Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim

09:39 16-06-2019 | icon 60 | Cəmiyyət
Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş, mənim isə əlli üç yaşım vardır. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər. Bilirəm, şəhərlər üçün yetmiş yaş heç də çox deyil...

 

Adına müxtəlif əfsanələr qoşulsa da heç birinə inanmıram. Mən səni gördüyüm, tanıdığım kimi vəsf etmək istəyirəm. Kimin dediyini unutmuşam- “Sumqayıt keçmişi olmayan gələcəyin şəhəridir”. Qoy olsun, fəqət yüz minlərlə insanın keçmişi səninlə bağlıdır. Elə mənim də...

 

Özümü tanıyanda “İnşaatçılar” qəsəbəndə zəhmətkeşlər üçün inşaa olunan birmərtəbəli “barak”lardan birində yaşayırdıq. Yaşıdlarımla həftənin istirahət günləri yaxınlıqdakı hərbi hissədən cərgələrlə kluba aparılan əsgərlərə qoşulub, müxtəlif filmlərə tamaşa edərdik. Hərəmizin bir əsgər dostu var idi. Dostluq etdiyimiz əsgərlər bizi şinellərinin altında klubun daxilinə keçirərdilər. İllər ötdü. Dördüncü sinifə keçəndə səkkizinci mikrorayona köçdük. Və indiyədək həmin ərazidə yaşayıram. Novruz bayramlarında necə tonqal qalamağımız, həyətdə aşıq, bişdi, çilədi, çijik, qurzinka, xokkey, tennis, futbol oynamağımız yaxşı yadımdadır. Hələ güləş, boks yarışlarını demirəm. Xüsusi zövqlə taxtadan düzəltdiyimiz “samokat”larla ötüşmə yarışları keçirməyimizi indi də xatırlayıram. Elə ki, tədris ili başlandı evdən çölə çıxmağımıza məhdudiyyət qoyulurdu. Hamımızın başı dərs oxumağa qarışırdı. Həddibuluğa çatandan sonra isə hərəmiz bir dərnəyə yazılıb ya aktyorluq, ya rəssamlıq edər, ya da ki, hansısa idman zalında məşqlərə qatılardıq. İstirahət günləri isə yenə də bir yerə toplaşıb, necə deyərlər, deyib-gülüb bildiklərimizdən danışardıq...

 

O vaxt şəhərin on yeddinci mikrorayonunu uzaq olduğuna görə öz aramızda “Kamçatka” adlandırırdıq. Beş-on binası olan altıncı mikrorayon isə bizim üçün dənizə çıxış rolunu oynayırdı. Yayda çimərliyə gedər, birlikdə istirahət edərdik...

 

Evlərdə işıqlar tez-tez sönərdi. Məişət qazının verilməsində fasilələr yaranardı. Birimizə qonaq gələndə, bir evdə məclis olanda qonşudan stol-stul, qab-qaşıq alınardı. Amma bu çətinliklərə qatlaşıb mehriban yaşayardıq...

 

Novruz bayramlarında hər ailə yeddi qonşuya pay verərdi. Şəkərburaların bəzəyindən, qoğalların dadından bilərdik ki, hansı evdə hazırlanıb. Bəli, təxminən otuz yaşa qədər hamımızın bir-birimizdən xəbəri var idi. Böyüdük, bizimlə bərabər doğma şəhərimiz də böyüdü. Və biz bu böyük şəhərin içində bir-birimizə həsrət qaldıq. Bu gün nə işıqlar sönür, nə də məişət qazı fasilələrlə verilir. Şərait o qədər yaxşıdır ki, daha qonşu qonşudan nə stol-stul, nə də qab-qaşıq alır. Binanın bu başında yaşayan, o biri başında olan qonşusundan xəbərsizdir. Daha heç kim ayaq saxlayıb saatlarla bir-biri ilə dərd-sərini, bildiklərini bölüşmür. Elə bil dünyanın sonudur, hamı harasa tələsir. Bircə səndən başqa, Sumqayıtım...

 

İndi uzaq Amerikadayam. Vaşinqton, Nyu York, Çikaqo, Filadelfiya, Hyuston, San Fransisko, Detroit, İndianapolis və s. möhtəşəm şəhərləri gəzib dolaşmaq qismətim olub. Fəqət heç biri mənə Sumqayıt qədər doğma, əziz olmayıb. Çox bulvarlarda ayaq saxlayıb istirahət etmişəm, Sumqayıt bulvarı qədər gözəlini görməmişəm. Çox adamlarla ünsiyyətdə olmuşam, heç biri sumqayıtlıların yerini verməyib...

 

Mənim atam gənc yaşlarında Sumqayıta gəlmişdi. Bu şəhərdə yaşa dolsa da əksər böyüklərimiz kimi haradan olduğu soruşulanda özünü gəldiyi bölgənin adıyla təqdim edirdi. Demirəm ki, dədə-baba yurdum mənə yaddır, amma mən özümü sumqayıtlı hesab edirəm və bundan qürur duyuram. Fəxr edirəm ki, haqqında əfsanələr dolaşan bu şəhərdə doğulub böyümüşəm. Necə deyərlər, bu şəhərin övladıyam, məni bu şəhər yetişdirib. Və dünyanın harasında rast gəlsəm də hər bir sumqayıtlı mənim doğmam, əzizimdir...

 

Bəli, mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş, mənim isə əlli üç yaşım vardır. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe