Mikdat Beyoglu: “Hər kəs Səddam Hüseynin nə qədər zalım olduğunu bilirdi, xüsusən də türkmənlərə qarşı qəddarlığını”
Hər kəsin çox böyük hörmətlə hocam deyə müraciət etdikləri Mikdat hoca ilə Türk Dili Çalıştayında tanış olmuşdum. Yurdum Türkməneli Dərnəyinin başkanı Yunus Bayatlı fasilə zamanı məni onunla tanış edib dedi ki, Kərkükdə ən sevimli müəllimlərimdən biri olan Mikdat hocamdır. Həmin vaxt ən çox diqqətimi çəkən Yunus abinin illər keçməsinə baxmayaraq, özünü müəllimi qarşısında şagird kimi hiss etməsi idi. Açığını deyim ki, bu nüansdan duyğulandım.
Antalyada yaşadığı evə getdik, bizi hocanın mehriban, sadə həyat yoldaşı Hiyam abla qarşıladı. Kərkükdən, Türkmənelindən olan qadaşlarımızın hansı ölkələrdə, şəhərlərdə yaşamasına baxmayaraq, hamısının üzündəki Kərkük həsrəti və Səddam dönəmində yaşadıqları zülmlər, ağrı-acılar elə aydın hiss edilir ki...
Mikdat hoca 1943-cü ildə Kərkükdə anadan olub, ibtidai və orta təhsilini də orada alıb, sonra təhsilini liseydə davam etdirib. Deyir ki, uşaqlıqdan Türkiyəyə sevgi ilə böyüyüb. Dostları ilə birlikdə gizli şəkildə turançılıq ideyalarını yayırmış. Nihal Atsız, Neçip Fazil Kısakürek, Mehmet Akif Ersoy, Osman Yüksel Serdengeçti və digər şairlərin şeirlərini oxumaqdan yorulmurmuş. İngilis dilinə marağı olub. Altıncı sinifə gedəndə artıq dünya ədəbiyyatını oxumaga başlayıb. Dunya ədəbiyyatı ilə tanış olduqca, Hüqonun, Tolstoyun, Dostoyevskinin və digər yazıçıların əsərlərini oxuduqca onların vətənlərini görmək, ümumiyyətlə başqa ölkələrə getmək, müxtəlif mədəniyyətlərlə, insanlarla tanış olmaq istəyib. Bu arzusuna da çatıb, dünyanın müxtəlif ölkələrində olub.
1964-cü ildə Bağdad universitetinin ingilis dili fakültəsini qazanıb. Müəllimlik fəaliyyətinin 31 ili Kərküklə baglıdır. Acılı-şirinli o qədər çox xatirələri var ki...
Söhbət zamanı bildirir ki, 1959-cu il Kərkükdə türkmanlara qarşı törədilən soyqırım bu günə qədər gözlərinin qarşısından getməyib. Bütün dəhşətləri olduğu kimi xatırlayır, yaşadığı küçədə dinc, günahsız türkmənlərin boyunlarına ip salıb yerlə sürüyərək əzabla öldürülduklərini, güllələndiklərini...
Danışdıqca hiss edirsən ki, acılar daha çoxdur. Buna baxmayaraq, Mikdat hoca da mübarizəsindən bir addım geri atmayıb. Cəmi üç il idi müəllim işləyirdi. İraqda türkmənlərə verilən bütün mədəni haqlar 1971-ci ilin 24 noyabrında Səddam Hüseyn rejimi tərəfindən geri alındı. Müəllim həmkarları və şagirdləri il birlikdə bu haqsızlığa etiraz olaraq keçirilən yürüşə qatılırlar. Çox keçmir ki, yürüş dağıdılır və haqlarını tələb edən insanları həbs edirlər. Həmin vaxt həbs edilənlər arasında Mikdat hoca da vardı. Həbsxanada onları günlərlə ac-susuz qoyub, işgəncələr verirlər.
Özünə görə deyil, həmişə ailəsinə görə narahatlıq keçirib. Ailədə beş bacı, qardaş olublar. Hər kəs Səddam rejiminin nə qədər zalım olduğunu bilirdi, xüsusən də türkmənlərə qarşı qəddarlığını. Əgər bir nəfər həbs olunurdusa, onun ailəsi, bütün yaxınları, qohumları təkibə alınırdı, sorğu-sual edilirdi, hətta onlara da işgəncələr verilirdi.
Mikdat hoca həbsxanadan çıxandan sonra da öz dostları ilə fəaliyyətlərini gizli şəkildə davam etdirirdi. Deyir ki, o vaxt hər kəsin ürəyində Türkiyə sevgisi, turançılıq vardı. Amma gizli şəkildə, dörd divarlar arasında bu söhbətlər baş tuturdu. Bəzi ailələr var idi ki, evində gizli olaraq övladlarına latın əlifbası ilə türkcə yazıb oxumaq öyrədirdilər. Miktad hoca uşaqlıqdan ingilis dilini bildiyi üçün türkcə yazıb-oxumaq çətin deyildi. Hansı ki, həmin illər kiminsə evində Türkiyədə nəşr olunan, türk dilində yazılan bir kitab tapılsaydı, bu edam demək idi.
Səddam Hüseynin hakimiyyəti illərində müəllim olmaq çox çətin idi. Həmin illərdə müəllimlərə ayda 2 ABŞ dolları maaş verilirdi. Türkmən müəllimlərin vəziyyətləri isə açınacaqlı həddə çatmışdı. Buna görə də onların çoxu məcbur olub bir neçə işdə çalışır, fəhləlik edirdilər. Hətta əlavə fəhlə işi tapanlar az qala sevinirdilər ki, onsuz da ağır durumda olan ailələrinə çörək pulu qazana biləcəklər. Bütün bu çətinliklərə baxmayaraq, Mikdat hoca üçün müəllimlik ən şərəfli peşə idi, minlərlə, on minlərlə şagirdləri vardı. Onların bir çoxu Səddam zülmündən qurtulmaq, ali təhsil almaq, gələcəkdə öz millətinə xidmət etmək arzusu ilə Türkiyəyə getmişdilər. Geri donmək üçün getsələr də, nə yazıq ki, 25-30 il ailəsinə, doğma torpağına həsrət qalmışdılar, telefonda səslərini belə eşitmək yasaq idi. Geri dönəcəkləri təqdirdə isə onların hamısını eyni tale – edam gözləyirdi.
Mikdat hoca 2000-ci ildə əməkli olur. Ailəsi çox ağır şəraitdə yaşayırdı, Səddamın basqıları davam edirdi. Hoca Yəmənə getməyə, orada ingilis dili müəllimi işləməyə məcbur olur. Deyir ki, İraqda, Kərkükdəki vəziyyət onu xəstəliklərin yayıldığı, əhalinin ağır durumda olduğu Yəmənə üz tutmasına gətirib çıxarır. Həm də bilirdi ki, bu yolun geri dönüşü yoxdur. Yəməndə yaşadığı üç il otuz ilə bərabər olur. 2003-cü ildə Səddamın devrildiyi xəbərini alır və yenidən doğma torpağına dönür.
Mikdat hoca İraqda türkmənlərə qarşı törədilən soyqırımlar, milli mücadilə hərəkatı, Kərkük, Türkməneli uğrunda canından keçən şəhidlərlə həsr edilən yüzlərlə yazının müəllifidir. Yazdıqlarının çoxu onun gözlərinin qarşısında baş verib, həmin faciələri yaşayıb, dava yoldaşlarının edam olunmalarını bu gün də unuda bilmir. Şeirlər, ədəbi yazılar müəllifidir. Hər gün bir neçə saat yazmağa vaxt ayırır. Türkmənlərə qarşı törədilən soyqırımları, cinayətləri, edamları gələcək nəsilə çatdırmağı borc bilir. Deyir ki, baş verənləri gözləri ilə görüb, yaşayıb. Əgər yazmasa, özünü günahkar sayar. Həm milli dava uğruna canını qurban verən şəhid qardaşlarının ruhu, həm də sabahkı gənclik qarşısında.
İki övlad atası olan Mikdat hocanın oğlanlarından biri ABŞ-da yaşayır. İkinci oğlu isə Kərkükdə Türkməneli televiziyasında çalışır.
Öncədən Yunus abi demişdi ki, Çanaqqalada Türkmən şəhidlərinin xatirəsinə 2018-ci il sentyabrın 5-də bir lövhə qoyulub. Lövhənin üzərinə müəllifi Miktad hoca olan misralar yazılıb. Hocadan həmin misraları söyləməsini xahiş edirəm. Söylədikcə gözləri dolur:
Bu toprakda payım var benim
Dedem, amcam, dayım var
Şehitler arasında
Kerküklü Mehmedim var.
Bu misraların ardınca deyir ki, bir neçə il öncə Türkiyədə olarkən bəzi insanlar ona müxtəlif suallar verirmiş. Bunların arasında – “sən hardansan”, “Kərkük harada yerləşir”, “Türkcədən gözəl danışmağı harada öyrənmisən” və s. kimi suallar. Bütün bu suallara Miktad hoca “Kərkük Bu” şeiri ilə cavab verir.
Kerkük Bu
Kerkük bu, karşıda duruyor dimdik
Tarihi belli, hiç istemez kimlik.
Kerkük bu,
ortasından hasa gecer
Kurumuş çayı göz yaşlarım içer.
Kerkük bu,
Baba GurGur neft ocağı
Sönmez sonsuza dek yanar çırağı
Bastığın her adım her yer
Türkçe Öter adlarını daldaki serçe.
Kerkük bu,
Horyat makam şehridir
Türkmenleri, ilim irfan ehlidir
Minaresinden gelir ezan sesi
Mevlitler'de okunur şeceresi
Kalasında hep peygamberler yatar
Güneş onları selamlar sonra batar.
Kerkük bu,
Şehit kanıyla süslüdü
Mavi bayrak onların düğünüdü.
Kerkük bu,
tüm Türkmenlerin başkenti
Orda doğar milli duyğu beklenti
Biz biriz beraberiz tek bir ağız
Yürürüz Türkmen eli tek kılavuz.
Gerçəkdən də bu şeir Kərkükü, Türkmənelini o qədər gözəl ifadə edir ki, Mikdat hocaya təşəkkür edirəm.
Əslində, hocanın Türkiyəyə köçməsinin, yaşamasının da maraqlı tarixçəsi var.
Türkiyəyə - Antalyaya növbəti gəlişlərindən birində səhhətindəki problemlə baglı həkimə gedir. Müayinələrdən keçəndən sonra həkimlər bildirir ki, ürək damarlarının çoxu tutulub və təcili əməliyyat edilməlidir. Xəstəxanadan çıxıb qaldıqları evə piyada gələrkən bir elan görür. Qarşıdakı evin üstünə “kirayə verilir” yazılıb və telefon nömrəsi qeyd olunub. Mikdat hoca həmin nömrəyə zəng edir, uyğun qiymətə olduğunu görüb evi tutur və həyat yoldaşı ilə birlikdə ora köçür. Hər gün evlərindən çıxıb dənizin sahilinə qədər piyada gedir, sahildə gəzir, sonra da evə qayıdır. Bir aydan sonra yenidən həkimə gedir. Müayinə vaxtı məlum olur ki, əməliyyata ehtiyac yoxdur.
Antalyada olduğum zaman şəhərin qala tərəfdən sahilə gedərkən Mikdat hocaya rast gəlirik. Hər gün olduğu kimi sahildə gəzirdi və söhbətimizi elə orada davam etdiririk.
Ağanisə Sultanova
/Antalya, Türkiyə/
Versus.az