İsrailin İ24 telekanalı Dağlıq Qarabağdan xəbər verdi: Azərbaycanındır!
"Məhz Azərbaycan ilə İsrailin hərbi əməkdaşlığı sayəsində regionda qüvvələr nisbəti əsaslı şəkildə dəyişib..."
Azərbaycan Odlar Diyarıdır. Bu od, həm çoxlarının qəlbinə hərarət verir, həm də ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən zərər çəkmiş Azərbaycan xalqının tarixinə işıq saçır.
Versus.Az Azərtac-a istinadən bildirir ki, israilli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında nümayiş etdirilmiş süjetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti barədə söhbət açır:
Jurnalistin sözlərinə görə, Sovet imperiyasının dağılmasından keçən 27 ildən artıq müddətdə Azərbaycan onun ərazisinin 20 faizini işğal etmiş qonşu Ermənistanın ərazi iddiaları ilə bağlı etnik münaqişədən əziyyət çəkir. Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun ərazisi Ermənistan tərəfindən işğal edilib. İsrailli jurnalist vurğulayır ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir.
Daniel Tsemaxın sözlərinə görə, illər boyu mövcud olan atəşkəs rejiminə baxmayaraq bu illər ərzində Ermənistanla Azərbaycan arasında vaxtaşırı döyüş əməliyyatları baş verib.
İsrailli jurnalist öz süjetində deyib: "Sonuncu tammiqyaslı hərbi qarşıdurma 2016-cı ilin aprelində baş verib. Azərbaycan silahlı qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə erməni ordusuna sarsıdıcı hərbi zərbələr endirib. Bu döyüşlərin sübutları hələ itməyib".
Tsemax yazır ki, cəmi bir neçə il bundan əvvəl ermənilərin atdığı minomyot mərmiləri Tərtər rayonunun mərkəzindəki binalara düşüb. Qanlı münaqişənin izləri bu şəhərdə hələ də qalır, münaqişə hər gün davam edir. Lakin bu münaqişə Azərbaycan əhalisini daha sıx birləşdirib, xalq daha dözümlü olub, öz torpağına daha möhkəm bağlanıb.
Tərtər sakini Bulud Budaqov: "Münaqişənin lap əvvəlindən biz buradayıq və heç yerə getməyəcəyik. Ölsək də burada öləcəyik. Bu, bizim torpağımızdır, bu torpaq bizə, bizim xalqımıza məxsusdur. Biz başqasının torpaqlarına iddia etmirik, öz torpağımızda rahat yaşamaq istəyirik".
İsrailli jurnalist deyir: "İşğal edilmiş Azərbaycan əraziləri ilə təmas xəttinə yaxınlaşdıqda orada yandırılmış torpağı, dağıdılmış evləri və viran edilmiş məzarlıqları görürük. Biz bilirik ki, Ermənistan ilə Azərbaycan arasında ərazi münaqişəsi nəticəsində qurbanlar çox olub. Erməni silahlı dəstələri tərəfindən dağıdılmış bu evdə sözün həqiqi mənasında faciə baş verib. 2016-cı ilin aprel ayında ermənilər tərəfindən buraxılmış raket birbaşa bu evə düşərək onu dağıdıb.
Həlak olmuş azərbaycanlı TƏRANƏ HƏSƏNOVANIN ANASI deyir: "Mənim evim raket zərbəsi ilə dağıdılıb. Ermənilərin atdığı mərmi evimin həyətinə düşəndə 16 yaşlı qızım Təranə Həsənova faciəvi şəkildə həlak olub".
Tsemax qeyd edir ki, azərbaycanlıların sözlərinə görə, ermənilər daim provokasiya və təxribatlar törədir, Azərbaycan kəndlərini atəşə tutur, nəticədə dinc əhali arasında tələfat olur. Öz doğma torpaqlarını işğalçılardan azad etməyə çalışan Azərbaycanlı əsgərlər fədakarcasına döyüşərək, möhkəmlədilmiş yüksəklikləri qısa müddətdə tutub və erməniləri oradan çıxarıblar. Hasarlar, minalar, pulemyot və artilleriya atəşləri bu əsgərləri dayandırmayıb. Lələtəpə yaxınlığında şiddətli döyüşdə Azərbaycan silahlı qüvvələri Cocuq Mərcanlı kəndinin yaxınlığındakı strateji əhəmiyyətli döyüş postunu tutublar. Azərbaycan hökuməti bu kəndi bərpa edib və kəndin əvvəlki sakinlərinin hamısı oraya qayıda biliblər.
Ermənilər həm Lələtəpədə, həm də Cocuq Mərcanlı kəndi uğrunda döyüşdə rus tanklarından və artilleriya silahlarından istifadə ediblər.
Azərbaycan müdafiə nazirinin müavini general Kərim Vəliyev: "Ermənistanda Rusiyanın hərbi bazaları var, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq edir və eyni hərbi struktura daxildirlər".
Kərim Vəliyev deyir: "Biz Rusiyadan silahları pulla alırıq, Ermənistana isə Rusiya silahı pulsuz verir. Əlbəttə, belə bir fikir yaranır ki, görünür, bəzi ölkələr bu münaqişəsinin davam etməsində maraqlıdırlar".
Süjetin sonunda studiyada çıxış edən Daniel Tsemax vurğulayır ki, bu gün İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir. Məhz Azərbaycan ilə İsrailin hərbi əməkdaşlığı sayəsində regionda qüvvələr nisbəti əsaslı şəkildə dəyişib və Azərbaycan silahlı qüvvələri praktiki olaraq bir neçə gün ərzində işğalçı erməni ordusunun ön hissələrini məhv ediblər. Tsemax vurğulayır ki, bu gün Azərbaycan ilə İsrail arasında hərbi və hərbi-texniki sahədə münasibətlər tərəfdaşlıq münasibətləri kimi səciyyələnir.
İsrailin nüfuzlu İ24 xəbərlər telekanalının israilli jurnalisti Daniel Tsemax öz süjetinin sonunda deyir: "İndiki halda tərəfdaşlıq çox yüksək səviyyədədir, ikitərəfli siyasi və iqtisadi münasibətləri etimada əsaslanan yüksək səviyyəli strateji tərəfdaşlıq hesab etmək olar".
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...