“Məmləkətimizin ən böyük problemi sevgisizlikdir” – MÜSAHIBƏ

18:39 07-06-2017 | icon 725 | Mədəniyyət
“Məmləkətimizin ən böyük problemi sevgisizlikdir” – MÜSAHIBƏ

Məleykə Alıqızı: “…MƏNƏ “SƏN TÜRKSƏN?” DEYİB İRONİYA EDİRLƏR”


Söz xiridarı, Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi Məleykə Alıqızının versus.az -a verdiyi müsahibə.

“Teatr öz funksiyasını itirib”

 –  Bu gün dünyanın həyat fəlsəfəsini “sənət pəncərəsi”ndən izləyən Məleykə Alıqızının qarşısında hansı mənzərə canlanır?

– Sənət “pəncərəsi”ndən baxarkən bir gülüstan görürəm. Onun qızılgül qoxusu məni heyran edir. Onu tanrı yaradıb və insanlara sənət bacarıqları bəxş edib ki, dünyaya öz töhfələrini  verə bilsinlər. Şükr edirəm ki, tanrı mənə o pəncərədən baxmaq şansını verib.

– Sizin üçün sözün, sənətin sehrinə düşmək nədir?

– Deyirlər ki, tanrıdan sonra peyğəmbərlər, sonra şairlər gəlir. Mən də bir söz adamıyam və şairlərin söz xəzinəsini yaşadırıq. Bu mənada sözün yükü, dəyəri, qiyməti ölçüyə gəlməzdir və bu sözün, dilin keşiyində dayanmaq, onu cilalamaq, yeni çalar qatmaq böyük məsuliyyətdir. Onun keşiyində layiqincə dayanmaq təkcə səsin, diksiyanın gözəl olmasına bağlı deyil. Şəxsiyyət, insanlıq baxımından buna haqqı olmalıdır. Bu gün hər kəs özünü söz adamı hesab edə bilər. Amma görək qəbul edilirmi? Söz mənəvi mədəniyyət abidəsidir və mən özümü söz məbədinin qapısında duran keşikçilərdən hesab edirəm. Düşünürəm ki, söz məbədini qorumaqla yanaşı, ona yeni çalarlar qatmaq lazımdır.

– Bir söz xiridarı olaraq dil, nitq mədəniyyətimiz haqqında nə düşünürsünüz?

– Söhbət edərkən qarşımdakı insan sözləri kəsmədən, qırmadan, şivəsiz deyirsə, ona dəyər verirəm. Danışıq mədəniyyətinə çox böyük sevgim var, amma dili olduğu kimi saxlamalı deyilik. Çünki o da canlıdır və inkişaf etməlidir. Bu gün bir çox dilçi, elm adamlarımız var ki, onlar dilimizin gözəlliyini, zənginliyini qorumaq məqsədilə ona yeni rəng qatılmasına qarşı çıxırlar. Sirr deyil ki, Azərbaycan dilinə kifayət qədər ərəb-fars və başqa dillərdən terminlər daxil olub. Biz onları mənimsəmişik və artıq öz sözlərimiz kimi istifadə edirik. Acınacaqlısı budur ki, biz öz türkçəmizi dilimizə gətirməkdən utanırıq. O mənada istərdim ki, nənələrimizin, babalarımızın danışdığı əski türkcəmizi dilimizə gətirək. Bundan qorxmamalıyıq, bir az cəsarətli olmaq lazımdır. Məsələn, nədənsə xoşum gəlməyəndə “nə yazıq” ifadəsini işlədirəmsə, mənə “sən türksən?” deyə ironiya edirlər. Deyirəm bəli, türkəm, Azərbaycan türküyəm. Axı niyə biz türk sözlərini işlətməyək? Yadımdadır ki, nənəm “yıldız” deyəndə,  gülüb deyirdim “yıldız yox, ulduz”, “yapraq” deyəndə yenə də eyni cür qarşılayırdım. Sən demə bu bizim əski danışığımız olub. Zamanında Rusiya bizi türkçülükdən qoparmaq üçün əlindən gələni edib və istəyinə nail olub. Bu gün ortaq türk dilinin olması məsələsi çoxlarına nağıl kimi gəlir, amma mən bunu mümkün sayıram. Biz Güneydən danışmağa belə, qorxuruq. Bir araya gəlib ortaq türkçə yarada bilməyəcəyiksə, bizi yenə parçalayacaqlar. O mənada birliyimizi dildə görürəm.

“Teatr öz xarakterini tapa bilmir”

 – Məleykə xanım, bəllidir ki, hər bir dövr özünəməxsus maddi, mədəni, ruhi tələbləri ilə cəmiyyətin “kimliyini”, səviyyəsini müəyyənləşdirir. Məsələyə bu aspektdən yanaşsaq, sizcə bu gün  sənət –  teatr, musiqi və sair mədəniyyət nümunələrimiz müasir sifarişlərimizi yerinə yetirə bilirmi?

– Əvvəlcə araşdırmalıyıq görək “müasir sifariş” deyiləndə nələr nəzərdə tutulur. Gəlin baxaq görək bu günün tələbi nədir və onu dünəndən fərqləndirən cəhətlər hansılardır. Yaxud, bu günün mahiyyəti bizi qane edirmi. Belə qənaətə gəlinir ki, insan bütün zamanlarda yaşadığı cəmiyyətlərdəki problemlərdən şikayətçidir. Məsələyə o aspektdən yanaşsaq, incəsənət sahələrində də kifayət qədər problemlər var. Məsələn, deyilir ki, bu gün teatr tamaşaçı qıtlığı yaşayır və bu da tamaşaların keyfiyyətsiz olması ilə izah olunur. Onun bəzi səbəblərini də dramaturgiyada, rejissurada, aktyor ifasında, bəzi səbəblərini teatrın dünya standartlarına cavab verməməsində və sair görürük. Təbii ki, hər dövrün öz tələbləri var. Məsələn, sovet dönəmində teatr dövrünün ideologiyasına, qanun qaydalarına xidmət edirdi. Biz ya həddən artıq müsbət qəhrəman obrazı, ya da ona qarşı dayanan mənfi obraz idik. Bu gün o meyarlar darmadağın olub. Çünki biz yeni cəmiyyət qurmuşuq və sosializm, realizm prinsipindən vaz keçib həmin ideologiyanı sənətdən qopardıq. Əvvəl açıq şəkildə olmasa da, teatr ideoloji sifarişləri yernə yetirirdi. Bu gün isə teatr ideoloji məsələlərdən uzaqdadır. Əvvəl teatrın maarifləndirici, tərbiyəedici xassəyə malik olduğunu qabardırdıq. Bu gün isə deyirik ki, o əyləncəli xarakterə malikdir. Bu gün teatr öz xarakterini tapa bilmir. Teatr əslində elmin, siyasətin görmədiyi daha ciddi məsələləri həll edən bir müəssisədir. Niyə sosialist inqilabından sonra sovet hökuməti 70 il höküm sürdü? Bu, bütövlükdə mədəni inqilabın nəticəsi idi. Çünki mədəniyyətin hesabına sovet ideologiyası özünü saxladı. Araşdırmaq lazımdır ki, bu günün insanı nə istəyir və hansı zamandır, yeni qurduğumuz cəmiyyət hansı mədəni qanunlarla işləməlidir. Tanrı dünyanı gülüstan yaradıb, amma bu o demək deyil ki, hər kəs öz istədiyini edə bilər. Azadlığın da sərhədləri var. Anlamalıyıq ki, bizim yaratdıqlarımız kiminsə həyatına mütləq öz təsirini göstərəcəkdir.

– Çox vaxt insanların yüngüllüyə, əyləncəyə daha çox meyilli olduğu deyilir. Hətta şeiri gülüş hədəfi kimi də qarşılayanlar var. Bu mənada bəstəkar Elza Seyidcahanın şeir yazmaq həvəsinə diqqət çəkilir. İnsanlar lağ edə-edə, gülə-gülə buna vərdiş edirlər.

– İnsanlar sanki düşünmək istəmirlər. O cəmiyyət ki, düşünməyi bacarmır, deməli yüngüllüyə meyillidir. Sovet dövründə konkret olaraq incəsənətin xalqa məxsus olduğu deyilirdi. Həmin dövrdə zadəganlığın, burjuanın əleyhinə gedilirdi. Çünki hamı bir nəfər, bir nəfər hamı üçün prinsipi var idi. Bu gün biz deyiriksə ki, artıq keçid dövrü deyil, kapitalizm dövrüdür, o zaman mütləq “sənət xalq üçündür” prinsipini dəyişib “sənət sənət üçündür” prizmasından çıxış eləməliyik. Eyni zamanda, incəsənət hardasa həm xalqa məxsusdur, həm də sənət elə sənət üçündür. Çünki elə sənət nümunələri var ki, sıradan bir insan onu anlaya bilmir. Bu mənada əsl sənət sənəti anlayan “zərgərlərə” məxsusdur. O baxımdan düşünürəm ki, demokratik cəmiyyət yaradırıqsa, o iki nəzəriyyənin paralel aparılması normaldır. Məsələn, Elza Seyidcahanın adını çəkdiniz. Onun da öz oxucusu, dinləyicisi var, qoy olsun. Ona qarşı həqarətlə yanaşmaq lazım deyil. Belələrini düşündürərək utandırmaq lazımdır. Yoxsa təhqir, kobudluqla heç nəyə nail olmaq mümkün deyil. Ümumiyyətlə sənəti zərifliklə təqdim etmək lazımdır.

“…baxdım ki, o məni tamamilə həyatdan qoparıb aparır…”

 – Təbii ki, ruhən azad olduqca kamilləşən insanın həyatında, həm də bir narahat insan obrazı formalaşır. O, ətrafında baş verən proseslərə biganə qala bilmir, düşündükcə çiyinlərindəki yük onu daha da aşağı dartır və o, heç vaxt xoşbəxt ola bilmir. Bilmək istəyirəm Məleykə xanımı narahat düşüncələrindən qopara bilən nələr var?

– Əvvəllər yaşadığım narahatlıqdan dolayı sufizmə tapındım və bir müddət sufiləri, onların fəlsəfəsini oxumağa başladım. Türkiyəyə getdim, kitbxanalarda oldum və bu barədə balaca bir kitab da ərsəyə gətirdim. Sonra doktorluq işimi də o mövzuya aid elədim. Bir neçə il onunla rahatlıq tapdım. Mövlanədən, Yunis Əmrədən, Bekdaşilərdən çox oxudum. Baxdım ki, o məni tamamilə həyatdan qoparır, təcrid edir. Onunla bir müddət rahatlıq tapdım. Amma mən canlıyam, yaşamalıyam, mənim ətrafim, qarşılaşmalı olduğum reallıqlar var. İnsan reallıqdan qorxursa, dəli olur. Mən də bir az qorxdum. Axı Allah mənə bir ömür verib ki, nə isə bir fəaliyyət göstərim, nəsə bir şey yaradım. Bu mənada sanki əlim-qolum bağlanmağa başlamışdı və mən tez sirkələnib özümə gəldim. Əslində ruhum odur –  tanrıya getmək yolu. Mən özümü o yolun yolçusu sayıram. İndiki halım isə sanki reallıqla ideallığın arasındadır, uçuram. Nə çox dərinə düşmək, nə də yuxarı qalxmaq istəmirəm. Orta bir havasızlıq və boşluğun içindəyəm. Bu gün cəmiyyətdə məni boğan, incidən, sıxan – insanlığın, sevginin olmamasıdır. Bu gün Azərbaycan deyilən məmləkətimizin ən böyük problemi sevgisizlikdir. Sevgi olmayan yerdə insanlıq da olmayacaq. Baxın, hər addımbaşı bizi aldadırlar. Hətta öz yetişdirdiyim bəzi tələbələrim belə, məni aldadırlar. Çox suallar yaranır: niyə belə olmalıdır, bunu doğuran səbəblər nədir. Düşünürdüm ki, bu, sovet dövrünün bizi 70 ildən çox öz yalan xülyasında uyutmasına bağlıdır. Axı bu gün biz ayıldıq. Ayıldıqsa niyə bu gün cəmiyyətimiz bu gündədir. Niyə bu gün yalan ayaq tutur yeriyir, niyə bu gün kimsə kimsəninsə dalınca olmazın şeylər danışır. Niyə insanlarda sevgi çatışmır, niyə insanlar bir-birini sevməyə cəhd eləmir, bir-birinə gözəllik bəxş eləməyə can atmır. Sanki insanlar bir-birini üzməkdən zövq alır. Cəmiyyətdə çox böyük aqressiya var. Hətta insanlar bir-birinin təbəssümünə belə, şübhə ilə yanaşır. Sanki kiməsə təbəssümlə baxmağımda altyazılı nəsə axtarırlar. Niyə?! Axı mən insanam, tanrı məni bu dünyaya sevib sevilməyə göndərdi.

“Bu hal cəmiyyət üçün bir xərçəng yarasıdır”

 – Belə deyilir ki, sevgi ağlın, düşüncənin, təfəkkürün trilogiyasından yaranır. Yəqin ki, mövcud aqressiya maddiyyatın mənəviyyatı üstələməsi ilə də baş verir.

– Təbii ki, burda maddiyyat da var. Amma əsas fakt deyil. Baxın, bu gün dünya sevgisizlikdən boğulur, əziyyət çəkir. Belə olmasaydı Qərbin Şərqə etdiyi təcavüzlərin şahidi olmazdıq. Biz insanlar dünyaya bir balaca sevgi bəxş etsək, onu xilas edə bilərik.

– Belə görünə bilər ki, inkişaf etmiş kapitalist ölkələrini bizə bəyəndirən məhz oradakı insan sevgisinin daha çox olmasındadır?

– Avropa ölkələrində qanunun aliliyi məsələsi var. Əgər bütün sahələrdə qanunun aliliyi qorunacaqsa, təbii ki, o cəmiyyət qurtulacaq. Yox, hər kəs istədiyi şəkildə oz müəssisəsində öz xarakterinə uyğun qanunlar yaradacaqsa, təbii ki, uduzacağıq. Bu hal cəmiyyət üçün bir xərçəng yarasıdır, şişir və bütöv bir cəmiyyəti məhvə aparır. Yenə də hər şeyin əsasında sevgi dayanır. Çünki əgər mən bu ölkənin vətəndaşıyamsa qanunlarımı sevməliyəm. Məsələn, biz tanrını qorxmadan sevsək, bütün çətinlikləri rahatlıqla həll etməyə çalışarıq. Mən tanrını sevirəmsə ondan gələn hər şeyi sevəcəm. Sevgi şam kimi bir şeydir, onu bir-birimizin içində yandırsaq, inanın ki, qanunlarımıza da hörmət edəcəyk.

– İncəsənətdə inkişafın qarşısını alan nədir? İstedadlılar niyə görünmür?

– Çox səbəbləri var. Mən 1991-ci ildən İncəsənət və Mədəniyyət Universitetində çalışıram. Artıq 22 ildir ki, pedoqoji fəaliyyətdəyəm. Bu müddət ərzində çox istedadlı gənclər universiteti bitirəndən sonra yoxa çıxıblar. Elə bil ki, bermut üçbucağına düşüb, heç bir yerdə görünmədilər. Təbii ki, sənətdə qalanlardan danışmıram. Bu da ondan irəli gəlir ki, əsl istedadlı insanlar çəkingən, təvazökar olurlar. Onlara elə gəlir ki, istedadlıdırlarsa, hamı onları görməlidir və dəvət etməlidir. Amma bu da yanlış yanaşmadır. Əgər biz kapitalizm cəmiyyətinə keçmişiksə, istedadlı da fərqində olmalıdır ki, kimsə onun əvəzinə düşünüb iş qurmayacaq. İndi əksər insanlar təmənnalıdır. Kimsə nəsə edəcəksə, onun əvəzini gözləyir. İstedadlı insan çalışmalıdır ki, başqasından nəsə gözləmədən məqsədinə çatsın. Mən xüsusilə mədəniyyət sahələrində müəyyən postları tutan adamlara demək istərdim ki, istedadlı zənn etdiyiniz gəncdən daha istedadlısını görəndə nəyinsə xatirinə onları kənarda qoymayın. Çünki o istetadlı insan hansısa bir ailənin deyil, bütöv cəmiyətin, dünya miqyasına çıxanda isə dövlətin qüruru olacaq bir şəxsdir.

– Çox vaxt bu məsələdə müəllimləri qınayırlar?

– Mən müəlliməyəm və mənim funksiyam universitet daxilində keçərlidir. Əgər tələbəm istedadlıdırsa çalışıram ki, institut daxilində ona dəstək olum ki, ən azı olduğu yerdə qalsın. Axı sonda onlar universiteti bitirib gedirlər. Tutaq ki, bir taksi sürücüsü incəsənət unuversitetinin rejissorluğunu itirdiyini deyir. Yaxud, bazarda bir yaylıq satan deyir ki, incəsənətin hansısa fakültəsini qurtarıb. Bəlkə bu da normaldır, hamı sənətkar ola bilməz. Amma bunun ənənəvi hal alması çox ağırdır.

“Cəmiyyətin neqativ tərəfi bizim verdiyimiz tərbiyədən daha güclüdür”

 – Çox vaxt da yaranmış bu vəziyyət gənclərin öyrənməyə marağının azalması, təhsilin zəifliyi ilə əlaqələndirilir.

– Bu gün gənclərin oxumağa marağı yoxdur, bu birmənalıdır. Barmaqla sayılacaq tələbələrimiz var ki, müasir dünya ilə maraqlanırlar. Nümunəvi gənclər var, amma əksəriyyəti boşboğaz, tənqid xatirinə tənqid etmək, mahiyyətə varmamaq, böyüklərə qarşı həddən artıq həqarətli olmağı özü üçün cəsarət sayır. Əsasən kütləvi bayağılıq, qəribə təqlidçilik, kopyalanma var. Mən başa düşə bilmirəm bu gənclikdə özündən müştəbehlik hardandır. Guya özündən böyüyü  kəskin şəkildə təhqir edirsə, bu cəsurluqdur. Bu çox təhlükəli tendensiyadır. Bunun qarşısını ancaq gözəl nümunələrlə almaq mümkündür.  Bəzən alicənab bir ailədən cinayətkar övlad da çıxır. Belə görünür ki, ya tərbiyədə boşluq olub, ya qanında zatıqırıqlıq var, ya da cəmiyyətin neqativ tərəfləri daha güclüdür. Mən bir tələbəmin qurtarıb gedəndən sonra qeyri-etik, qeyri-insani keyfiyyətini görəndə çaşıb qalıram, inana bilmirəm. Düşünürəm ki, deməli mən dörd il onun üzərində boşuna zəhmət çəkmişəm. Bilirsiz onda nə böyük faciə yaşayıram? Çox təəssüf ki, son illər belə hallarla tez-tez rastlaşıram. Görünür cəmiyyətin neqativ tərəfi bizim verdiyimiz tərbiyədən daha güclüdür. Bunun da ən böyük günahkarı ailədən çox informasiya vasitələri, televiziya, sosial medianın üzərinə düşür. Demək biz gücümüzü bir az da səfərbər etməliyik ki, o gənclik sənətkar yetişməsə də, ən azı insan kimi formalaşa bilsin.

– Dediyiniz səfərbərliyi qazanmaq olar?

– Əgər biz cəmiyyətin mədəniyyət siyasətində doğrudan da müsbət göstərici əld etmək istəyiriksə, sağlam rəqabət üsulunu qurmalıyıq. Sağlam rəqabət olacaqsa, sənət də qurtulacaq, sənətkar da. Bu gün dəhşətli olan bir şey var, bir balaca maddi gücü olan adamlar özlərinə ad almağa çalışırlar. Gənc yaşlarında adı alıb özlərini məhv edirlər. Bəlkə də o adı ona verməsəydilər sənətdə daha yaxşı inkişaf edəcəkdi. Adını çəkmək istəmirəm, yaradıcılığını izlədiyim adamlar var ki, ad aldıqdan sonra sakitcə oturublar, fəaliyyətləri donub. Maddi təminatı ödənir deyə, artıq yeni heç nə düşünmür. Bundan da sənət, mədəniyyət, cəmiyyətimiz itirir. Bu baxımdan sovet dövrünün bir şeyi yaxşı idi. Yüz rol oynamayan adama ad verilmirdi. Adam o rolları oynamağa cəhd edirdi. Ən azından o yüzün içindən biri sənət əsəri olurdu. Bu baxımdan adların əleyhinəyəm. Yaradıcı adamların başının altına heç nə ilə yastıq qoymaq olmaz. Yaradıcı adama sadəcə dəstək olmaq lazımdır. Yaxud, sovet dönəmində bir sənət adamının televiziyaya çıxması üçün bəlli bir senzuradan keçməli idi. Mən də üç mərhələdən keçmişəm. Bilirsiz o vaxt nə qədər həyacan keçirdim? O vaxtlar onu dəyərləndirmirdim. İndiki dövrlə müqayisə edəndə isə buna haqq qazandırıram. Bu gün kimi istəyirsən efirdə görə bilirsən. Məsələn, o vaxtlar toy adamını efirdə görmək mümkün deyildi. Amma indi sənət adamlarından çox efirdə toy adamlarıdır. Bir balaca imkanı olanlar özlərinə veriliş açır. Bayağı, şit toy ifaçılarının efirə ayaq açmasında hansısa maraqlarla dəstək verilirsə, təbii ki, bundan ziyan çəkən xalqımız, cəmiyyətimiz, mədəniyyətimiz olacaq. Problem hər zaman olacaq. Amma biri var problemin üzərinə gedib onu həll etmək, biri də var ondan qaçaq. Biz problemin üzərinə yürümürük, ondan qaçırıq. Problemdən qaçdıqca o böyüyür, çoxalır və bütövlükdə mədəniyyət yetim qalır, axsayır, cılızlaşır. Belə olduqca, o ölkənin mədəni siyasəti də zəifləyəcək. Ona görə də indiki halda senzuranın tərəfdarıyam. Amma o postda da layiqli adamlar olmalıdır.

“Sanki şüuraltı şəkildə mədəniyyətimizi məhv etməkdədirlər”

 – Televiziyalarda aparıcıların tamaşaçıya “dərs” keçmə məqamlarına münasibətiniz necədir?

– Bu çox təhlükəli tendensiyadır. Mən müəlliməyəm, amma həmişə dərs vermək sözündən qorxmuşam. Efirdə çıxış etmək çox böyük məsuliyyətdir. Efirin auditoriyası çox genişdir. Ehtiyatlı olmaq lazımdır. Çünki efiri müxtəlif təbəqənin nümayəndələri izləyirlər. Elə etmək lazımdır ki, söz Quran ayəsi kimi deyil, düşündürmək üçün çatdırılsın. Amma cəmiyyətdə yükü olmayan adamın üzünə efir açılır, o da  çıxıb ordan camaata elə ağıl verir ki, gəl görəsən. Əslində elə onun özünə ağıl vermək lazımdır. Mənə görə elələri cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Əgər bu xalqa həqiqətən də hansısa məsələdə istiqamət vermək istəyirlərsə, efirlərə söz demək səlahiyyəti və haqqı olan adamları dəvət etmək lazımdır.

– Bu mövzu gündəmdən düşmür, problem çoxalır ki, azalmır.

– Çünki layiq olmayan adamlara dəstək durub postlar verilir və nəticədə də neqativ hallar yaranır. Ümumiyyətlə, bu gün hər sahədə kadr problemi var. Biz daha çox televiziyaların üzərində dayanırıq, çünki həyatımıza daxil olan əsas vasitədir. Yaxşı aparıcılar var. Elələri də var ki, illərdir veriliş aparır, amma davranış mədəniyyəti yoxdur. Verilişə çağırdığı qonağı elə bil ələ salmaq üçün dəvət edib. Daha bilmir ki, birinci növbədə özünün mədəniyyətini ortaya qoyur. Efiri belə adamlara necə etibar edirlər, anlamıram.

– Çox vaxt belə verilişləri tamaşaçının istədiyi söylənir.

– Bunu tamaşaçının adından kim danışır? Bəzən də deyilir ki, sorğulara görə filan veriliş daha reytinqli oldu və sair. Mənim üçün maraqlıdır, o araşdırma necə aparılır, hansı başın sahibləri orda iştirak edir və onlar o fikirləri hardan aldılar ki, belə bir qənaətə gəldilər. Sanki bizim bilmədiyimiz insanlar var ki, məqsədli şəkildə mədəniyyətimizi məhv etməkdədirlər. Mən bunun fərqindəyəm və mənə çox pis təsir edir. Bir tələbəm var idi, adını çəkməyəcəm, məni proqramına dəvət etmişdi. Düşündüm ki, tələbə müəllimini tanıyır və bilir ki, onu hansı verilişə dəvət etmək olar. Ona görə də çox böyük məmnuniyyətlə həmin verilişə getdim. Təsəvvür edin ki, mənimlə birlikdə verilişə şou-biznesdə olan kiminsə prodüsserini gətiriblər. Mən ora fikir bidirməyə getmişdim. Amma hiss etdim ki, bu o deyil. Vətən borcu ilə bağlı söz işlətmişdim ki, prodüsser üstümə gəldi. Mən dayandım, fikirləşdim ki, mənə yad olan bir ortamdayam və susdum. Sonra tələbəmə iradımı  bildirdim. Yəni televiziyalar reytinq qazanmaq üçün tamaşaçının adından istifadə edib öz uğursuzluqlarına bəraət qazandırmaq istəyirlər. Sənətdə böyüklərimiz bizə öyrədiblər ki, kütlənin arxasınca getmək olmaz. Biz onu arxamızca çəkib aparmalıyıq. Bu, televiziya, teatr və digər sahələrə aiddir. Biz əgər həmişə bozbaş yemək istəyəcəyiksə, bu halımızla razılaşıb oturacağıq. Yox, daha keyfiyyətli yeməklər yemək istəyəcəyiksə, daha dərin adam olmağa çalışacağıqsa, bu günün problemlərini həll etmək istəyəcəyik. Bu baxımdan deyirəm ki, reytinq boş bəhanədir.

“Mənim Akif İslamzadəyə olan sevgim ona verilən adlardan da ötədir”

 – Böyük sənətkarımız Akif İslamzadə deyirdi ki, biz o toplumuq ki, Cəlil Məmmədquluzadə aramızda acından ölüb, o toplumuq ki, Seyid Əzimi vurub öldürmüşük. Akif İslamzadə isə özü 30 ildir səhnədə deyil, amma haradadır, nə işlə məşğuldur, necə dolanır, heç kəsi maraqlandırmır. Öləndən sonra başlayırlar tərifləməyə. Kamança ustası Habil deyirdi ki,  «öləndən sonra adamı o qədər tərifləyirlər ki, adamın lap ölməyi gəlir». Sizcə cəmiyyətin sənət adamlarına bu cür münasibətsizliyi nə ilə bağlıdır?

– Bu təkcə Azərbaycan üçün xarakterik deyil. Dünyada böyük rəssamların, musiqiçilərin həyatı ilə maraqlananda baxıb görürük ki, həmişə yaşadıqları cəmiyyətlərdə qısqanclığa uğrayıblar, zamanında dəyərlərini almayıblar. Ona görə də mən bunu qanunauyğunluq kimi qəbul edirəm. Akif İslamzadənin adını çəkdiniz, onu öz sənətində dahi hesab edirəm. Tək o deyil, elə sənətkarlar var ki, bu gün görünməzdirlər. Amma biz Akifi seviriksə, deməli ona yad münasibət yoxdur. Mənim Akif İslamzadəyə olan sevgim ona verilən adlardan da ötədir. Ümumilikdə mən yaradıcı  insanların kiməsə ağız açmasını istəmirəm. Sənət adamı dərviş misalı olmalıdır. “Nəsə yaratdım deyə, yuxarıdakı mənə nəsə verməlidir” düşüncəsindən uzaq olmaq lazımdır. Yaradıcı adama diqqətlə yanaşmaq həm də tamaşaçının vicdan məsələsidir. Yaradıcı adamlara xeyriyyəçi insanlar maddi dəstək olmalıdır. Bu gün kimlərsə ev alır, kimlərsə almır. Kimlərsə ad alır, kimlərsə almır. Əgər adların verilməsini qəbul etsəm, deyə bilərəm ki, layiq olan adamlar kənarda qalırlar. Tarazlıq pozulur. Başqa ölkələrdə belə deyil. Belə məsələlər teatrlarda demaqoqiya yaradır. Bunu dövlət etməməlidir. Dövlətin görəcəyi işlər çoxdur, hər şeyi onun üzərinə yükləmək olmaz.

–  Artıq bir neçə ildir ki, musiqi, söz səltənətinə nüfuz edən neqativ amilləri müzakirə edən insanlarımız bunun keçici ağrı olduğunu deməklə təsəlli axtarırlar. Deyirlər ki, zaman özü hər şeyi ələkdən keçirib, layiqliləri öz kürsüsündə əyləşdirib, bayağıları kənara atacaq. Az qala buna ümid etməyə alışmışıq. Amma nə vaxta qədər?

– Biz kütlənin dalınca deyil, kütləni öz arxamızca aparmağı bacarsaq, bu baş verəcək. Bu gün yalançı kitablar, yalançı elmi məqalələr nəşr etdrmək, yalançı şeirlər yazmaq dəb halını alıb. Bu yalançılıqdan, özümüzü aldatmaqdan  xilas olsaq, hər kəs Allahın ona verdiyi istedad çərçivəsində öz işinə davam etsə kütlükdən qurtulacağıq. Bu gün insanlar özünün gücü çatmayan işlərdən yapışır. Bizdə təkəbbürlülük, şan-şöhrətə qaçmaq var. İnsanı olduğu kimi qəbul etmək lazımdır.

– İndi bu aləmdə cərəyan edən neqativ hallar sakit qarşılanır. Yoxsa danışmaqdan yorulmuşuq?

– Aydın məsələdir ki, cəmiyyətin diskusiyalara ehtiyacı var. Bizim zövqümüzü korlayanların məsələsi diskusiyaya çevrilməlidir. “Dur, ayıbdır”- deyən lazımdır.  Sözünü deyənlər var, amma çox azdır.

“Bu xalq gərək özünün baxışına, düşüncəsinə əl gəzdirsin”

 – İndi yetişən gənc nəsl aktyorların, bəstəkarların, müğənnilərin səviyyəsi necədir?

