkədən 450 iştirakçının qatıldığı “OKSEF-2018” beynəlxalq layihə olimpiadasında bürünc medal qazanıb.

-Əfsun müəllim, indi də beynəlxalq jurnallarda dərc olunan məqalələrinizin sayı və elmi tədqiqatlarınızın əhatə etdiyi istiqamətər barədə  danışaq...

-İndiyə qədər 80 elmi əsərim çap olunub, onlardan biri  monoqrafiya, ikisi patent, 46-sı məqalədir. Məqalələrin 35-i xarici jurnallarda dərc olunub. 20 məqaləm “Web of Science” və “Scopus”da indeksləşən jurnallarda çap edilib.

Məqalələrdə öz əksini tapan elmi araşdırmalara gəldikdə isə onlar əsasən iki istiqaməti əhatə edir. Bir istiqamət çalışdığım institutun əsas elmi istiqamətlərindən biri olan sürtkü materialları, sənaye yağları, yanacağların oksidləşməsinin qarşısını alan antioksidant aşqarların alınmasının elmi-nəzəri əsaslarının yaradılması ilə əlaqədardır. Molekula antioksidant təsiri göstərən bir neçə funksional qrup daxil etməklə, daxili sinergizim hesabına həmin təsir effektinin dəfələrlə artırmağa nail olmuşuq. Bu sahədə etdiyim yenilik 1 patent ilə təsdiqini tapıb.

Elmi tədqiqatlarımın digər bir istiqaməti isə fizioloji fəallığa malik dərman maddələrinin alınması və müfəssəl tədqiqini əhatə edir. Belə ki, araşdırmalar nəticəsində öyrənmişik ki, oksidləşmə prosesi radikal-zəncirvari prosesdir və antioksidantların təsiri də radikal mexanizmlə baş tutur. Digər tərəfdən müəyyən olunub ki, canlı orqanizmlərdə bədxassəli şişlərin (xərçəng) əmələ gəlməsi də ilk mərhələdə radikal mexanizmlə baş verir. Ona görə karbo-hidrogenlərin oksidləşməsinin qarşısını alan antioksidantlar qeyd olunan şişlərin qarşısını alan fizioloji fəallıq da nümayiş etdirir. Belə olan halda, sürtkü materiallarının oksidləşməsinə qarşı sintez etdiyimiz antioksidantların fizioloji fəallığını öyrənərkən də bir sıra mühüm nəticələr əldə etmişik ki, bunlar da nüfuzlu xarici jurnallarda çap olunan məqalələrə salınıb.

Təkcə son 3 ildə 14 məqaləm adlarını çəkdiyim nüfuzlu xarici nəşrlərə daxil olan Journal of Enzyme Inhibition and Medicinal Chemistry, Journal of Biochemical and Molecular Toxicology, Polyhedron, Archiv derPharmazie, Journal Molecular Structure, Bio-organic chemistry, Journal of Molecular Modeling və sair “A” kateqoriyalı jurnallarda çap olunub.

-Elmi araşdırmalarınız nəticəsində Azərbaycan elminə nə kimi yeniliklər qazandırmısız?

-Kimya, xüsusən də, üzvi kimya elə bir sahədir ki, orada sintezlə məşğul olan elm adamı aldığı maddələrin ilk növbədə yeniliyini və quruluşunu təsdiq etməlidir. Mən  də sintezlə məşğul oluram. Aldığım üzvi maddələrin yeniliyini ən müasir beynəlxalq axtarış sistemləri ilə təsdiq etməsəm, onları nüfuzlu xarici jurnallarda məqalə şəklində dərc etdirə bilməzdim.

Dünyada elmlə məşğul olan adamların fəaliyyətini, dünya elminə verdiyi töhfəni qiymətləndirmək üçün elmmetrik meyarlar əsas götürülür ki, bunlar da əsasən bir alimin “Web of science” və “Scopus”bazalarda referatlaşdırılmış nüfuzlu jurnallarda dərc olunan məqalələrin və elmi əsərlərinə olan istinadların sayı (Citations), sonda bu iki parametr əsasında hesablanan “h index”dən ibarətdir. Əgər bu göstəricilər sıfıra bərabərdirsə, bu o deməkdir ki, əldə etdiyin elmi nəticəni dünya elmi, alimləri, dünyanın aparıcı elm mərkəzləri qəbul etmir.

Təvazökarlıqdan uzaq olsa da deyim ki, ötən il “Clarivate Analytics”(Thomson Reuters) və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq olanlardan biri də mən oldum. Bu yüksək mükafatı “Web of Science”də yüksək istinad almış məqalə müəllifi nominasiyasına görə qazanmışam. Bu nəticəni göstərən alimlər dünya alimlərinin cəmi 1 faizini təşkil edir .

İnformasiya şəbəkələrindən götürülən son məlumatlara görə, fəaliyyət göstərdiyim tədqiqat sahəsi üzrə müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olan məqalələrimə 400-ə yaxın istinad edilib. Hazırda məndə “h-index” 10-a bərabərdir. Yəni deməyim odur ki, mühüm elmi yeniliklərim olmasaydı, bu göstəricilər olmazdı və “Clarivate Analytics” kimi nüfuzlu bir şirkət elmi fəaliyyətimi qiymətləndirməzdi.

Mühüm elmi yeniliklərə gəldikdə deyə bilərəm ki, yeni sintez etdiyim üzvi birləşmələrin ilk dəfə canlı orqanizmdə antioksidant, enzim-izoenzimlər üzrə inhibitor, metalxelatlaşdırıcı təsirləri tədqiq edilib və məlum olub ki, onlar yüksək fizioloji fəallığa malik olaraq hüceyrə və toxuma səviyyəsində baş verən bədxassəli şişlər (xərçəng), qıcolma (iflic), Altsheymer (ağılzəifliyi, yaddaşitmə), qlaukoma, tənəffüs yolları və mədə-bağırsaq traktının kəskin iltihabı və sair kimi xəstəliklərə səbəb olan proseslərin qarşısını alır.

Bəzi nümunələr indiyə qədər standart birləşmələr kimi tətbiq olunan a-tokoferol, troloksdan 10 dəfə yüksək təsirə malikdir. Burada bir məqamı qeyd etmək istəyirəm ki, yuxarıda sadaladığım mühüm nəticələri İtaliya, Türkiyə alimləri ilə birgə beynəlxalq səviyyəli tədqiqatlar nəticəsində əldə etmişik (Təkcə, Türkiyənin Orta Doğu Texnik,Hacetepe, İstanbul Texniki və Atatürk universitetlərində bu istiqamətlərdəelmi təcrübə keçmişəm). Çünki yeni maddələrin alınmasını Azərbaycanda öz tədqiqat müəssisəmizdə edə biliriksə, onun çoxsaylı, dəqiq analizlərini burada edə bilmirik, onun üçün şəraitimiz – müasir cihaz, laboratoriya və adanlıqlarımız ya yoxdur, ya da yüksək səviyyədə deyil. Üzləşdiyimiz çətinliklərin həlli yalnız müştərək tədqiqat qrupu yaratdığımız italyan və türk həmkarlarımızla mümkün olub. İtalyan və türk həmkarlarımız tək müştərək tədqiqat apardığımız qrup da deyil. Hazırda ABŞ-ın Buffalo Universiteti Kompüter Araşdırmalar Mərkəzinin əməkdaşları ilə nəzəri kimyanın kompüter kimyasına tətbiqi, eləcə də Belarus alimləri ilə sintez etdiyimiz fizioloji fəal maddələrin klinik sınaqlara qədər olan sınaqlarının heyvanlar üzərində toksiki təsirlərinin araşdırılması üçün birgə tədqiqat qruplarında çalışıram. Digər bir məqam isə ondan ibarətdir ki, apardığımız elmi tədqiqatların ciddiliyini görüb, bizə birgə əməkdaşlıq təklifi göndərən xarici alimlər olub. Məsələn, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin İrkutsk Kimya İnstitutunun tanınmış akademiki Boris Trofimov, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və biostruktur İnstitutunun tanınmış alimlərindən olan Simona Maria Monte ilə yeni əməkdaşlıq əlaqələri qurmuşuq, ortaq çalışmalarımız var.

Bir az da innovativ düşüncəyə malik olan gənclərin məktəb yaşlarından aşkara çıxarıla bilməsindən danışaq.Ümumiyyətlə, Təhsil Nazirliyinin “Sabahın alimləri” layihəsini elmlə təhsilin inteqrasiyası istiqamətində necə şərh edə bilərsiz?

-Hesab edirəm ki, “Sabahın alimləri” Respublika müsabiqəsi Təhsil Nazirliyininin istər elmlə təhsilin inteqrasiyası, istərsə də istedadlı, yaradıcı, innovativ düşüncəyə malik olan gənclərin məktəb yaşlarından aşkara çıxarıla bilməsi və cəlb olunması istiqamətində uğurlu layihələrindən biridir. Amma burda bir məqamı nəzərdən qaçırmaq olmaz. Bidiyiniz kimi müsabiqənin yekununda qalib gələn 5-6 layihə müəllifi ABŞ-da keçirilən İntel İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir. Təsəvvür edin, indiyə qədər ölkəmizdə 8 dəfə bu müsabiqə keçirilib və o qədərdə Amerikada baş tutan müsabiqəyə layihə göndərilib. Hətta “Sabahın alimləri” müsabiqəsində seçilməyən layihələrimz də bəzən digər beynəlxalq müsabiqələrə qatılıb, qızıl, gümüş və bürünc medalllar qazanırlar.

Akademiyanın, ümumilikdə dövlətin gənc alimlərə münasibətini, diqqət və qayğısını necə qiymətləndirirsiz? Gənclərin inkişafı üçün görülən həvəsləndirmə tədbirləri qənaətbəxş hesab oluna bilərmi?

-Bu gün istər dövlət, istərsə də elmi gəncliyin daha çox cəm olduğu Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən gənc alim və mütəxəssislərə diqqət və qayğı göstərilir. İldə bir dəfə fəaliyyəti ilə seçilən gənclərə 10 min manat Prezident mükafatı verilir ki, onların sırasında 1 nəfər gənc alim olur. Akademiya Rəyasət Heyəti gəncləri elmə həvəsləndirmək üçün müxtəlif həvəsləndirmə tədbirləri –müsabiqələr keçirir. Məsələn, 35 yaşa qədər elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə edən gənc alimə 5 min manat mükafat verilir. Gənclər üçün adlı mükafatlar təsis olunub, doktorant və magistrantlar üçün ixtisaslaşmış elmi müsabiqələr təşkil olunur, qaliblər diplom və pulla mükafatlandırılır. Gənclərin elmi bilik və bacarıqlarının artırılması üçün xaricdə qısa və orta müddətli təcrübələr təşkil olunur, indiyə qədər onlarla gənc mütəxəssislərimiz bu imkanlardan yararlana bilib. Eyni zamanda gənc alim və mütəxəssislər üçün qrant müsabiqələri də təşkil olunur. Bu onlarım həm maddi vəziyyətlərini, həm də maddi-texniki bazalarını yaxşılaşdırmağa, həmçinin xaricdə qısa təcrübə keçmələrini, bilik-bacarıqlarını təkmilləşdirmələrini təmin edir.

Maraqlıdır, xaricdən hansısa iş təklifi almısınızmı? Və ümumiyyətlə gənclərin, adətən, xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıtmaması ilə bağlı nə deyə bilərsiz?

-Xaricdə işləməyə maraq göstərməmişəm. Ona görədə gələn təklifləri diqqətə almamışam. Amma ölkəmizdə müxtəlif universitetlərdə, qeyri-elmi müəssisələrdən yüksək məvacibli işlərə dəvət almışam, amma qəbul etməmişəm. Hətta qohumlarım, dost-tanışlarım məni qınayıblar ki, sənin yerinə kim olsaydı gedib bu savadla, bilik-bacarıqla milyonlar qazanardı, nə tapmısan bu elmdə, quruca adı var. Nədənsə mən belə düşünmürəm. Elmi müəssisədə ruhən tam sakitlik tapıram. Heç yerdə heç bir şeydən ala bilmədiyim zövqü elmdən, apardığım təcrübələrdən alıram. Ona görə az maaşla qane olub, burdan başqa yerə getmək istəmirəm.

Xaricdə təhsil alıb elə orada qalan gənclərimiz vardır ki, yaşadığı,çalışdığı ölkədən Azərbaycan adına böyük işlər görür, böyük nailiyyətlərə imza atırlar. Onları vətənə qayıtmamaqda qınamaq olmaz. Mənim tanıdığım görkəmli alimlərimiz dünya elminə böyük töhvələr verə bilirlər: Qərib Mürşüdov, Süleyman Allahverdiyev, Camal Musayev, Kamran Mahmudov kimi alimlərimiz Azərbaycanda olan universitet və elmi müəssisələrlə sıx elmi əməkdaşlıq edirlər, öz təcrübələrini buradakı həmkarlarına ötürürlər və sonda ölkəmizin adına müsbət elmi nəticələr yazılır. Hesab edirəm ki, buna ancaq sevinmək olar.

Azərbaycan təhsilinin gənc alimin dilindən şərhi bizim üçün maraqlı olardı...

-Təhsil mütəxəssisi olmadığım üçün Azərbaycan mövcud təhsilinə qiymət verməyim düzgün olmaz. Yalnız bir aspektdən şərh verə bilərəm. Hesab edirəm ki, elmi təhsildən ayrı təsəvvür etmək mümkün deyil. Bir ölkənin elminin güclü olması ilk növbədə onun mükəmməl təhsilinə bağlıdır. Bu zaman da həmin təhsilə borclu olarıq. Fikrimcə, bütün problemlərin həlli üçün elmlə təhsilin inteqrasiyası məqsədli tədbirlərin miqyası genişlənməli, müsbət nəticəyə gətirib çıxaran işlər görülməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin