Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV
“...Atamın öldüyü yaşdayam”
ƏFİLAĞA ƏVƏZ OĞLU HƏSƏNOV – bu ad Şəhid qardaşımızın anadan olduğu Cəlilabad rayonunun Günəşli kəndində kiçikdən böyüyə hər kəsin qürur duyduğu və hörmətlə andıqları bir isimdir. Əfilağa Cəlilabadda dünyaya göz açsa da, erməni qəsbkarları tərəfindən işğal olunmuş Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşlərdə Şəhid olub. 12 uşaqlı bir ailənin ilk övladı olan Əfilağa çox sakit təbiətli, səmimi və mehriban, həmyerlilərinin bildirdiyinə görə ta uşaqlıqdan qəlbində Vətən sevgisi daşıyan bir insan olub...
Əfilağa Ağdərəyə gəlməzdən öncə Laçın rayonunun 72 kəndinin erməni işğalçılarından azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib, kəşfiyyatçı kimi erməni əsirlərin tutulmasında iştirak edib. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə Əfilağa əsil Vətən fədaisi kimi çarpışaraq 2 sentyabr 1992-ci il Vəng əməliyyatı zamanı Şəhid olub.
Əfilağa gözlərini bu dünyaya yumanda arxada üç körpə övladını yetim qoydu, Əfilağanın yoxluğu üç körpə oğlan uşağını bir ananın ümidinə qoyub getdi. Mərifət Musa qızı bütün əzabları öz içində boğaraq Əfilağanın yoxluğunu övladlarına bildirməməyə çalışsa da, ancaq ana nəvazişiylə böyüyən oğullar cavan yaşlarında ağaran saçlarda bu acıları görürdülər. Zaman da sanki bu uşaqların qəsdinə durmuş, onların qayğısını çəkən Uca Varlığı içindən əridirmiş... Və bütün bunların sonucunda Mərifət Ana da dərdə tab gətirməmiş, övladlarını bir zamanlar Əlifağanın dediyi kimi “göydə Allahın, yerdə dövlətin ümidi”nə qoyaraq gözlərini bu dünyaya əbədi yumub. Oğlu Qadir Anasının çəkdiyi ağrı, acıları göz önünə gətirib Onu da Atası kimi haqlı olaraq Şəhid sanır...
Bu gün Əfilağa təkcə bir nəslin, bir kəndin deyil, bütöv Azərbaycanın oğludur və bütöv Azərbaycan belə Oğullarıyla fəxr edir. Eləcə də Əfilağanın həyat yoldaşı Mərifət Musaqızının həyatla mübarizəsi bir Türk Qadınının, bir Türk Xatununun necə mübariz olmasından xəbər verir. Məkanları Cənnət olsun!...
Zaman ötdükcə bu Oğulların və bu Anaların adları nəsildən nəslə ötürüləcək, Şəhidlikləriylə Azərbaycanın varoluşunu yaşatmaları hörmətlə yad ediləcək. Əfilağa kimi Oğlanların Ölümü bir nəslin faciəsi olsa da, amma bütöv millətimizin qəhrəmanlıq tarixidir. O tarixin yazılması, o tarixin yaddaşlara həkk olunması Azərbaycanın həm bu günü, həm də sabahı üçün ən önəmli məqamlardandır. Ən azından ona görə ki, yetişən nəsil dövlətimizin dostunu, düşmənini tanıya bilsin, dövlətimizin, millətimizin yolunda canını fəda edən qəhrəmanlarımızın apardıqları mücadilənin mahiyyətini, məzmununu anlaya bilsinlər. Və biz bir Toplum olaraq bütün bu proseslərin gerçəkləşməsində cavabdehlik və məsuliyyət hissimizdən irəli gələn vəzifələrimizi ardıcıl olaraq yerinə yetirməliyik ki, apardığımız mübarizədə nəsillərarası bağlantı kəsilməsin. Həmin Şəhidlərimizin keçdiyi döyüş yolu işıqlandırılmalı, cəmiyyətə təqdim edilməli, o Şəhidlərin övladlarının, yaxınlarının, dost-tanışlarının xatirələrində hifz olunub saxlanan ağrıları, acıları birgə bölüşməyi vərdiş halına çevirməliyik. Şəhidlərimiz ölümləriylə Vətənə necə sahib çıxmanın formatını bizlərə təqdim etdikləri kimi, biz də onlara, onların övladlarına, onların amallarına sahib çıxmağımızın formatını ortaya qoymalıyıq...
Versus.az saytı özünün “Şahidlər və Şəhidlər” bölümündə itirilmiş yurd yerlərimizin azadlığı uğrunda canını fəda etmiş Vətən sevdalılarımızla bağlı ardıcıl yazılar verməkdə, onlarla bağlı doslarının, döyüş yoldaşlarının, övladlarının xatirələrini cəmiyyətimizin geniş spektriylə bölüşür. Versus.az saytı olaraq bu dəfə Şəhid qardaşımız ƏFİLAĞA ƏVƏZ OĞLU HƏSƏNOVdan söhbət açacağıq.
Əfilağanın döyüş yoldaşları olan, özlərinin dediyi kimi “713 saylı Laçın batalyonunun qisasçılar ordusu”nun söylədiklərindən:
“Biz bugünkü durumumuzla o Ruhlar qarşısında hesabat verə biləcək halda deyilik. Biz Şəhidlərimizin uğrunda can qoyduqları yurdları erməni işğalçılarından azad etdikdən sonra o Ruhların qarşısına çıxa bilərik. Ölkəmizin bugünkü potensialı imkan verir ki, biz ermənilərdən öz qisasımızı alaq, inşəAllah Şəhid qardaşlarımızın qisasını alandan sonra yurdumuza sahib çıxmaqla biz öz sözümüzü deyəcəyik”...
Əfilağanın oğlu QADİR HƏSƏNOVun söylədiklərindən:
“O, Şəhidlik zirvəsinə ucalan zaman mənim 6 yaşım var idi. Qardaşlarım hələ onda lap körpə idilər. Onunla çoxlu xatirə şəkillərimiz olmasa da, bir maraqlı məqam heç zaman gözlərimin önündən getmir. 1992-ci il avqustun 10-da məni doğum günüm münasibətilə atam bir günlüyə bizi ziyarətə gəlmişdi. Elə həmin il mən orta məktəbin birinci sinfinə gedəcəkdim. Atamın doğum günümə gəlişi bizi çox sevindirmişdi. Yaxşı yadımdadı, atam çox yüksək əhval-ruhiyyədə idi, görüşünə gələn hər kəsi tezliklə qələbə çalacağımıza inandırmaq istəyirdi...
Günün sonuna yaxın atam bizdən ayrılıb yenidən cəbhəyə yollanacağını bildirəndə evimizə bir sükut çökdü. Açığı deyim ki, hər kəs ona körpə balasının olduğu fikrini önə çəkərək cəbhəyə yollanmamasını tövsiyyə edirdi. Ancaq bütün bunlara baxmayaraq atam fikrində, verdiyi qərarda qətiydi. Beləcə, üzüntülü bir gecə keçirdik. Səhər açılanda atam silahını çiyninə salıb hamımızla sağollaşdı. Nənəm balaca qardaşım Elvini belinə bağlayıb Qaliblə mənim əlimdən tutub onun arxasınca nə qədər yalvara-yalvara getsə də, atam “mən elə bu övladların xoş sabahı üçün döyüşlərə atılıram” dedi. Nənəm nə qədər “oğlum, qayıt, məni, bu körpə uşaqları bədbəxt eləmə. Sən olmasan bunlara kim baxacaq, uşaqları kim böyüdəcək” deyə, elə hey atama yalvarırdı. O yalvarışlar qarşısında üzümüzdən, gözümüzdən öpən atamın verdiyi cavab indi də beynimdə əks-səda verir: “Uşaqlar böyüyəyəcəklər narahat olma, göydə Allah, yerdə dövlət sahib çıxacaq bu övladlara! Amma bu gün mən döyüşə yollanmasam, bu yaşda olan uşaqların çoxları heç böyüməyəcək, erməni gülləsinə tuş gələcək, uşaq döğulub uşaq da öləcəklər. Sonunda da bütün qızlarımız, gəlinlərimiz əsir düşəcək””...
“Atam məni birinci sinfə özünün yola salacağını bildirmişdi. Amma bu arzu nə atama, nə də mənə qismət olmadı” -deyən Qadir, atasız böyüməyin, atasız yaşamağın həm mənəvi, həm də maddi baxımdan çox çətin olduğunu bildirir, Allahdan heç bir övladın belə duruma düşməməsini arzulayır:
“Ata yoxluğunu mən məktəbdə oxuyarkən daha çox hiss etmişəm. Bu, elə bir hisdir ki, onu sözlərlə ifadə etmək çox çətindir. Onun yoxluğu hər zaman, hər an hiss olunur”...
Qadirin ürək ağrıdan məktubunda daha sonra oxuyuruq:
“Atamızın yoxluğunda anam çox böyük çətinliklərlə bzi böyütdü. Həyatın bütün ağrılarını, acılarını bizə hiss etdirməməyə çalışsa da, ancaq o ağrılar, o acılar elə içimizdəcə bizim özümüzlə böyüməkdə idi. Anam bütün cavanlığını biz övladlarına fəda etdi. 2014-cü ildə 51 yaşında Haqq dünyasına qovuşdu”...
“Bu gün mənim üçün atamla yanaşı anam da Şəhid statusundadır” deyən Qadir Əfilağa oğlunun zaman kontekstindəki düşüncələri isə Şəhidlərimizin uğrunda can qoyduqları torpaqlarımızın geri qaytarılması üçün həm də bada verdiyimiz illərə deyilən ağıdır:
Ağlıma heç gəlməz inan
Nə bir zərrə, nə bir gümün.
Bu qədər tez keçər zaman!?
Bir də nəzər salmış olam
Atamın öldüyü yaşdayam...
ƏFİLAĞANIN SİNİF YOLDAŞLARININ XATİRƏLƏRİNDƏN:
“O, bizim üçün həmişəyaşar bir qəhrəmandır. Onun haqqında nə qədər danışsaq belə, azdır. Sinif yoldaşları və dostları olaraq onunla gözəl xatirələrimiz var. Sinifimizin sayılıb seçilən şagirdlərindən idi, ağır təbiəti vardı. 60 yaşın astanasında olsaq da, hər zaman Əfilağanı fəxrlə anırıq.
Əfilağa 1990-cı il 20 Yanvarda rusların Bakıda, eləcə də rayonlarımızda törətdikləri qətliamlardan bərk təsirlənmişdi. 3 uşağı olduğuna görə onu ön cəbhəyə aparmırdılar. Çox keçmədi, xəbər tutduq ki, Əfilağa özünü subay kimi qələmə verərək Binəqədi rayon komissarlığından könüllü olaraq ordu sıralarına yazılıb. Onun keçdiyi şərəfli döyüş yoluyla biz hamımız fəxr edirik”...
Əfilağanın iş yoldaşı və yaxın dostu olmuş ƏHMƏD MÜƏLLİMin illər öncəsi söylədiklərindən:
“..Uzun illər idi ki, Bakı Elektroştamp zavodunda bir yerdə işləyirdik. Onun özünəməxsus davranışı və danışıq tərzi var idi. İdmanı və balaca uşaqlarla oynamağı çox sevərdi. İşdən başı ayılan kimi elə hey Vətənə sevgidən danışardı. Bu gün də onun xatirəsi bizim qəlbimizdə əzizdir”..
İGİD TEYMURLU
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...