– Onların səviyyəsi göz önündədir. Bu yaxınlarda bir tanıdığım aktrisadan soruşdular ki, “Məhəmməd Əmin Rəsulzadənin hansı əsərlərini tanıyırsınız?” Dedi ki, “o bəyəm yazıçıdır?” Bunu ali savadlı aktrisa deyir. Bəzən də belə cavab verirlər ki, “siz aktrisadan çox şey gözləyirsiz ey”. Xeyir, məhz aktrisadan, müğənnidən çox şey gözləyrik. Çünki bunlar auditoriyadadırlar və sözlərini çoxları qanun kimi qəbul edəcəkdir. Maraqlıdır ki, filankəs efirdə bir dəfə görünüb deyə, onun sözü meyar kimi götürülür. Əsas problem budur. Biri efirdə çox görünürsə artıq o adam dahiləşdirilir. Bu xalq gərək özünün baxışına, düşüncəsinə əl gəzdirsin.

Bugünkü gəncliyə gəlincə, əgər biz bu şəkildə  nümunəyiksə, o zaman onlardan nə gözləyirik, niyə inciyirik? Əgər efirdən yalan püskürürüksə, yazıda tərəf tuturuqsa, haqlını haqsız, haqsızı haqlı sayırıqsa, bugünkü gəncliyə “niyə sən beləsən” deməməliyik. Demək bizim əkdiyimiz toxumlar çürükdür. Ona görə də hardasa özümüzü də günahlandırmalıyıq. Bütün bu məsələlər bir-birinə bağlıdır. Biz orta nəsil yaxamızı kənara çəkməli deyilik. İndiki gənclik istedadlını tapdayıb önə keçirsə, demək onun da günahı bizdədir.

– Yeni telekanallar açılır, bunu necə dəyərləndirmək olar?

– Azərbaycan məkanında kanalların çox olması yaxşı haldır. Amma hamısı bir-birini təqlid edəcəksə, bu qədər olmalarının da heç bir mənası yoxdur. Təqlidçilik teatr sənətində normal qəbul olunur. Tutaq ki, hansısa gənc başlanğıcda öz ustadını təqlid edə bilər, amma sonrkı addımlarda təqlidçilikdən çıxıb özünü tapmalıdır.

“Sağlığında daşladıq, ölümündən sonra isə…”

 – Bu gün sənət, musiqi aləmində hansı ənənələrin qorunmasını vacib sayır və nələrdən imtina olunmasını iddia edirsiniz. Yeni yaranan sənət nümunələri sırasında sizi qane edən nələr vardır?

– O şeylər ki, yaradıcılıqda bizim inkişafımıza mane olur, ona qarşıyam. Sənətdə mənim üçün böyük-kiçik məsələsi yaşla deyil, başladır. Bu gün Azərbaycan teatrında daha çox klassik əsərlər bərqərardır. Yenilik kimi Vaqif İbrahimoğlunu qəbul etdik. Sağlığında daşladıq, ölümündn sonra isə böyük fenomen kimi təqdim etməyə başladıq. Bu yanaşma doğru deyil. O, çox intellektli adam idi. Hesab edirəm ki, hardasa klassik ənənələr qorunub saxlanılmaqla onun üzərinə yeni cizgilər əlavə olunmalıdır. O cizgi bizi milli teatr ənənələrindən uzaqlaşdıracaqsa, buna gərək yoxdur. Yeni yaranan hər bir şey  ənənənin üzərində yaranır. Ənənədən gəlməyən hər hansı bir şey sənin deyil. Bu gün Azərbaycan teatrı niyə axsayır, çünki biz öz əski teatırımıza arxa çevirdikİnsan cəmiyyətinin formalaşdığı dövrdən Azərbaycanın teatr ən-ənsi vardı. Sonra dedik ki, yox, biz avropalı olmalıyıq. Beləcə, meydan teatr ənənələrini itirdik.  Sənət improvizədir. Vaxtilə aktyorlar problemləri meydanlarda səhnəyə gətirərdi. Məmurlar özlərini orda görüb utanardılar. Sənətin gücünü görürsünüzmü? Niyə biz ondan qorxub qaçaq? Ümumiyyətlə, teatr sənətinə yanaşmalar düzgün olmalıdır. Teatr barometrdir, cəmiyyət necə nəfəs alırsa, teatr da elə nəfəs almalıdır.

 “Bunu özümə bağışlaya bilmirəm”

 – Bu gün gördüyünüz işdən razısınızmı? Heç nostalji hisslərə dalırsınızmı ki, kaş…

– Mən keçmişimi unudan deyiləm, amma ondan asılı qalmağı da sevmirəm. “Kaş”larım var. Elə şeylər olub ki, onlardan vaz keçmişəm, bunu özümə bağışlaya bilmirəm. İnsan prinsipial məsələlərdə anasına belə güzəşt etməməlidir.

– Nədir özünüzə bağışlaya bilmədiyiniz?

– Özümü tam sənətə həsr edə bilmədiyimə görə bağışlaya bilmirəm. Düzdür, onun məbədindəyəm. Amma hardasa zamanında boşluqlar yarandı. Təbii ki, indi çox adamlar üçün müəyyən bir yerim var. Amma insan özünü harda görürsə ora can atmalıdır.

– Bu, nəyin xatirinə oldu?

– Anamın sevgisinə görə. Amma buna görə dəyər. İnstitut illərində atam rəhmətə getdi. Yaxşı tələbə idim, məni kafedrada saxlayırdılar, 3-cü kurs tələbəsi olsam da artıq tanınırdım.  Amma mən hər şeyi buraxıb, heç kimə qulaq asmadım, qərar verdim ki, Araz qırağındakı kəndə, anamın yanına getməliyəm… 5 ildən sonra gəlib hər şeyi sıfırdan başladım. Sonra teatrla ailə tutmadı. Çox vaxt bunu düşünürəm və ağlıma sığışdıra bilmirəm…

 Həmişə insanın düşüncəsində ağılla ürəyin rəqabəti ortaya qoyulur. Belə deyilir ki,  insanın bütün duyğuları, emosiyaları ağlın süzgəcindən keçməlidir. Təkcə məhəbbəti çıxmaq şərtilə. Çünki məhəbbət olduğu zaman insanın bir çox təsəvvürləri insanın hisslərinə tabe olur. Hisslərinizin ağlınızı üstələdiyi məqamlar oldumu?

– Məndə həmişə ağlım hisslərimə üstün gəlib. Ona təəssüf edirəm.

 Amma bayaq hisslərinizin ağlınıza üstün gəldiyini dediniz.

– (gülür) O anamın sevgisi idi, o başqa bir şeydir. Həyat paradokslardan ibarətdir. Həyat budur. Mən anamın sevinci, xoşbəxtliyi üçün öz istəklərimdən vaz keçdim. Bu, iki dəfə oldu – bir sənətdə, bir ailə məsələsində. Ana sevgisindən vaz keçə bilmədim. Çox qəribə bir şeydir. Bəlkə atam yox idi ona görə belə oldu. Bəlkə zəifliyim idi. Bir kənd qızının sənətə gələrkən keçdiyi o qədər mübarizələrdən sonra bir anda özünü təslim etməyi…

– Sevgi hamı tərəfindən eyni dərəcədə qəbul edilmir. Sizin üçün o nədir?

– Sevgi həyatın özüdür. Sevgi bitirsə demək insan yaşamır.

– Belə deyirlər ki, insan ömründə heç olmasa bir dəfə sevir və nə vaxt olursa olsun, bu baş verəcək.

– Sevginin ilk və ikinci baharı var. Əgər ömrünün ilk baharında sevməyibsə, ikinci baharında mütləq sevəcək. Mənim düşüncəmə görə, insan ömrünün ikinci baharında daha güclü sevir. Mən bu sevgidən başını itirənlərin şahidi olmuşam.

– Olur məcnun.

– Əgər sevgidən ağlımı itirəcəyəmsə, qoy olsun. Sevgini dəyərləndirmək və onunla yaşamaq lazımdır. Sevgi tanrıdan gəlir. Sevgi olanda tanrını daha yaxından hiss edirsən. Əslində məcnunluq gözəl bir şeydir.

– Məcnunun yerində olmaq istəyərdiz?

– Əslində elə hardasa məcnunam. Sənət məcnunu. Bilirsiz, dəlilik gözəl bir şeydir və dəli  olmaq da hər adamın işi deyil.

“Vətənərvərlik sözünün özü belə, qıcıq doğurur”

– Məleykə xanım, siz böyük bir coşqu ilə xalq şairi Qabilin“Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirini demisiniz. Bu gün Qarabağla bağlı uzanan danışıqların doğurduğu qarışıq  durumdan dolayı, belə vətənpərvər ruhlu şeirlər səsləndirmək istəyi sizin düşüncələrinizə, hisslərinizə hansı narahatlığı gətirir?

– Mən poeziya adamıyam. Şairlərimizin də xətrinə dəyməsin, bu gün Azərbaycan qadınının fəryadını ifadə edən poetik obrazı yaratmaq arzusundayam. Elə bir şeir istəyirəm ki, bir Azərbaycan qadını, ana obrazı olaraq içimi töküm. Mənim üçün Qarabağ məsələsi problem deyil, mənim içimdə şaqqa-şaqqa parçalanan Azərbaycan dərdi var. Əslində bu gün dünənə baxanda heç nə dəyişməyib. Mən cəbhə bölgələrində çox olmuşam. O bölgədə olmaq tam başqa bir duyğudur. Orda adi bir çıxışımız böyük ruh yüksəkiyi ilə qarşılanır. Amma o bökgələrdən kənarda vətənpərvərlik sözünün özü belə, bəzilərində qıcıq doğurmağa başlayır. Artıq mən utanıram. Elə bil ki, vətənpərvərlik duyğuları deformasiyaya uğrayıb. Artıq insanlar o sözə qəribə ironiya ilə yanaşırlar. Keçmiş yaradıcılığıma baxanda daha çox vətənpərvərlik şeirləri demişəm. Artıq mənim özüm də səksənirəm. Elə bilirəm ki, mən boş işlərlə məşğul oluram, mənə güləcəklər. Bəlkə müharibə uzanır, bütövlük məsələsi həll olunmur ona görədir? İndi bunu düşünürəm. Ancaq içimizdəki ümid ölməyib. İnanırıq ki, torpaqlarımızı qaytaracağıq və mən o şeirləri səksənmədən, qürurla söyləyəcəm.

Tahirə Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi