“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

16:27 17-05-2019 | icon 777 | Siyasət
“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Fuad Əliyev: “Özlərini təcrübəli hesab edən bəzi siyasətçilər, hakimiyyətdən gələn təkliflərə razılıq verib müxalifəti parçalayırlar”

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri, AXH təmsilçisi Fuad Əliyevin Versus.Az-a müsahibəsi 

 

 - Fuad bəy, müxalifət partiyalarının "yenidən canlanma ərəfəsi"ndə olduğuna dair mülahizələr yaranıb. Necə hesab edirsiniz, hazırda müxalifətdaxili vəziyyəti necə dəyərləndirmək olar?

 

- Bu gün müxalifətdaxili proseslərdə müəyyən bir dinamika var. Xalq Hərəkatı və onun ətrafında baş verən təşkilatlanma, bundan əvvəl yaranan qurumlar, Milli Şura və eləcə də yeni yaranan təşkilatlar müxalifətdə canlanmanın getdiyini ifadə edən əsas göstəricidir. Müxalifətdə normal proses gedir və artıq “ADP-Ümid” müttəfiqliyi ilə yeni bir qurum da yaranır. Eləcə də artıq ayrı-ayrı siyasi qurumlar arasında müəyyən əməkdaşlıq əlaqələri qurulur. Biz AXH Məclisinin son iclasında belə qərar bəyan etmişik ki, Milli Şura və müxalifətdə olan digər qurumlarla əməkdaşlığa, birgə aksiyaların keçirilməsinə hazırıq. Mənim fikrimcə,  yəqin ki, indiki vaxtda digər qururmlar da belə bir bəyanatı verə bilər. Yəni müxalifət bütövlükdə öz işini davam etdirir. 

 

- Müxalifətdə bir-birinə alternativ olan qurumlar barədə nə söyləmək olar?

 

Xalq Hərəkatı yaranan gündən heç bir alternativi yoxdur və bizim əsas alternativimiz iqtidardır - hakimiyyətdir. Müxalifətdə olan və yeni yaranan qurumlarla, təşkilatlarla bağlı heç bir problem yoxdur. Sadəcə biz xalq Hərəkatı olaraq müxalifətdə olan qurumları özümüzə rəqib görmürük.

 

- Əsas müxalifətə iddialı olan AXCP, Müsavat, Real, Milli Şura daha AXH-ni özlərinə rəqib görmür?

 

Son vaxtlar adlarını çəkdiyiniz qururmlar tərəfindən Xalq Hərəkatı ilə bağlı hər hansı bəyanatların səslənməsini eşitməmişəm. Digər tərəfdən, düşünürəm ki, onların “biz böyüyük, biz güclüyük” - şüarları ilə özlərini önə çəkmələri təbliğatın bir üsuludur. Hər bir təşkilat, həm seçici, həm də vətəndaşların qarşısında öz böyüklüyünü göstərməklə insanları özləri ilə əməkdaşlığa cəlb etməyə çalışır. Xalq Hərəkatı isə qarşısına kiməsə öz gücünü, böyüklüyünü göstərməyi məqsəd qoymayıb. Xalq Hərəkatı bütün vətəndaşları birləşdirən hərəkatdır və əsas məqsəd də budur. Bizim üçün kimlərinsə özlərini böyük göstərməsinin elə bir əhəmiyyəti, rolu yoxdur. Kimsə özünü böyük hesab edirsə, onlara da uğurlar arzu edirik.

 

Özlərini digər müxalif qüvvələrdən ayrı tutan bəzi partiyaların daha çox beynəlxalq təşkilatların, səfirliklərin diqqətini çəkmək iddiasında olduğu qeyd olunur. Bir qisim isə hesab edir ki, müxalifət hakimiyyət daxilindəki "kalon"lara işlədikləri üçün bu cür çıxışlar etməyə məcburdular. Buna fikriniz?

 

- Bütün bunlar hamısı hakimiyyətə yaxın mətbuat vasitəsi ilə ortaya qoyulur. Bizim partiyamız 20 ildir fəaliyyətdədir və biz özümüzü xalqdan kənar kiməsə göstərmək niyyətində olmamışıq. Bu cür iddialar  hakimiyyət tərəfindən irəli sürülür və hamıya göstərməyə çalışırlar ki, baxın, bu müxalifət özünü beynəlxalq təşkilatlara göstərib, qrant almaq məqsədi güdür. Mən bu fikirlə razı deyiləm. Bu, hakimiyyətin siyasətidir, müxalifəti parçalamaq, müxalifətin adına ləkə yaxmaq.

 

"Müxalifətyönlü partiya üzvlərini müxtəlif yollarla ələ alırlar"

 

 Sanki müxalifət bütöv idi, Fuad bəy?

 

- Müxalifət nəyə görə bir olmalıdır? Müxalifət yalnız bir məsələdə bir olmalıdır, bu da Qarabağdır. Nəinki müxalifətlə, bu məsələdə hakimiyyətlə də bir mövqedə olmalıdırlar. Əslində müxalifətdə olan partiyalarla məqsədlərimiz eynidir, strateji baxışlarımız, taktiki addımlarımız ayrı ola bilər. Ona görə də hakimiyyət çalışır ki, müxalifəti parçalasın, müxalifətdə hamı bir-birinə agent, düşmən kimi baxsın. Əllərində həm maddi, həm də admnistrativ resurslar var və bundan istifadə edərək vətəndaşları qorxudurlar, həbs edirlər, müxalifətyönlü partiya üzvlərini müxtəlif yollarla ələ alırlar. Amma onlar bu enerjini normal demokratik cəmiyyətin qurulmasına sərf etsəydilər, normal cəmiyyət yaranardı və ölkədə bu qədər problemlər olmazdı.

 

 

 - Fuad bəy, vaxt var idi ki, vətəndaş cəmiyyətləri, bir sıra QHT-ləri müxalifət təşkilatlarının yanında görmək olardı. Artıq o proses geridə qalıb. Bu gün partiya və təşkilat olaraq vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıqların qurulması hansı səviyyədədir?

 

– Səhv etmirəmsə, 2013-cü ildə müxalifətyönümlü QHT-lərin rəhbərlərini həbs etdilər, bir çoxlarının bank hesablarını bağladılar. Ondan sonra başladılar jurnalistlərə ev verməyə, QHT-lərə hökumət tərəfindən külli miqdarda qrantlar verildi. Vaxtilə müstəqil olan, vaxtilə öz müxalif sözünü deyən jurnalist və QHT-lər artıq müxalifət mövqedən geri çəkiliblər. QHT-lər sosial vəziyyəti bu qədər ağır olan, bu qədər problemli vətəndaşı olan ölkədə heç bir problemi görmürlər. Çox təəsüf ki, bu baş verir. 

 

Evim yoxdur, evsiz jurnalistə ev verilməsinin nəyi pisdir?

 

Sözsüz ki, pis deyil. Amma baxın, vaxtilə müxalif mövqedə duran jurnalist mənzil alır və bundan sonra ümumiyyətlə hər hansı bir tənqidi mövzuda yazmır. Çalışır ki, tamamilə başqa mövzularda yazılar versin. Yəni bu, dolayısı ilə jurnalistin ələ alınmasıdır. Sözsüz ki, bu hamıya aid deyil, müstəqil jurnalistlər də var, hansılar ki, hakimiyyət tərəfindən onlara verilən təkliflərə getmirlər. O cümlədədn belə təkliflər müxalifətdə olan siyasətçilərə də olunur. Çox təəssüf ki, özünü 30 ildən çox təcrübəli hesab edən siyasətçilər, hakimiyyətdən olan təkliflərə razılıq verib, müxalifəti parçalayırlar.

 

"Onlar hakimiyyəti yeni vasitələrlə idarə etmək istəyirlər"

 

Bir müddət parlamentə düşməyən müxalifət, orada olan müxalifət partiyalarını müxalifət  hesab etmədi. Və Əli Kərimli bu günlər onlayn müsahibəsində fədakarlıq edərək ona verilən 5 nazir, 1 spiker postundan necə imtina etdiyini danışıb. Demək, doğru addım atıb?

 

Hadisə ilə bağlı konkret fikir bildirə bilmərəm, çünki proseslə heç bir tanışlığım, əlaqəm yoxdur. Amma ümumən deyim ki, xarici ölkələrdə seçkidən sonra udan partiya, hərəkat, uduzan partiyalara hakimiyyətin bölüşdürülməsi ilə bağlı təkliflər edir. Bu təcrübə, normal demokratik ölkələrdə, elə Türkiyədə, Rusiyada, Fransada var. Amma Azərbaycanda bunun necə baş verməsini bilmirəm. Əgər bizim partiya qalib çıxarsa və görsək ki, seçkidə saxtakarlıq olub, biz təklif olunan yerdən, bütövlükdə seçkidən imtina edərik. Əgər normal seçkilərdə ikinci yer tutarıqsa, nəyə görə də edilən təkliflə razılaşmayaq. Belə təkliflə razılaşmamaq sözsüz ki, ümumi işin zərərinə olar. Məsələn, götürək Ermənistanı, orada keçirilən seçkilərdə Paşinyan 9 nəfərlə parlamentdə təmsil olunmuşdu. Həmin o 9 nəfər parlament inqilabı edib xalqla birlikdə yeni seçkilər keçirdi və qalib gəldi.

 

Növbədənkənar parlament seçkilərindən çox danışılır. Parlament seçkiləri bələdiyyə seçkiləri ilə birlikdə keçirilə bilərmi?

 

Parlament seçkiləri təqvimlə 20-ci ildə olacaq. Bizim bundan əvvəl həm proporsional seçki, həm də parlament seçkilərinin bələdiyyə seçkiləri ilə bir vaxta keçirilməsi ilə bağlı təkliflərimiz olub. Təəsüüf ki, buna heç bir partiyadan dəstək verilmədi. Növbəti bələdiyyə seçkiləri ilə bağlı starta 4-5 ay qalır. Amma parlament seçkilərinin də bələdiyyə seçkiləri ilə birgə keçirilməsi müşahidələrə əsasən gözlənilmir. Çünki hakimiyyət daxilində problemlər daha da dərinləşir və qruplaşmaların bir-birinə qarşı dayanması, daxili çəkişmələri güclənir. Bu mənada parlament seçkilərinin bu il yaxud da, gələn il olacağı liberal, yaxud konservativ tərəfdən kimin üstün olacağından asılıdır.

 

Niyə hesab edirsiniz ki, hakimiyyət daxilində qarşıdurma var?

 

Bu gün hakimiyyət komandasında yenilənmə baş verir və hakimiyyətə gənc təmsilçilər gəlir. Onların düşüncələri tamam başqadır və köhnə komandanın fikirləri ilə üst-üstə düşmür. Onlar hakimiyyəti yeni vasitələrlə idarə etmək istəyirlər. Məncə daxili çəkişmələr bununla bağldır.

 

T.Qafarlı

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları