“Vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil” - MÜSAHİBƏ

13:47 16-05-2019 | icon 534 | Siyasət
“Vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil” - MÜSAHİBƏ

Əlabbas Məhərrəmli: “Nümayiş etdirilməlidir ki, Azərbaycan dövləti və xalqı işğal faktını qəbul etməyəcək”

 

Siyasi ekspert Əlabbas Məhərrəmlinin Versus.Az-a müsahibəsi

 

- Əlabbas bəy, Azərbaycan torpaqları artıq 27 ildir ki, işğal altındadır və bu gün beynəlxalq təşkilatların "sülh tələbi"nə əməl olunaraq münaqişə ilə bağlı danışıqlar uzanır. Necə hesab edirsiniz, sizcə Azərbaycan televiziyaları günümüzün nəbzinə uyğun olaraq təbliğatını lazımı formada qura bilirmi?

 

- Sözsüz ki, istənilən münaqişədə üstünlüyün təmin olunması həm də informasiya müstəvisində düzgün fəaliyyətin qurulması ilə şərtlənir. Yəni beynəlxalq müstəvidə, həm də daxili ictimai rəyin yönləndirilməsində bu amilin təsiri misilsizdir. Azərbaycan televiziyalarına gəldikdə, onların bu yöndə fəaliyyətlərinin tamamilə olmadığını söyləmək çətindir. Ancaq hazırlanan veriliş və proqramların təsir və effekt məsələsi mübahisəlidir. Bilirsiz ki, bir neçə dildə yayımlanan telekanallarda Qarabağ həqiqətlərini əks etdirən verilişlər, süjetlər və müsahibələr verilir. Lakin mənə belə gəlir ki, o verilişlər daha effektli hazırlanmalı, auditoriyanın düşüncəsinə təsir gücündə olmalıdır.

 

- Televiziayalarımızda işğal günləri haqqında hazırlanan verilişlərin kəmiyyət və keyfiyyəti hansı səviyyədədir?

 

- Çox təəssüf ki, əsasən, özəl telekanallar işğal və hüzn günlərində belə ənənəvi proqramlarını dəyişmirlər və ya bunu sadəcə unudurlar. Bilirsiz ki, belə hallar dəfələrlə təkrarlanıb və geniş ictimai narazılıq doğurub. Açıq deyək ki, telekanalların vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil. Hər halda, telekanalların reytinq gətirən verilişlərlə yanaşı, bu məsələyə də diqqət yetirmək lazımdır.

 

“Hər diplomluya ziyalı deyilmir”

 

- Bu qədər böyük problemi olan ölkədə ziyalıların problemlərin qabardılmasında iştirak etməmələri, hadisələri sakitcə kənardan izləyərək, laqeyd münasibət sərgiləmələri, görməzdən gəlmələri nəyin ifadəsi ola bilər?

 

- Yox, mən hesab etmirəm ki, ziyalılarımız ucdantutma laqeydlik nümayiş etdirirlər. Əksinə, belə neqativ hallara qarşı səsini ucaldan yetərincə ziyalımız var. Onlar həm elm, həm də sənət cameəsini təmsil edirlər. Milli yanğısı olan ziyalılarımız heç vaxt və heç nəyə laqeyd qalmırlar. Hər diplomluya isə ziyalı deyilmir.

 

- Necə hesab edirsiniz, son günlər beynəlxalq müstəvidə düzənlənən “mədəniyyətlərarası dialoqlar” Azərbaycanı dünyaya hansı yandan tanıda bilir?

 

- Belə tədbirlərin təşkili müxtəlif aspektlərdən faydalıdır. İnanın ki, dünya bizi azı bizim qədər tanıyır. Ancaq qlobal siyasətin öz qaydaları və böyük dövlətlərin öz maraqları var. Azərbaycan bu mürəkkəb sistemdə öz maraqlarını təmin edəcək xətlə getməlidir. Yəni dediyiniz tədbirlərdə özümüzü nə qədər yaxşı tanıtsaq da, bu, böyük dövlətlərin öz siyasətlərini dəyişməsinə təsir etmir. Bu yolu özümüz seçməliyik.

 

- Əlabbas bəy, istənilən nəticəni əldə etmək istəyən sülhsevər, eyni zamanda torpaqlarını işğaldan azad etməyə borclu olan xalq olaraq, televiziya, media məkanı öz işini hansı "notlara" kökləməlidir. Biz ictimaiyyət olaraq, hansı ponaramanı yaratmalı və daha çox nəyə fokslanmalıyıq?

 

- Bütün müstəvilərdə dünyaya nümayiş etdirilməlidir ki, Azərbaycan dövləti və xalqı işğal faktını qəbul etməyəcək. Bu mövqe bütün platformalarda dəqiq və sərt şəkildə ifadə olunmalıdır.

 

- Qarabağ mövzusunda çəkilən filmlər sizi qane edirmi?

 

- Bu da ağrılı yerlərimizdən biridir. Fikrimcə, Azərbaycan hərbçilərinin Qarabağda göstərdikləri şəxsi və toplu igidliklərlə bağlı çox təsirli ekran əsərləri yaratmaq olar. Ancaq təəsüf ki, bunun şahidi olmuruq. Qarabağ müharibəsindən bəhs edən bir-iki filmi çıxmaq şərtilə, qalanları həm məzmun, həm də texniki cəhətdən qüsurludur.

 

“Mərhəmət, bağışlama, dostlaşma, mehribanlaşma görünməkdədir”

 

 - Ramazan ayındayıq, oruc tutursunuzmu və belə aylarda ictimai-siyasi fəallığı olan və müəyyən imkanlara malik insanlardan hansı addımların atılmasını istərdiniz?

 

- Bəli, şükür Allaha, oruc tuturam, ibadətin edirəm, nəticəsin cənab Allah bilər. İnsanlar öz fəaliyyət növlərindən asılı olmayaraq, Ramazan ayında yaxşı əməllərindən, barışcıl mövqelərindən kənara çıxmamalıdırlar.

 

- Bu ayda ölkənin həyatında, daha doğrusu insanların bir-birinə yanaşmasında hansı diqqəti çəkən nüanslar müşahidə olunur?

 

- Bilirsiz, 11 ayın sultanı adlandırılan Ramazan müqəddəs aydır. Müqəddəs Quran Ramazan ayında nazil olub. İslam dinində Ramazan ayının cox dərin mənası var. Ölkəmizin həyatında da insanların bir-birlərinə münasibətində mərhəmət, bağışlama, dostlaşma, mehribanlaşma görünməkdədir.

 

- Əvvəlki illərlə müqayisədə oruc tutanların çoxaldığı sirr deyil, bu nəyin ifadəsidir?

 

- Bəli, əvvəlki illərə nisbətən oruc tutanların sayının artdığı müşahidə olunur. Mən sizə bir söz deyim, fikrimcə, oruc tutmamaq yanlışlıqdır. Kimlərsə deyə bilər ki, bu, hər kəsin öz işidir, hər kəs özü Allah qarşısında cavab verəcək... Amma Allahın biz bəndələrinə buyurduğu, vacib bildiyi şərtlərdən biri də oruc tutmaqdır. Səbəbsiz yerə oruc tutmamaq başa düşülən deyil...

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi