"Son 20 ildə ölkənin siyasi müxalifətində xeyli geriləmə olub"

17:13 03-06-2019 | icon 588 | Siyasət
"Son 20 ildə ölkənin siyasi müxalifətində xeyli geriləmə olub"

İlqar Altay: “İnsanlar iqtidarın apardığı islahatlara ümidlə baxırlar”

 

Artıq müəyyən dövr siyasi aşınma və ələnməyə məruz qalan müxalif təşkilatların və liderlərinin yenidən toparlanmağa cəhdlər etdiyi müşahidə olunur. Mövcud ictimai-siyasi prosesləri və müxalifətin son durumunu təhlil edən ekspertlər müxalifətdə ürəkaçan perspektivin olmadığını önə çəkirlər.

 

Versus.az "Üç nöqtə"yə istinadən xəbər verir ki, müstəqil ekspert İlqar Altay açıqlamasında istər daxili, istərsə də beynəlxalq-geosiyasi durumla bağlı xeyli diqqətçəkən və narahatlıq doğuran məqamlara toxunub. O, son dövrlər başda Prezident İlham Əliyev olmaqla ölkədə köklü dəyişikliklərə, müxtəlif sahələr üzrə islahat və yenilikçi proqramların həyata keçirilməsinə diqqət çəkib.

 

 

İ.Altay hökumətin, ayrı-ayrı nazir-məmurlarının, icra orqanlarının işində yol verdikləri nöqsanlara görə idarəçilikdən kənarlaşdırılma prosesini, müasir dövrə və inkişafa uyğun olaraq müsbət dəyərləndirib. Bildirib ki, bu islahatlar hakimiyyətə iddialı olmayan qərəzsiz insanları qane edir.

 

İ.Altay müstəqil bir təhlilçi olaraq siyasi müxalifətin mövcud durumunu şərh edərək bildirib ki, bu gün tənqiddən kənar qüsurlu bir siyasi müxalif mühitin formalaşması prosesi gedir. Onun sözlərinə görə, nədənsə çoxları müxalifəti xəfif, kövrək hesab edirlər və görünən odur ki, müxalifət tərəfi həmişə bundan sui-istifadə edib:

"Bu müxalifət özünü ya müqəddəs, qüsursuz, ya da ki, "vətən qazisi" kimi toxunulmaz, tənqiddən kənar sayırlar".

 

İ.Altay qeyd edib ki, son 20 ildə ölkənin siyasi müxalifətində xeyli geriləmə olub:

 

"1999-2000-ci ildə müxalifətdə Əli Kərimlinin rəhbərlik etdiyi müasir-islahatçıların qarşıdurması gedirdi. İslahatçıları yeni demokratik qüvvə kimi Qərb dövlətləri də bəyənir, hardasa konstruktiv müxalif qüvvə kimi movcud iqtidar da qəbul edirdi. Xalqda, cəmiyyətdə də, ölkədə bir siyasi barış, koalision hökumət, ümumilli siyasi anlam həmrəylik olacağına ümidlər yaranırdı. Amma sonrakı proseslər bu müxalifətin özünü doğrulda bilmədiyini ortaya qoydu".

 

İ.Altay bildirib ki, bu 20 ildə ənənəvi müxalifət daha da köhnəlib sıradan çıxdı. İslahatçılar isə inkişaf etmək əvəzinə, qayıdıb ənənəvi müxalifətə çevrildi:

 

"Detallara, faktlara tam varmadan hesab edirəm ki, bu radikal-barışmaz, siyasi təbiəti ağ-qara görmə tendensiyasının başlanğıcı 2001-də qoyuldu. 2013-də Azəbaycana təzyiq üçün nəzərdə tutulan və Rusiya-İran proyekti - Milli Şuraya qoşulma ilə daha da dönüş etdi. Müxalifət həmin Milli Şura adlı təşkilata yeridikcə, separatçı və dindar missionerlər də oradan müxalifətin içinə girdi. Nəticədə Elçibəy şinelindən çıxan islahatçı müxalifət nəinki inkişaf etdi, heç Elçibəyçilik ideyası da qalmadı".

 

İ.Altay hesab edir ki, 1992-ci ildə və 2003-də pusquda oturub "X"günü gözləyən müxalifət, bu gün də mübarizə görüntüsü yaratmaq və hazır dəstə saxlamaqla prosesi təkrar edir:

 

"Gözləyirlər ki, bəlkə iqtidar nəyəsə "ilişib büdrəyə", yaxud iqtidar içindəki qüvvələrin parçalanması - qarşıdurması gedə və ya xalq narazılıq bildirib hökuməti silkələyə. Bir zavodu belə idarə edə bilməyən müxaliflər sonrakı məsuliyyətini ölkənin, xalqın, dövlətin taleyini düşünmədən, hakimiyyətə iddia edirlər".

 

İ.Altay hesab edir ki, "demokrat imic götürmüş" bugünkü müxalifətin içərisi və xalqla, müstəqil ictimai insanlarla münasibəti diktatura qoxusu verir:

 

"Müxalifətin İçəridəki mühiti tamamilə avtoritarizm və ierarxiya sistemidır. Elçibəy sadəliyindən əsər-əlamət yoxdur. 28 may Cümhuriyyət günü sərgiləndiyi davranışlarında cümhuriyyətçilik və rəsulzadəçilik yox, hakimiyyətçilik və yeni öndərçilik göründü".

 

İ.Altay radikal müxalifətin sosial şəbəkələrdə sanki özləri üçün virtual ölkə qurduğunu qeyd edib:

 

"Ölkənin padşahı, vəzirləri, vuran əli-qaraguruhu. Kimi istəyirlər qaralayıb çıxdaş edirlər və ya yuyub ağardıb bəraət-bərpa edirlər. Azca uyğun olmayıb, xətirlərinə dəyəni iqnor edirlər. Psixoloji təzyiq, sıxışdırılma, təhdidli idarəçilik, hökm də iki formaya əsaslanır. Birisi oğru dünyası qaydalı "ksivaya", yəni bunu etməyən filandır və digəri ayətullahların fətvası, yəni bunu etməyən kafirdir. Bu cür də gənclər idarə olunur. Oğru qanunu, neçə illər türmələr keçən müxalifət üzvləri, ayətüllah qanunu da müxalifət içinə dolmuş dindar-təqlidçilərin gətirdiyidir. Onların mübarizələri qapalı dairədəki nəticəsiz sirkulyasiyanı xatırladır. Yəni hökumət, iqtidarla qarşıdurma yaratmaq, həbsə düşmək, buradan mətbuat, Avropa, hüquq-müdafiə orqanlarına çıxış, sonra əvf və dərhal da təkrar qarşıdurma, həbs və davam. Yenə, qapalı dairə içində, "stəkanda fırtına" mübarizəsi və nəticə də yox. Çünku bu mübarizə nəticəyə hesablanmır. Sadəcə imitasiyadır".

 

İ.Altay bildirib ki, müxalifətin bu cür mahiyyəti, idarəçiliyi və fəaliyyəti artıq insanları bezdirir. Artıq Qərb də bunları köhnə, inkişafdan qalmış siyasi qüvvə hesab edir və onları hakimiyyət proyekti kimi deyil, lazım gəlsə siyasi təzyiq vasitəsi kimi görür:

 

"Xalq bunlara yaxınlaşmır, dəstək vermir. Eləcə də müstəqil partiyasız ziyalı mütəxəssislər baxıb görür ki, bu cür zəif, səhv, sistemsiz komandanın hakimiyyəti heç nə verə bilməz. Bu xalq və bu xalqı özünə partiya hesab edən qeyri-siyasi ictimai insanlar 30 ildir gedən qovğalı siyasi proseslərə praktik praqmatik nəzərdən baxır. Real düşünür, yəni bu ölkəni - dövləti azad, firavan ədalətli, güclü - möhkəm formada inkişaf etdirmək istəyirsə və ən əsası da bunu etməyə real imkanı varsa, ondan ümid gözləyir, onu dəstəkləyir. Reallıq budur ki, hazırki siyasi prosesdə insanlar iqtidarın apardığı islahatlara ümidlə baxırlar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol