“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

10:36 23-05-2019 | icon 778 | Siyasət
“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Razi Nurullayev: “Qoy bu tip bəyanat və hədələr həm də Minsk Qrupu ölkələrinə verilsin

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi

 

 “Eyni insanların hər dəfə yeni-yeni birliklər və koalisiyalar yaratması uğur formuluna çevrilə bilməz”

 

- Bu gün Fuad Abbasovla bağlı baş verənlər gündəmdə olsa da, onun müdafiəsi ilə bağlı hər hansı konkret addımlar görünmür. Siz necə düşünürsünüz?

 

- Mən jurnalist Fuad Abbasovu bir vətənpərvər və Azərbaycan sevdalısı kimi tanıyıram. O, yeganə soydaşlarımızdandır ki, Rusiya kanallarında Azərbaycan və Türkiyəni müdafiə edib, sinəsini önə verib. Fuad Abbasovun Rusiya polisi tərəfindən həbsi, döyülməsi və alçaldılması Azərbaycan dövlətçiliyinə edilmiş həqarətdir. Və elə buna görə də dövlətimiz rəsmi qaydada münasibət bildirməli və bu həbsi qətiyyətlə pisləməlidir. Mən bu həbsi qətiyyətlə pisləyirəm! Vətəndaşlarımızı Fuad Abbasovun müdafiəsi üçün səslərini ucaltmağa səsləyirəm. İnanıram ki, Azərbaycan dövləti ona sahib çıxacaq.

 

“O, işğal etdikləri əraziləri xoşluqla qaytarmayacaq”

 

- Razi bəy, mayın 8-də Paşinyanın “Şuşa yallısı" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinin və aparılan danışıqların mənasızlığını ortaya qoydu. Ölkə ictimaiyyətinin də qəzəbinə səbəb olan bu fakt hansı addımların atılmasını tələb edir və beynəlxalq ictimaiyyətin məsələyə reaksiyası nə oldu?

 

- Problem bundadır ki, xalqımız, bəzən də siyasətçilərimiz, hətta bir sıra iqtidar nümayəndələri də Paşinyanın daha ağıllı olacağını, Qarabağ klanından canını qurtaracağını düşünürlər. Hesab edirlər ki, o, Dağlıq-Qarabağ münaqişəsinə də fərqli yanaşacaq. Bir sözlə, münaqişənin həllinin yaxınlaşacağına ümid edirdilər. Bilmək lazımdır ki, Ermənistanda hakimiyyətdə kim olursa olsun, xoşluqla sülhə razılaşıb işğal etdikləri əraziləri qaytarmayacaq.

 

Məsələ bundadır ki, onlar əraziləri işğal etdiklərini yox, Azərbaycanın işğalından azad etdiklərini bəyan edirlər. Dünya da, onları birmənalı olaraq işğalçı kimi qəbul etmir. Avropa Birliyi, ABŞ və digər sözünün çəkisi olan dövlətlər işğala yaxın ifadə işlədəndə və ya eyham vuranda bizimkilər az qala bayram edirlər. Lakin, onlar Ermənistanı işğalçı kimi tanısalar belə, heç nə dəyişmir. Bu o zaman sevindirici olar ki, işğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin.

 

Azərbaycan qərək işğal olunmuş ərazilərdə Ermənistan siyasətçilərinin artıq hərəkətlərinə göz yummasın. Dünya da bilsin ki, ölkəmiz işğal faktı ilə barışmayacaq. Onun üçün də işğal altında olan boş bir əraziyə raket zərbəsi endirməli idi. Yaxud, Azərbaycan qırıcılarını havaya qaldıracağını elan etməli və işğal olunmuş ərazilər üzərində uçuş keçirməli idi. Erməni qüvvələri hücum edərsə, bütün silahlı qüvvələrimizin onların başlarına bomba yağdıracağını deməli idi. Qoy bu tip bəyanat və hədələr həm də Minsk Qrupu ölkələrinə verilsin. Biz susduqca və hərəkət etmədikcə, münaqişənin həllindən uzaqlaşırıq. Xankəndi hava limanı açılışa hazırlanada hökumətimizin mövqeyi kəskin idi və effekt verdi. Biz doğru bildiyimizdən kənarlaşdıqca, Qarabağ da yavaş-yavaş əlimizdən sürüşüb çıxacaq.

 

- Azərbaycana qarşı növbəti təxribat və təzyiq vasitəsi kimi son günlər İngiltərə mətbuatının Azərbaycanla bağlı neqativ çıxışları qeyd olunur. Nə baş verir, bu dəfə Azərbaycan kimin hədəfindədir?

 

“Onlar aldıqca alacaq, daha da möhkəmlənəcək və…”

 

- Düşünmürəm ki, İngiltərə mətbuatı nə zamansa Azərbaycanın yanında olub. İngiltərənin Azərbaycanda iqtisadi maraqları var və bu maraqlar çərçivəsində hərkət edir. Əlavə olaraq, deməliyik ki, İngiltərənin siyasi gedişləri və geopolitik baxışları həmcins və həmrəng deyil. O gedişlər və baxışlar maraqlara uyğun olaraq adaptasiya edilir. Dünyada ingilis oyunu və siyasəti kimi mürəkkəb, başadüşülməyən və çoxvektorlu bir proses yoxdur. Həmçinin, bir sahə üzrə İngiltərə ilə dostluq o demək deyil ki, başqa sahələr üzrə də dostluq edə biləcəksən.

 

Bu ölkə özünə çox güvənən və siyasətini hər an dəyişən ölkələrdən deyil. Azərbaycan onlar üçün o qədər də maraqlı ölkə olmadığından çox gözəl də bilirlər ki, ölkəmiz onlarla əmkdaşlıqdan da imtina etmək gücündə deyil. Onun üçün də qlobal aləmdə demokratiya və insan haqları sahəsində yeritdikləri siyasəti Azərbaycana fərqli rakursda tətbiq etməyəcəklər. Amerika bunu edir, amma İngiltərənin belə təcrübəsi yoxdur.

 

Azərbaycan hakimiyyəti ümid edir ki, İngiltərə şirkətləri üçün yaratdıqları gözəl sərmayə şərtləri onları siyasi sahədə Azərbaycana daha loyal yanşmağa vadar edəcək. Amma bu mümkün olmayacaq. Onlar aldıqca alacaq, daha da möhkəmlənəcək, yenə də istədiklərini deyəcək və edəcəklər. Biz öz dövlətimizi real bir demokratik məkana və siyasi gücə çevirərək qalib ola və bu ölkələrlə də onların öz dilində danışa bilərik. Özümüz özümüzü gözükölgəli etməməliyik. Bütün ölkələrə və şirkətlərə eyni gözlə baxmaq doğru siyasətdir.

 

“Bizlər isə hara getsək alış-veriş biznesi edirik…”

 

- Gürcüstanda Azərbaycana qarşı ərazi iddiaları və son günlər Keşikçidağ Məbədi ilə bağlı yaranan mübahisələr qonşu ölkə ilə bağlı prosesləri hansı səmtə aparır və bu işdə əsas "dirijorlar" kimlərdir, nəyə nail olmağa çalışılır. Sizcə bu günlər azərbaycanlı deputatların Gürcüstana səfəri nəyə hesablanır və qaranlıq mətləblərə aydınlıq gətiriləcəkmi?

 

- Gürcüstan hakimiyyətinin və adamlarının hərəkətləri qıcıqvericidir. Amma biz gərək təxribata uymayaq. Münaqişəni, narazılığı masa arxasında çözmək üçün daha məqsədyönlü fəaliyyət lazımdır. İnanıram ki, hər iki tərəf bunu anlayır və qarşılıqlı addımlar atmaqdadırlar. Bu narazılığın böyüməsi bizim üçün də əlavə başağrısıdır. Bu məsələlər səngiməli, münasibətlər normallaşmalıdır. Bundan sonra isə Azərbaycan Gürcüstanla bağlı hərtərəfli siyasi gedişlər və perspektivlər hazırlamalıdır. Bunlardan birini artıq səsləndirmişəm. Bu ölkədə yaşayan 250 mindən çox soydaşımız özlərinin siyasi partiyalarını yaratmalıdır.

Soydaşlarımız son nəfərinə kimi siyasiləşməli və Gürcüstan məkanında söz sahibinə çevrilməlidilər. Soydaşlarımızın təmiz gürcü dilində danışa və ölkə miqyasında bütün sahələr üzrə özlərinə yer etmələrində hakimiyyət maraqlı olmalıdır. Azərbaycan orada yaşayan soydaşlarımızı bu sahədə yönləndirməlidir.

 

Balaca bir israil dövləti bütün dünyanı idarə edir və düz də edir. Ağılları var, bacarıqları var və ən önəmlisi savadlı olmağa həvəsləri var. Onlar hamısı yüksək biliyə, savada və bilmədikləri sahəni öyrənməyə çalışırılar. Bizlər isə hara getsək alış-veriş biznesi edirik, küçə ticarəti ilə məşğul oluruq və kiçik işlərdən yapışırıq. O boyda Rusiyada 3 milyona yaxın soydaşımız var, amma heç 1 faizi özünə yer edə bilməyib. Gərək indi bütün televiziya kanallarında, bütün mətbuat orqanlarında, XİN-də onlarla etnik azərbaycanlı çalışaydı. Dumada ən azı 6-7 soydaşımız təmsil olunaydı, müxtəlif regoinlarda minlərlə azərbaycanlı vəzifə başında olmalıydı. Belə çıxır ki, soydaşlarımızın da siyasi təfəkkürü o dərəcəyə çatmayıb və çatdırılmayıb. Çünki, təhsilimiz bərbad gündədir və vətəndaşlarımız da biliyə, elmə və təşəbbüslərə o qədər də meylli deyillər.

 

- Razi bəy, Azərbaycanın müxalif cəbhəsində yeni bir canlanmanın baş verəcəyinin gözlənildiyi deyilir. Bir çoxları bunu Əli İnsanovla əlaqələndirir, bir qism isə yeni yaranan "Ümid-ADP" müttəfiqliyini önə çəkirlər, sizin gözləntiniz nədir?

 

- Azərbaycanda yeni simalara ehtiyac var, yeni simaların, yeni qüvvələrin, o cümlədən siyasətdə olan təzəli-köhnəli sağlam qüvvələrin birliyinə ehtiyac var. Yeni birliyə uğurlar arzulayıram. Təki amallarına çatsınlar. Görün nə qədər birliklər yaranıb və elan olunmaqdadır. Hamısına şamil etmirəm, lakin, baxışım belədir ki, eyni insanların hər dəfə yeni-yeni birliklər və koalisiyalar yaratması uğur formuluna çevrilə bilməz. Mixail Bulqakovun ‘İt ürəyi’ romanında professor Preobrajenskiy obrazı var. O deyir ki, - “ayaqyolunu təmiz etmək olar, amma yenə batıracaqlar”. Orada avadanlığı yenidən dəyişib inqilab etməyə ehtiyac yoxdur, inqilabı insanların başlarında etmək lazımdır.

 

- Müxalifətdə bir qisim artıq parlament seçkilərinə gedəcəkləri ilə bağlı qərarlarda bulunmağa başlayıb. Siz necə, seçkilərə qatılacaqsınız?

 

- Bu suala bir cümləylə cavab verəcəm - seçkilərə bütün qüvvəmizlə qatılmaq niyyətindəyik!

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər