Laçınlı şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində olublar
37 saylı məktəbin müəllim və şagirdləri öncə Heydər Əliyev Mərkəzinə baş çəkiblər
Ağcabədi şəhər, Taxta körpü qəsəbəsində yerləşən Laçın şəhər 37 saylı tam orta məktəbin direktoru Səxavət Məmmədov başda olmaqla, müəllim kollektivi və şagirdlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı illiyi münasibətilə Ağcabədidə Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada şagirdlərə Ümummilli liderimizin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Daha sonra müəllim və şagirdlər Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Versus.Az-ın məlumatına görə, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Şagirdlər burada nümayiş etdirilən eksponatlarla yaxından tanış olub, rayonun tarixi haqqında ətraflı məlumat əldə ediblər. Ağcabədinin tarixi qədim yaşayış məskənləri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişafı haqqında olan məlumat şagirdlərə ətraflı şəkildə izah olunub.
Muzeyin Təbiət bölməsində Ağ-göl milli parkının faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri, Arxeologiya bölməsində əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları haqqında dolğun məlumatlar şagirdlər tərəfindən maraqla qarşılanıb.
Eyni zamanda Etnoqrafiya bölməsində etnoqrafik özəlliklərə malik XVIII-XIX əsrlərə aid məişətdə istifadə olunan əşyalar təqdim olunub, Həmin bölmədə “Qarabağ atı” adlı güşəsində 1956-ci ildə İngiltərəyə səfər edən SSRİ rəhbəri İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atını hədiyyə etməsi haqqında da məlumat verilib. “Görkəmli şəxsiyyətlər”, “Ağcabədi 1920-1990-cı illərdə”, “1941-1945: II Dünya müharibəsi”, “Müasir dövr” tanış olan şagirdlərə hər bölməyə aid maraqlı faktlar çatdırılıb. Şəhidlərimiz, Milli Qəhrəmanlarımız haqqında geniş məlumatlar verilib.
Muzeylə tanışlıqdan sonra məktəbin direktoru Səxavət Məmmədov öz ürək sözlərini bildirərək qeyd edib ki, - “bu ekskursiya istər müəllimlərin, istərsə də şagirdlərin geniş marağına səbəb oldu, muzeylə tanışlıq onlarda xoş təəssürat yaratdı. Muzeydə yaradılan bu yüksək şəraitə görə ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlığımı bildirirəm”.
Daha sonra Səxavət Məmmədov muzeyin xatirə kitabında öz ürək sözlərini qeyd edib.
Sonda məktəblilərlə birgə xatirə şəkli çəkilib.
A.Zeynallı
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...