“Qadınlar İKT-də Beynəlxalq Günü” - KONFRANS

14:59 26-04-2019 | icon 464 | Cəmiyyət
“Qadınlar İKT-də Beynəlxalq Günü” - KONFRANS

Aprelin 25-də AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirilib.

 

İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunan konfransda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə informasiya cəmiyyətinin mühüm hədəflərindən birinin qadınların informasiya-kommunikasiya texnologiyalarında (İKT) rolunun artırılması olduğunu bildirib. Qadınların hüquq və azadlıqlarının təmin olunmasında informasiya cəmiyyətinin texnoloji platforması olan İKT-nin mühüm rol oynadığını söyləyən AMEA prezidenti qeyd edib ki, İKT elmi-texnoloji fenomen olmaqla yanaşı, cəmiyyətdə bütün növ sosial bərabərsizliklərin effektiv şəkildə aradan qaldırılması vasitəsidir. O, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşəbbüsü ilə 2014-cü ildən etibarən hər il qeyd edilən “Qadınlar İKT-də Beynəlxalq günü” ilə əlaqədar keçirilən konfransın bu istiqamətdə elmi problemlərin müəyyən edilməsi baxımından önəmini vurğulayıb. 

 

"Bu gün İKT sektorunda qadınların rolunun və xüsusi çəkisinin artırılması aktuallıq kəsb edən məsələlərdəndir" - deyən A.Əlizadə BTİ, YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatların bu məsələlərin həllinə böyük diqqət ayırdığını bildirib.

 

Akademik A.Əlizadə gender məsələsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu və  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb:

“Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət orqanlarında, elm, təhsil və tibb müəssisələrində, biznes və vətəndaş cəmiyyəti sektorlarında, ədəbiyyat, incəsənət və idman sahələrində ən yüksək səviyyədə təmsil olunurlar”.

 

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil artmaqda olduğunu söyləyən AMEA rəhbəri bu tendensiyanın Azərbaycanda da özünü qabarıq şəkildə göstərdiyini bildirib. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil etmişdir.

 

Sonda A.Əlizadə AMEA-da, onun elmi müəssisə və qurumlarında Qadınlar Şurasının fəaliyyət göstərdiyini qeyd edərək bu şuranın elmi mühitdə çalışan xanımların müxtəlif problemlərini, qayğılarını üzə çıxartmağa və onları daha effektli şəkildə həll etməyə imkan verdiyini bildirib.

 

Daha sonra “Qadınların elmi yaradıcılığında və peşə seçimində İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə elmlər doktoru, professor Hicran Hüseynova İKT-nin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biri olduğunu söyləyib. Məruzəçi bildirib ki, informasiya texnologiyalarının tətbiqində gender fərqlərinin öyrənilməsi hazırda tədqiqatçıların xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Onun sözlərinə görə, İKT cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.

 

H.Hüseynova, həmçinin hazırda İKT-nin qadınların elmi yaradıcılığının inkişafı və müxtəlif peşələrə yiyələnməsi baxımından geniş imkanlar açdığını vurğulayıb.

 

“UNESCO-nun hesabatlarına görə, Azərbaycan bütövlükdə tədqiqatçılar arasında qadınların sayı daha çox olan ölkələr sırasındadır”– deyən H.Hüseynova qeyd edib ki, Azərbaycan qadınları arasında İKT sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın təşviq edilməsi, gənc qızların gələcək karyeralarını məhz İKT sahəsində iş qurmalarına həvəsləndirilməsi qarşımızda dayanan əsas məsələlərdəndir.

 

Konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva “Qadınlar İKT-də: beynəlxalq aləmdə və ölkəmizdə ümumi mənzərə” mövzusunda məruzə ilə çıxış edərək informatika elminin yaranma tarixindən bəhs edib. O, Elektron Hesablayıcı Maşınların istifadə edilməsi üzrə ilk tədqiqatlardan danışaraq, keçmiş SSRİ-də və Avropada ilk Kiçik Elektron Hesablama Maşını barədə məlumat verib.

 

Məruzəçi, həmçinin ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi və Azərbaycan əl xalılarının naxış, ornamentlərinin tanınma və identifikasiya sistemini təqdim edərək onların imkanlarından söz açıb, iş prinsipini diqqətə çatdırıb.

 

Konfransda “Gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova qadınların İKT-yə cəlb olunması zərurətini təyin edən amillərdən danışıb. O, İKT sektorunda çalışan 29 milyon ixtisaslı İT-mütəxəssisin 20-30%-ni qadınların təşkil etdiyini bildirib.

 

Avropa İttifaqı ölkələrinin İKT bazarında qadınların payı barədə məlumat verən M.Məmmədova aparıcı İKT şirkətlərində qadın İT mütəxəssislərin payı, ölkəmizdə ali təhsil müəssisələrinin tələbələrinin və ixtisas qrupları üzrə təhsil alan tələbələrin sayı, ixtisas üzrə işləyən İT-məzunların cins üzrə paylanması reytinqini təqdim edib. Alim İKT sahəsində qadınların payının az olması səbəblərindən danışaraq, hazırda qadınların dinamik İKT sektoruna daxil olmaları üçün geniş imkanların yaradıldığını deyib.

 

M.Məmmədova e-tibbin qadınların sağlamlıq problemlərinin həlli baxımından təqdim etdiyi imkanlardan, İKT-nin qadınlar və onların ailə üzvlərinin təhlükəsizliyi problemlərinin həllində rolundan da danışaraq, elektron təhsilin gender assimetriyasının aradan qaldırılması baxımından sosial əhəmiyyətə malik olduğunu söyləyib.

 

Tədbirdə “AMEA-da gender mədəniyyəti və İKT” mövzusunda məruzə ilə çıxış edən Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri barədə məlumat verib.

 

O, akademiyanın institutlarında yaradılan Qadınlar şuralarının üzvlərini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırıb. Alim AMEA-nın qadın əməkdaşlarının elmi fəaliyyətləri barədə tədqiqatların aparılmasını və bu məlumatların çap olunmasının zəruriliyini qeyd edib.

 

Daha sonra AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafında kommunikasiyaların rolu” mövzusunda məruzəsini təqdim edib. Kommunikasiya vasitələrinin meydana gəlməsi ilə sosial-mədəni sferada baş verən dəyişikliklər arasında əlaqələrdən danışan alim bildirib ki, cəmiyyətdə qadının sosial statusunun yüksəlməsi kommunikasiya imkanları ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, bəşəriyyətin inkişafında baş verən informasiya inqilablarının hər biri bu və ya digər şəkildə qadının cəmiyyətdə mövqeyinin güclənməsi ilə müşayiət olunub.

 

H. Quliyev şifahi və yazılı kommunikasiya mərhələlərində, həmçinin kütləvi informasiya vasitələrinin, radio və televiziyanın meydana gəlməsi zəminində qadının sosial statusunun inkişafı ilə bağlı folklor faktlarını diqqətə çatdırıb. İnternetin meydana gəlməsi hesabına cəmiyyətin əvvəlki dövrlərdən fərqli mərhələyə qədəm qoyduğunu deyən məruzəçi bildirib ki, qloballaşma və virtuallaşma proseslərinin getdiyi müasir dövrdə Azərbaycan qadını cəmiyyətin ən müxtəlif sferalarında aktiv şəkildə fəaliyyət göstərməkdədir.

 

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Qadınlar və fərdi məlumatların mühafizəsi problemləri” mövzusunda məruzə ilə çıxış edərək fərdi məlumatların mühafizəsinin normativ-hüquqi bazası və beynəlxalq çağırışlardan bəhs edib.

 

Dünyanın əksər ölkələrində fərdi məlumatların mühafizəsi ilə məşğul olan milli qurumların fəaliyyət göstərdiyini deyən alim fərdi məlumatların mühafizəsi sahəsində çox sayda beynəlxalq standart və tövsiyələrin işlənildiyini, hər ilin 28 yanvar tarixinin Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

 

“Fərdi məlumatların beynəlxalq və ölkələr səviyyəsində “qara bazar”ı formalaşır” – deyən məruzəçi “qara bazar”da təklif olunan xidmətlərdən söz açıb. Akademikin sözlərinə görə, “qara bazar”da qiymətlər şəxsin sosial statusundan asılı olaraq dəyişir və burada insan resurslarının formalaşdırılması üçün xakerlik kursları təşkil olunur. Həmçinin əksər hallarda, ödənişlər kriptovalyuta ilə aparıldığından bu kimi kibercinayətlərlə mübarizə aparmaq xeyli çətinləşir.

 

R.Əliquliyev fərdi məlumatların mühafizəsi ilə bağlı təkliflərini də səsləndirərək, onun sosial-psixoloji, hüquqi, texnoloji aspektləri üzrə multidissiplinar araşdırmalarının aparılmasının, fərdi məlumatların mühafizəsi sahəsində yüksəkixtisaslı hüquqi, texnoloji və s. sferalar üzrə kadrların hazırlanmasının zərurliyini vurğulayıb. O, fərdi məlumatlar və onların qorunması mexanizmləri haqqında vətəndaşlara, xüsusilə gənclərə zəruri biliklərin verilməsi, təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsi, müntəzəm təlimlərin təşkil olunmasının, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq ölkəmizdə fərdi məlumatların mühafizəsi siyasətini həyata keçirəcək milli qurumun yaradılmasının vacib məsələlərdən olduğunu bildirib.

 

Alim, həmçinin fərdi məlumatların qeyri-qanuni ictimailəşdirilməsi hallarının aşkarlanması məqsədilə sosial media vasitələrinin monitorinqlərinin aparılması, ailə qurmağa hazırlaşan tərəflərin və onların yaxınlarının rastlaşa biləcəkləri sosio-psixoloji problemlərin, boşanma halların sayının minimallaşdırılması məqsədilə tərəflərin genetik uyğunluğunun müəyyənləşdirilməsi üçün tələb olunan fərdi genetik məlumatların müvafiq elektron reyestrlərdə toplanılmasına ehtiyac duyulduğunu vurğulayıb.

Konfransın sonunda müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi