“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

22:43 23-05-2019 | icon 1227 | Cəmiyyət
“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Necmettin Canabaz: “İraqda dövlət təltiflərinə layiq görülsəm də, son anda türkmən olduğum üçün adım siyahıdan çıxarılırdı”

 

“İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi”nin başkanı Ankara şöbəsinin başkanı Neçmettin Canabazla görüşüb, maraqlı söhbət etdik. Gec də olsa, Versus.Az olaraq Neçməttin bəyi dərnəyin başkanı seçilməsi münasibətilə təbrik edirik.

 

Özünün də bildirdiyi kimi, bura Türkiyədə yaşayan bütün İraq türklərinin doğma ocağıdır. Ona isə öz evi kimi doğmadır. Çünki dərnəkdə sıravi işçi kimi çalışmağa başlayaraq, müxtəlif vəzifələrə yüksəlib və son olaraq səsvermənin nəticələrinə görə, başkan seçilib. Qurumda başkan vəzifəsi seçki yolu ilə həyata keçirilir.

 

İlk və ən böyük qeyri-hökumət təşkilatı

 

Neçməttin bəy deyir ki, “İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi” türkmənlərin ilk və ən böyük qeyri-hökumət təşkilatıdır:

 

“Dərnəyimiz 1959-cu ildə ali təhsil almaq üçün Türkiyəyə gələn gənclər tərəfindən qurulub. Həmin vaxt İraq türkləri ağır bir dönəmdən keçirdi. 1959-cu ilin 14 iyulunda İraqda türkmənlərə qarşı qanlı soyqırım baş verdi. Yaşlı nəsil bu gün də həmin qətliamı ağrı, göz yaşları ilə xatırlayırlar.

Əslində, dərnəyin məqsədi Türkiyə ilə İraq türkləri arasında mədəni əlaqələrin qurulması, güçləndirilməsi, türkmənlərin səsinin həm Türkiyəyə, həm də dünyaya çatdırılması idi. Eyni zamanda da, Türkiyədə yaşayan İraq türklərinin bir-birlərini daha yaxından tanıması, bura ali təhsil üçün gələn tələbələrə kömək etmək, təhsillə bərabər məzun olduqdan sonra iş tapmaqda yardımçı olmaq, həyat şəraitlərinin və sosial durumlarının yaxşılaşdırılması və s. Bunun yanında da müxtəlif konfrans və toplantıların keçirilməsi, yaşadıqları cəmiyyətə daha asan uyğnlaşmaq, digər qardaş dərnəklərlə əlaqələr qurmağı, ümumiyyətlə gözəl çalışmaları planlayırdılar”.

 

Qeyd edək ki, o vaxta qədər türkmənlərin heç bir siyasi təşkilatı olmamışdı. Çünki, İraqın ən böyük etnik qruplarından olan türkmənlər həmişə öz mədəniyyətləri, elmi, savadı, adət-ənənələri, ailə dəyərləri, eyni zamanda sülhpərvər və barış tərəfdarı, qonşuları olan digər millətlərlə mehriban münasibətlərinə görə seçilirdilər.

1959-cu il qətliamı isə acı da olsa, göstərdi ki, türkmənlərin də təşkilatlanmaya ehtiyacları var və bu təşkilatlanma xoş mərama xidmət edirdi. Altmış illik tarixə nəzər salanda və bu illərdə İraqda yaşayan türklərin hansı mücadilələr verdiyini diqqətə alsaq, dərnək təbii ki, baş verən siyasi proseslərdən də kənarda qala bilməzdi və bu mümkün deyildi. Buna görə də mədəni çalışmaları ilə birlikdə siyasi fəaliyyətlərdə də yer almağa başladılar. Ən azından İraqdakı siyasi durum, Səddam rejimi, Kərkükdə, Türkmənelində baş verənlər, türkmənlərə qarşı şüurlu şəkildə həyata keçirilən qətllər, terror hadisələri, soyqırım və qətliamlar bunu tələb edirdi.

 

Doğma torpağına, ailəsinə həsrət qalıb

 

“İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi”nin Ankara şöbəsinin başkanı Neçmettin Canabaz da digər türkmən qardaşlarımız kimi Səddam rejiminin qəddarlığı, qadağaları, xüsusən də türkmanlara yaşatdığı acılarla illərlə üz-üzə qalan abilərimizdən biridir. 1991-ci ildən 2003-cü ilə - Səddam hakimiyyətdən gedənə qədər öz doğma torpağına, ailəsinə həsrət qalıb. Əlbəttə, bu həsrətin nə olduğunu yalnız onu yaşayanlar bilir. Onu da bilirilər ki, Səddam Hüseyn hakimiyyəti dövründə doğulduqları torpaqları görmək, ata-anaları, baçı-qardaşları, əzizləri ilə yenidən görüşmək mümkün deyil.

 

Ötən yazılarımda qeyd etdyim kimi, məktub yazmaq, telefonda danışmaq, doğmalarının səsini bir neçə saniyəlik belə eşitmək yasaq idi. Telefonlar dinlənilir, göndərilən məkublara nəzarət edilirdi. Hansısa türkmən Türkiyədən ailəsinə telefon açanda xəbər tutsaydılar İraqda qalan ailəsini, yaxınlarını ən yaxşı halda həbs gözləyirdi. Bu barədə bir qədər sonra...

 

Necmettin Canabaz İraq ordusunda xidmət edən peşəkar hərbçidir. İran-İraq müharibəsində ön sırada olub, döyüşüb, canlı şahidlərdən biridir. Bu müharibə barədə türkmən qardaşlarımızdan eşitdikdən sonra gəldiyim nəticə odur ki, İran-İraq savaşı əslində qardaşların qırğını olub. Çünki, İraq tərəfdən öndə türkmənlər, İran tərəfdən isə türklər, Cənubi Azərbaycandan olanlar qarşı-qarşıya gəliblər, nə qədər dəhşətli də olsa, bir-birlərinə atəş açmaga məcbur ediliblər.

 

HAŞİYƏ:

“İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi”ni günün ikinci yarısı ziyarət etdiyim və Necmettin bəyə suallarım çox olduğuna görə söhbətimiz bir qədər gec bitdiyi üçün iş günün də sonu idi. Dərnəkdən birlikdə ayrılırıq, Necmettin abi iftara Kərkük çörəyi alıb və yolumuz Kızılayda eyni istiqamətə olduğundan söhbətə davam edirik. Necmettin bəy danışır ki, həmin vaxt İraq ordusunun əsir götürdükləri arasında bir İran türkü vardı:

 

“Onu döyməyə başladılar və ən çox başından vururdular. Mən buna etiraz etdim. Dedim ki, sizin əsirlərlə belə vəhşicəsinə davranmağa ixtiyarınız yoxdur. Əslində, öz həyatımı təhlükədə qoyduğumu bilirdim, amma seyriçi qala bilməzdim. Biz onunla eyni dildə danışırdiq və qardaş idik. Digər tərəfdən, onun yerində  mən də ola bilərdim. Əminəm ki, eyni situasiyada İranda olan qardaşlarım da sakit qala bilməzdilər. Eyni zamanda, əziyyət verilən, zülmə məruz qalan həm də insan idi. Təəssüf ki, həmin vaxt heç nə etməyi bacarmırdım...”

 

Necmettin abi ona su verir. Əsiri müdafiə etdiyinə, su verdiyinə görə cəzalandırılsa da, peşiman olmur.

 

Yuxarıda qeyd etdiyim kimi, İraq ordusunda doqquz il xidmət edən, peşəkar hərbçilərdən biri olan Necmettin Canabazın adı dəfələrlə dövlət təltifləri, orden və medallar üçün siyahıya salınıb, eyni zamanda da, ev mükatına layiq görülüb. Hamısı son anda ləgv edilib və onun yerinə başqa ad salınıb. Səbəbi isə türkmən olması idi.

 

1991-ci ildən Ərbilə gedir, Milli Türkmən Partiyasının sıralarına qoşulur. Partiya cəmi 3 il idi qurulmuşdu. Amma Necmettin bəy Erbilə gedərkən düşünmürdü ki, düz 12 il doğulub-böyüdüyü torpağına – Kərkükə, doğmalarına həsrət qalacaq. Əgər dönsə idi, anında onu dar ağacı, edam gözləyirdi, yaxınları da ya eyni taleni yaşayacaqdı, ya da həbs olunacaqlardı.

Digər həmsöhbətlərim kimi, Necmettin abi də deyir ki, özünü deyil, daha çox doğmalarını düşünürdü. Ankarada Kərkükdən, Türkmənelindən olan dostları, insanlar ilə bir yerə toplaşanda da söhbətlərinin əvvəli də, sonu da dogma torpaqları olur. Yalnız 2003-cü ildə Səddam devriləndən sonra Kərkükə yol görünməyə başladı. Deyir, 12 il idi gözlərim o yollara dikilmişdi:

 

"Mən Kərkükdən ayrılanda onlar uşaq idilər"

 

“Kərkükə aparan yolda bir kəlmə olsun belə danışmadım. O anları sözlə ifadə etməkdə belə çətinlik çəkirsən. Böyüdüyüm məhəlləyə, evimizə çatanda məni gözləyən insanların sayı-hesabı yox idi. On iki il idi anamı görmürdüm, boğazım düyünlənmişdi. Hamı mənimlə görüşürdü, qardaşlarımın övladlarını belə tanıya bilmədim. Mən Kərkükdən ayrılanda onlar uşaq idilər, indi isə böyük adam olmuşdular. Mənim qoyub getdiyim hər kəs dəyişmişdi. Amma anamın, Kərkükün, evimizin ətri həminki idi. Yadımda qalan odur ki, təkcə evimizin ikinci mərtəbəsinə çıxıb, hönkür-hönkür ağladım”.

 

 60 yaşlı “İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin yeddi aydır ki, daimi məkana köçüb. Onu da qeyd edim ki, dərnək başkanı və üzvləri könüllü, təmənnasız çalışırlar. Hazırda mədəni fəaliyyətlərin yanında Türkiyədə ali təhsil alan türkmən tələbələrin yaşamı, təhsili, sosial durumları, problemləri ön plandadır. Bu sahədə dərnək “İraq Türkləri Öyrənci və Gənclər Birliyi” ilə bərabər fəaliyyət göstərir. Eyni zamanda davamlı olaraq önəmli günlərdə tədbirlər düzənləyir, müxtəlif mərasimlər keçirirlər. İraq türklərinin öndə gələn isimlərinin anım günlərini qeyd edir, onları gənclərə daha yaxından tanıdırlar. Bütün bunların yanında elmi konfranslar, seminarlar da təşkil edirlər.

 

Necmettin Canabaz deyir ki, Türkiyədə yaşayan İraq türkləri olan sənətçilərin bir araya gətirilməsi, onların problemlərinin çözülməsi, çalışmaları üçün daha yaxşı şərait yaradılması istiqamətində də fəaliyyəti davam etdirirlər. Elə bu məqsədlə may ayının əvvəllərində Türkməneli Sənətçilər Birliyini qurublar.

 

Necmettin bəyin örnək ailəsi var. İki gözəl qızı universitet tələbəsidir. Bir neçə il öncə ailəsi ilə Kərkükə gedərkən qızlarına deyib ki, orada qarşıdurma, terror səngimir, insanlar başqa yerlərdə olduğu kimi rahat yaşamırlar, amma öz torpaqlarına çox bağlıdırlar:

 

“Açığı gözlədiyimin əksi oldu. Böyük qızım dedi ki, bura dünyanın ən gözəl, ən huzurlu yeridir. Mən Kərkükdən heç ayrılmaq istəmirəm, gedəndən sonra çox darıxacağam...”

 

Ramazan ayı olduğu üçün dərnək qonaqlı-qaralıdır. Həftənin iki günü cümə və cümə ertəsi dərnəkdə iftar süfrələri açılır. İftardan sonra isə türkmən milli Ramazan oyunu olan sini zarf oyunu keçirilir.

 

Biz də qardaşlarımıza “ALLAH orucunuzu qəbul etsin, yenidən görüşənədək” – deyirik.

 

Ağanisə Sultanova
/Ankara, Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər