“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

09:09 18-06-2019 | icon 950 | Siyasət
“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

Razi Nurullayev: “Heç bir erməni klanı və siyasətçisi öz xoşu ilə Qarabağı qaytarmaz”

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi.

 

- Razi bəy, ermənilərin işğal altında qalan Azərbaycan ərazilərinə yerləşdirilməsi, orada inşaat işlərinin aparılması, son olaraq Kəlbəcərdə sanatoriya salmaları ərazi bütövlüyümüz və Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı təhlükədən xəbər verir?

 

- Prosesləri izləyən hər kəs görür ki, Ermənistanın işğal etdiyi əraziləri azad etmək fikri yoxdur. Danışıqlarda iştirak etməsi isə görüntü xatirinə edilir. Onlar birbaşa tələb qoyur ki, Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılmalıdır. Azərbaycan isə bununla heç zaman razılaşmaz. Bu da o deməkdir ki, iki yol var: birinci yol, Azərbaycanın dost ölkələrlə həmrəy olub, onların birbaşa hərbi və beynəlxalq dəstəyi ilə əraziləri hərbi yolla azad etməsidir. İkinci yol isə yenə də dost ölkələrin köməyi ilə Ermənistanı Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla sülhə vadar etməkdir.

 

Azərbaycan xalqı heç vaxt Dağlıq-Qarabağın Ermənistanın tərkibində və ya ayrı dövlət olmasına razılaşmayacaq. Ərazilər qaytarılacaq və ermənilər işğal edilmiş əraziləri tərk edəndə çəkdikləri yollar, tikdikləri sanatoriyalar, yaratdıqları infrastruktur, ya orada yaşayacaq xalqların rifahına xidmət edəcək, yaxud vandalizm nümunəsi göstərərək, infrastrukturu partladıb yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın. Açığı onlardan bu vandalizmi gözləyirəm!

 

- Azərbaycan parlamentində xarici deputatın "sabah Azərbaycan Ermənistanın işğalında olan torpaqlarını azad etməyə qalxsa, bu, işğal kimi dəyərləndiriləcək” fikri nəyi diqtə edir?

 

-Azərbaycan ordusunun hücum taktikası ilə torpaqları azad etməyə qalxmamasının əsas səbəbi də hücumun işğal kimi dəyərləndiriləcək fikridir. Bir çoxları deyir ki, niyə hakimiyyət müharibə yolu ilə Qarabağı azad etmir? Məgər, biz bu xüsusda sərbəst qərar verə bilirikmi?

 

Əgər Azərbaycan xarici güclərlə razılaşdırmadan torpaqları azad etməyə qalxarsa, əmin olun ki, bütün dünya Azərbaycana sanksiya tətbiq edəcək. Birinci növbədə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanı pisləyən qətnamə qəbul edəcək. Rusiya Azərbaycana hədələyici nota verəcək və sətiraltı bildirəcək ki, geri aldığınız torpaqlar təzədən işğalolunma təhlükəsi ilə yaşayacaq. Amerika Birləşmiş Ştatları və onun ayrı-ayrılıqda ştatları Azərbaycana qarşı sanksiyalar təbiq edərək, bütün instansiyalarda sıxışdırıb dalana dirəyəcəklər. Düşmən qüvvələr daxildə dini və etnik qarşıdurma yaratmaq üçün fəaliyyətə keçəcəklər. Fransa açıq mətnlə Azərbaycanı hədələyəcək və Ermənistana açıq kömək edəcək. Avrorpa Birliyi dövlətləri də ayrı-ayrılıqda Azərbaycanı qınayacaqlar. Amma biz buna görə beynəlxalq hüququn bizə verdiyi imkanlardan imtina edib torpaqlarımızın işğal altında qalmasına sona qədər dözə bilmərik.  

 

Yalnız Türkiyə və Pakistan Azərbaycanı müdafiə edə bilər. Onun üçün də Azərbaycan birinci növbədə onu dəstəkləyəcək və onun yanında yer alacaq dövlətlərin zəmanətini almalıdır ki, hücum barədə sərbəst qərar verə bilsin.

 

- Sizcə, mayorumuzun snayperlə vurulması niyə beynəlxalq təşkilatlar tərəfindən sakit qarşılandı?

 

-Deməzdim ki, yalnız mayorumuzun öldürülməsi beynəlxalq təşkilatlar tərəfindən sakit qarşılanıb. Bütün ölümlər bu şəkildə qarşılanır və bu, yalnız Azərbaycana münasibətdə belə deyil. Ermənistana da analoji münasibət var. Yalnız böyük və güclü dövlətlərin vətəndaşları öləndə beynəlxalq hay-küy yaranır. Bura ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada və az sayda digər dövlətlər aiddir. Rusiya vətəndaşı, hərbçisi öləndə də vecinə alan olmur, hərçənd ki, Rusiya hərbi cəhətdən böyük və güclü dövlətdir.

 

Biz təəssüf edirik ki, dünya ikili standartlardan azad ola bilmir. Bütün şəhidlərimizə görə ürəkağrısı keçirir və onlara Allahdan rəhmət diləyirik. Kaş ki, biz əsgərlərimizin həyatını qoruya bilək, necə ki, isti və soyuq səngərlərdə onlar canları bahasına bizi, müstəqilliyimizi və torpaqlarımızı qoruyurlar.

 

- Razi bəy, Ermənistanda klanlar arasında gərginliyin yaşandığını təhlil edən ekspertlər Qarabağ münaqişəsinin yeni bir şans yarandığını hesab edirlər. Bununla bağlı nə deyərdiniz?

 

- Ermənistanda klanlar arasında yaşanan gərginlik Qarabağ münaqişəsinin həllinə kömək etməz, əksinə onu daha da geri salar. Ekspert belə fikri dilinə gətirirsə, demək ya yaxşı ekspert deyil, ya da deməyə sözü qurtarıb. Qarabağ mövzusu onları birləşdirən dəyərdir. Heç bir erməni klanı və siyasətçisi öz xoşu ilə Qarabağı qaytarmaz və Azərbaycanın xeyrinə həllinə şərait yaratmaz. Bu yöndə az-çox həqiqətləri görən Levon Ter-Petrosyan idi, onun da aqibəti bəllidir və  da bir ermənidir.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər