"Bu cür millətçi qruplar Gürcüstanda hər zaman olub" - MÜSAHİBƏ

06:59 02-05-2019 | icon 621 | Geopolitika
"Bu cür millətçi qruplar Gürcüstanda hər zaman olub" - MÜSAHİBƏ

Son vaxtlar Gürcüstanla Azərbaycan arasında yaşananlar, xüsusi ilə prezident Solomi Zurabişvilinin ehtiyatsız bəyanatları, münasibətlərin korlanmasında maraqlı olan qüvvələrin fəallaşması, müxtəlif aspektlərdə müzakirələrin aktuallıq dərəcəsini artırıb.

 

Politoloq Eldar Namazov bununla bağlı Redaktor.az-a müsahibə verib. Versus.Az həmin müsahibəni təqdimedir.

 

- Eldar müəllim, SSRİ dağılandan sonra bölgənin siyasi xəritəsi necə dəyişdi?

 

- Sovetlər Birliyi dağılandan sonra Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı münasibətlər quruldu. Bu da təsadüfi deyil. Çar Rusiyası da dağılanda, Cənubi Qafqazda 3 müstəqil dövlət yarananda da Azərbaycan və Gürcüstan öz aralarında mübahisəli məsələləri kifayət qədər tez həll edə bilmişdi. Ancaq erməni tərəfi həm Azərbaycana, həm də Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edirdi. SSRİ dağılanda da bu mənzərə təkrarlandı. Gürcüstanla münasibətləri uzun illərdir qoruyub saxlayırdıq. Bunu beynəlxalq ekspertlər hər zaman nümunə kimi ermənilərə göstərirdilər.

 

- Ancaq son aylarda Azərbaycan və Gürcüstan münasibətlərini pozmaq istəyən qüvvələr aktivləşib...

 

- Doğrudur, addım-addım Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışan qüvvələr fəallaşmağa başlayıb. Bir neçə təxribatın şahidi olduq. Şübhəsiz ki, bunları törədən erməni tərəfidir. Təsadüfi deyil ki, ermənilər Cavaxetiyadakı abidəni məhz Azərbaycanda 20 Yanvar Şəhidlərinin yad edildiyi vaxtda ucaltdılar. Bu, təxribatın effektini daha da artırmaq məqsədi ilə edilmişdi. Eyni zamanda, son dövrlərdə Gürcüstanın içində də, bəzi siyasi dairələr Azərbaycana qarşı müəyyən bəyanatlarla çıxış etməyə, təxribat xarakterli şüarlar irəli sürməyə başlayıblar. Bu cür millətçi qruplar Gürcüstanda hər zaman olub. Ancaq Azərbaycan və Gürcüstan strateji əməkdaşlığa başlayandan sonra, həmin qüvvələr marginallaşmışdı. Gürcüstan hakimiyyəti, müxalifəti və əsas siyasi qüvvələri Azərbaycanla dostluq münasibətlərinin nə qədər önəmli olduğunu çox yaxşı dərk edirlər.

 

- Ermənilərin təxribatları Gürcüstan və Azərbaycan münasibətlərində soyuqluğun yaranmasına gətirib çıxarıb. Məhz indiki dönəmdə onların bu aktivliyi nə ilə əlaqədardır?

 

- Ermənilərin təxribatlarının nəticə verdiyini düşünmək yanlış olar. Bu təxribatlar sadəcə olaraq, çoxalıb. Bu da Gürcüstandakı daxili vəziyyətlə bağlıdır. Hakim partiya ilə müxalifət arasında müəyyən bir tarazlıq yaranıb. İqtidar və müxalifət ölkə daxilində eyni çəkiyə malikdir. Hələlik buna paraçalanma deməsək də, Gürcüstanda mərkəzi hakimiyyət əvvəlki illərdəki kimi güclü görünmür. Eyni zamanda müxtəlif vəzifələrə, o cümlədən prezident kürsüsünə yerli reallığı dərk edə bilməyən insan gəlib. Ermənilər çalışırlar ki, bu vəziyyətdən maksimum istifadə etsinlər. Ancaq əminəm ki, onların bu ümidləri doğrulmayacaq.

 

- Salome Zurabişvili hakimiyyətə gələndən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq yaranıb. Bu, nə ilə əlaqədardır?

 

- Bu xanımın tərcümeyi halına diqqət yetirək. Salome Zurabişvili Fransada anadan olub, orada təhsil alıb, uzun illər Fransanın Xarici İşlər Nazirliyində çalışıb. Yəni Zurabişvili Avropada təhsil alan, böyüyən siyasətçidir. Avropalı siyasətçilərin arasında postsovet məkanında baş verən hadisələri dərk etmək, reallıqları düzgün qiymətləndirməklə bağlı ciddi problemlər var. Estoniya parlamentinin aparıcı üzvlərindən biri mənim yaxın dostumdur. O, mənə maraqlı bir hadisə danışmışdı. Dostum Estoniya müstəqillik əldə edəndən sonra Qərb diplomatları ilə tez-tez söhbət etdiklərini, bu zaman maraqlı məqamların yaşandığını demişdi. Belə ki, eston siyasətçilər Qərb diplomatlarına SSRİ-nin Baltikyanı ölkələri zəbt etdiyini, Stalinin represiyalarını, yüzminlərlə estonların Sibirə sürgün edilməsini deyəndə, onlar buna qəribə reaksiyalar verib. Avropalılar  “bütün bunlar baş verəndə, siz niyə polisə zəng vurmurdunuz?” sualının cavabını eston siyasətçilərdən soruşublar. Yəni demək istəyirəm ki, onlar postsovet məkanında baş verənləri başa düşmürlər. Bunlar Stalin rejimi kiməsə qarşı represiya aparırsa, polisə zəng etməyin mənasız olduğunu dərk etmirlər. Zurabişvili də həmin tipli insanlardan biridir. O, bölgədə gedən proseslərə, reallıqlara Avropa siyasətçisinin gözü ilə baxır və anlamır ki, onun hansı sözü, hansı effekt verə bilər. Prezident seçkilərində kampaniya aparıldığı zaman Zurabişvili ilk ciddi səhvini etdi. Gürcüstanda ermənilər yaşayan kəndə gedərək, buradakı çıxışında türklərə söz atdı. Ancaq Zurabişvili burada Türkiyənin Gürcüstanın strateji müttəfiqi olması faktını unutdu. Türkiyə Gürcüstana hər zaman yardımlar edən və onun inkişafına dəstək verən ölkələrdəndir. Enerji layihələri isə Türkiyəni, Azərbaycanı və Gürcüstanı bir-birinə bağlayan strateji layihələrdir. Bu şəraitdə gürcü siyasətçisinin ermənilər qarşısında türklərlə bağlı bu çıxışı qəbuledilməzdir. Təbii ki, onun bu çıxışı narazılıqla qarşılandı.  

 

- Bu yaxınlarda prezident Salome Zurabişvilinin Azərbaycanla bağlı növbəti,həm də təxribat xarakterli çıxışı oldu. Bu məsələnin gündəmə gəlməsinə səbəbi nədir?  

 

- Gürcüstan və Azərbaycanın sərhədində yerləşən xristian abidəsinin çox hissəsi Azərbaycan ərazisindədir. Azərbaycan tolerant xalq olaraq, tarxini, zəngin mədəniyyətini qoruyur. Ölkəmizin ərazisində çoxlu sayda xristian abidələri mövcuddur. Gürcülərin bizə dost xalq olduğunu, ikitərəfli münasibətləri nəzərə alaraq, “Keşikçi dağ” monastrına gürcülərin gediş-gəlişinin tam sərbəst olmasına icazə verilib. Yəni bu, Azərbaycan tərəfindən atılan çox humanist bir addım idi. Bunu bilə-bilə, Gürcüstan prezidentinin təxribat xarakterli bəyanat verərək, ərazi ilə bağlı problemli məsələlərin təcili olaraq həll olunmasını tələb etməsi qəbuledilməzdir. Siyasətçi ehtiyatsız bəyanatlarının qarşı tərəfdə hansı reaksiyaya səbəb ola biləcəyini əvvəlcədən proqnozlaşdırmalıdır. Çünki Zurabişvilinin dediyi təxirəsalınmaz addım, yalnız Azərbaycanın sərhədi bağlaması olar. Hətta sərhədçilərimiz 3-4 günlük bunu etdilər də. Zurabişvili kimi insanlar başa düşməlidir ki, dövlət sərhədi elə-belə məsələ deyil. Sərhədi istədiyin kimi dəyişə bilməzsən. Gürcü mətbuatında Zurabişvilinin bu cür ehtiyatsız bəyanatlarını siyasətçilər, o cümlədən din xadimləri tərəfindən tənqid edən məqalələrə rast gəlmək olar. Açığı, vəziyyətin bu cür inkişaf edəcəyini güman edirdim. Zurabişvilinin əvvəldən etdiyi səhvləri nəzərə alsaq, bunu anlamaq elə də çətin deyildi. Həmin xanımın Saakaşviliyə qarşı hərəkətlərini də unutmaq olmaz.

 

- Eldar müəllim, qeyd etdiyiniz kimi Zurabişvilinin siyasi baxışları bir qədər fərqlidir, aqresiv bəyanatlardan da çəkinmir. Bu siyasət gələcəkdə qonşu ölkələrin Gürcüstana etibar etməməsinə gətirib çıxara bilərmi?  

 

- Zurabişvili onu dəvət edən, yüksək vəzifə verən prezidentlə cəmi 1 il işləyə bilmişdi. Ondan sonra öz bəyanatları və hərəkətləri ilə konflikt yaratdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı. Zurabişvili onu Gürcüstana dəvət edən, vətəndaşlıq verən, xarici işlər naziri kimi yüksək posta təyin edən prezidentə qarşı koalisiya quraraq, onu hakimiyyətdən devirmək istəmişdi. Bu xanım həmin vaxt müxalifətin liderlərindən birinə çevrilmişdi. Lakin o, uğur qazana bilmədi və Gürcüstan cəmiyyətinə qarşı təhqiramiz ifadələr işlədərək, təxminən 10 ilə yaxın yoxa çıxdı. Son prezident seçkilərində yenidən peyda oldu, hakimiyyətə gətirildi. Seçkilər zamanı türklərə qarşı münasibətini ortaya qoyan xanım pezidentin indiki abidə təxribatı şübhəsiz ki, qəbuledilməzdir və iki ölkə arasındakı  münasibətlərə yaraşmayan addımdır. Zurabişvilinin hansı xüsusiyyətlərə malik olduğuna bələdəm. Təqribən bilirəm ki, onun bu xüsusiyyətləri bizim üçün problemlər yarada bilər. Buna görə də, bir ay bundan əvvəl gürcü dostlarıma müraciət etdim ki, Tblisidə tədbir hazırlayaq və hazırladıq da. Həmin tədbirdə mən də iştirak edirdim. Tədbirdə Gürcüstan-Azərbaycan münasibətləri ilə bağlı müzakirələr aparıldı. Bu münasibətləri pozmağa çalışan qüvvələrlə bağlı da müzakirəmiz oldu. Baş verənlərlə bağlı mən öz narazılığımı çatdırdım. Nəticədə, daimi fəaliyyət göstərən Gürcüstan-Azərbaycan İctimai Dialoq Forumunu yaratmağı qərara aldıq. Bizim münasibətlərimizə xələl gətirmək istəyən qüvvələr aktivləşəndə, ictimai təpki ilə onları yerinə oturtmaq üçün bu forumu yaratdıq. Onu da deyim ki, Tblisidə fəaliyyət göstərən diplomatik korpusla da bu barədə müzakirələr apardıq. Yəni həm dövlət, həm də ictimaiyyət səviyyəsində bu məsələlərdə diqqətli olmalıyıq. Üçüncü tərəflərin, ya da hansısa siyasətçilərin səhvlərini vaxtında onlara göstərib, səhvləri aradan qaldırmaq lazımdır.

 

- Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Bir sıra beynəlxalq və logistik layihələri birlikdə həyata keçirirlər. Baş verən gərginlik bu layihələr üçün hansısa təhlükə yaradırmı?              

 

 Həmin layihələr strateji əhəmiyyət kəsb edən beynəlxalq layihələrdir. Bu layihələr Azərbaycan, eyni zamanda Gürcüstan dövlətinə və xalqına böyük xeyir gətirir. Layihələrin həyata keçirilməsində Avropa və ABŞ-ın böyük rolunu unutmamalıyıq. İstisna etmirəm ki, beynəlxalq dairələr bu məsələləri çox diqqətlə izləyirlər. Hansısa siyasətçilərin səhvlərinin nəticəsində münasibətlərin tamamilə korlanması və həmin layihələrin həyata keçirilməsində müəyyən problemlərin yaranması təbii ki, Qərbdə etirazla qarşılanar. Biz həm dövlətlərarası münasibətlərimizin, həm ictimai əlaqələrimizin, eləcə də beynəlxalq partnyorlarımızın səyləri nəticəsində bu kimi təxribatların qarşısını ala biləcəyik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol