Heydər Əliyev ideyaları ilə yetişən nəsil

17:40 10-05-2019 | icon 620 | Təhsil
Heydər Əliyev ideyaları ilə yetişən nəsil

 

“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldı.

 

O, biri üçün xilaskar, başqası üçün sadəcə Günəşdir. Biri hər sətrində onu görmədiyinə təəssüflənir, digəri istəyəndə onunla danışa bilir. Ümummilli lider Heydər Əliyev hər məktəbli üçün bir çox məna ifadə edir. Danışanda jestləri, baxışları, ifadə tərzləri ilə böyüklər qədər ağıllı görünən məktəblilərin yazılarındakı hər kəlmə, hər cümlə onları ələ verir. Bu nümunələrin hər birində uşaq məsumiyyəti üzə çıxır.

 

Söhbət “Ən yaxşı təqdimat” layihəsinin builki qaliblərindən gedir. Gözü yaşlı, həyəcandan dili söz tutmayan bu uşaqların əksəriyyəti ümummilli liderlə bağlı yazı müsabiqəsinin rəqibsiz qalibi olmağa hazırlaşmışdılar. Ancaq burada məlum oldu ki, sən demə, tək deyillər. Məktəbli dostları arasında kifayət qədər güclü rəqibləri var. 

 

Versus.Az xəbər verir ki, mayın 7-də “Ən yaxşı təqdimat” müsabiqəsinin növbəti qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş tədbir yenə möhtəşəm, yenə həyəcanverici olub.

 

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

 

 

“Ümummilli liderin uzaqgörənliklə söylədiyi konseptual fikirlər ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir”

 

 

“Ümummilli liderin fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə olub. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirləri, tarixi tövsiyələri bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir”, - deyən Təhsil naziri Ceyhun Bayramov çıxışında əsası Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası nəticəsində əldə olunan  nailiyyətlər sırasında 2018-ci ildə təhsil qanunvericiliyinin əsaslı şəkildə yeniləndiyini, təhsil islahatlarının daha çevik şəkildə aparılmasına əlverişli zəmin yarandığını qeyd edib. “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi, “Peşə təhsili haqqında” Qanun qəbul edilib. Qanunların tətbiqi ilə əlaqədar olaraq 25-dək normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Onların böyük əksəriyyəti təsdiq edilib. Bu ilin mart ayında “Ümumtəhsil haqqında qanun” Milli Məclisdə qəbul olunub.

 

Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb. 110 mindən çox tələbə və doktorantı əhatə edən qərara görə, təqaüdlərin məbləği orta hesabla 20 faiz qalxıb. Bakalavriat səviyyəsində dövlət sifarişli yerlərin sayı 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb. Həmin tədbirlərin davamı olaraq, I və II dərəcəli əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidenti növbəti sərəncam imzalayıb.   

 

Ötən ilin noyabrında təsdiq edilən “2019-2023-cü illər üçün Azrbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı da xatırladan nazir bu sənədin ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoyduğunu deyib: “Proqram ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi məqsədi daşıyır”.

 

Peşə təhsili sisteminin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədi ilə 55 təhsil müəssisəsinin bazasında 24 ixtisaslaşmış peşə təhsil mərkəzi yaradılıb, peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib. Nazir peşə təhsilinin əhatə dairəsinin genişlənməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilən səriştələrin tanınması istiqamətində görülən tədbirlərin növbəti illərdə də davam etdiriləcəyini vəd edib.

 

Çıxışında müəllimlərin ildən-ilə artan nüfuzundan da danışan Təhsil naziri deyib ki, son illərdə müəllimlik peşəsi rəqabətli sahəyə çevrilib: “Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb. Ceyhun Bayramovun sözlərinə görə, istedadlı şəxslərin müəllim peşəsinə cəlb olunması əsas məqsədlərdəndir”.

 

C.Bayramov qeyd edib ki, məktəbəqədər təhsil pilləsi təhsilin sonrakı pilləsində göstəricilərin yüksəlməsinə təsir göstərdiyindən Təhsil Nazirliyi üçün son illərdə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması prioritet istiqamət olub. Ölkədə 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunması 75 faizə çatdırılıb, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

 

Azərbaycanda məktəblilərin beynəlxalq olimpiadalarda iştirakına və qazandıqları uğurlara diqqət çəkən nazir 2019-cu ilin uğurlarından da danışıb. Olimpiada qaliblərinin müsabiqədənkənar Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsinin bu hərəkatın genişlənməsinə şərait yaradacağını vurğulayıb. İnformatika üzrə dünya olimpiadasının bu il Azərbaycanda keçiriləcəyini deyən nazir bunu əlamətdar hadisə kimi xüsusi qeyd edib. 

 

Ölkəmizdə 1 milyondan çox şagirdin təlim vəziyyətinin yaxşılaşdığını  deyən nazir növbəti illərdə qəzalı məktəblərin taleyinin həll ediləcəyini vurğulayıb.

 

Məktəblərdə həyata keçirilən uğurlu layihələrdən də danışan Təhsil naziri 71 məktəbdə 26 min şagirdi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsinin yaxın illərdə 100 mindən artıq şagirdi əhatə edəcəyinin planlaşdırıldığını qeyd edib.

 

Nazir bildirib ki, müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsil verənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir:

 

“Məktəb rəhbərləri üçün məktəb-ailə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir.

 

“Məktəblinin dostu” layihəsinin əhatəliliyinin 5 dəfə artırılaraq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin təşkili də qarşıda duran hədəflərdəndir.

 

 

“Bu, məktəblilərin sadəcə bilik yarışı kimi qəbul edilməməlidir”

 

 

“Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur”, - deyən Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvərlik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcək:

 

“Bizim gənclərimiz dövlətə sadiq vətəndaşlar kimi Heydər Əliyevin ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər”.

 

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın  bugünkü vəziyyəti 1990-cı illərin əvvəllərində mövcud olan vəziyyətdən əhəmiyyətli dərəcədə fərqlənir, bugünkü gerçəkliklər o zamankılardan tam seçilir:

 

“Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”.

 

Baş nazirin müavini əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu bir dövlət kimi tanınır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu tədbirlər öz növbəsində hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir: “Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır. İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Təkcə bu ilin bir neçə ayı ərzində 3 milyondan çox insanın həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb”.

 

Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Ə.Əhmədov əlavə edib ki, dövlətin prioritet istiqamətlərindən biri də təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”.

 

Ə.Əhmədov hər il yüzlərlə məktəblinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu müsabiqədə iştirakına diqqət çəkərək deyib: “Bu, məktəblilərin sadəcə bilik yarışı kimi qəbul edilməməlidir. Bu, ölkəmizin gələcəyinin formalaşmasında rol oynayacaq nəslin Heydər Əliyev ideyaları ilə yetişməsi deməkdir”.

 

Ə.Əhmədov “Ən yaxşı təqdimat” layihəsinin 50-yədək qalibinin Yeni Azərbaycan Partiyasının təqaüdünə layiq görüldüyünü vurğulayaraq, builki qaliblər arasından da tələbə adı qazanacaq gənclərin olacağına inandığını deyib: “YAP-ın təqaüd ayırması həm müsabiqədə iştirak edən məktəblilərin əməyinin qiymətləndirilməsi, həm də stimullaşdırıcı addımdır. Ən önəmlisi, bu tədbirdə yaxından iştirak edən yetişməkdə olan nəslə Heydər Əliyev irsinə göstərdiyi həssaslığa görə ifadə etdiyimiz minnətdarlığın kiçik təzahürüdür”.

 

 

6 nəfərə I, 11 nəfərə II, 18 nəfərə III dərəcəli diplom, 27 nəfərə isə tərifnamə

 

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev ümummilli liderlə bağlı yazı yazmağın çətin, məsuliyyətli və şərəfli olduğunu xatırladaraq qalib məktəbliləri  təbrik edib. Qaliblərin hər birinə 200 manat məbləğində mükafat ayırdıqlarını deyib.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb, ulu öndərin irsinin yaşadılması baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb və qalibləri qazandıqları uğur münasibətilə təbrik edib.

 

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri öz ifaları ilə tədbirə rəng qatıblar.

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...