"O qanı yalayacam, qisasımı da alacam" 

13:45 23-05-2019 | icon 457 | Hadisə
"O qanı yalayacam, qisasımı da alacam" 

Birlikdə yaşadığı xanımı öldürməyə cəhd edən və daha sonra başqa adla Narkoloji Mərkəzdə gizlənən şəxsin məhkəməsi davam etdirilib.

 

Versus.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəfael Şirinov ifadə verib.

 

Şahid deyib ki, zərərçəkmiş Zöhrə Əlqəmbəyevanı yaralı vəziyyətdə xəstəxanaya aparıb: "Kənddə eşitdim ki, hadisə baş verib. Ora yaxınlaşanda Zöhrəni maşına oturtdular. Başqa 2-3 nəfər də maşına əyləşdi. Xəstəxanaya aparandan sonra oradan getdim".

 

Suallara cavab berən şahid hadisə zamanı Zöhrə Əlqəmbəyevanı hansı vəziyyətdə gördüyünü tam xatırlamadığını deyib. Şirzad Əsədov soruşub ki, həmin vaxt Zöhrə ölümcül vəziyyətdə olub? Şahid bu suala da tam cavab verə bilməyib. Deyib ki, yaralı oturaq vəziyyətdə olub.

 

Məhkəmənin davamında Şirzad Əsədov zərərçəkmişin və onun ailə üzvlərinin ünvanına təhqirlər səsləndirib. O, həmin ailə tərəfindən şərləndiyini deyib.

 

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan olunub. Şirzad Əsədov buna da etiraz edib və məhkəmənin ədalətli araşdırılmadığını deyib. Söyləyib ki, Zöhrəni öldürmək niyyəti olmayıb və müstəntiq ona qarşı qərəzli olub. Daha əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayan Şirzad Əsədov qeyd edib ki, ondan qisas alınır.

 

Prosesin davamında dövlət ittihamçısı çıxış edib. Prokuror qəsdən adam öldürməyə cəhddə və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə təqsirli bilinərək cəza təyin edilməsini istəyib. Prokuror Şirzad Əsədovun daha əvvəlki şərti cəzasının da indiki cəzası ilə birləşdirilərək qəti olaraq 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şirzad Əsədovun vəkili isə müdafiə çıxışında bildirib ki, müdafiə etdiyi şəxs adam öldürməyə cəhd etməyib: "Şirzadın kifayət qədər imkanı olub ki, Zöhrəni öldürsün. Həmçinin Zöhrənin uşaqları hadisə yerində olmayıb. Sonradan anasının yanına gəliblər. Yəni, hadisə azyaşlı uşaqların gözü qarşısında olmayıb. Buna görə də Şirzad Əsədovun əməli cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməlidir".

 

Zərərçəkmiş Zöhrə Əlqəmbəyeva cəza ilə razı olduğunu deyib. Şirzad Əsədov isə son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini deyib: "Mən insanam, Allahını tanıyan biriyəm. Pis əməllərim olsa da insan öldürmərəm. Mən qansız adam deyiləm. Mən istəsəydim, Zöhrənin başını ayağımın altına qoyub kəsərdim. Amma bunu etmədim. İmkanım da var idi. Mən illərlə həbsdə yatmışam. Vərəmi də həbsxanada tapmışam. Mən o qədər ağılsız adamam ki, yenidən həbsə düşüm? Amma adamın sevdiyinə, dəyər verdiyinə toxunanda özünü saxlaya bilmir. Mən xəyanəti bağışlaya bilməzdim. Mən o qanı yalayacam, qisasımı alacam. Heç adam öldürənə 17 il cəza vermirlər".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Şirzad Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib. İttihamda yazılır ki, Şirzad Əsədov qeyri-rəsmi nigahda yaşadığı Zöhrə Əlqəmbəyevaya əvvəlcə övladlarının gözü qarşısında qayçı ilə vuraraq xəsarət yetirib. Hadisədən bir neçə gün əvvəl sonra isə qısqanclıq zəminində Zöhrə Əlqəmbəyevanı öldürməyə cəhd edib. Bıçaqla ona çoxsaylı zərbələr endirib.

 

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

 

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

 

Hadisədən sonra Şirzad Əsədov narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə aldığı Narkoloji Mərkəzə gedib. Özünü başqa şəxs kimi təqdim edərək orada müalicə almağa, gizlənməyə başlayıb. Bundan 2 gün sonra Narkoloji Mərkəzdə məlum dəhşətli yanğın hadisəsi baş verib və 25 nəfər xəstə dünyasını dəyişib. Şirzad Əsədov isə sağ qalıb. Bu yanğınla bağlı araşdırma aparılarkən Şirzad Əsədovun əsl kimliyi üzə çıxıb. Bundan sonra o, həbs edilib. Narkoloji Mərkəzdə baş verən yanğına görə davam etdirilən məhkəmə iclasında da Şirzad Əsədov zərərçəkmiş kimi ifadə verib.

 

Ş.Əsədov həmin ifadəsində bildirib ki, mərkəzə gələndə ad-soyadını yanlış deyib: "Araşdırma başlayanda bildilər ki, axtarışdayam. Mən orada tutuldum".

Ş.Əsədov indi Cinayət Məcəlləsinin 29.120.2.4-cü (qəsdən adam öldürməyə cəhd) və 126-cı maddəsi ilə ittiham edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol