“Keşikçidağ”ı gürcülərə “peşkəş edən” Vidadi Abbasova cavab

09:03 26-05-2019 | icon 667 | Geopolitika
“Keşikçidağ”ı gürcülərə “peşkəş edən” Vidadi Abbasova cavab

“Onda biz də Tiflisə iddia edək?”

 

“David Qareci monastrı (Keşikçidağ - red.) azərbaycanlılar üçün memarlıq abidəsidir. Bundan başqa bir şey deyil. Aydındır ki, bu ərazi azərbaycanlılara deyil, gürcülərə məxsusdur. Biz azərbaycanlılar nə vaxt orada yaşamışıq ki... Bizim tariximizə elə bir yazıya rast gəlmisinizmi ki, biz monastrın tikintisində iştirak etmişik? Yox...”

 

Bu sözləri Gürcüstanda doğulan, Rusiyada diaspor fəaliyyətilə məğul olan və özünü siyasətçi hesab edən Vidadi Abbasov deyib. Onun fikrincə, monastrın olduğu ərazini Azərbaycan qəsb edib. 

 

Bəs Azərbaycan tarixçi və politoloqları bu cəfəng fikirlə bağlı nə düşünürlər? 

 

Versus.Az Cebhe.info-ya istinadən politoloqların məsələyə münasibətini təqdimedir.

 

Tarixçi alim Kərəm Məmmədli bildirib ki, fakta əsaslanmayan iddia mənasızdır:

“Hazırda siyasətçi, ekspert, jurnalist olmaq dəb halını alıb. Məgər Qarayazıda yaşayanlar azərbaycanlı deyil? Bir şey maraqlıdır ki, bu şəxs heç xəritəni açıb baxmırmı? Birincisi, Qarecinin ¼ hissəsi bizdə, digər hissəsi isə Gürcüstan ərazisindədir. Bu adamın əsaslandığı fikirlər çox gülüncdür. Əgər əlində bu fikirlərin doğruluğunu göstərən, fakta əsaslanan bir sənəd varsa, təqdim etsin, biz də baxaq, tarixçi kimi bizə də maraqlıdır ki, bu iddiaların arxasında nə dayanır. Yox, əgər sırf xristian məbədi olduğuna görə bu fikri bildirirsə, Qafqaz Albaniyasında xristianlıq IV əsrin əvvəllərində, Gürcüstandan da əvvəl qəbul olunub. Bu gün qonşumuz xristiandırsa və buna görə biz ərazimizi onlara verməliyiksə, o zaman Tiflisdə də ən qədim məscid tikilib, onun taleyi necə olacaq? Cənubi Qafqazın ilk məscidi Tiflisdə inşa olunub. Onda bir müsəlman kimi biz də ona iddia qaldırmalıyıq? Avropa Təhlükəsizlik və Əməkdaşlıq Şurasında da, digər beynəlxalq qurumlarda da sərhədlərin toxunulmazlığı haqqında qərar qəbul edilib. Avropada Aland adaları var ki, Finlandiya və İsveç arasındadır, lakin onlar arasında bunun kimi mənasız mübahisə getmir. İkincisi, gürcülərə o ərazidə ziyarət etməyə heç kim mane olmur. Onda belə çıxır ki, biz Məkkəni də hissə-hissə bölməliyik ki, bu hissə Azərbaycan müsəlmanları üçün, digər hissə Əlcəzair müsəlmanları, yaxud digər müsəlmanlar üçündür. Axı bu yanaşma heç cür məntiqə əsaslanmır”.

 

Eyni zamanda alim tikinti məsələsinə toxunaraq bu tikilinin gürcülərə məxsus olmadığını diqqətə çatdırıb: “Adam tikintidə iştirak etmədiyimizi bildirir, görəsən adamın xəbəri varmı ki, orada çox hissəsi mağara kompleksidir? Deyəsən, adamın özü orada heç olmayıb, olsaydı, bilərdi ki, ora mağara kompleksidir, çox hissəsini Allah-Təala tikib. Digər hissəsinə, məbədin tikili olan hissəsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, bu məbədi inşa edən suriyalı rahib atalar, yəni Suriyadan gəlmiş xristianlardır, hətta bu, bütün gürcü xronikalarında da var. Onda gəlin belə edək, biz buranı Suriyaya verək, bizim Nəsimi də Hələbə dəfn olunub, Hələbi də Suriya bizə versin, axı ora da bizim üçün müqəddəsdir. “Azərbaycanlılar tikintidə iştirak etməyib, ona görə də monastr gürcülərindir” fikri tamamilə absurddur. Burada nə qədər axtarsan da, məntiq tapmaq olmur. Çünki əgər bu aspektdən yanaşsaq, bu ərazini Suriyaya verməli olardıq. Mən məmnuniyyətlə balaca monastrla Hələbi dəyişərdim. Bu şəxs əlində sənəd olmadan quru fikirlərə əsaslanıb iddia irəli sürür? Mən tarixçiyəm, əgər mühəndis olsam, bəlkə mən də bu cür yanaşmaya inanardım, amma indiki halda yersiz fikirdir, tarixçilər faktlara, sənədlərə üstünlük verir. Hər şey bir kənara, ən azından bir xronikada, hər hansı salnamədə məlumat verilsəydi,  bununla bağlı araşdırmalar aparardıq. Tarixi faktlar göstərir ki, Çar Rusiyası dövründə belə bir sənəd ola bilməz. Ondan əvvəlki Qacarlar dövrünə gəldikdə bütün Cənubi Qafqaz bizim idi. Ondan biraz da əvvələ getsək, Nadir şahın dövründə nəinki Cənubi Qafqaz, hətta Qəndahara qədər bizim idi, indi biz onlara torpaq iddiası irəli sürməliyik?” 

Tarixçi monastrın adına da diqqət çəkib: “Qareci deyil, Qaracadır, adın bu şəkildə təhrif olunması da düzgün deyil”. 

 

Politoloq Fikrət Sadıqov da məsələyə biganə qalmayıb. O qeyd edib ki, bu məsələyə nəinki siyasətçilər, hətta diplomatlar, tarixçilər, sərhədçilər də biganə yanaşmamalıdır:

“Bəzi “siyasətçilər” gürcülərdən daha sərt ifadələr işlədir və bu da çox böyük təəccüb doğurur. Çünki gürcülər özləri etiraf edirlər ki, bu, mübahisəli məsələdir və bu məsələni həll etmək üçün Azərbaycan-Gürcüstan danışıqları artıq başlayıb. Biz bəzi güzəştlərə gedə bilərik, amma bu, heç də o demək deyil ki, kiməsə öz torpağımızı, abidəmizi hədiyyə etməyə hazırıq. İlk növbədə o şəxsə cavab olaraq mütəxəssislər öz sözünü deməlidirlər. Həm sərhədçilər, həm diplomatlar, həm tarixçilər öz sözlərini deməli və məsələyə nöqtə qoyulmalıdır. Xaricdə yaşayan bir insanın bəyanatı ilə oturub-dursaq, gərək bir çox abidələrimizi, sərhəddə olub Azərbaycana məxsus olan obyektləri hədiyyə verək. Bu gülüncdür və reallıqdan xeyli uzaqdır”. 

 

Fikrət Sadıqov Vidadi Abbasovun fikirlərini önəmsəməyərək onun bəzi gürcü siyasətçiləri ilə eyni mövqedə olduğunu deyib: “Əgər bunun arxasında müəyyən siyasi məqsədlər varsa, onda belə bir iddianı başa düşmək olar. Amma belə heç bir fakta söykənmədən ortaya çıxan bir iddia sadəcə cəfəngiyyatdır. O şəxs özünü siyasətçi adlandırsa da, bu, təkcə siyasətçilər tərəfindən həll olunacaq məsələ deyil. Bu məsələdə biz Gürcüstanla eyni mövqedən çıxış edirik , sağlam düşüncəli gürcü siyasi elitası bu məsələdə bizimlə eyni mövqedədir. Buna görə də adını siyasətçi qoyan biri bu məsələdə gurultulu bəyanatla çıxış etməklə məsələni həll etmiş olmur”. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları