Qarabağa məntiqsiz “sülh” variantı və yaxud...

20:15 30-04-2019 | icon 1041 | Qarabağ
Qarabağa məntiqsiz “sülh” variantı və yaxud...

“Ermənilər Zabux dərəsində futbol meydançası qururlar, biz isə...”

 

Erməni separatçıları tərəfindən işğal olunan Azərbaycan ərazilərinin azad olunması prosesi uzanır. Son vaxtlar isə beynəlxalq müstəvidə “Dağlıq Qarabağ münaqşəsi” kimi müzakirə olunan problemə yanaşmada “xalqların sülhə hazırlanması” ideyası xüsusilə gündəmə gətirilir.

Beynəlxalq təşkilatların Qarabağ münaqişəsinə münasibətdə  "işğaldan azad et" ideyasının deyil, məhz “xalqların sülhə hazırlanması” tələbi üzərində dayanması bu missiyanın mövqeyinə birmənalı olmayan yanaşmaları ortaya çıxarır.

Versus.Az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

 

“Torpaq geri alınmalıdır, birmənalı şəkildə, şərtsiz-filansız bütün yurd yerlərimiz düşməndən boşaldılmalıdır

 

Xaricdə yaşayan yazıçı Eluca Atalı bildirib ki, Qarabağın sülh yolu ilə azadlığı "ideyası" əslində 1994-cü ildə atəşkəsdən sonra hazırlanır. Onun sözlərinə görə, elə o vaxtdan da beynəlxalq qurumlar bizi psixoloji olaraq məğlubiyyətə hazırlayırlar:

 

“Lakin 1994-cü ildəki şərait tam başqa idi. Ordumuz yeni qurulurdu, lazımi qədər silah yox idi, ölkə iqtisadiyyatı yeni dirçəlirdi. Buna baxmayaraq “atəşkəs” rejimi müharibəsiz şəraitdə olan ölkənin xam malının daşınması kimi acınacaqlı hallar yaratdı. Yəni, Azərbaycana qarşı talançılıq siyasəti yürüdüldü, bizə hər növ yadlıq təlqin edildi və hər şeyi xaricdən əxz etdik. 25 ildən sonra baxıb gördük ki, özümüzdən heç nə qalmayıb”.

 

E.Atalı bu prosesi İranın 60-cı illərdəki həyatı ilə müqayisə edib:

 

“O zaman baş nazir Müsəddiq neftin milliləşdirilməsi məsələsini ortaya atanda işdən çıxarıldı, həbs edildi, Şah bir vaxt ayıldı ki, ölkə xarici qüvvələr vasitəsilə talanır və yalnız bundan sonra o, xarici şirkətləri ölkədən çıxarmağa başladı. Xarici ölkələr isə Amerika, Fransa, SSRİ başda olmaqla siyasətə heç bir dəxli olmayan fiquru Xomeynini, islam inqilabı adı ilə İrana başqan etdilər.

Burda Asif Atanın bir fikrini deyəcəm, "Azərbaycan gərək millətçilik dövrün keçəydi". Ata bunu 1992-ci ildə deyib. Baxmayaraq ki, bu fikrin deyilişindən 27 il keçib, ölkə nəinki milliləşmədi, əksinə, milli olan hər bir şeyə dırnaqarası baxılmağa başlandı. Hətta milliliyə gerilik kimi baxanlar utanmadan bunu dilə gətirirlər”.

 

Tarixə istinad edən E.Atalı hesab edir ki, bu gün biz erməni ilə barış toxumunun harda və necə səpilməsinə tam ciddiyyəti ilə açıqlama verməliyik:

 

“Neft müqavilələri bağlandı, neft mənimsənildi, daşındı...

Bəs, bu müqavilə bağlanan zaman xalqa verilən vədlər harda qaldı? Bəs, nefti mənimsəyən super güclər Qarabağın həllində bizə yardımçı olacaqdılar! Minsk qrupu, ATƏT, BMT-nin verdiyi qərarlar hamısı masa üzərində kağızda qalır. Qorxuram ki, vaxtın uzanmasını bizim tarixi yaddaşsızlığımıza hesablasınlar. Xalq özünü aldatmamalıdır. Açığını deyim, mənə çox ağır gəlir xalqı körpə kimi yüyürdürlər, aldadırlar. Bütün informasiyalar istər hökümət orqanları, istərsə də müxalifət tərəfindən açıq şəkildə yazılıb, ictimaiyyətlə müzakirə edilməlidir. Tv, radio, qəzet, internet səhifələri bu işdə yardımçı olmalıdır. Əksinə, bizim TV-lər şou verir, kütlənin beynin yüngülləşdirir, düşünmək səviyyəsin aşağı salırlar. Bütün bunlar qəsdən edilir, onda özünə inamsızlıq yaradırlar. Çal-çağıra alışdırılan xalqdan döyüşçü hazırlamaq çətindir. Döyüşçü deyəndə mən tək əsgəri nəzərdə tutmuram, xalqın mənfiliklə, murdarlıqla döyüşmək ruhundan bəhs edirəm. Yəni, demokratiyanın tələbləri əsasında, indiki demokratik cəmiyyətdə yaşadığımızı iddia edirik. Əksinə biz burda nə görürük? Erməni Qarabağda quruculuq işləri görür, ora sərmayə yatırır. Son, 1918-ci ildə Qarabağın işğalına qarşı vuruşub 30 minlik Andronikin qoşununu Zabux dərəsində mühasirəyə salıb qıran Sultan bəydən bəhs edən "Nalşəkilli mühasirə" kitabımı yazanda Zabuxun, Laçinin son durumunu internetden ciddi izlədim. Ermənilər Zabux dərəsində futbol meydançası qururlar. Biz isə "Qarabağ bzimdir-bizim olacaq!” şüarlarıyla enerjimizi xərcləyirik.

 

Qarabağ konfiliktindən 30 il keçib, biz nəyə nail olmuşuq? Biz bir idmançımızın güləş döşəyində erməni kürəyin yerə vurması ilə öyünüb bütün günü bunu bu olaydan yazıb gündəmə çeviririk. Paşayanın kürəyi yerə vurulmalıdır, Xocalının müəllifləri olan Sarkisyan, Zori Balayan Haqa məhkəməsinə verilməlidir. Ən yaxşı müdafiə hücumdur. Qarabağa hücum olmalıdır, torpaq geri alınmalıdır, birmənalı şəkildə, şərtsiz-filansız bütün yurd yerlərimiz düşməndən boşaldılmalıdır.Torpaq azad olmadan erməni ilə sülh, barış olmaz. Erməni ilə danışıq masasına oturmaq məğlubiyyətdir. Biz bu gün məğlubiyyətdən məğlubiyyətə yüyürürük. Baxmayaraq mən özüm çox hümanist adamam, qan tökülməsinin əleyhinəyəm, oğullarımızın vaxtsız-vədəsiz qırılmasını istəmirəm, lakin Qarabağsız yaşamaq şərəfsiz yaşamaqdır. Mən istəyirəm bu adı üzərimizdən götürək. Qarabağın həllində heç bir xarici qüvvəyə bel bağlaya bilmərik. Qarabağ problemini bizim üçün yaradan dövlətlər MİNSK qrupunun üzvüləridirlər. 2016-cı ildə aprel döyüşünün birinci saatında İsveçin xarici işlər naziri Marqot Vellström dövlət tv-sində çıxış edərək hər iki tərəfi sülhə çağırdı, mən bu işdə tərəflər arasında vasitəçi rolun oynamağa hazıram dedi. Bu da MİNSK-in üzvü. Sən sülh istəyirsən, mən də yurdumu! Yurdumu qaytar, sonra sülhdən dəm vur. Biz şərt qoyan ölkə olmalı ikən, əksinə bizi işğal edənin şərtləri ilə oturub-durmalı olmuşuq. Bizim Qarabağın bir yolluq həlli üçün böyük imkanımız var, istər fiziki güc baxımından, istərsə də silah və iqtisadi baxımından. İkinci bir tərəfdən, biz erməni kimi 3-5 milyon yox, 50 milyonuq. Güney məsələsi aktuallaşmalıdır, Azərbaycan BÜTÖVLƏŞMƏLİDİR! Onda heç kim dünya lüğətindən məğlub edici kəlmələri tapıb bizlə o dildə danımaz”.

 

“Həmsədrlərin Qarabağ münaqişəsinin ədalətli həllinə yardım göstərəcəkləri heç inandırıcı deyil”

 

Siyasi ekspert Əlabbas Məhərrəmli bildirib ki, 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldıqdan sonra vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin hansı şərt əsasında olursa-olsun, həllinə çağırırlar:

 

“Yəni vasitəçilər və beynəlxalq təşkilatlar bu münaqişənin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmasını nəzərə almaq istəmirlər. Onlar üçün işğalçı tərəflə işğala məruz qalan tərəf arasında sanki fərq yoxdur. Beynəlxalq hüquq isə bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini diqtə edir. Lakin vasitəçilər “tərəflərin hər birinin maraqlarını təmin edəcək həll variantı”ndan danışırlar. İşğalçının hansı maraqlarının təmin olunmasından söhbət gedə bilər?

Bugünlərdə söz sahibi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də olduğu BMT-nin saytında Dağlıq Qarabağ separatçılarının “hesabatı” dərc olunub. Mən buna təsadüf kimi baxmıram. Bu, böyük güclərin Azərbaycan ictimai rəyini növbəti dəfə yoxlamaq cəhdidir ki, görsünlər, bizim cəmiyyət belə hallara necə reksiya göstərir. Xatırladım ki, bir neçə il əvvəl BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə keçirildikdə Minsk qrupunun həmsədr ölkələri bitərəf qalmışdılar. Bu fakt beynəlxalq vasitələrin Azərbaycana “obyektiv” münasibətlərinin göstəricisi idi. Ərazi bütövlüyümüzə hörmətsizlik göstərən həmsədrlərin Qarabağ münaqişəsinin ədalətli həllinə yardım göstərəcəkləri heç inandırıcı deyil.

Hamımız müşahidə edirik ki, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin hərbi yolla həllindən çəkinməyə çağırırlar. Ancaq özləri münaqişənin beynəlxalq hüquq əsasında həllinə imkan vermirlər. Çox təəssüf ki, Minsk qrupunun həmsədrləri, başqa beynəlxalq təçkilatlar Qarabağ münaqişəsinə öz maraqlarının təmin olunması prizmasından yanaşırlar. Lakin Azərbaycan onların bu “konstruktiv” mövqeyini sonsuza qədər qəbul edə bilməz.

Mənə belə gəlir ki, Minsk qrupu artıq ona verilmiş etimad limitini çoxdan xərcləyib. Ona görə də, məncə, Azərbaycanın alternativ variantları, o cümlədən hərbi güc tətbiqi variantını nəzərdən keçirməsinin vaxtıdır”.

 

 

“Evində oturanla, qovulub ev həsrətində olanın barışığı süni barış, yalançı sülh ola bilər”

 

Xaricdə yaşayan siyasi ekspert İlqar Altay bildirib ki, bu gün Azərbaycan hərbi güc, dövlətin iradəsi, eləcə də  xalqın işgaldan azadolma əzmi ilə müharibə variantına tam hazır olsa da, hələlik  beynəlxalq birliyin təkidi ilə müharibə yox, sülh variantı üzərində dayanır. Onun sözlərinə görə, beynəlxalq birliyin vasitəçiləri ilə birgə tərtib etdiyi sülh variantı isə təbii ki, xalqların barışığı olmadan mümkün deyil:

 

“Yalnız bu cür ictimai əsasla hansısa siyasi və hüquqi razılaşmalar əldə edilə bilər. Təbii ki, bu sazişlərin icrası hər iki xalqın dinc qonşuluq şəraitində yaşadıqları halda mümkündųr. Ancaq, barış üçün mühüm faktor bizim xalqın haqqının tam təmin edilməsi, işgal olunmuş torpaqların geri qaytarılması, insanların öz yurd-yuvalarına qovuşmasıdır. Erməni xalqında barış üçün belə bir problem yoxdur, çünki onun torpağı işgal edilməyib, o qaçqın düşməyib”.

 

İ.Altay bəyan edib ki, xalqların sülhə hazırlanmasında mütləq bu şərtlər nəzərə alınmalıdır:

 

“Bu istiqamətdə real addımlar atılmalıdır ki, Azərbaycan xalqı heç olmasa torpaqların işğaldan azad olunacağının işartılarını görə bilsin. Xalq siyasətçi deyil, nəzəriyyəyə yox, faktlara, gördüyünə inanır. Çünki işgala məruz qoyulan, deportasiya, qaçqınçılıq, zorakılıq, qan, ölümlə üz-üzə qoyulan xalqda barış hissini sözlə, şüarla, sənəd-sxemlə yox, konkret olaraq torpaq, kənd, rayonların boşaldılması ilə yaratmaq olar. Beynəlxalq təşkilatların, missionerlərin erməni xalqı üçün düşündüyü “öncə barış, sonra işgaldan azad et” mövqeyi məntiqlə doğru deyil. Sən oturmusan öz evində, məni qovmusan ev-eşiyimdən çölə və deyirsən gəl barışaq, sonra qayıt evinə. Elə qoy mən də qayıdım evimə sonra oturaq barışaq da. Evində oturanla, qovulub ev həsrətində olanın barışığı süni barış, yalançı sülh ola bilər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı