Bu sənət Allah vergisidir, burada hər şey boyasız və fırçasızdır

00:09 03-06-2019 | icon 636 | İncəsənət
Bu sənət Allah vergisidir, burada hər şey boyasız və fırçasızdır

Fevzi Çakmakçı: “Uşaqlıqdan Türkiyə və Azərbaycana sevgi ilə böyüdük”

 

Öncədən deyim ki, bu qeyri-adi sənət və onun Kərkük Türkmənelindən Antalya Türkiyəyə qədər yol alan usta qəhrəmanı Fevzi Çakmakçı barədə yazı hazırlayanda Azərbaycan dilində tərcüməsini axtardım. Yalnız taxta üzərində oyma və bunun kimi bənzər sözlərə rast gəldim. Açıgını deyim ki, marküteri sənətinin dilimizdə tam mənada hansı anlama gəldiyini tapa bilmədim.

 

Amma Fevzi ustanın emalatxanasında taxta üzərində yaratdıgı əsərlərə baxarkən sözün əsl mənasında heyrətini gizlədə bilmirsən və insan zəkası, əməyi və əlinin nələrə qadir oldugunun fərqinə varırsan. Allah vergisinə inanıram və bilirəm ki, bu yalnız istedadlı, zəhmətkeş, öz üzərində çalışan insanlara verilən İlahi hədiyyədir.

 

Fevzi abi Yurdum Türkməneli Dərnəyinin qurucularından, ağsaqqallarından biridir, onunla Antalyada elə sözügedən dərnəyin təşkil etdiyi iki günlük Türk Dili Çalıştayında tanış olmuşduq. Türk Dünyası, Kərkük, Azərbaycan, Qarabağ mövzusunda qiymətli fikirləri var, Fevzi abinin. Çalıştay arası fasilələrdə çox maraqlı söhbətlərimiz oldu. Yurdum Türkməneli Dərnəyinin başkanı Yunus Bayatlı dedi ki, çox mütavazi biri olduğundan özü barədə danışmağı sevmir. Ancaq Fevzi abi Türkyənin ən məşhur və az sayda marküteri sanatı ustadlarından biridir. Qərara alıram ki, Antalyada olduğum müddətdə uyğun bir vaxtda görüşək və onunla reportaj hazırlayım. Bilmirdim ki, qarşıda təkcə reportaj deyil, Fevzi və Sevim Çakmakçı ailəsinin cənnəti xatırladan evlərində məni yüksək müsafirpərvərlik və sürpriz hədiyyə gözləyir. Ən başda isə gerçək bir muzey, saatlarla tamaşa etməkdən zövq  aldıgın əsərləri. Açığnı deyim ki, həmin muzey – emalatxananı görmədən bir yazı hazırlaya bilərdim, amma belə demək mümkünsə, quru bir yazı olardı. Amma iş prosesini, Fevzi abinin yaratdığı əsərləri gördükdən sonra gerçəkdən marküteri sənətini sevməyə, maraqlanmağa başladım.

 

Haşiyə:

Reportaj öncəsi Fevzi abi demişdi ki, Antalyanın mərkəzində evləri olsa da, həyat yoldaşı Sevim xanımla qərara gəliblər ki, mərkəzdən bir qədər kənar, baxçalı bir evə köçsünlər. Həm doğanı sevirlər, həm də Fevzi abinin yaradıcılığı üçün daha münasibdir baxçalı ev.

 

Antalyanın gözəl səmtlərindən birinə – Beldibiyə yol alırıq. Günəş, dəniz, daglar, hər  tərəf yamyaşıl, güllər, çiçəklər və onların ətirləri, portağal ağacları.... Gerçəkdən bu gözəlliyi gözlərinlə görmək gərək.

 

Bir nüansı qeyd edim ki, burada ilk olaraq diqqətimi çəkən qonşuların evlərini, bağ-bağçalarını bir-birindən ayıran heç uzunluğu bir metr də olmayan səliqəli, simvolik çəpərlərdir. Təbii ki, bizdəki hündür, “keçilməz qala”ya bənzəyən daş hasarlardan sonra bu nüans diqqət çəkməyə bilmir. Bütün həyətlərdə, elə küçədə də müxtəlif meyvə ağaçları, güllər  sıra ilə əkilib.

 

Sevim abla və Fevzi abi bizi elə qonaqpərvərliklə qarşılayırlar ki, burada özünü evindəki kimi hiss edirsən. Öncə onların gül-çiçəyə bürünən gözəl baxçaları ilə tanış oluruq. Qızl güllər, dibçək gülləri, bol məhsullu portağal ağaçları, toyuqlar, ağ keçilər, saymaqla bitməyən doğallıq və sağlam yaşam.

 

Bura gerçəkdən də bir muzeydir. Boyasız, fırçasız yaradılan bu rəsm əsərlərinə baxdıqca düşnürsən ki, istedad və zəkanın qarşısını heç nə kəsə biməz. Fevzi abidən xahiş edirəm ki, marküteri sənəti barədə məlumat versin. Deyir ki, bu müxtəlif rənglərdən kəsilib, iç-içə yerləşdirilərək heç bir boya istifadə etmədən yalnız ağaçların doğal rəngləri ilə işlənilən bir oyma sənətidir:

 

“Bu peşənin tarixi çox qədimdir, Misirə qədər  uzanır. Tarixi mənbələrə görə kraliça Kleopatranın sarayında marküteri sənəti ilə məşğul olan ustalar əsərlərini ona bəyəndirmək üçün bir-birləri ilə yarışa girirdilər. Kraliçanın istədiyi sənət əsərləri qısa müddətdə hazırlanmalı idi. Onun xoşuna gəlmək üçün sənətkarlar sarayın dörd tərəfində istifadə olunacaq əşyaları, daha doğrusu, alətlərini düzər, qurar, əsərləri ilə bəzəyərdilər. Əsərlər özəl olaraq təqdim edərdilər. Bu böyük sənət yarışmasında kraliça yalnız bir əsəri bəyənərdi. Sarayın ətrafında qurulan atölyelər, alətlər sonradan Fransa, İran, Ərəbistan və İtalyada yayılır. Zaman keçdikçə atölyelər çoxalmağa başladı. İyirminci əsrin əvvəlləri marküteri sənətinin ən möhtəşəm  dövrü sayılır. Həmin illərdə ən məşhur sənət idi”.

 

Fevzi Çakmakçı bildiri ki, hazırda bu sənətə ən çox Fransada rast gəlinir:

 

“Tarixi mənbələrdə Osmanlı dönəmində çox yayıldığı, hətta Fatih Sultan Mehmet Hanın da marküteri sənətinə maraq göstərdiyi, əsərlər üzərində çalışdığı qeyd olunur”.

 

Peşəkar marküteri ustası təəssüflə deyir ki, günümüzdə bu sənətlə məşğul olanların sayı çox azdır. Səbəbi isə hər kəsin məşğul ola biləcəyi sahə deyil. İnsanda xüsusi istedad, sevgi, səbr olmaqla bərabər, son dərəçə dəqiq, səliqəli, zəhmətkeş olmalısan:

“ALLAH vergisi mütləq olmalıdır, əks halda mümkün deyil”.

 

Gözümü açandan dədəmin yanında, bu sənətin içində böyüdüm

Fevzi Çakmakçı deyir ki, vaxtilə marküteri sənəti Kərkükdə də çox məşhur olub. Elə ona da dədəsindən (babasından) keçib:

 

“Dədəm Kərkükün tanınan oyma ustalarından biri idi. Gözümü açandan onun yanında böyümüşəm. Uşaqlıq illərim də babamın atölyesində keçib. Ona görə də bu sənətin içində böyüdüm. Dədəmin yaratdığı əsərlərə saatlarla tamaşa edərdim. Bir əsər üzərində işləyərkən yanından ayrılmazdım, əl hərəkətlərinə, çizgiləri neçə yerləşdirdiyinə, rənglərin bir-birləri ilə uyumluğuna diqqət edərdim. Bir də gördüm ki, artıq mən də rəsm üzərində işləməyə başlamışam”.

 

Fevzi abinin emalatxanasındakı əsərlər o qədər  təbii, canlıdır ki. Kərkük qalası, Mustafa Kamal Paşa Atatürkün, Türkiyənin məşhur şairlərinin , səs sənətçilərinin rəsmləri, qədim evlər, Qurani Kərimdən ayələr.

 

Qeyd edim ki, hazırda Türkiyədəki dörd marküteri ustasından biridir Fevzi abi. Müxtəlif sərgilərdə, toplantılarda iştirak edir, sənətinə, əsərlərinə maraq böyükdür. Soruşuram ki, bir əsərin neçə günə araya-ərsəyə gəlir? Deyir ki, baxır əsərə, bir neçə günə işlədikləri də olub, bir neçə aya da:

 

“Amma hər gün işləyirəm. Burada vaxtın neçə keçdiyini bilmirəm. Bir əsər üzərində işləyəndə hər şeyi unuduram, bütün diqqətim yalnız orda olur. O qədər dəqiq olmalısan ki, hər cizgidə, hər xırdalıqda rənglərə, dogallıga xüsusi diqqət etməlisən. Marküteri elə bir sənətdir ki, burada iynə ucu boyda nəyisə diqqətdən qaçırdmaq, yerini səhv salmaq olmaz. Hər şey zərgər dəqiqliyi ilə olmalıdır”.

 

Türkiyə, Azərbaycan və Kərkük Türkməneli bayraqlarının asıldıgı muzey – emalatxana

 

Fevzi abi iş prosesində istifadə etdiyi məhsulları göstərir. Hər şey çox təbiidir, müxtəlif ağac qabıqları, deyim ki, ətirləri belə üzərindədir, parçalar, alətlər. Qiymətləri soruşanda deyir ki, ağaca görə qiymətlər dəyişir, məsələn qoz agacı, fıstıq və digər ağaclar. Təbii ki, əsərlərinin də qiyməti maraqlıdır. İstifadə etdiyi məhsulların çeşidi, qiyməti, bundan başqa da onun zəhməti. Gülür Fevzi abi, deyir ki, bir əsər üzərində işləməyə başlayanda heç onun qiymətini düşünmür. Çünki onun üçün əsas dəyər o əsəri istədiyi kimi tamamlamaqdır. Əslində, əsərlərinə elə yüksək qiymət qoymur. Bəzən qiymət eşidəndə təəccüblənənlər də olub. Amma onunla söhbət etdikcə görürsən ki, Fevzi abi üçün gerçəkdən də önəmli olan sənətdir, oyma sənətinin yaşadılmasıdır. Mübalifəsiz falansız bu sənətə olan sevgi o qədər böyükdür ki, qarşısında pul, para çox kiçik görünür. Yenə də qiymətləri öyrənirəm, emalatxanadakı əsərlərin 20 dollarla – 2000 dollar arası qiymətləri var.

Bu muzey – emalatxanada ən çox diqqətimi çəkən Türkiyə, Azərbaycan, Kərkük Türkməneli bayraqlarıdır. Fevzi abi deyir ki, heç vaxt bu bayraqları bir-birindən ayırmadıq. Üçü də əzizdir, həmişə başımızın üstündə asdıq:

 

“Uşaqlıqdan Türkiyə, Azərbaycan həsrəti ilə böyüdük. Şükur ki, bugünki gənc nəsil üçün belə bir həsrət, özləm yoxdur. Bizim vaxtımızda isə, çox çətin idi. Kərkük Türkməneli bizim üçün nədirsə, Türkiyə, Azərbaycan da odur. Mən Azərbaycan demirəm, can Azərbaycan deyirəm”.

 

Məşhur oyma ustası bir neçə il öncə Türkiyənin marküteri ustaları ilə Azərbaycana səfərindən danışır və bildiri ki, ömrünün ən yaddaqalan günləri sırasındadır. Həmin vaxt  görüb ki, Kərkük Türkmənelində Azərbaycanı, onun insanlarını neçə sevirlərsə, Azərbaycanda da türkmənlərə qarşı eyni sevgi var.

 

Fevzi abi də Səddam zülmü ilə qarşılaşan, illərlə doğma torpağına, ailəsinə, yaxınlarına həsrət qalan soydaşlarımızdan biridir. Amma digər türkmən qardaşlarımız kimi o da o da bu mücadilədən bir addım geri atmayıb. Əsərlərində oldugu kimi, Antalyadakı evində də Kərkük, Türkməneli ruhu hiss olunur. Kərküklü həyat yoldaşı Sevim ablada da türkmən ruhu o qədər hiss olunur ki, elə türkmən müsafirpərvəliyi də. Gözəl Çakmakçı ailəsinin evində oldugum müddətdə özümü Kərkükdə hiss edirəm.

 

Haşiyə:

Reportaj vaxtı Fevzi abiyə sual vermişdim ki, bu sənətdə davamçılar, şagirdlər hzırlamağı düşünürmü? Dedi ki, ən böyük istəyi oyma sənətinin yaşaması, davam etdirilməsidir və gənc nəsilə öyrətməyə hazırdır. Bu yaxınlarda Fevzi və Sevim Çakmakçı Kərkükdə olarkən, onların səfər və görüşlərini izlədim. Fevzi abi Kərkükdə olduğu müddətdə dörd türkmən gəncə marküteri sənəti üzrə kurs keçib. Onlara oyma sənətini öyrədib.

 

Yuxarıda qeyd etdiyim kimi, bu gözəl, müsafirpərvər ailə həm də məni sürprizləri ilə təəccübləndirdilər. Fevzi abi mənə ağac üzərində çəkdiyi rəsmimi hədiyyə verən də necə təşəkkür edəcəyimi bilmədim, açığını deyim ki, heç gözləmirdim. Mənim üçün  o qədər dəyərli hədiyyədir ki, qiyməti belə yoxdur. Sevim abla isə zəhmət çəkib çox sevdiyim Kərkük, türkmən dolması hazırlamışdı.

 

Sonda qeyd edim ki, Fevzi abi və Sevim ablanın iki qızı var, Hər ikisi ailəlidir. Onlar üçün ən böyük toy-bayram isə şirin-şəkər nəvələrinin qonaq gəlməsidir. Bu gözəl, mehriban ailə ilə “yenidən görüşənədək” deyib, ayrılıram. Nə gözəl ki, sizi tanımışam, əziz və özəl insanlar.

 

Ağanisə Sultanova
/Antalya, Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Yeni ildə bir həftə iş olmayacaq

Dietoloqlar sirri açdılar

60-ın astanasında...

“Həyəcan” düyməsi

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi