Mayın 21-24-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində keçirilən "Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminarın iştirakçıları olan Ümumdünya Gömrük Təşkilatının əməkdaşı Rika Tokai və eksperti David Kozik Dövlət Gömrük Komitəsinin Akademiyasında olublar.
Bu barədə Versus.Az-a Dövlət Gömrük Komitəsinin Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Verilən məlumata görə, Akademiya rəisi Qulu Novruzov qonaqları salamlayaraq, onları Akademiyada görməkdən məmnunluğunu ifadə edib. Akademiya barədə qonaqlara məlumat verən Qulu Novruzov Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini və Akademiyanın bu istiqamətdə fəaliyyətini qurduğunu diqqətə çatdırıb. Qulu Novruzov beynəlxalq qurumlarla, gömrük sahəsi üzrə ixtisaslaşmış universitetlərlə əlaqələrin yaradılmasının prioritet olduğunu deyib.
Qonaqlar səmimi qəbula görə təşəkkür edərək, Akademiyada olmaqdan məmnunluqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında və gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Müştərək layihələrin həyata keçirilməsi, təlimlərin təşkili, birgə beynəlxalq və regional, elmi konfrans, seminar və digər tədbirlərin təşkili, ikitərəfli əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi ilə əməkdaşlıq, ekspertlərin dəvət edilərək seminar və konfransların təşkil olunması, iki qurum arasında əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Qonaqlara Akademiya adından hədiyyələr təqdim edilib.
Sonra qonaqlar Akademiyada yaradılan infrastruktur və təlim şəraiti ilə yaxından tanış olublar.
Versus.Az