Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər
Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ixtisaslaşdırılmış magistr dissertasiya müdafiə şurasının sədrləri ilə görüş keçirib.
Versus.Az Azedu.az-a isdinadən xəbər verir ki, AMEA-dan bildirilib ki, akademik Akif Əlizadə görüşün ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdiyini söyləyərək Ulu Öndərin elm və təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə elmin, təhsilin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrlar hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilib. Ulu Öndər elmə, alimlərə həmişə yüksək qiymət verib. AMEA-nın inkişafının böyük bir mərhələsi bu dahi şəxsiyyətin adı ilə birbaşa bağlıdır.
Akif Əlizadə AMEA-da yaradılmış magistratura təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, respublikamızın bacarıqlı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. Əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü gücləndirmək və AMEA-nın uğurlu inkişafında rollarını artırmaqdır.
Akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun tarixində ən mühüm yeniliklərdən olan magistratura pilləsinin kadr potensialının artırılması və ixtisaslaşma səviyyəsinin yüksəldilməsində böyük rol oynadığını diqqətə çatdırıb.
Bildirib ki, akademiyada həyata keçirilən magistratura təhsili ali məktəblərdən fərqlidir: “AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçərək elmin son nailiyyətləri ilə tanış olur, görkəmli alimlərlə ünsiyyət qururlar”.
Akademik magistratura pilləsində kəmiyyət deyil, keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülməsinə ehtiyac olduğunu deyib, məsul şəxsləri bu prosesdə fəal iştirak etməyə çağırıb. Bildirib ki, magistrantların hər birinə yüksək tələbkarlıqla yanaşılmalı, onlara dünya elminin tələblərinə cavab verən istiqamətlərdə tədqiqat aparmaları üçün dəstək göstərilməlidir. AMEA-nın prezidenti, həmçinin diqqətə çatdırıb ki, cari ildə 12 ixtisaslaşdırılmış magistr dissertasiya müdafiə şurasında 63 magistrantın müdafiəsi təşkil olunacaq.
Daha sonra doktorant və dissertantların minimum imtahanlarının nəticələrinə dair müzakirələr aparılıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev və digərləri çıxış ediblər.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...