FUAD ABBASOV ADLI AZƏRBAYCAN

08:45 23-05-2019 | icon 907 | Köşə
FUAD ABBASOV ADLI AZƏRBAYCAN

YERDƏ QALAN ANA TABUTU VƏ TƏNHALIĞIMIZ

 İGİD TEYMURLU

 

“...Bir nəfər yeddi otaqlı evdə yaşayır və 40 cüt şalvarı var; o birisisə küçələrdə sülənib zibil yeşiklərində yemək axtarır, mən də yeməksiz qala bilmirəm...”.

 

Bu, Bulqakovun “İt ürəyi” povestindəki professor Preobrayenskinin bicbalası olan Poliqraf Poliqrafoviç Şarikovun etiraflarıdır... Və həmin etiraflar bugünümüzün gerçəkliyidir. O gercəklik bu gün bizim məmləkətimizdə yaşanmaqdadır. Ölü anasını belə erməniyə ərə vermək istəyənlər, arvadı ermənilər, qızlarını erməniyə ərə verənlər və zibil yeşiklərindən tutmuş ta Kreml divarlarının tinində sülənənlərədək olan günümüzün Poliqraflarının davranışlarında  da bu, sezilməkdədir. Moskvada jurnalist Fuad Abbasovla bağlı yaşanan olaylar və buna münasibətdə Azərbaycan İnsanının davranışları bizim bizliyimizi və həm də bizim BİZ ola bilməməyimizi ortaya qoydu...

 

Rüstəm Behrudi düz söyləmiş ki, “bu gün Azərbaycan ana tabutuna bənzəyir”. Gerçəkdən bu, böylə imiş. O “Ana tabutu”nu çiyninə alası olan aydınlarımızın çoxu bedəsil çıxmış. Fuad Abbasovun durumuna bedəsil çıxan aydınlarımız biganə yanaşdılar. Bəlkə də bu biganəliyi gördüyündən məmləkət əhlinə “FUADI TƏK BURAXMAYIN!” deyə bir Ana Müraciəti 60 milyonluq Azərbaycana sahib çıxacaq dövlətimizin hər kəsinə doğru yön aldı. O Ana Müraciəti həm də 400 milyonluq Türk Dünyasına doğru yön almışdı. Nə oldu?

 

O oldu ki, Fuad Abbasovla bağlı rus ayısının oynadığı oyuna çəpik çalanların həm də öz içimizdən olduğu üzə çıxdı. Ölü anasını erməniyə ərə vermək istəyən, arvadı erməni, qızını erməniyə ərə vermiış Ağadadaş adlı it ürəklilər və belə it ürəkliləri laboratoriya sakininə çevirənlərimizin Azərbaycan “sevgiləri” ən kiçik detallarına qədər üzə çıxdı...

 

Bu gün hansısa səbəblərdən asılı olmayaraq ölkəmizdən xaricdə yaşayan hər bir kəs artıq fərdilikdən çıxıb birbaşa Azərbaycanın təmsilçisinə çevrilir. Ölkəmizdən xaricdə yaşayan Fuad Abbasovun elə yaxın tariximizdə təkbaşına rus telekanallarında həm Azərbaycanın, həm də Türkiyənin tapdalanan haqqını çox savadlı və prinsipial şəkildə müdafiə etməsi sadə Azərbaycan insanında bir qürur hissi yaşatmışdı. Fuaddan öncə o qüruru Azərbaycan İnsanına Toğrul İsmayıl təqdim etmişdi. Fuadın sonradan erməni fitvasıyla qızışdırılan çeçen-azərbaycanlı qarşıdurmasında problemin aradan qaldırılmasında göstərdiyi xidmət də çox operativ və nəticə etibarilə uğurlu oldu. Təbii ki, bütün bunlar dövlətimiz, millətimiz qarşısında Fuadın cavabdehlik, məsuliyyət hissindən irəli gələn bir demokratik düşüncəsi, demokratik yanaşması idi. Yəni, Fuad bu Vətənin övladı kimi harada olmasından asılı olmayaraq dövlətinə, millətinə sahib çıxmanın formatını ortaya qoyurdu və qoydu da.

 

Bəs bunun qarşılığında biz necə, öz soydaşımıza sahib çıxmanın formatını ortaya qoya bildikmi? Bu suala cavab verməzdən öncə bəzi detallara diqqət edək. İlk növbədə dövlətin özünü pis vəziyyətdə qoyan elə Azərbaycan disporasının rəhbərlik səviyyəsində təmsil olunanlarıdır. Kim onları bu səviyyəyə qaldırıb, bax bu araşdırılsa, çox nəsnələr üzə çıxar. Bu işdə dədəsinin büstü belə erməni faşistləri tərəfindən dəlmə-deşik edilən, ancaq buna baxmayaraq “biz uşaqlarımızı erməniyə nifrət ruhunda böyütməməliyik” deyən Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu sanki dünyadan xəbərsiz idi. Fuad adlı Azərbaycan qandallanandan sonra Bülbüloğlunun mətbuatda üzə çıxması isə kimlərinsə qarşısında cəh-cəh vurmanın təzahürü idi, Vətən sevgisinin yox.

Xaricdə yaşayan soydaşlarımızla iş üzrə Dövlət Komitəsi deyəsən “xaric” deyəndə ancaq hakim elitadan kənar qüvvələri başa düşür. İstənilən halda bu qurumların və bu adamların susqunluğu, fəaliyyətsizlikləri təbii ki, dövlət adına yazılır. Və dolayı yolla ortalığa dövlətin öz vətəndaşına sahib çıxa bilməməsi formatı maraqlı tərəflərə eskiz formatında ötürülür. Son nəticədə də “Ana tabutu”muz yerdə qalır...

 

Amma ən dəhşətlisi ondadır ki, bu konuda dövlət strukturlarını hədəf götürən Azərbaycandakı ictimai-siyasi institutların, hakimiyyətə iddialı müxalif partiyaların, vətəndaş cəmiyyətlərinin, ziyalıların, QHT sektorunun, ölkə mətbuatının aparıcı nümayəndələrinin, bütövlükdə KİV-in özü də Fuad Abbasova dəstək məsələsində əsil Poliqraflıqlıqlarını ortaya qoydular. Almaniyadan siyasi ekspert  İLQAR ALTAY birmənalı şəkildə çox operativ şəkildə məsələyə münasibətini sərt formatda ortaya qoyub Fuadı müdafiəyə qalxdı. Ardınca İlqar bəy ölkə hüquqşünaslarına  müraciət etdi. “İnzibati xəta”ya görə Moskva güc strukturlarının sərgilədikləri hərəkətə qiymət verilməsini hüquqşünaslarımızdan xahiş etdi... Susdular, bu hakimiyyətin ünvanına səviyyələrinə uyğun şəkildə sərsəm çıxışlarla “canlı yayımlar” yapıb ictimaiyyət arasında çaşqınlıq yaradan “hüquqşünaslar”ın səsi çıxmadı. Bilirsiz niyə? Niyəsini gözəlim məntiq deyir, mən yox. Məntiq deyir ki, əfəndim, çünki ortalıqda uzanan qollar və dilənən əllər, sülənən ayaqlar var idi. Və bu sülənənlər elə həmin Poliqraf kimi həmin koordinatlara  gedib çıxırdı...

 

“Facebook” üzərindən Fuad Abbasovun müdafiəsinə qalxanları aradım. Ölkədə fəaliyyət göstərən 53 siyasi partiya rəhbərlərinin adlarını axtardım. İlk olaraq qarşıma DADP sədrinin, VHP sədri Sabir Rüstəmxanlının, ÜMİD partiyasının sədri İqbal Ağazadənin, MMP sədri Hafiz Hacıyevin adı çıxdı. Bütün təhdidlərə, bütün təqiblərə, bütün işgəncələrə baxmayaraq, Vətən Sevgisini heç nəyə dəyişməyən Eldar Sabiroğlunun Fuadı qorumaq məqsədilə dövlət başçısına müraciətini oxudum. Gözlərim yasardı...

 

Özünü mətbuatımızın “generalı” adlandıranların adlarını aradım. Gözüm Əflatun Amaşovu və Amaşovun komandasınının üzvlərinin adlarını aradı, ta mayın 22-dək... Heç kimi görmədim...

 

Sağ olsunlar, “Ana tabutu”muzu yerdən qaldıran mətbuat dostlarımız da var imiş: Bəybala Mirzəyev, Anar Turan, Tamilla Qulami, Arzu Zeynallı, Tahirə Qafarlı, Talıb Əhədov, Əvəz Zeynallı... Harda qalıb bizim rusdilli mətbuatımız? Nədən Mətbuat Şuramız, nədən Jurnalistlərin Həmrəylik Təşkilatları susurdu?..

 

Fuadın qandallanması həm də Azərbaycanın qandallanması anlamına gəlirdi və gəldi də. Və bundan sonra mətbuatımızın susaraq hansısa işarəni gözləyən “generallar”ı birdən birə mətbu şəbəkəni “işğal” etdilər. Gəlişigözəl sözlər, bir-birini təkrarlayan fikirlər... Belə jurnalist həmrəyliyi, belə vətəndaş mövqeyi dəysin Ağadadaşın təpəsinə...

 

Fuad Abbasovla bağlı iyrənc çıxış edənlər, onu hansısa təmayüllərə bağlayanlar da oldu. Bu, məsələnin görünməyən və araşdırmaya ehtiyacı olan məqamlar idi. Ancaq belə yanaşmanı faktın özü kimi təqdim etmək publisistik əxlaqsızlıq idi ki, onu da bizimkilər etdi. Etik çərçivədən kənara çıxmaqla Fuadı “idiot”, “zibil” adlandıran jurnalistlərin özlərinin Moskvanın dolanbaclarında sülənməklə Poliqrafsayağı hansı nömrələri göstərmələri, hansı şapşaplıları və haradan oğurlamaları da zatən bəlli. Zamanında bunlardan da yazılacaq. Bu gün Fuada yönəli həmin səpkidən çıxış edən jurnalistlərin yüz qram araqdan ötəri başlarını uf demədən hansı isti bucaqlara soxmaları da zatən bəlli. Tələsməyin, bunlardan da yazılacaq...

 

Guya ki, Azərbaycan və Azərbaycan insanının haqqı uğrunda cəlayi vətən olan hansısa “siyasi mühacirlər” bəs nədən Avropanın göbəyindəcə Fuadın haqqı uğrunda müdafiəyə qalxmadılar? Çünki onların da tam əksəriyyəti Priobrajenskinin laboratoriya sakinlərindən başqa bir şey deyillər. Yaşamları xatirinə gərəkərsə erməninin əlindən belə yal almağa hazır olanlar var. Əlbəttə ki, belələrinin işi ancaq və ancaq Azərbaycan hakmiyyətinin ünvanına qurşaqdan aşağı söyüş söyməklə əslində öz nəsillərinin qurşaqdan aşağı əzalarını para müqabilində itlərə peşkəş etməkdir...

 

Azərbaycanda səsləndirilən Turan ideyası, Turan düşüncəsi də “pripiska”dan başqa bir şey deyilmiş. Hanı yeddi dövlət, bir millət? Fuad Abbasov Moskvada təkcə Azərbaycanın deyil, bütövlükdə türkün səsi idi. Azərbaycanla yanaşı Türkiyənin də haqqı pozulan kimi Fuad o yerdə olub. Fuadın başına gələn oyunlarda Türkiyənin haqqını necə vətənsevərliklə müdafiə etməsi heç də az rol oynamayıb. Bəs hanı Türkiyə mətbuatının Fuada dəstək kampaniyası? Hanı yeddi dövlətin həmrəylik duyğusu? Hanı Azərbaycanda türkçülükdən dəm vuran aydınların qardaş ölkələrlə birgə fəaliyyətinin görüntüsü? Hanı Türk Akademiyasının ortaya qoya biləcəyi mübarizənin görüntüsü?...

 

Yoxdur. Demək ki, bütün təqdimatlar da həpsi lafmış - boş-boş laflar. Ortalıqda gerçək fəaliyyət yoxdur. Hər kəs bir mənbədən müəyyən miqdarda para alıb “pripiska” ilə məşğuldur...

 

Ol səbəbdən də Fuad yox, Azərbaycan uduzdu. Ramil Səfərovun bütün mümkün vasitələrin səfərbər edilərək Azərbaycana gətirilməsi və erməni fitnəsinə tüpürməklə gərəkən addımların atılması məmləkət əhlinə nə qədər qürur yaşatmışdısa, Fuad Abbasovla bağlı sərgilədiyimiz mövqe məmləkət əhlinə bir o qədər də utanc hissi yaşatdı və yaşatmaqdadır.

 

Təəssüf, çox təəssüf, Azərbaycan bu məsələdə uduzmaqla həm də ümidlərimizi öldürür. İndi diasPORA Ağadadaş FORA verir. Öz erməni qudası və erməni arvadıyla yəqin ki, birbaşa erməni konyakı içir. Hoçaz dağını alıb Ermənistanda prezident olacaq Yuri Kasparyanı elə Hoçazdaca gəbərdib, Sarkisyanı diz çökdürən 713-cü Laçın batalyonunun qaziləri “bütün bunları biz buna görəmi etdik” sualını mənə ünvanlayanda “dəli bir ağlamaq keçir könlümdən”. Çünki Ana Tabutumuz yerdə qalıb. Çiynini bu Tabutun altına qoyan Fuad kimi Oğlanlar və Fuad kimi Oğlanlara elə lap əvvəlindən dayaq duran Seçilmişlərimizsə təkləniblər. Eyb etməz, tək uçan qartala təklik yaraşar...

 

Bütün buynlar onu göstərir ki, İtiylə Adamı yan-yana duran, İti Adam günündə, Adamı da İt günündə olan Azərbaycanda mənəvi deqradasiya baş alıb getməkdədir. Toxun Acdan, Acın da Toxdan xəbəri yoxdur. Öndə gedənlər susmaqda, əxlaqsızlar da adama mənəviyyat dərsi keçmədədilər. Ölü anasını belə erməniyə vermək istəyənlər diaspora rəhbəri olur. Matı-mutu quruyub bu millətin. Hipofiz yoluyla adam olan məmur tayfasını basan bit-birədən millətə qaşınma düşüb...

 

Günah Filip Filipovic Preobrayenskilərdədir ki, atavizmin əsil mahiyyətini həm onlardan, həm də onları adam bilən geniş kütlədən gizlədirlər. Marqaritanın sözü olmasın, indi “təzə peşə də peyda olub – küçə oğraşlığı”. Bir loxma çörəkdən ötəri dövlətin vətəndaşına sahib çıxa bilməməsi jestini formalaşdırma cəhdi oynanılır. Şarikovsayağı əxlaqsızlıq nümayiş etdirirlər – gördükləri və duyduqları qədər budur. Öz ilkinliklərinə qayıdırlar...

 

Səhid Qanından cücərib boy atan Azərbaycanı intiharlar məmləkətinə çevirənlərin nitq stenoqramlarına, fonoqraf yazılarına və taleyüklü məsələlərin həllindəki mövqelərinə əsaslansaq, nəticə göstərir ki, onlar bizdən olmayanlardır!..

 

Preobrayenskinin bicbalasının etirafları alqışlanasıdır. Etiraf həm də BÖYÜKLÜK əlamətidir. Bu gün yeddi otaqlılarla halal otaqları zəbt olunanlar da, 40 cüt şalvarı olanlarla dolanışıq üçün şalvarsız qalanlar da etiraf etməlidirlər. Poliqraf Poliqrafoviç etirafını öz cildinə istinadən “...nə olsun ki, iy verir.....sənətimlə bağlıdır...dünən o qədər pişik boğmuşuq ki...” formatında bildirmişdi. Sizlərin də əməlləriniz gerçək yaşantılarınızı ortaya qoyub... Biz də gerçəkliyi dilə gətirdik ki, məmləkətimiz yaşasın, məmləkətimizi yaşadaq... Xalq isə Filip Filipoviçin diliylə danışır: “...mən o qədər tənhayam ki..”, muzıkant səfirimiz demişkən, “burdan sizin qapıyacan”...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol