Bu şanlı gün Azərbaycan insanına əmr edir

15:31 28-05-2019 | icon 201 | Köşə
Bu şanlı gün Azərbaycan insanına əmr edir

Millətin azadlığı, dövlətin sərhəd bütövlüyü ona hədiyyə kimi verilmir, gərək…

 TAHİRƏ QAFARLI

 

Bu gün Azərbaycan insanı keçmişini işıqlandıran şəfəqə doğru yürüyür. Tarixi irsin 101 illik dərinliyindən bu gününə işıq saçan şölələr insanlarımıza dünəninə qayıdışı, özünü tanıması, tarixinə fərəh, qürur hissi ilə baxması, ləyaqətli vətəndaş olaraq irəliləməsi üçün yeni ruh verir.

 

Bu gün müasir Azərbaycan insanı 101 yaşlı Xalq Cümhuriyyətinin ənənələrini davam etdirən varislər kimi, millətlər içində var olma, daha da güclənmə amacı ilə bu şanlı tarixdən örnək alaraq yenidən yaşayır. Bu gün bu tarix ona ümid verir. Bir daha xatırladır ki, 101 illik demokratik keçmişi olan bir ölkənin insanı olaraq bütün mərhumiyətlərinə baxmayaraq yaşamalı, ayaqda durmalı, milli məfkurəni əks etdirib millətin, dövlətin həyatını aydınlatmalıdır!

 

Bax, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması gününü bayram edən insanlarımız hər şeydən çox bu istəklə başını qaldırıb yüksəklərdə dalğalanan müstəqil dövlətin üç rəngli bayrağını qürurla seyr edirlər...

 

Bəli, "Bir kərə yüksələn bayraq, bir daha enməz!"- deyən Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə millətin Azadlıq mücadiləsinin qarşısında heç bir gücün, heç bir hiylənin tab gətirə bilməyəcəyini bəyan edərkən, bu gün bayraq ətrafında sevgilə toparlanan bizlərin milli birliyinə inanırdı. Və bu gün Azərbaycan insanı 28 may müstəqillik gününü bir həmrəylik, düşmənə qarşı bir mücadilə hərəkatına qoşulma aksiyası kimi yenidən yaşadır...

 

Bu gün Azərbaycan insanı 101 il əvvəl müsəlman Şərqində yaranan ilk dünyəvi demokratik ölkəni, Azərbaycan Xalq Cümhuriyyətini yaradan millətin nümayəndəsi olmasından qürur hissi keçirir. Tarixin Azərbaycanın dövlət quruculuğu səhifələrini izlədikcə, Demokratik Respublikanın hansı gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsi və cəmi 23 aydan sonra 2 yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalaraq devrildiyinə təəssüf hissi ilə yanaşır. O zaman Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin ruhunda azadlıq eşqi olan Azərbaycanın istiqlalçılıq ideyası yenilmədi və o, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdi... Şəhidlərin Qanı bahasına...

 

Azad, müstəqil, sərhədləri bütöv, təhlükəsiz, hüquqları beynəlxalq müstəvidə tanınan və demokratik seçki mədəniyyətinə sahib olan inkişaflı bir ölkənin vətəndaşı olmaq hər bir adi insan üçün təbii bir istəkdir, yaşamdır. Lakin o istəyi həyata keçirmək eyni zamanda cəsarət, milli ləyaqət tələb edən bir nəsnədir. Çünki millətin azadlığı, dövlətin bütövlüyü ona hədiyyə verilmir. Onun uğrunda qanlar tökülür, canlar alınır…

 

Bəli, Azərbaycan Xalq Cümhuriyyəti də mücadiləsiz yaranmadı. Onun uğrunda şəhidlər verildi və bu gün də torpaqlarımız uğrunda şəhidlər veririk. Torpaqlarımızın işğaldan azad olunması uğrunda mücadiləmiz davam edir...

 

Bu gün Azərbaycan torpaqlarının bir hissəsi erməni quldurları tərəfindən işğal olunub və 27 ildir ki, insanlarımız öz haqlarını qorumaq, müharibəsiz bir ölkədə yaşamaq üçün düşmənlə üz-üzə dayanıb. Eyni zamanda da dünyaya sülh vəd edən beynəlxalq ədalətin nəhyət öz yerini tutacağını gözləyir. Azərbaycan insanı nigarandır. Çünki Azərbaycanı özünün maraqları naminə düşmənə "yem" etmək istəyən erməni havadarları Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə yaradırlar. Beynəlxalq aləm erməni faşizminin törətdiyi cinayətlərə göz yumur. Azərbaycan insanı 4 tərəfdən öz torpaqları ilə həmsərhəd olmağa məhkum edilmiş coğrafi mənzərə ilə əhatə olunub. Dünya birliyinin ölkəmizi hansısa öz şəxsi maraqlarına boyun əydirmək siyasəti bu gün Azərbaycan insanını öz şanlı tarixinə güvənməyə dəvət edir. Bu tarixi gün ona xatırladır ki, milli ləyaqət hissi ilə öz bayrağına sarılıb savaşmasa başqa millətlərin şikarı olmaq təhlükəsi qaçılmazdır.

 

Bu şanlı gün Azərbaycan insanına vətən üçün şəhid olmağa hazır dayanmağı əmr edir. Və bu gün 20 mindən çox şəhid verən Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək üçün bir daha düşmənlə mücadilədə Şəhidlər verməyə hazır olduğunu bəyan edir.

 

Azərbaycan insanı bu gün Qarabağ torpağında müharibə yaradıb, onun başını aşağı əyməyə çalışan beynəlxalq güclərə 101 yaşlı tarixi keçmişini xatırladaraq, müstəqil dövlətin azad bayrağını torpaqları işğaldan azad olunan bütöv Azərbaycanın üzərində dalğalandıracağını bəyan edir.

 

Bu gün Azərbaycan insanı məhz Məhəmmədəmin ideyalarına, mücadiləsinə güvənərək 101 il əvvəl onun səsləndirdiyi sözləri ürəyinə və beyninə “yazaraq” deyir:

 

Sən bizimsən, bizimsən,
durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa,
Ey şanlı Azərbaycan!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu meyvə qocalığın qarşısını alır